Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkədə oxucu kütləsinin sayı genişlənməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər (bazar günü) iki saat yarım ərzində 25-ci Beynəlxaq Kitab sərgisinə baxış keçirdi.

Mədəniyyət və İslami İrşad nazirinin də iştirak etdiyi bu görüşdə sektor rəhbərləri Ali Məqamlı Rəhbərə sərgidə nümayiş olunan kitablar barədə lazımi məlumatlar verdilər, yeni nəşrlərdən bəhs etdilər.

İslam İnqilabının Rəhbəri Beynəlxalq Kitab Sərgisində iştirak edən naşirlərin bir qrupu ilə söhbətdən sonra insanların kitab sərgisini çox yaxşı qarşılamalarına işarə edərək vurğuladı: “Gərək elə bir proqram hazırlansın ki, ölkədə oxucu kütləsinin sayı genişlənsin və dərinləşsin”.

Həzrət Ayətullah Xamenei xatırlatdı: ”Elə dəqiq və məqsədli bir proqram yürüdülməlidir ki, hər il Beynəlxalq Kitab sərgisinin keçirilməsi və sərgiyə gələnlərin sayının çoxalması ilə bərabər ölkədəki oxucu kütləsinin də nəzərə çarpacaq artımı müşahidə edilsin”.

Ali Məqamlı Rəhbər hər il mütəxəssislər və səlahiyyətli şəxslər tərəfindən kitab nümayişinin məznununun dəyərləndirilməsinin gərəkliliyini vurğulayaraq əlavə etdi: “Bu dəyərləndirmə göstərəcəkdir ki, hər il kitab sərgisi tərkib baxımından əvvəlki ilə nisbətən dəyişilmiş və inkişaf etmişdir, ya yox”.

İslam İnqilabının Rəhbəri kitab istehsalı və nəşri ilə bağlı bəzi problemlərin aradan qaldırıldığını xatırlatdı və vurğuladı: “Mədəniyyət və İslami İrşad Nazirliyi dövlətin köməkliyi ilə bu maneələri, xüsusilə də kağızın bahalığı məsələsini aradan qaldırsın”.

Həzrət Ayətullah Xamenei ölkədə kağız istehsalının digər istehsal sahələrindən daha uzunmüddətli olduğunu qeyd edərək xatırlatdı: “Ən mühüm milli istehsal uzunmüddətli istehsaldır və kağız zavodlarının çətinliklərinin aradan qaldırılması, şübhəsiz, oxucu auditoriyasının artmasına, kitab məhsullarının maya dəyərinin aşağı salınmasına səbəb olacaqdır”.

Ali Məqamlı Rəhbər, həmçinin tərcümə mövzusunun birtərəfli məsələ olmadığını vurğulayaraq əlavə etdi: “Dövlət ölkədə kitab istehsalının yaxşılaşdırılması, eləcə də dini, tarixi, bədii və elmi kitabların müxtəlif dillərə tərcümə edilməsi və dünyaya tanıdılması üçün şərait yaratmalıdır”.

İslam İnqilabının Rəhbəri sonda kitabların mətninin fars dilinin qrammatik qaydaları baxımından düzgün hazırlanmasını, dizayn və forma gözəlliyinin də mühümlüyünü qeyd etdi və xatırlatdı: “Kitab istehsalı və nümayişində ən vacib məsələlərdən biri də onların yayımının düzgün təşkili və zəncirvari kitab mağazalarının yaradılmasıdır”.

İslam İnqilabı Rəhbərinin çıxışından əvvəl bir qrup naşir kitab çapının müxtəlif məsələləri və kitab mütaliəsi barədə öz mülahizələrini söylədilər.

Ali Kitab Şurasının və radio-kitabın  təsis edilməsi; böyük, zəncirvari kitab satış-istehsal mağazalarının təşkili; kitab sahəsindəki auditor qanunlarının şəffaf olmadığı; kitab yayımı sistemindəki problemlər; kitabların lazımınca geniş təbliğ edilməsi; kağızın baha olması problemi və onun kitabların qiymətinə təsiri; uşaq və gənclər üçün nəzərdə  tutulan kitabların istehsalına daha ciddi yanaşılması mövzuları naşirlərin öz çıxışlarında toxunduqları məsələlərdəndir.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /