Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İslami Şura Məclisinin 11-ci çağırışının nümayəndələri ilə video-görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Allaha şükürlər edirik ki, müəyyən olunmuş vaxtda öz parlamentini təşkil edib, öz nümayəndələrini bu önəmli və təsirli milli quruma göndərmək uğurunu İran xalqına nəsib etdi. Və şükürlər olsun ki, ölkədəki cari vəziyyətə, pandemiyaya, mövcud məhdudiyyətlərə baxmayaraq, bu gün sizinlə bu görüşü keçirib söhbət etmək də mənə nəsib oldu. Çox hörmətli parlament sədri cənab Qalibafa da təşəkkürümü bildirirəm, çox yaxşı və əlbəttə ki, önəmli məqamlara toxundu. Allahdan arzumuz budur ki, bu önəmli və əsas məsələlərlə düzgün qanuni məcrasında məşğul olub müsbət nəticələr əldə etməkdə sizin hamınıza – həm parlament sədrinə, həm rəyasət heyətinə, həm də möhtərəm deputatlara yardımçı olsun. 

Mən əvvəlcə sizin bu çağırışınız haqda bir neçə cümlə deyəcəyəm, daha sonra ölkədəki ümumi vəziyyətlə bağlı bəzi məqamları diqqətinizə çatdıraram, ondan sonra da siz deputatlara bəzi tövsiyələrim, deyəcəklərim var, onları sadalayaram, sonda da əgər vaxtımız qalsa, yenə də ölkədə yayılmış bu pandemiya – koronavirus barədə danışarıq.

Sizin təmsil olunduğunuz çağırışla bağlı qeyd etmək istədiyim 1-ci məqam budur ki, bu çağırış – yəni parlamentin 11-ci çağırışı xalqın ümid və gözləntilərlə baxdığı, böyük ümidlər bəslədiyi bir çağırışdır. Nə üçün? Ona görə ki insanlar çətin iqtisadi vəziyyətdə seçki məntəqələrinə gedərək sizə səs veriblər; çox çətin iqtisadi şəraitdə. Bundan əlavə, ətrafdan da cürbəcür təbliğatlar aparılırdı, xarici düşmənlərimiz, bəzən də daxildəki azsaylı düşmən qüvvələr seçicilərin səsverməyə qatılmasına əngəl olmaq üçün müəyyən fikirlər səsləndirir, təbliğat aparırdılar ki, camaat ümidsizləşsin, pessimizmə qapılsın. Bütün bunlara baxmayaraq, vətəndaşlarımız kifayət qədər yüksək faiz göstəricisi ilə – hansı ki yenə də dünyada diqqətəlayiq bir göstərici oldu – seçki məntəqələrinə gedərək öz millət vəkillərini seçdilər, sizlərə səs verdilər. Nəyə görə? Ona görə ki ümidvar idilər. Xalqı seçkilərdən və parlamentdən ümidsiz etmək üçün əl-ələ vermiş ünsürlərin bütün səylərinə rəğmən, camaat seçki məntəqələrinə gəldi, böyük ümidlərlə İslami Şura Məclisinin təşkilinə səs verdi, sizi seçdi. Odur ki bu parlament xalqın ümidinin, gözləntilərinin təzahürüdür. Bu çox önəmli bir məqamdır.

Xoşbəxtlikdən, təşkil olunmuş bu parlament inqilab dövrünün ən güclü və inqilabi parlamentlərindən biridir. Əlhəmdulillah, imanlı və stimullu, bacarıqlı, gənc insanlarla doludur. Sizin aranızda həm təhsilli və inqilabçı gənclərin sayı çoxdur, həm də ötən dövrlərdə rəhbər vəzifələrdə çalışmış inqilabçı insanların (onlar icraiyyə məsələlərindən uzaq deyillər, öz işini bilən insanlardır; sizin kollektivinizdə elə gənclər var ki, həm stimullu və bacarıqlıdırlar, həm də öz işlərini yaxşı bilirlər). Sizin aranızda bundan əvvəl icraiyyə sferasında yüksək vəzifələrdə çalışmış, icraiyyə məsələlərinə tam bələd olan kadrların olması da çox dəyərlidir. Həmçinin aranızda bundan əvvəl qanunverici hakimiyyətdə təmsil olunmuş insanlar da var; yəni hazırkı çağırışın deputatlarından bir qrupu bundan əvvəl parlamentdə təmsil olunublar, parlamentin iş metodlarına bələddirlər. Bu 3 qrupun – gənclərin, rəhbər kadrların və təcrübəli deputatların bir araya gəlməsi parlamentin 11-ci çağırışında çox yaxşı, effektiv, səmərəli bir kollektiv formalaşdırıb. Odur ki bu parlament çox yaxşı bir parlamentdir. Sevindirici haldır ki, bu parlament inqilabi məsələlərə də həssaslıqla yanaşır. Geridə qalmış 1 aydan bir qədər artıq müddətdə artıq bu həssaslıq hiss olundu. İşinizdə sürət tempi də nümayiş etdirdiniz. Rəyasət heyətinin, ixtisaslaşmış komissiyaların təşkil olunması işini, komissiya sədrlərinin seçilməsini, əlhəmdulillah, tez bir zamanda həyata keçirdiniz. Bütün bunlar təqdirəlayiqdir.

Qarşınızda 4 il var. 4 il az müddət deyil, kifayət qədər çoxdur. Bəli, siz icraçı deyilsiniz, amma icraçıların hərəkəti üçün relsləri siz düzürsünüz, o 4 ildə ölkədəki problemlərin həllinə, ölkənin inkişafına və gələcəyinə təsir göstərə bilərsiniz. 4 il az müddət deyil. Siz əzizlərimizin çiyinlərinə ağır vəzifələr düşür. Bir azdan öz tövsiyələrimi verərkən həmin vəzifələrlə bağlı bəzi məqamları qeyd edəcəyəm. Parlamentin hazırkı – 11-ci çağırışı barədə demək istədiklərim bu qədər.

Ölkənin ümumi vəziyyətinə gəlincə, bəli, ölkədə müəyyən problemlər var ki, onları siz də görür, müşahidə edirsiniz; iqtisadi problemlər. Doğrudur, mədəniyyət məsələsi də var, lakin bu, ayrıca bir söhbətin mövzusudur, bu sferadakı problemlərlə bağlı daha geniş tədbirlərə ehtiyac var. Mən isə bu gün daha çox iqtisadiyyat məsələsinin üzərində durmaq istəyirəm. Ölkədə çoxsaylı iqtisadi problemlər var, amma ölkənin immuniteti güclüdür. Bəli, xəstəlik var, amma xəstənin immuniteti güclüdür, özünü müdafiə etmək üçün gücü çoxdur, xəstəliyə qalib gələ bilər. Ölkəni insan orqanizminə bənzətsək, mövcud problemlər xəstəlik kimidir, lakin xəstəlik riski hamı üçün eyni deyil. Hazırda ölkədə koronavirus var, lakin bu xəstəliyə yoluxma riski hamı üçün eyni deyil. Yaşlı, gücsüz, orqanizmini möhkəmləndirə bilməyən, paralel xəstəlikləri olan insanlar üçün bu xəstəlik daha təhlükəlidir. Həkimlər də belə xəstələrlə qarşılaşdıqları zaman onların sağalmasına bir o qədər ümidli olmurlar. Gənc, orqanizmi güclü olan, paralel xroniki xəstəlikləri olmayan insanlar, tutalım, idmançılar, fiziki cəhətdən güclü olanlar bu xəstəliyə yoluxsalar da, bu onlar üçün bir o qədər də təhlükə kəsb etmir, həkimlər də belə xəstələrin müalicəsinə daha böyük ümidlə yanaşırlar. Bəli, ölkənin müəyyən xəstəlikləri var, lakin bu xəstəliklərin müqabilində ölkədə az sonra sadalayacağım müəyyən güc və potensial faktorları da var. 

Mənim “xəstəlik” adlandırdığım iqtisadi problemlərin ən başlıcaları inflyasiyadır, milli valyutanın dəyərinin aşağı düşməsidir, məntiqsiz bahalaşmadır, istehsal müəssisələrinin üzləşdiyi problemlərdir, xarici sanksiyaların mövcudluğudur (sanksiyaların rolunu görməzliyə vurmaq olmaz). Bütün bunların nəticəsi olaraq orta və aşağı təbəqədən olan əhalinin dolanışığı çətinləşir. Bu xəstəliklər var, lakin ölkənin immuniteti güclüdür. Mən nəyə əsasən ölkənin immuniteti güclüdür deyirəm? Ölkədəki geniş imkan və potensiala əsasən. Cənab Qalibaf onlardan bəzilərini qeyd etdi. O potensialın bir hissəsini təbii resurslar, digər bir hissəsini isə insan resursları təşkil edir. Məhz bu potensial sayəsində, gördüyünüz kimi, ən ağır sanksiyalar və hərtərəfli təzyiqlər şəraitində ölkəmizdə bir neçə min elmi əsaslı istehsal müəssisəsi yaradılıb, yüzlərlə infrastruktur layihəsi işlənib. Elə sərt sanksiyalar dövründə, neft gəlirlərinin azalmasına baxmayaraq, “Setareye-Xəlice-Fars” Neft Emalı Kompleksinin yaradılması kimi böyük bir iş həyata keçirilib. Nüvə enerjisi, su və elektrik məsələləri sahəsində böyük bir hərəkat var, çoxlu sayda işlər görülür.  Özünüzün də şahidi olduğunuz kimi, böyük açılışlar həyata keçirilir. Bütün bunlar realdır, bu şeylər var, iş görülür. Müdafiə sənayesi sahəsində heyrətamiz işlər həyata keçirilir; aerokosmos sahəsində də eynilə. Bizim düşmənlərimiz, bizi istəməyənlər, İran xalqını diz çökdürmək ümidi ilə bizə qarşı bu sanksiyaları tətbiq edənlər özləri deyir, etiraf edirlər ki, bunu bacarmadılar, ölkəmiz öz ayaqları üzərində möhkəm durub. Bu onu göstərir ki, ölkənin immuniteti çox güclüdür. 

Mənim dediklərim ölkənin potensialının bir qismidir. Təsəvvür edin ki, hələ mədənlər, meşə zolaqları, coğrafi mövqe, iqlim müxtəlifliyi kimi maddi imkanlarımız, üstəlik tarixi keçmişimiz, milli kimliyimiz və sair də var. Bunlar hamısı çox önəmli və vacib imkanlardır. Onlardan bəziləri isə yalnız bizə aiddir; yəni başqa heç bir ölkədə yoxdur, bizdə isə, əlhəmdulillah, var. Bunlar maddi resurslardır, lakin bunlarla yanaşı, bizim mənəvi resurslarımız da var. Mən təkid edirəm ki, bu mənəvi resurslara diqqət yetirək, kömək üçün onlara müraciət edək, o imkanları – hələ reallaşdırılmamış olanlarını – reallaşdıraq. Ölkəmizin mənəvi resurslarının böyük əksəriyyətinin, yaxud, demək olar, hamısının kökləri bizim dini imanımıza və inqilabi əqidəmizə dayanır. Yəni camaatımızın dini və inqilabi əqidəsi güclü olduğuna görə bu əqidə daim ölkədə hansısa imkan və potensialı ortaya çıxarır. Bu imkan və potensialdan istifadə etmək olar. İnqilab boyunca – inqilabın əvvəlindən 8 illik məcburi savaş dövrünə, bu günümüzə qədər – biz bunun nümunələrini görmüşük. Dini-inqilabi əqidəyə əsaslanan, mühüm milli potensialın ən son nümunəsini isə koronavirusun 1-ci dalğası zamanı xalqımızın vaxtında və fədakarcasına iştirakında müşahidə etdik. Zarafat deyil. Ön sırada tibb müəssisələri, həkimlər və səhiyyə işçiləri dururdu. Onların arxasında isə xalqın çoxsaylı nümayəndələri, gənclər meydana atılaraq müxtəlif yerlərdə və cürbəcür formalarda xidmət göstərdilər, işlədilər və o günlərdə onların gördüyü iş İran xalqının bu təhlükəli virusa yoluxmasının azalmasında effektiv rol oynadı. Və ya “Mömincəsinə yardım” hərəkatı. Əhaliyə müraciət olundu ki, cəmiyyətin yoxsul təbəqələrinə əllərindən gələn yardımı etsinlər. Əlbəttə, biz deməsəydik də, camaatımız artıq işə keçmişdi. Biz deməmişdən əvvəl də artıq yardımlara başlamışdılar, biz deyəndən sonra isə bu iş ölkə üzrə daha da geniş miqyas aldı. Gördüyünüz kimi, böyük işlər həyata keçirildi, ramazan ayı başlanana yaxın camaatımız hamılıqla yoxsul ailələrə çox dəyərli xidmətlər göstərdi. Bu şeylər çox əhəmiyyətlidir, bunlar ölkəmizin mənəvi potensialıdır. Bu mənəvi potensialın digər bir nümunəsi isə koronavirus olayından bir qədər əvvəl xalqımızın Şəhid Süleymanini möhtəşəm bir şəkildə son mənzilə yola salması olmuşdu. Özünüz gördünüz ki, camaatımız nələr etdi, Tehranda, digər müxtəlif şəhər və rayonlarda insanlarımız bu mühüm olaya – şanlı bir komandanın şəhadətinə necə reaksiya verdi. Bunu sırf emosional bir addım kimi qəbul etmək yanlışdır. Bəli, emosiaların da təsiri var idi, lakin bu, emosionallıqdan qat-qat daha yüksəkdə duran bir hərəkat idi. Bu, xalqın cihada olan imanını nümayiş etdirirdi. Xalq göstərdi ki, müqavimət meydanında cihada, mübarizəyə, imperialistlərin qarşısında müqavimətə inanır. Xalq göstərdi ki, milli iqtidarın, İranın cihad gücünün simvolu olan simalara necə böyük ehtiramla yanaşır. Şəhid Süleymani bu iqtidarın simvolu idi, bütün regionda İranın və İslam İnqilabının milli iqtidarını düşmənlərə görk edirdi, bu milli iqtidara söykənən ruhiyyənin göstəricisi idi. Xalq da buna sonsuz hörmətlə yanaşdı. Bu çox önəmli bir məsələdir, çox dəyərli bir potensialdır. Bu hərəkat xalqın öz qəhrəmanlarına nə qədər böyük önəm verdiyini göstərdi. Bu hərəkat o parlaq sima haqqında ağzıboşuna danışıb özlərinə yaraşan sözlər deyənlərin – Amerika rəsmiləri və dünya üzrə sair onlar kimilərinin ağzının üstündən vurulan bir sillə idi. İran xalqının bu mənəvi potensialını, mənəvi iştirakını və hazırlığını sübut edən bir çox digər misallar var ki, onların da hamısının kökü dini və inqilabi ideologiyaya gedib çıxır. Bunları inkar etmək mümkün deyil. Bu şeyləri inkar edən şəxs günün günorta çağı günəşin olmadığını inkar etmiş kimi olar. Baxın, bütün bu illər ərzində dövlətin harada problemi olubsa, xalq meydana girib. Kimlərsə düşmənin təhriki ilə dövlətə zərərli olan hansısa hərəkətləri edəndə – istər 1378-ci ildə, istər 1388-ci ildə, istərsə də ondan sonra – ortaya çıxıb düşməni məyus etməyi bacaran məhz xalq olub. Bundan da böyük potensial ola bilərmi?! Bundan daha güclü orqanizm, immunitet ola bilərmi?! Bu, İran xalqının orqanizminin gücüdür. Bu reallıqları görəndə anlayırsan ki, ölkənin bu kimi olaylara qarşı immuniteti çox qüvvətlidir.

Bizim problemlərimiz də, həqiqətən, ondan qaynaqlanır ki, özümüz diqqətsizlik etmişik:

ظَهَرَ الفَسادُ فِی البَرِّ وَ البَحرِ بِما کَسَبَت اَیدِی النّاس

“İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr...” (“Rum” surəsi, 41-ci ayə)

Biz özümüz bəzi yerlərdə diqqətsizlik, səhlənkarlıq etmişik. Misal üçün, istehsala önəm verməmişik, investisiyaya önəm verməmişik və qəflətən, tutalım, zavodların dağılması ilə, yaxud ölkədə istehsalla bağlı digər problemlərlə üzləşmişik. İnsan işləməyəndə bunun nəticəsi nə vaxtsa ortaya çıxır. Biz rəsmilərin özümüzün diqqətsizlik, səhlənkarlıq etdiyimiz məqamların – əlbəttə ki, müxtəlif illərdə – nəticəsi bu olacaq. Əgər bu təfəkkür, bu özünəgüvən və milli özünəinam psixologiyası (hansı ki, xoşbəxtlikdən, bu gün ümummilli miqyas alıb və xüsusən də bizim təhsilli, iradəli və əzmkar gənclərimiz arasında genişlənib), iqtisadiyyatda daxili gücə arxalanma hazırkı formada inkişaf etsə, bəzən müşahidə etdiyimiz kimi, ölkə sərhədlərindən o taya bağlanan, ölkə iqtisadiyyatını yadellilərin qəbul edəcəyi qərarlarla şərtləndirən o uydurma ümidlər olmasa, yaxud zəifləsə, milli özünəinam artsa, düşünürəm ki, bu gün iqtisadiyyatımızda mövcud olan bütün problemləri aradan qaldırmaq mümkündür. Ölkənin bu güclü orqanizmindən istifadə etmək lazımdır. Bayaq cənab Qalibafın öz çıxışında toxunduğu məsələlər və digər bu kimi məqamlar, inşallah, tam ciddiyyətlə diqqətdə saxlanılsa, parlamentin imkan və səlahiyyətləri çərçivəsində, onların hüquqi məcrada həyata keçirilməsinə səy göstərilsə, problemlər həllini tapar. Mən tam arxayınam ki, bütün bu problemlərin ortadan qaldırılması mümkündür.  

Əziz deputatlar, sizin öhdənizə düşən vəzifələrə gəlincə – əslində, sözümün canı elə budur – əlbəttə, mən bu barədə də çox danışmaq istəmirəm, tövsiyə xarakterli bir neçə məsələni qeyd edəcəyəm. Əvvəla, əziz qardaşlar, əziz bacılar! Niyyətinizi saflaşdırıb xalq üçün işləyin. Dünya parlamentlərində xalqın adından çox sözlər danışılır, amma xalq üçün heç bir iş görülmür. Şəxsi, siyasi partiya mənsubiyyəti zəminindəki məsələlərin milli məsələlərdən və xalqın problemlərindən önə keçdiyi bir parlament aşağı səviyyəli, arzuolunmaz bir parlamentdir. Birinci məsələ, mənim birinci tövsiyəm budur. Allah naminə, yəni həqiqətən saf niyyətlə xalq üçün işləməyə qərar verin. Düşdüyünüz atmosferin və sair bu kimi şeylərin əsirinə çevrilməyin. Bəzən insanın ətrafında yaranan atmosfer onu müəyyən istiqamətlərə çəkib aparır. Buna yol verməyin, baxın görün, öhdənizə düşən vəzifə nədir, xalq üçün nə faydalıdır. Mühitə hakim olan atmosferin əksinə olsa belə, eybi yoxdur, öhdənizə düşəni və xalq üçün faydalı olanı edin. Ətrafınızın, necə deyərlər, atmosferin təsirinə düşməyin.    

Digər bir məqam sizin içdiyiniz deputat andıdır. Parlamentin hər yeni çağırışının öz işinə başladığı ilk gün millət vəkillərinin birgə içdiyi and şəri bir anddır və əsla formal xarakter daşımır. Bu bir anddır, yəni öhdəlik yaradır. Siz bu andla İslam dininin şərəfini qoruyacağınız, İslam İnqilabının nailiyyətlərinin keşiyində duracağınız barədə öhdəlik götürmüsünüz. Sizin içdiyiniz andın mətnində bunlar öz əksini tapır. Bu öhdəliyə ciddi surətdə sadiq qalmalısınız; yəni İslam İnqilabının nailiyyətlərinin keşiyində durmalı və İslam dininin şərəfini qorumalısınız. Bu öhdəliyə xilaf çıxmağa görə şəri cavabdehlik daşıyırsınız, ilahi sorğu-sual qarşısında duracaqsınız. Yəni Qiyamət günü Allah-taala sizi bu barədə sorğu-suala çəkəcək. Özü də bu, adi bir and kimi deyil. Əlbəttə, adi anda xilaf çıxmağın da kəffarəsi, Allah-taala tərəfindən sorğu-sualı var, amma bu, şəxsi bir məsələ üçün içilən anddan fərqlidir. Bu, ictimai bir məsələdir, xalqın taleyi ilə bağlıdır, buna görə cavab vermək lazımdır. Bu çox mühüm bir anddır. 

Mənim növbəti tövsiyəm odur ki, açar məsələlərə diqqət yetirin, məhz açar məsələlərə prioritet yer ayırın. Bəzən ikinci dərəcəli məsələlərlə də məşğul olmaq lazımdır, lakin onlara yanaşma elə formada olmamalıdır ki, açar məsələlərə doğru ciddi və mərkəzləşmiş irəliləyişə əngəl ola. Məsələn, hazırda iqtisadiyyat sahəsində istehsal məsələsi, həqiqətən də, açar məsələlərdəndir, elə buna görə də biz cari ili “Sıçrayışlı istehsal ili” adlandırmışıq. Hazırda ilin 4-cü ayını yaşayırıq və il ərzində bu sıçrayışın həyata keçirildiyi müşahidə olunmalıdır. Açar məsələlərdən biri də məşğulluq məsələsidir. Əlbəttə ki, məşğulluq istehsalın inkişafı ilə sıx bağlı olan bir məsələdir. İnflyasiyanın idarə olunması ciddi surətdə açar məsələlərdəndir. İnflyasiya – bahalaşma zəncirini yaradan səbəbləri araşdırıb ortaya çıxarın və onların aradan qaldırılması ilə məşğul olun. Maliyyə və valyuta sisteminin idarə olunması açar məsələlərdəndir; ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulması açar məsələlərdəndir; bunlar hamısı mühüm məsələlərdir. İqtisadiyyat barədə bu qədər.

Sosial və sair məsələlərə gəlincə, vətəndaşların mənzil təminatı, həqiqətən də, mühüm əhəmiyyət daşıyan, açar məsələlərdəndir. İstehlak səbətində mənzil təminatı önəmli paya malikdir və mənzil problemi çox önəmlidir. Gənclərin nikaha daxil olma məsələsi çox mühümdür. Bu elə məsələlərdəndir ki, onu əsla diqqətdən kənarda saxlamaq olmaz. Evlilik işinin asanlaşdırılması, gənclərin ailə qurmasına şərait yaratmaq üçün yollar axtarıb tapmaq lazımdır. Belə yollardan bəziləri heç maddi xərc də tələb etmir. Yalnız diqqət göstərmək və qərar qəbul etmək lazımdır. Doğum səviyyəsi, yeni nəslin yaranması məsələsi çox önəmlidir. Son bir neçə ildə mən bu məsələni dönə-dönə vurğulamışam, lakin təəssüflər olsun ki, statistikaya nəzər salanda mənim o israrımın bir o qədər də təsiri olmadığı məlum olur. Bunun üçün müvafiq qanunlara və icraiyyə strukturlarının bu məsələ ilə ciddi surətdə məşğul olmasına ehtiyac var. Doğum səviyyəsinin yüksəldilməsi məsələsinə ciddi surətdə önəm vermək və əhalinin ahıllaşmasından qorxmaq lazımdır. 

Xaricilərlə işimiz yoxdur, düşmən düşməndir, lakin təəssüf ki, ölkə daxilində də bəzi neqativ siyasi yanaşmalar müşahidə etmək olur. Mən haradasa oxudum, yazırdı ki, “əhalinin ahıllaşmasının heç bir eybi yoxdur”. Necə yəni eybi yoxdur? Bir ölkə üçün ən faydalı sərvətlərdən biri onun gənc əhalisidir. Allaha həmd olsun, biz inqilabın əvvəlindən bu günə qədər bu sərvətdən faydalanmışıq və əgər bundan sonra da faydalanmaq niyyətimiz olmasa, sözsüz ki, geri düşəcəyik. Kiberməkanın idarə olunması bizim mühüm məsələlərimizdən biridir. Özü də bu, uzaq perspektiv üçün lazım olan məsələlərdən də deyil. Yaxın və orta perspektiv üçün diqqət yetirilməli olan və həlli vacib olan məsələlərdəndir. Və bu kimi digər bir sıra açar məsələlər də mövcuddur. Diqqət edin ki, başınız prioritet əhəmiyyət daşımayan, ikinci dərəcəli məsələlərə qarışmasın.

Mənim daha bir tövsiyəm isə hakimiyyətin digər qolları ilə əməkdaşlıq və sinergiya məsələsidir. Fikrimcə, əməkdaşlığın ümumi planı aşağıdakı kimi olmalıdır: icra və məhkəmə hakimiyyətlərinin sizinlə əməkdaşlığı sizin qəbul etdiyiniz qanunlara sözbəsöz əməl etmələrində özünü göstərməlidir. Yəni parlamentin qəbul etdiyi qanunların icrasını yubatmaq, bu qanunları icra etməmək və ya onlara səhlənkar yanaşmaq olmaz. Sizin qəbul etdiyiniz qanunları icra etmək hakimiyyətin o iki qolunun vəzifəsidir. Siz sarıdan əməkdaşlıq isə özünü belə göstərməlidir ki, siz qanunları ölkənin real imkan və potensialını nəzərə alaraq tənzimləməlisiniz. Bir sıra məsələlər var ki, insan onları qanun formatında görməyi arzulayır, bu çox yaxşı bir şeydir, lakin ölkənin potensialı, imkanları, reallıqları buna cavab verməlidir. İcra və məhkəmə hakimiyyətlərinin potensialını, ölkənin imkan və reallıqlarını nəzərə almaq, bunlara diqqət yetirərək qanunlar qəbul etmək lazımdır. Düşünürəm ki, bu hər iki tərəfdən yaxşı bir əməkdaşlıq üçün şərait yarada bilər. 

Dövlət adamları ilə əlaqələrinizə də tələbkarlıqla yanaşın; çünki sizin işiniz dövlət adamları ilədir. Nazirlər parlamentə gələrək rəhbərlik etdikləri müvafiq sahələrdə mövcud vəziyyət barədə sizə məruzə ediblər. Bu çox yaxşı bir işdir. Bu bir ay yarım ərzində parlamentin gördüyü yaxşı işlərdən biri də budur. Lakin dövlət adamları ilə qurulan bu əlaqələr həm qanuna, həm də şəriətə uyğun olmalıdır. Həm qanuni olmalıdır, həm şəri. Yəni qanunla nəzərdə tutulduğu kimi, sual vermək, araşdırmaq sizin haqqınızdır, bunları etməlisiniz, amma kimisə təhqir etmək, haqqında nalayiq sözlər demək, həqiqəti bilmədən qara yaxmaq – bunlar sizin haqqınız deyil, bəziləri şəriətlə haramdır da, olmaz. Tutalım, hansısa naziri təhqir etmək, haqqında nalayiq danışmaq, iftira atmaq – belə şeylərə əsla yol vermək olmaz. Odur ki öhdənizə düşən vəzifə ilə sizə qadağan olan davranışları bir-birindən fərqləndirin. Qanun və şəriət bir qisim işləri sizin görməli olduğunuz, digər bir qismini isə görməməli olduğunuz işlər olaraq müəyyən edib. 

Siz həm görməli olduğunuz, həm də görməməli olduğunuz işlərə qarşı diqqətli olmalısınız. Emosional, məntiqsiz davranmaq lazım deyil. Mətanətlə, ağılla, hərçənd kəskin olsa belə, izah oluna biləcək bir şəkildə davranmaq lazımdır. Bəzən elə olur ki, siz qarşı tərəfin sözünü yüzdə-yüz qəbul etmirsiniz; yəni yüzdə-yüz rədd edirsiniz. Bunun heç bir eybi yoxdur, lakin o müxalif mövqe və rəyinizi elə formada təqdim etməlisiniz ki, parlamentə kənardan nəzər salan bir adam haqqın sizin tərəfinizdə olduğunu görsün; yəni mətanət və ağılla davranmaq lazımdır.

Hakimiyyətin digər qolları və dövlət adamları ilə əməkdaşlıqdan danışarkən daha iki məqamı da qeyd etmək yerinə düşər. Birincisi, uzun illərin təcrübəsi sübut edir ki, başda oturanlar arasındakı çəkişmələr və fikir ayrılıqları ümumilikdə ictimai rəyə mənfi təsir göstərir, camaatı narahat edir. Bəli, xalq sizdən, hökumətdən və ya məhkəmə hakimiyyətindən haqqı deməyinizi, haqq uğrunda çalışmağınızı gözləyir, lakin heç bir vəchlə bir-birinizin yaxasından yapışıb çəkişməyinizi gözləmir. Xalq bunu heç sevmir və özəlliklə də hakimiyyətin 3 qolunun başında duranlar arasında konfliktlər camaatı incidir, narahat edir, ictimai rəyə pis təsir göstərir.

İkincisi, gördüyünüz kimi, bu gün məkrli düşmən, bu düşmən cəbhəsi (təkcə Amerika deyil; Amerika onların ən xəbis və üzüqara olanıdır, amma təkcə o deyil, qarşımızda bütöv bir düşmən cəbhəsi var) İslam Respublikasını geri çəkilməyə vadar etmək üçün bütün gücünü mərkəzləşdirib. Əlbəttə ki, bu da bizim üçün qürurverici faktlardan biridir. Dünyanın ən güclü siyasi və iqtisadi cəbhələrinin bütün qüvvələrini toplayıb sizin üstünüzə gəlməyi sizin nə qədər güclü, nə qədər qüdrətli olduğunuzu göstərir. Əgər siz güclü, qüdrətli olmasaydınız, onlar bu qədər qüvvə toplayıb arxalarında qoşun-ləşkərlə sizin üstünüzə gəlməyi lazım bilməzdilər. Bu onu göstərir ki, siz güclüsünüz. Amma hər halda, reallıq budur ki, düşmən bütün qüvvələrini çəkib meydana gətirib; iqisadi qüvvəsini, siyasi qüvvəsini, təbliğat qüvvəsini. Özünüz görürsünüz: demək olar, hər gün, yaxud ən azı iki-üç gündən bir amerikalılar çıxıb İran haqda hökmən ağzıboşuna nəsə danışırlar; ya o xarici işlər nazirləri, ya o prezidentləri, ya da bir başqası. Hansısa müsahibədə, ya misal üçün, hansısa beynəlxalq toplantıda, o da olmasa, ən azı sionist lobbisində İslam Respublikası əleyhinə nə isə donquldanır, mızıldanır, nə isə bir boşboğazlıq edirlər. Bu isə onu göstərir ki, onlar bütün təbliğat imkanlarını da işə qoşmağı ciddi surətdə qərara alıblar. İqtisadi imkanlarından əlavə, bu kimi imkanlarından da istifadə etmək niyyətindədirlər. Yaxşı, bəs belə olan halda bizim öhdəmizə düşən vəzifə nədir? Bizim vəzifəmiz düşmən qarşısında vəhdətin göstəricisi olan daxili birlik və həmrəylikdir. Bəli, siyasi görüşlərimizdə fərqlər var, fikir ayrılığında olduğumuz məqamlar var, bizdən bəziləri digərlərini qəbul etməyə də bilər, lakin düşmən qarşısında hamımız əl-ələ verərək birləşirik, sözümüz bir, harayımız bir, atdığımız addım bir, hərəkətimiz birdir.

Əlbəttə ki, mən parlamentin nəzarət funksiyasına da böyük önəm verirəm. Yəni doğrudan da, parlamentin nəzarət funksiyası əsas, həyat əhəmiyyətli bir funksiyadır və ona diqqətsiz yanaşmaq olmaz, lakin düşünürəm ki, siz parlamentin bu funksiyasını mətinliklə həyata keçirməlisiniz; müdrikcəsinə, mətinliklə, lazımsız məqamlardan çəkinərək.

Həm sizə, həm də hökumətdə təmsil olunan dostlarımıza üzümü tutaraq bir məqamı da vurğulamaq istəyirəm; hamılıqla diqqət yetirin. Hökumət kabinetlərinin son ili bir qayda olaraq həssas bir il olur. Hər halda, mənim bu sahədə təcrübəm böyükdür, bilirəm. Hökumətlərin 4-cü ili – özəlliklə də əgər 2-ci dördillikdirsə – çox həssas olur və bir qayda olaraq, əgər bu ildə lazımınca diqqətli olmasalar, işlər passivləşir. Əvvəla, son günə qədər işləyib çalışmaq bütün hökumət kabinetlərinin vəzifəsidir; son ana qədər. Mən qətiyyətlə bu fikirdəyəm ki, hökumət kabinetləri vəzifə səlahiyyəti daşıdıqları son günə qədər işləməli, səy göstərməli, öz vəzifələrini yerinə yetirməli və daha sonra əmanəti növbəti hökumətə təhvil verməlidirlər. Əlbəttə, düşünürəm ki, təhvil verərkən də görülmüş işləri və mövcud vəziyyəti əks etdirən müvafiq sənədlər təqdim etməlidirlər. Eynilə işin ortasında binanı başqa bir mühəndisə təhvil verən və bu zaman bütün siyahı, cədvəl və məlumatları ortaya qoymalı olan bir mühəndis kimi; görülən işlər bunlardır, mövcud vəziyyət budur. Son günə qədər işləməlidirlər. Hazırkı hökumət kabinetinin son, sizin isə fəaliyyətinizin ilk ili olan bu həssas ildə hər ikiniz – həm dövlət, həm də parlament – atmosferi elə bir formada idarə etməyə çalışmalısınız ki, işə ziyan dəyməsin. Diqqətli olmalısınız; atmosferi elə idarə etmək lazımdır ki, ölkənin mühüm olan ümumi işinə heç bir vəchlə ziyan dəyməsin.

Parlamentlə bağlı mənim qeyd etmək istədiyim sonuncu məqam isə budur ki, sizin çox önəmli 2 mərkəziniz var. Onlardan hər biri öz növbəsində çox böyük əhəmiyət daşıyır. Həmin mərkəzlərdən biri parlamentin Tədqiqatlar Mərkəzidir. Bu, ekspert və mütəxəssislərin təmsil olunduğu çox mühüm bir mərkəzdir, ondan ən yaxşı formada istifadə edin. Sevindirici haldır ki, ötən dövrlərdə də bir çox hallarda Tədqiqatlar Mərkəzindən çox yaxşı istifadə olunub, bu mərkəz bəzən parlamentarilərə həyati əhəmiyyətli mütəxəssis köməyi göstərib. Tədqiqatlar Mərkəzi çox əhəmiyyətli bir mərkəzdir.

İkinci mühüm mərkəz isə bir neçə ildir işə başlamış və parlamentdə deputatların davranışlarına nəzarəti həyata keçirən İntizam (Etika) Komissiyasıdır. Bu da çox mühümdür. Əlbəttə, siz hamınız çox yaxşısınız, Allah hamınıza əcr  versin, inşallah. Amma yaxşı olmaq bir məsələdir, yaxşı olaraq qalmaqda davam etmək isə başqa bir məsələ. Çalışmalıyıq ki, yaxşı olaraq qalmağa davam edək. Bizim hamımız üçün təhlükə var, Allah eləməmiş, çaşa, yolumuzu aza bilərik. Hamımız – mən də, siz də bu təhlükə ilə üz-üzəyik, ehtiyatlı olmalıyıq. Həm özümüz özümüzdən ehtiyatlı olmalıyıq, həm də müqəddəs Quranda deyildiyi kimi:

(2) وَ تَواصَوا بِالحَقِّ ‌وَ تَواصَوا بِالصَّبر

– bir-birimizə haqqı və səbri tövsiyə etməliyik. Deputatların davranışlarına nəzarət edən İntizam Komissiyası həmin bu ayənin təcəssümüdür, elə “əmr be məruf və nəhy əz münkər” – yəni yaxşılığa dəvət və pislikdən çəkindirməkdir, İslam dinində olan ictimai qınaq və öhdəlikdir.

Və son olaraq koronavirus məsələsinə toxunacağam. Əvvəla, koronavirusun yenidən yayılması insanın qanını həddən artıq qaraldır. Hər dəfə televizoru açanda bir gün 180, o biri gün 220 nəfərin vəfat etdiyini eşitmək insanı çox sarsıdır, çox kədərləndirir. Bir sutkaya bu qədər adam! 30 nəfər də çox idi. Hələ azaldığı vaxt gündəlik 30 nəfər vəfat edirdi, o da çox idi. O 30 nəfərdən hər birinin ayrılıqda əzizləri, doğmaları var, özləri kiminsə əzizidirlər. Ataları, anaları, həyat yoldaşları, övladları, qardaşları, dostları var. O insanlar hamısı yasa batır. Bu rəqəmin, misal üçün, 150, 180, 200-ə çatması isə həqiqətən insanda sonsuz kədər doğurur. Xahiş edirəm, bu sahədə hər hansı bir şəkildə rol oynaya biləcək insanlar öhdələrinə düşən işi ən yüksək səviyyədə görsünlər.

Xoşbəxtlikdən, tibb müəssisələrimiz fədakarlıq etdilər. Onların fədakarlığını təsvir etmək üçün dil acizdir. Tibb işçiləri arasından xalqa xidmət yolunda bu xəstəliyə yoluxanlar, hətta vəfat edənlər də oldu! Bunlar çox dəyərli və önəmlidir, lakin təkcə tibb müəssisələri deyil. Bu sahədə qərar qəbul edən, işləri icra edən və icraçılara dəstək olan digər müxtəlif qurumlar və könüllülər də var. Bizim gənclərimiz elə ilk aylardan işə qoşudular, xidmət etdilər, rəsmi qurumlara dəstək oldular, yardım etdilər. Gənclərin ardınca da bütün xalqımız. Mən televizorda görəndə ki, bəziləri o sadə qaydaya əməl etmədən küçə ilə gedirlər – o maskanı taxmırlar – o həkimlərdən,  o tibb bacılarından, həqiqətən də, xəcalət çəkirəm. Onlar o cür fədakarlıq edirlər, o insanlar isə – istər qocası olsun, istər cavanı olsun – bir maskanı taxmaq istəmirlər. Bu şeylərə riayət etmək lazımdır. Mənim birinci tapşırığım budur. Xahiş edirəm, bu sferada təsir gücünə malik olan hər kəs – istər ölkə rəsmiləri olsun, istərsə də xidmət etmək imkanı olan sadə vətəndaşlar – hamı fəallıq göstərsin ki, qısa zaman ərzində yoluxma zəncirini qırıb ölkəni bu bəladan qurtaraq. Biz əvvəldə koronavirusa qarşı ən yaxşı, ən uğurlu formada mübarizə aparan ölkələrdən idik. Bu gün isə belə deyil. Düzdür, bu gün də bir çox ölkələrdən öndəyik, daha yaxşıyıq, amma bu gün vəziyyət əvvəldəki kimi deyil və bu da insanı kədərləndirir. Bu, bir məqam.  

İkinci məqam isə odur ki, bu koronavirus olayı aztəminatlı və bəlkə də, orta təbəqəyə gündəlik dolanışıq, həyat rifahı və sair baxımından, həqiqətən də, zərbə vurdu. Ramazan ayı ərəfəsində start verilmiş o tədbirlər, camaatımızın hamılıqla qoşulduğu o mömincəsinə xidmətlər çox dəyərli idi və hansısa ailələrin dərdi-sərini azalda bildi. Mənim fikrimcə, əziz camaatımız bu yardımlaşma və ehsan kompaniyasını bu gün də yenidən başlatmalıdır. Əlbəttə, o yardımların arası kəsilməyib, amma bir qədər də inkişaf etdirilməli, daha da genişləndirilməlidir. Ölkədəki atmosferi bir daha təravətləndirmək, körpələri sevindirmək, ailələrə dəstək olmaq, ata-anaları övladlarının dolanışıq dərdindən qurtarmaq lazımdır. Bu, dəyərli xalqımızın görə biləcəyi bir işdir. İndi bu işlər necə olmalıdır, hansı formada idarə olunmalıdır – bu, bir mərkəzdən idarə oluna biləcək bir məsələ deyil. Bu işlər ölkə miqyasında, ümumxalq səviyyəsində görülür. Əlhəmdulillah, ölkəmiz böyükdür, camaatımız da çoxdur. Hər kəs bu işə bacardığı qədər, bacardığı kimi yardım etsin. “Hansısa ailə 2, ya 3 yerdən yardım aldı” deməsinlər. Alıbsa, lap yaxşı. Əlbəttə, daha yaxşı olar ki, əgər bacarırlarsa, nizamlı surətdə, mərhələ-mərhələ versinlər, olmasa da, eybi yoxdur. Lap hansısa ailəyə 2-3 yerdən yardım verilibsə də, bunu irad tutmasınlar. Qoy verilsin. Bircə çalışsınlar ki, heç kim kənarda qalmasın. Yalnız buna diqqət yetirsinlər ki, ehtiyacı olan heç bir kəs bu yardım kompaniyasından kənarda qalmasın və inşallah, camaat faydalana bilsin. Bu, ölkəyə bir təravət, işlərə bərəkət gətirir, Allahın lütf və mərhəmətini sizə doğru cəlb edir.

Son olaraq mən təvəssül və dua məsələsini vurğulamaq istərdim. Mən əvvəldən də demişdim ki, bu olayda hamılıqla təvəssül çox önəmlidir. Özü də təkcə “Səhifeyi-Səccadiyyə”nin 7-ci duası deyil; düzdür, çoxları mənim tövsiyəmə əməl edib o duanı oxudular, amma müxtəlif dualar var.  Dua edin, Allahdan istəyin, Yaradanın qarşısında acizanə surətdə diləklərinizi ifadə edin. Xüsusilə də gənclər, safürəkli insanlar. Bəzi insanların qəlbi tər-təmiz su kimi safdır, onların duası tamamilə müstəcab ola bilər. İnşallah, şairin də dediyi kimi:

(3) دعای نیم‌شبی رفع صد بلا بکند

– gecəyarı edilən dua 100 cür bəlanı dəf edər.

Ümidvaram, Allah-taala hamınıza işlərinizdə uğurlar nəsib edəcək, İmam Xomeyninin və şəhidlərimizin pak ruhlarını bizdən razı salacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________________

 (1) Görüşün əvvəlində İslami Şura Məclisinin sədri cənab Məhəmmədbaqir Qalibaf məruzə etmişdir.  
 (2) Əsr surəsi, 3-cü ayə 
 (3) Hafiz, Qəzəliyyat, 187-ci qəzəl