Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1395-ci ilin başlanğıcı münasibətilə xalqa ünvanladığı Novruz təbriki

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

یا مقلّب القلوب و الأبصار. یا مدبّر اللّیل و النّهار. یا محوّل الحول و الأحوال. حوّل حالنا الی احسن الحال. السّلام علی الصّدّیقة الطّاهرة، فاطمة المرضیّه، بنت رسول الله، صلّی الله علیه و آله. و السّلام علی ولیّ الله الأعظم، ارواحنا فداه و عجّل الله فرجه.

Novruz bayramı münasibətilə dünyanın hər bir yerində yaşayan bütün İran ailələrini, iranlıları təbrik edirəm. Əziz həmvətənlər, bayramınız mübarək olsun. Xüsusilə də əziz şəhidlərimizin ailələrini, əlil və veteranlarımızı, onların möhtərəm ailə üzvlərini və Müqəddəs Müdafiə savaşında fədakarlıq göstərmiş hər kəsi təbrik edir, şəhidlərimizin və dahi liderimiz İmam Xomeyninin(r.ə) xatirəsini ehtiramla yad edirəm.

Qədəm qoyduğumuz il – 1395-ci il – həm əvvəlində, həm də sonunda Həzrət Fatimeyi-Zəhranın(s.ə) mübarək adı ilə bərəkət qazanacaqdır. Hicri-qəməri təqviminə müvafiq olaraq, bu ilin həm əvvəlində, həm də sonunda o böyük şəxsiyyətin mövludunu qeyd edəcəyik. Odur ki, ümidvaram, Həzrət Fatimeyi-Zəhranın(s.ə) bərəkəti sayəsində 1395-ci il İran xalqı üçün bərəkətli bir il olacaq, o böyük qadının mənəviyyatından, həyatından, təlim və göstərişlərindən dərs götürəcək, bəhrələnəcəyik.

Başa vurduğumuz 1394-cü il də bütün başqa illər kimi acılı-şirinli, enişli-yoxuşlu idi; bu, insan həyatı üçün xarakterik, təbii olan bir şeydir; Mina hadisəsinin acısından tutmuş 22 bəhmən yürüşünün, 7 isfənd seçkilərinin şirinliyinə qədər; nüvə danışıqları və Birgə Kompleks Tədbirlər Planının imzalanması fonunda qazandığımız təcrübə, yeni doğan ümidlər, paralel olaraq ortaya çıxan nigarançılıqlar – bütün bunlar geridə qoyduğumuz ilin gətirdiyi hadisələr sırasında idi; bütün başqa illər də belədir.

İnsan ömrünün illəri, günləri qarşıya həm fürsətlər, həm də təhlükələr çıxarır. Bizim hünərimiz bu olmalıdır ki, fürsətlərdən istifadə edə bilək, təhlükələri də fürsətə çevirək. Qarşımızda 1395-ci il durur. Hər zaman olduğu kimi, bu ildə də həm fürsətlər, həm də təhdidlər olacaq. Hamımız çalışmalıyıq ki, həmin fürsətlərdən sözün həqiqi mənasında istifadə edə bilək və yeni ilin əvvəlindən sonuna qədər ölkəmizdə göz önündə olan, hiss olunan dəyişikliklər müşahidə olunsun.

1395-ci illə bağlı ümidlər də çoxdur. Ölkədəki vəziyyətə ümimilikdə bir nəzər saldıqda insanda müəyyən ümidlər yaranır. Əlbəttə, bu ümidlərin gerçəkləşməsi üçün çalışmaq, gecə-gündüz işləmək, durmadan çalışıb-vuruşmaq lazımdır. Əsas məsələ odur ki, İran xalqı özünü düşmənləri sarıdan gələn təhlükələrdən, onların düşmənçiliyi nəticəsində ala biləcəyi zərbələrin riskindən sığortalaya bilsin. Biz elə etməliyik ki, düşmənlərin təhdidləri qarşısında riskli bir vəziyyətdə qalmayaq; zərbə almaq riskimizi sıfra endirməliyik.

Düşünürəm ki, iqtisadiyyat məsələsi ilkin prioritet kəsb edir; yəni ölkənin prioritet məsələlərinə nəzər salanda görürsən ki, hamısından təcili olanı, ən yaxın zamanda həllini gözləyəni iqtisadiyyat məsələsidir. Əgər Allahın köməyi ilə həm xalqımız, həm də dövlətimiz, müxtəlif rəsmilər iqtisadiyyat sferasında düzgün, yerində və əsaslı işlər görə bilsələr, ümidlər böyükdür ki, bu, digər məsələlərə – misal üçün, ictimai problemlərin, sosial bəlaların çözümünə, əxlaqi və mədəni məsələlərə də öz təsirini göstərəcək.

İqtisadiyyat sferasında isə ən əsas və önəmli olan məsələ daxili istehsaldır; məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırılmasıdır; iqtisadiyyatda dinamikliyin, rövnəqlənmənin yaradılması, durğunluğa qarşı mübarizədir; bütün bunlar xalqımızın, əhalimizin düçar olduğu problem və çətinliklərdir, insanlar bu çətinlikləri öz yaşamında hiss edir və onların həllini tələb edir. Statistik rəqəmlər, rəsmilərin öz hesabatları da göstərir ki, xalqın bu tələbləri, bu istəkləri haqlı və yerində olan tələblərdir.

Əgər biz durğunluq, daxili istehsal, işsizlik kimi problemləri həll etmək, bahalaşmanın qarşısını almaq istəyiriksə, bütün bunların əlacı müqavimət iqtisadiyyatında, ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmaqdadır. Müqavimət iqtisadiyyatı bütün bu problemlərin həllini özündə ehtiva edir. Müqavimət iqtisadiyyatı sayəsində işsizliklə də mübarizə aparmaq olar, durğunluqla da mübarizə aparmaq olar, inflyasiyanı da cilovlamaq olar, düşmənin təhdidlərinə qarşı da mübarizə aparmaq olar, ölkə üçün bir çox yeni fürsətlər yaratmaq və bu fürsətlərdən istifadə etmək olar; şərti isə budur ki, müqavimət iqtisadiyyatı yolunda işləyib çalışaq.

Hökumət kabinetindəki dostlarımızın mənə təqdim etdiyi hesabatlar göstərir ki, genişmiqyaslı işlər görülüb; intəhası bunlar müqəddimə xarakterli işlərdir; müxtəlif strukturlara tapşırıq və təlimatların göndərilməsi istiqamətində atılan addımlardır və yalnız müqəddimə sayıla bilər. Bu tədbirləri davam etdirərək əməli işlər görmək, həyata keçirilən işlərin göz önündə olan nəticələrini camaata göstərmək lazımdır. Bizim vəzifəmiz məhz budur. İnşallah, çıxışımda əziz xalqımıza bu barədə ətraflı danışacağam.

Odur ki mən yeni ilin şüarı kimi, “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” şüarını seçirəm. Bizi ehtiyac duyduğumuz məsələlərə doğru aparan aydın və birbaşa yol məhz budur. Əlbəttə, mən bu bir il ərzində həyata keçiriləcək işlərin ölkədəki bütün problemləri həll edəcəyini gözləmirəm, amma əminəm ki, əgər konkret fəaliyyət proqramları əsasında, düzgün əməli tədbirlər həyata keçirilərsə, bu ilin sonunda biz onların müsbət nəticələrini hökmən müşahidə edəcəyik. Bu yolda çalışmış və çalışan hər kəsə də təşəkkürümü bildirirəm.

Bir daha xalqımızı salamlayır və təbrik edir, Məhəmməd(s) və Ali-Məhəmmədə(ə), Həzrət Mehdi Sahibəzzamana (Ona Allahın salamı olsun; ruhlarımız ona fəda olsun!) salavat göndərirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.