Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı yumruq kimi birləşmiş bir xalqdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Şərqi Azərbaycan vilayətinin zəlzələdən ziyan görmüş bölgələrinə baş çəkərək əhali ilə görüşdü. İnsanların dərdinə şərik olduğunu ifadə edən Ali Məqamlı Rəhbər xəsarətin həcmi, zəlzələ nəticəsində zərər çəkmiş insanlara göstərilən yardım tədbirləri ilə yaxından tanış oldu.

Ali Məqamlı Rəhbərin baxış keçirdiyi ilk bölgə Heris şəhristanının tabeliyində olan Sərənd kəndi oldu.

Daha sonra Həzrət Ayətullah Xamenei Kuviç kəndinə gedərək əhali ilə yaxından görüşüb söhbət etdi.

Kuviç əhalisi ilə görüşü zamanı Ali Məqamlı Rəhbər bildirdi ki, zəlzələdən zərər çəkmiş bölgələrə səfər etməkdə əsas məqsədi insanlarla həmdərd olduğunu ifadə etmək, əhaliyə başsağlığı verməkdir. O vurğuladı: “Bütün İran xalqı zəlzələdən zərər çəkmiş bölgələrin əhalisi ilə həmdərddir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı yumruq kimi birləşmiş bir xalqdır. Məhz bu vəhdət və birlik xalqımıza qüdrət, güc və nüfuz qazandırıb”.

Zəlzələdən ziyan çəkmiş bölgələrin əhalisinə səbirli və dözümlü olmağı tövsiyə edən Həzrət Ayətullah Xamenei dedi: “Zəlzələ nəticəsində xəsarət almış bölgələrdə əhali həmrəy olub bir-biri ilə əməkdaşlıq etsə, bu hadisə regionun yüksəlişi, simasının dəyişməsi üçün zəmin rolunu oynaya bilər”.

Əhaliyə göstərilən yardım tədbirlərini müsbət dəyərləndirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu məntəqələrin bərpası və gücləndirilməsi üçün rəsmilərin çiyinlərinə ağır vəzifələr düşür. Bu vəzifələri yerinə yetirməkdə əhali də rəsmilərə yardım etməlidir”.

Təbii fəlakətdən ziyan görmüş məntəqələrə baxış keçirməyə davam edən Ali Məqamlı Rəhbər Bacebac kəndinə gələrək bu kəndin əhalisi ilə də yaxından söhbət etdi.

Ali Məqamlı Rəhbərin baxış keçirdiyi digər məntəqələr Vərziqan şəhristanının tabeliyində olan Zəğənabad və Şixəmlu kəndləri idi.

Fəlakət zonasına səfərinin son mərhələsində Həzrət Ayətullah Xamenei Əhərə tabe olan Urəng kəndinə gəldi.

Urəng kəndində əhali ilə görüşən Ali Məqamlı Rəhbər zəlzələ nəticəsində xəsarət alanlarla həmdərd olduğunu bir daha ifadə edərək sakinlərdən onlara göstərilən yardım və xidmətlərin səviyyəsi haqda məlumat aldı. Xidmətlərdən razı qaldıqlarını bildirən kənd sakinləri yardımların paylanması işinin təşkili ilə bağlı bəzi gileylərini dilə gətirdilər.

Zəlzələyə məruz qalmış bölgələrdə rəsmilərin böyük zəhmət çəkdiklərini, əhaliyə lazımi səviyyədə yardım göstərildiyini vurğulayan Həzrət Ayətullah Xamenei yardımların paylanmasına daha dəqiq nəzarətə ehtiyac duyulduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər dedi: “Şərqi Azərbaycan vilayətinin gözəl təbiətini, əhalisinin, xüsusilə də gənclərinin zəhmətsevərliyini nəzərə alaraq demək olar ki, bu bölgənin gələcəyi yaxşı olacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /