Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün səylər namazın günü-gündən daha da rövnəqlənməsinə istiqamətlənməlidir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 21-ci Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə qeyd etdi ki, namazın öz layiqli mövqeyini tutması cəmiyyətin İslam dinində nəzərdə tutulan ideal və arzulanan məqama çatması üçün zəmin yaradır. O vurğuladı: “Mədəniyyət və incəsənət sferasında görülən bütün işlər, təhsil sahəsindəki bütün proqramlar namazın camaat, xüsusən də gənclər arasında günü-gündən daha da rövnəqlənməsi istiqamətində layihələndirilməli və icra olunmalıdır”.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizlər – Haqq sözünü eşidən dindar kişi və qadınlar bu konfransı keçirməklə bu il də öhdənizə düşən böyük islami vəzifənin icrası – namazın qılınması yolunda daha bir addım atdınız. Bütün səlahiyyətli şəxslərə, xüsusilə də bu böyük işin əsas mehvəri olan mücahid, sadiq və sabitqədəm ruhani cənab Höccətül-İslam Qiraətiyə təşəkkür edirəm, Allahdan ona və bütün həmkarlarına ilahi mükafat diləyirəm!

Bununla belə etiraf etməliyik ki, İslam dövlətinin rəsmiləri olan bizlər hamımız hələ də bu məsələdə öhdəmizə düşən vəzifəyə tam və mükəmməl şəkildə əməl etməmişik. Namazın əhəmiyyətini düzgün dərk etmək lazımdır. “Allah dərgahında namaz qəbul olunsa, bütün başqa xidmət və zəhmətlər də qəbul olunacaq, namaz rədd edilsə, qalan hər şey rədd olunacaq” – demişlər. Bu, bizə böyük bir həqiqəti göstərir. O həqiqət budur ki, əgər müsəlman cəmiyyətində namaz öz layiqli mövqeyini tutsa, bütün maddi və mənəvi quruculuq işləri yüksək amallara doğru istiqamətlənər, cəmiyyəti İslam dinindəki ideal və arzulanan məqama çatdırar. Və əgər namazın əhəmiyyəti dərk olunmasa və ona etinasız yanaşılsa, bu yol düzgün şəkildə qət olunmaz, göstərilən səylər, çəkilən əziyyətlər insanları İslamın bəşər cəmiyyəti üçün nəzərdə tutduğu zirvəyə çatdırmaqda təsirsiz olar.

Bu həqiqət bizim hamımıza xəbərdarlıq edir, öhdəmizə düşən ağır vəzifəni yadımıza salır. Mədəniyyət və incəsənət sahəsində görülən işlərin, təhsil və digər sferalarda hazırlanan fəaliyyət proqramlarının hamısı elə formada layihələndirilərək icra olunmalıdır ki, namaz əhali, xüsusilə də gənclər və yeniyetmələr arasında arzulanan keyfiyyətlə, günü-gündən daha artıq rövnəqlənsin, bu paklıq və aydınlıq çeşməsindən hər kəs, doğrudan da, bəhrələnsin.

Şübhəsiz ki, mədəniyyət və təhsil işləri üzrə çoxsaylı aidiyyətli qurumlar, Dövlət Teleradiosu, Məscidlər İdarəsinin rəsmiləri başqalarından daha artıq məsuliyyət hiss etməlidirlər.

Uca Yaradandan kömək istəyin, özünüzdə təpər tapıb bu yolda yeni bir irəliləyişə başlayın! Allah sizə yar olsun, sizi qorusun!

Seyid Əli Xamenei
3 sentyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /