Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu cinayətin birinci müttəhimi sionizm və Amerikadır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dinimizin əzəmətli Peyğəmbərinin (s) nurani dərgahına qarşı İslam düşmənlərinin yol verdiyi nifrət doğuran, təhqiramiz hərəkətlə əlaqədar İran xalqına və İslam ümmətinə ünvanladığı müraciətdə bildirdi ki, şərlə dolu bu addımın arxasında sionizmin, Amerikanın və dünya imperializminin digər başçılarının düşmənçi siyasəti durur. Sionistlərin İslama və Qurana qarşı kin bəslədiklərini dəlillərlə açıqlayan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Amerika siyasətçilərinin bu məsələyə heç bir aidiyyətləri olmadıqları ilə bağlı iddiaları, həqiqətən, doğrudursa, o zaman onlar bu iyrənc cinayəti həyata keçirənləri, eləcə də ona maliyyə baxımından dəstək verərək müsəlman xalqlarının qəlbini ağrıdanları bu böyük günaha müvafiq şəkildə cəzalandırmalıdırlar”.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

قال الله العزيز الحكيم: يُريدونَ لِيُطفِئوا نورَاللهِ بِاَفواهِهِم واللهُ مُتِمُّ نورِه وَلوكَرِهَ الكافِرون

Əziz və hikmətli Allah Quranda buyurur: “Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də – öz nurunu (dinini) tamamlayacaqdır”. (“Əs-saff” surəsi, ayə 8)

Əziz İran xalqı, böyük İslam ümməti!

İslam düşmənlərinin murdar əlləri dinimizin əzəmətli Peyğəmbərini (s) təhqir etməklə qəlblərində dərin kök atmış kini bir daha aşkara çıxardı, nifrət doğuran, ağılsız bir hərəkətə yol verməklə xəbis sionistlərin İslam və Quranın müasir dünyada günü-gündən daha çox parlamasından nə qədər böyük qəzəb duyduqlarını göstərdi.

Bu böyük günah və cinayəti həyata keçirənlərin nə qədər şərəfsiz və üzüqara olduqlarını bilmək üçün onların dünyaya gəlib-getmiş müqəddəslər içərisində ən nurlu və ən müqəddəs simanı öz iyrənc cəfəngiyatlarına hədəf etdiklərinə baxmaq kifayətdir. Bu şər dolu hərəkətin səhnəarxasında sionizmin, Amerikanın və dünya imperializminin digər başçılarının düşmənçi siyasəti durur. Öz batil xəyallarında onlar bu kimi hərəkətlərə İslam dünyasının gənc nəslinin gözündə dinimizin müqəddəslərini tutduqları ali məqamdan salmaq, gənclərin dini emosiyalarını soyutmaq istəyirlər. Əgər bu iyrənc zəncirin əvvəlki halqalarını, yəni Salman Rüşdini, danimarkalı karikaturçunu, Quranı yandıran amerikalı keşişləri himayə etməsəydilər, sionist sərmayədarlarından asılı olan kompaniyalarda İslam dini əleyhinə onlarla filmin çəkilməsini sifariş verməsəydilər, bu gün iş bu böyük və bağışlanmaz günaha gəlib çatmazdı. Bu cinayətin birinci müttəhimi sionizm və Amerika dövlətidir. Amerika siyasətçiləri məsələyə heç bir aidiyyətləri olmadıqları ilə bağlı iddialarında, həqiqətən, doğrudurlarsa, bu iyrənc cinayəti həyata keçirənləri, eləcə də ona maliyyə baxımından dəstək verərək müsəlman xalqlarının qəlbini ağrıdanları bu böyük günaha müvafiq şəkildə cəzalandırmalıdırlar. Dünyanın dörd bir yanındakı müsəlman bacı və qardaşlarımız da bilməlidirlər ki, düşmənlərin islami oyanış qarşısında çıxılmaz vəziyyətdə qalaraq atdıqları bu addım bu hərəkatın əhəmiyyətinin və əzəmətinin nişanəsidir, onun günü-gündən daha da inkişaf edərək genişlənəcəyini müjdə verir.

والله غالبٌ علي امره

Allah Öz işində qalibdir!

Seyid Əli Xamenei
13 sentyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /