Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qanunun aliliyini hər kəs tanımalıdır!

Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxunmuş müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Hikmətli və Qadir Allahın istəyi ilə İslam Respublikasında qanunverici hakimiyyətin 9-cu çağırışının açılışı İran xalqının müasir dünyaya ünvanladığı, beynəlxalq ictimaiyyətin hafizəsinə unudulmaz həqiqətlər yazan güclü bir mesajdır. Milli əzmin saysız-hesabsız düşmənçiliklərə qalib gəlməsi,  İslam İnqilabı nəticəsində yaranmış dövlətin möhkəmliyi və sarsılmazlığı, bir xalqın həyat yolunun və müqəddəratının müəyyən olunmasında iman və bəsirətin oynadığı əvəzsiz rol, bundan əlavə, İslama əsaslanan xalq hakimiyyətini ilk dəfə olaraq sözlə deyil, əzab-əziyyəti və ağır zəhməti ilə meydana çıxarmış, dinin ictimai həyatdan kənar olduğu iddiasını puç etmiş bir xalqın gerçək mənzərəsi – bütün bunlar həmin təsirli və unudulmaz həqiqətlər sırasına daxildir.

İran xalqının bu dərin mənalı və maarifləndirici mesajı dünya ictimaiyyətinə çatdırmaqda uğur qazanması bu enişli-yoxuşlu yol boyunca Öz dəstəyini, istiqamətləndirməsini ona daim nəsib etmiş, bu mömin və mücahid xalqı heç bir zaman tək qoymamış Mehriban və Qadir Allahın daha bir lütfüdür. İzzət və cəlal sahibi olan Allaha bütün varlığımla şükürlər edir, dərgahının əzəməti qarşısında şükür və sitayişlə baş əyirəm.

Həmçinin tarixdə iz qoymağı bacaran böyük İran xalqına ehtiram və qədirdanlıq dolu qəlbdən salam göndərməyi, bu sınaq meydanında vaxtında iştirak etdiyinə görə ona təşəkkür etməyi vacib bilirəm. Xalqın bu iştirakı, həmişə olduğu kimi, gözüaçıqlığın, özünəinamın, zəmanəni düzgün qiymətləndirmənin göstəricisi idi.

Həmçinin Daxili İşlər Nazirliyinin və möhtərəm Keşikçi Şuranın seçkinin keçirilməsinə görə məsuliyyət daşıyan rəhbər işçilərinə, yardımçı qurumlara, xüsusilə də Milli Teleradioya, təhlükəsizlik qüvvələrində çalışan məmurlara, dini və siyasi təmayüllü cərəyanlara və şəxsiyyətlərə təşəkkür və qədirdanlığımı bildirirəm. Onlardan hər birinin millətin hamılıqla gerçəkləşdirdiyi bu tarixi hadisədə özünəməxsus payı var.

Həmçinin vəzifə məsuliyyəti daşıdıqları dövrdə müvəffəq olduqları xidmətlərə görə 8-ci çağırışın bütün deputatlarına, parlamentin sədrinə və möhtərəm idarə heyətinə də səmimi-qəlbdən təşəkkür etməyi lazım bilirəm.

Hazırda parlamentin 9-cu çağırışı fəaliyyətinə start verir və mənim möhtərəm deputatlara başlıca tövsiyəm budur ki, xalqın seçiminə əsasən tutduqları bu həssas postda yalnız öhdələrinə düşən ilahi məsuliyyət haqda, xalqın nümayəndəsi olmaq kimi çətin bir vəzifəni layiqincə yerinə yetirmək haqda düşünsünlər.  Şəxsi və partiya maraqlarından, tayfabazlıq və yerlibazlıq prinsiplərindən irəli gələn qərəzli davranışlar İslami Şura Məclisinin başlıca vəzifəsi olan qanunvericiliyə, qanunların icrasına nəzarət fəaliyyətinə və əlbəttə ki, parlament nümayəndələrinin ölkədəki ümumi atmosferə böyük təsir göstərən mövqe seçiminə müdaxilə etməməlidir. Hər şeyin başında qanun durur. Qanun effektiv və şəffaf olmalı, günün tələblərinə cavab verməli, cəmiyyətin ehtiyacları ilə səsləşməli və milli maraqları təmin etməlidir. “Ədalət və tərəqqi” onilliyində bütün qanunlar bu iki ümumi meyarın reallaşdırılmasına yardım etməli, uzaq perspektivlər üçün nəzərdə tutularaq mümkün qədər geniş miqyası əhatə etməlidir. Ölkənin prioritetləri nəzərə alınmalı, qanunvericilik fəaliyyətində lazımi yer tutmalıdır.

İslam dövləti olan ölkəmizdə İslami Şura Məclisi başlıca dayaqlardan biridir. İslam dövlətində qabardılan, meyar roluna malik olan hər bir şey onun parlamentində öz əksini tapmalıdır. İman, şücaət, avanqardlıq, dövlətin prinsiplərinə sadiqlik,  düşmənə  qarşı mətinliklə mübarizə aparma, yenilikçilik və novatorluq, milli birlik, fədakar əmək, bütün fərdi və ictimai potensialın ortaya qoyulması uğurlu bir parlamenti xarakterizə edən xüsusiyyətlərdir.

Hakimiyyətin digər qolları ilə həqiqi və səmimi əməkdaşlıq, yersiz ixtilaflardan çəkinmək də daha bir mühüm, milli birliyin təmin olunmasında həlledici paya malik olan meyardır. Ölkəyə can yandıran şəxslər həmişə onun üzərində israrla durmuş, ümummilli mənafeyin, dünya ictimaiyyəti tərəfindən İran xalqının milli simasına verilən qiymətin bu meyardan asılı olduğunu düşünmüşlər. Bu tövsiyə eynilə hakimiyyətin digər qollarına, bütün məsul şəxslərə və qurumlara da aiddir. Qanunun aliliyini hər kəs tanımalıdır!

Mən parlamentin ötən çağırışlarında da möhtərəm millət vəkillərinə tövsiyələrimi bildirmiş, bu ötəri dünyada və Axirət günü – Tanrının güzəştsiz ədaləti qarşısında məsuliyyət daşıyacaqları ilahi vəzifəni layiqincə yerinə yetirməklə bağlı xəbərdarlıq etmişəm. Budur, indi də həmin mətləbləri saf ilahi niyyətlə sizə – 9-cu çağırışın möhtərəm millət vəkillərinə ünvanlayıram.

Sonda əzəmətli İslam peyğəmbərinə (s) və digər peyğəmbərlərə, məsum imamlara (ə), Həzrət Mehdi Sahibəzzamana (ruhlarımız ona fəda olsun!) salam göndərib, şəhidlərin pak ruhlarına və şəhidlər imamının pak ruhuna Allahdan rəhmət diləyərək sözümü yekunlaşdırıram. Uca Yaradandan hamınıza mənəvi dəstək, yardım və hidayət diləyirəm!

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
27 may 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /