Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi

Kirmanşah vilayətinin əhalisinə minnətdarlıq etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kirmanşah vilayətinə 9 günlük səfəri sona çatdıqdan sonra Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin cəsur və mübariz əhalisinə minnətdarlıq məqsədi daşıyan bəyannamə ilə çıxış etdi.

Bəyannamənin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Kirmanşah – İran məmləkəti uğrunda daim sinəsini sipər etmiş, Əhli-Beyti (ə) aşiqi, comərdlik, şücaət və cəngavərliyin beşiyi, səbir, müqavimət, dözümlülük və fədakarlıq diyarı olan, iftixar dolu, qəhrəmanlıq və sədaqət ruhu ilə saflaşmış bu torpaq son günlər ərzində İslam İnqilabının Müdrik Rəhbərini qonaqpərvərliklə qarşılayaraq möhtəşəm və unudulmaz günlər keçirdi. Vilayətdə yaşayan etnos və məzhəblər arasındakı təqdirəlayiq vəhdət belə bir saf həqiqəti təcəssüm etdirdi ki, bütün iranlı etnoslar vahid orqanizmi təşkil edən böyük və qüdrətli bir xalqın üzvləridir və birlik, müdriklik, ictimai-siyasi hadisələrdə fəal iştirak nümayiş etdirmək bacarıqları sayəsində, qəhrəmanlar yetişdirən bu vüqarlı məmləkətin parlaq gələcəyinin qarantıdırlar.

Ali Məqamlı Rəhbərlik mömin Kirmanşah əhalisinin imanını, vəhdətini və sayıqlığını Allahın bu ölkəyə və xalqa göstərdiyi lütf və mərhəmətin nişanəsi hesab edir, Uca Yaradanın dərgahına həmd və şükür edərək Kirmanşah vilayətinin cəsur, qəlbi sevgi dolu, həqiqətən, qonaqpərvər əhalisinin bütün təbəqələrinə, sünni və şiə ruhanilərinə, səbirli, məzlum və mətin şəhid ailələrinə, əlil və veteranlara, ziyalılara və görkəmli xadimlərə, universitetlərin dərin düşüncəli və enerji dolu tələbə-müəllim kollektivinə, qeyrətli və ayıq-sayıq qəbilələrə, Keşikçi Korpus, Ordu, Bəsic, Polis və Kəşfiyyat Qüvvələri daxil olmaqla bölgədə xidmət edən qüdrətli, vətəni uğrunda daim canından keçməyə hazır olan bütün silahlı qüvvələrə, vəli-fəqihin vilayətdəki möhtərəm nümayəndəsinə, möhtərəm vilayət başçısına və yerli hökumət strukturlarında çalışan bütün vəzifəli şəxslərə Ali Məqamlı Rəhbərin dərin və səmimi minnətdarlığını ifadə edir.

Allahın lütfü ilə, əhalinin sarsılmaz birliyi, gözüaçıqlığı, sədaqəti və ayıq-sayıqlığı, vilayətin mücahid insanlarının, xüsusilə də mömin, enerji dolu və dinamik gənclərinin misilsiz istedadının çiçəklənməsi sayəsində, İslam İnqilabının Müdrik Rəhbərinin Kirmanşah vilayətinə unudulmaz və tarixi səfəri bu bərəkətli regionun gələcəyi üçün tam parlaq üfüqlər açacaq. Ölkə rəsmilərinin əzm və səyi, yerli strukturlarda çalışan rəhbər işçilərin ciddi nəzarəti hökumət nümayəndələrinin vilayət səfərləri, habelə Ali Məqamlı Rəhbərin son səfəri çərçivəsində əziz Kirmanşah vilayətinin problemlərinin həlli tempinin sürətləndirilməsi, inkişafına yardım məqsədilə qəbul edilən bütün qərarların icrası üçün zəmin yaradacaq.

Ümidvarıq ki, Ali Məqamlı Rəhbərin səfər çərçivəsində baş tutan görüşlərdə ölkənin və vilayət əhalisinin başlıca problemləri ilə bağlı vurğuladığı məqamlar üçlü hakimiyyət qüvvələrində təmsil olunan rəsmilərin, mədəni və iqtisadi qurumların, İslam dövlətini sevən hər kəsin diqqət mərkəzində olacaq və ən qısa zamanda Kirmanşah vilayətinin qeyrətli əhalisinin şəninə layiq dəyişikliklərin şahidi olacağıq. İnşallah!

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi
21oktyabr 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /