Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı və İslam dövləti üçün seçki həmişə əhəmiyyətli və həlledici bir proses olub

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 9-cu çağırış İslami Şura Məclisinə seçkilərin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyədə quraşdırılmış səyyar seçki qutusuna yaxınlaşaraq səs verdi.

Səsvermədə iştirak etdikdən sonra 9-cu çağırış parlament seçkilərinin müxtəlif aspektlərdən böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Ali Məqamlı Rəhbər əhaliyə öz səsvermə hüququndan, hökmən, istifadə etməyi, seçkidə iştiraklarının Allah dərgahında daha artıq fəzilətə malik olması üçün bu mühüm vəzifəni ilk saatlarda və saf ilahi niyyətlə yerinə yetirməyi tövsiyə etdi.

Tehran əhalisinə seçkiyə qatılmış 30 namizədə səs verməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei dedi: “İran xalqı və İslam dövləti üçün seçki həmişə mühüm və həlledici bir proses olub”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İranda seçkilər ölkədəki reallıqları təzahür etdirməklə yanaşı, dost-düşmən üçün də müəyyən mesajları ehtiva edir. Məhz buna görə də hazırkı şəraitdə seçkinin əhəmiyyəti daha böyükdür”.

“Xalqımızın son 33 il ərzində böyük əzm nümayiş etdirərək düzgün kurs üzrə irəliləməsi son dərəcə əhəmiyyətlidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Başqa inqilablarda aradan bir neçə il ötdükdən sonra xalq yorulub təngə gəlib, yolunu dəyişib. Bugünkü seçki isə böyük İran xalqının inqilabın 33-cü ildönümündə də öz qürurverici yoluna eyni qətiyyət və ruh yüksəkliyi ilə davam etdiyini dünyaya mesaj verəcək”.

9-cu çağırış parlament seçkilərinin əhəmiyyətini daha ətraflı izah edən Həzrət Ayətullah Xamenei imperialist dövlətlərin İran İslam Respublikası əleyhinə ajiotaj qaldırmasına toxunaraq dedi: “Dünyanın əksər məsələlərdə məğlub olaraq zərbə almış hegemon dövlətləri İran əleyhinə sanksiyalardan danışıb, xalqımızı sözdə təhdid etməklə ajiotaj yaratmaq, bununla da öz məğlubiyyətlərini ört-basdır etmək istəyirlər. Buna görə də parlamentin hazırkı çağırışına seçkilər daha böyük əhəmiyyətə malikdir. İran xalqı seçkidə fəal iştirakı ilə öz mövqeyini, düşmənlərinə vermək istədiyi cavabı ən gözəl formada ifadə edə bilər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Xalqın seçkidə iştirakı nə qədər fəal və izdihamlı olsa, bu, xalqın və ölkənin gələcəyi, İranın nüfuzu və toxunulmazlığı üçün bir o qədər faydalı və effektli olacaq”.

Əhalinin diqqətinin səsvermədə iştirakın əhəmiyyətinə yönəldilməsi işində önəmli rol oynayan media vasitələrinin əməkdaşlarına səmimi təşəkkür edən Həzrət Ayətullah Xamenei seçkinin təşkili və keçirilməsi üçün məsuliyyət daşıyan rəsmilərə də minnətdarlığını bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /