Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Qurban bayramı münasibətilə televiziya ilə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة اللّه فی الارضین

Dünyanın bütün dindar insanları üçün böyük bir tarixi gün olan mübarək Qurban bayramı münasibətilə əziz İran xalqımızı, bütün müsəlman dünyasını və təkallahlı dinlərin arıdcıllarını təbrik edirəm.

Zilhiccə ayının ilk 10 günü öyrədici xatirələr, Allaha yalvarış və tövbə ongünlüyüdür

Qurban bayramı gününün xatirəsi böyük bir xatirədir. Zilhiccə ayının ilk ongünlüyü əsasən xatirələr ongünlüyüdür. Zilhiccə ayında hər ongünlüyün öz xüsusiyyəti var. İlk ongünlük həm möhtəşəm, mühüm və öyrədici xatirələr, həm də Allah-taalaya dua, yalvarış və tövbə ongünlüyüdür. Xatirələr Həzrət Musa (ə) ilə əlaqəli xatirələrdən,

وَ واعَدْنا مُوسی‌ ثَلاثینَ لَیْلَةً وَ أَتْمَمْناها بِعَشْرٍ فَتَمَّ میقاتُ رَبِّهِ أَرْبَعینَ لَیْلَة

“Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu”. (“Əraf” surəsi, 142-ci ayə)

– məsələsindən başlayır. Həzrət Musanın yerin-göyün Pərvərdigarı ilə 40 gün davam edən vədəsi – və ya Qurandakı o “miqat” – Tur dağında gerçəkləşmişdi. Təfsirdə deyilir ki, bu 40 gecə zilqədə ayının ilk gecəsindən başlayaraq Qurban bayramı gecəsinə qədərdir. Əvvəlcə 30 gecə müəyyənləşdirilir, sonra 10 gecə də əlavə olunur. O 10 gecə də zilhiccə ayının 10 gecəsidir. Bu məsələ həmin gecələrin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Bu xatirələrdə Həzrət Musanın çəkdiyi əzab-əziyyətlər də aydın nəzərə çarpır. Həzrət Musanın (ə) Misirdə çəkdiyi  böyük zəhmət, Fironla qarşıdurması, Mədyəndən qayıtdıqdan sonra Misirdən kənara çıxana qədər üzləşdiyi görünməmiş çətinliklər – Fironla, Bəni-İsraillə, sehrbazlarla və başqaları ilə münasibətində – ondan sonra baş verən o böyük möcüzə, dənizin iki yerə ayrılması, Bəni-İsrailin düşməninin bütün qoşunu ilə birlikdə onların gözü qarşısında suya qərq olması – bütün bunlar Bəni-İsraildə möhkəm və sarsılmaz iman yaratmalı idi; amma belə olmadı. Əvvəlcə şirk və bütpərəstlik xəyalına düşüb belə dedilər:

اِجْعَلْ لَنا إِلهاً کَما لَهُمْ آلِهَة

“Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" (“Əraf” surəsi, 138-ci ayə)

Ürəkləri bütpərəstlik üçün çırpındı. Əvvəl bu oldu, daha sonra da buzov məsələsi oldu. Mənbələrdən belə görünür ki, bütün bunlar o 40 gündə baş verib. Həzrət Musa Tur dağından qayıtdıqdan sonra vəziyyətin dəyişdiyini, camaatın öz inancından döndüyünü gördü.

Camaatı Allaha doğru səsləyən bir peyğəmbər üçün bir qrup adamı çətinliklə Allah yoluna gətirdikdən, onlara imanı təlqin etdikdən sonra xırda bir şeyə görə onların imandan üz döndərməsi necə böyük bir əzabdır! Quranda da var:

وَاَلقَی الاَلواحَ وَاَخَذَ بِرَأسِ اَخیهِ یَجُرُّهُ اِلَیه

“(Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı”. (“Əraf” surəsi, 150-ci ayədən)

Həzrət vəziyyəti belə görəndə həddən artıq qəzəbləndi, narahat oldu, təəssüfləndi. Quranda azı 2 yerdə bu məsələ qeyd olunur:

لا تَکونوا کَالَّذینَ آذَوا موسیٰ

“Musaya əziyyət verən kəslər kimi olmayın”. (“Əhzab” surəsi, 69-cu ayə)

Burada Bəni-İsrailin Musanı incitməsindən danışılır. Digər bir yerdə – “Səff” surəsində də var:

قالَ موسیٰ لِقَومِهِ یا قَومِ لِمَ تُؤذونَنی وَقَد تَعلَمونَ أَنّی رَسولُ اللَّهِ إِلَیکُم

“Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: "Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?"  (“Səff” surəsi, 5-ci ayə)

Bu onu göstərir ki, Bəni-İsrailin Musaya verdiyi əziyyət çox böyük olmuşdur. Bu on gecə həmin mühüm tarixi olayların xatirəsidir və bizə onu göstərir ki, Musanın möcüzələri kimi möcüzələrin olsa belə, haqq yolda irəliləmək nə qədər çətin, nə qədər problemlidir və o problemləri necə qarşılayıb səbir etmək lazımdır. Bunlar hamısı bir xatirədir.  Daha sonra Ərəfə günü məsələsi gəlir; Ərəfə günü dua, təvəssül, Allaha diqqət günüdür, Allah-taalaya diqqət yönəltməyin pik nöqtəsidir. İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətdə o həzrət belə buyurur: “Atam (yəni İmam Baqir) Ərəfə günü Ərəfatda o qızmar istidə oruc tutur – yəqin ki, nəzir orucu olub – dua edir, o qızmar havada göz yaşı töküb Allaha yalvarırdı”. İmam Hüseynin (ə) “Ərəfə” duası ilə də hamımız tanışıq, “Səhifeyi-Səccadiyyə”də bu mövzuda olan dua da çox heyrətamizdir. Bunlar hamısı Ərəfə günü ilə bağlıdır. Dünən Ərəfə günü idi. Ümidvaram, xalqımız bu günü böyük həzlə yaşadı. İnşallah, bütün dualarınız müstəcab olar. 

Daha sonra növbə gəlib çatır Qurban bayramına – tarixdə misli-bərabəri görünməmiş o heyrətamiz qurbanlığa. Həzrət İbrahimə öz yeniyetmə oğlunu öz əlləri ilə qətlə yetirmək tapşırılır; Allahın əmridir, Allahın sınağıdır. O oğlunu ki, uzun illər varlığından məhrum idi və yalnız ahıl çağlarında Allah ona övlad nəsib etmişdi:

اَلحَمدُ لِلَّهِ الَّذی وَهَبَ لی عَلَی الکِبَرِ إِسماعیلَ وَإِسحاق

“ İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun!” (“İbrahim” surəsi, 39-cu ayə)

Aydın məsələdir ki, insan ömrünün axırlarında, ahıl yaşlarında tapdığı övlada necə ürəkdən bağlı olar. Həzrət İbrahim həmin övladına yeniyetməlik və ya gənclik çağında çatdığı zaman –

فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْیَ

“O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda...”  (“Saffat” surəsi, 120-ci ayə)

– söyləyir ki, səni öldürmək istəyirəm, Allah-taala belə göstəriş verib. O gənc də cavabında deyir:

یا أَبَتِ افْعَلْ ما تُؤْمَرُ سَتَجِدُنی‌ إِنْ شاءَ اللَّهُ مِنَ الصَّابِرین

“Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (“Saffat” surəsi, 120-ci ayə)

Baxın, bunlar din tarixinin, teizm tarixinin, iman və İslam tarixinin heyrətamiz hadisələridir. Bizim keçmişimizdə, bizim dindarlığımızın keçmişində bu cür hadisələr var: yaşlı ata Allahın əmri əsasında öz gənc oğlunu qurban etməyə hazırdır və oğul da tam meyil və rəğbətlə: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” – deyir. Dözməyə hazır olduğunu bəyan edir. Bu da Qurban bayramının xatirəsi. Zilhiccə ayının ilk ongünlüyü belə möhtəşəm, məna dolu və öyrədici xatirələri özündə ehtiva edir.

Zilhiccə ayının 2-ci və 3-cü ongünlükləri vilayət məqamının ucalığını bizə xatırladır

Zilhiccə ayının 2-ci ongünlüyü vilayət ongünlüyüdür, Qədir-Xum məsələsi ilə bağlıdır. Rəvayətlərdə də deyildiyi kimi:

ما نودیَ اَحَدٌ بِشَیءٍ مِثلُ ما نودیَ بِوِلایه

Allahın bütün hökmləri içərisində vilayət daha üstündür, çünki bütün digər hökmləri zəmanət altına alaraq onların icrasını təmin edir. Qədir-Xum məsələsi, o olduqca önəmli hadisə məhz vilayət mövzusunu bəyan edir.

3-cü öngünlükdə də mühüm hadisələr baş verib. Onlardan biri və yəqin ki, ən önəmlisi “Mübahilə” hadisəsidir. Orada da məsələ tövhid məsələsidir. Yəni  Peyğəmbərin (s) o dövrün xristianları ilə etdiyi mübahisə “Mübahilə” hadisəsi ilə nəticələnmişdi. O mübahisə isə Həzrət İsa ilə bağlı idi: Peyğəmbər (s) buyururdu ki, Həzrət İsa Allahın bəndəsi və elçisidir, onlarsa başqa şeylər deyirdilər. Sonda mübahilə etməyi qərara alırlar, bildiyiniz o məşhur olaylar baş verir və onlar geri çəkilməyə məcbur olurlar.

Ümidvaram, inşallah, bu gün sizin üçün mübarək bir gün olar. Bu ongünlüyü bərəkətlə keçirərsiniz və sonrakı iki ongünlüyü də Allahı razı salacaq, əziz xalqımıza xoşbəxtlik gətirəcək bir şəkildə, keçirərik, inşallah.

Mənim xalqla görüşlərdən məhrum qalmağımın səbəbi

Uzun illər boyu mənim üçün həmişə ürəkaçan, sevindirici olan şeylərdən biri də xalqla keçirdiyim görüşlər idi. İctimaiyyətimizin müxtəlif təbəqələri ilə görüşüb söhbət etmək, camaatdan nələrsə eşitmək mənim üçün çox maraqlı və cəlbedici idi, o görüşlərə ürəklə can atırdım. Bu gün isə o cılız və təhlükəli düşmən, yəni koronavirus – həm çox kiçikdir, həm də çox təhlükəli – bu görüşlərimizə mane olur. Sevdiyimiz bir sıra başqa şeylər kimi, bundan da bizi məhrum edib. Camaatla görüşlərdən məhrum olduğumuz üçün əvvəlcə bu görüş əvəzinə səhiyyə işçiləri, mömin könüllülər və sairlə videogörüş keçirməyi qərara almışdıq. Təbii ki, bunun üçün onlardan bir qrupu haradasa toplaşmalı idi. Sonra dedilər ki, Koronavirusla Milli Mübarizə Qərargahının qərarına əsasən, 10 nəfərdən artıq adamın bir yerdə toplaşmağına icazə verilmir. Odur ki həmin görüşü ləğv etdik və bu gün siz əziz xalqımızla uzaqdan da olsa görüşüb söhbət etməyi qərara aldıq. 

İran xalqı Müqəddəs Müdafiə, təbii fəlakətlər və bu son pandemiya zamanı nümunəvi fədakarlıq nümayiş etdirmişdir

Mən bir neçə mövzu ətrafında danışacağam. Birinci mövzu bu gün səhiyyə və xidmət sektorunda çalışan, əslində, cihad edən insanların gördüyü və inşallah, davam etdirilməli olan böyük işlər və xidmətlərlə bağlıdır. Bu gün bütün dünya pandemiya ilə üzləşib. Yəni bu xəstəlik konkret bir yerə aid deyil. Bu gün bütün dünya, demək olar, bütün Yer kürəsi bu olaya düçar olub; bəziləri daha zəif, bəziləri isə daha kəskin formada. Və əksər yerlərdə də yoluxanlara, xəstələrə və sairə yardım edən insanlar var, hər yerdə camaata az-çox kömək olunur, lakin güman etmirəm ki, haradasa könüllü surətdə bu işə qoşulanların sayı bizim ölkəmizdə, bizim əziz İranımızda olduğu qədər çox ola. Məndə belə bir məlumat yoxdur, eşitməmişəm ki, dünya ölkələrindən hansındasa bu məsələ ilə bağlı xalq arasında bu qədər hərəkətlilik, bu cür sosial dəstək və yardımlaşma ola. Bu bizim xalqımızın özünəməxsus fədakarlıq cəhətidir; həm sel, zəlzələ və sair kimi təbii fəlakətlərdə, həm də məcburən cəlb olunduğu müharibə kimi qeyri-təbii hadisələrdə. 

8 il davam etmiş Müqəddəs Müdafiədə o misilsiz qəhrəmanlıq salnaməsini yaradan, cəbhələri o cür bəzəyib tariximizin sonuna qədər tayı-bərabəri olmayacaq parlaq bir səhifə yazan məhz xalqımızın möhtəşəm fədakarlıq hərəkatı oldu. Bu gün də eyni mənzərədir; bu hadisədə də eyni vəziyyət müşahidə olundu. Doğrudur, səhiyyə işçiləri ön sıralarda idi. Həkimlər, tibb bacıları, tibbi personalın digər nümayəndələri, həqiqətən də, fədakarlıq etdilər. Onların etdiyi fədakarlığın əhəmiyyətini açıqlamaqda dil acizdir. Onların arxasında isə səhiyyə mütəxəssisi olmasalar belə, bu sahədə hansısa işləri öyrənib yerinə yetirməklə öz köməyini edən və böyük işlər həyata keçirən könüllülər durdu. Xəstəliyin ikinci pikinin yaşandığını nəzərə alaraq deməliyəm ki, o xidmətlər, o dəstək yenə də davam etdirilməlidir.

Problemləri aradan qaldırmaq, camaatın gördüyü ciddi zərəri kompensasiya etmək üçün mömincəsinə yardımlar davam etdirilməlidir

Digər bir məsələ isə mömincəsinə yardım məsələsidir. Camaatın bir hissəsi bu hadisədən ciddi zərər gördü. Əlbəttə, iş, dolanışıq, biznes baxımından əhalinin əksəriyyəti problemlərlə qarşılaşdı. Hamı ciddi ziyan görmədi, amma əksəriyyət ciddi zərər çəkdi, çoxlu problemlər yaşadı. Bunu kompensasiya etmək lazımdır. Kim kompensasiya etməlidir? Xalq. Yükün hamısını dövlətin çiyinlərinə qoymaq olmaz. Əlbəttə, dövlət və qeyri-hökumət qurumlarının rəsmilərinin öhdəsinə müəyyən vəzifələr düşür, onları yerinə yetirməlidirlər və yerinə yetirirlər də. Məlumatımız var, işləyirlər, amma bunlar kifayət deyil və ramazan ayı ərəfəsində “Mömincəsinə kömək” aksiyasına start verildiyi zaman olduğu kimi, xalqımız, camaatımız hamılıqla işə qoşulub sözün həqiqi mənasında yardım etməlidir. Bu,

تسابق الی ‌الخیرات

– xeyir işdə önə keçməkdir. Quranda bir neçə yerdə oxuyuruq:

یُسارِعُونَ فِی الْخَیْرات

“Onlar xeyirli işlər görməyə tələsirlər...” (“Ali-İmran” surəsi, 114-cü ayə)

یُسارِعُونَ فِی الْخَیْراتِ وَ أُولئِکَ مِنَ الصَّالِحینَ

“... xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər”. (“Ali-İmran” surəsi, 1140-cü ayə)

Bir yerdə belədir:

أُولئِکَ یُسارِعُونَ فِی الْخَیْراتِ وَ هُمْ لَها سابِقُونَ

“Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər”. (“Muminun” surəsi, 61-ci ayə)

Bir neçə yerdə belə bir ifadə var:

فَاستَبِقُوا الخَیرات

“Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın!”  (“Bəqərə” surəsi, 148-ci ayə)

– bir-biri ilə ötüşmək, müsabiqəyə çıxmaq. Quran bizə yaxşı işlər görməkdə, insanlara mömincəsinə yardım etməkdə bir-birimizlə sözün əsl mənasında ötüşməyi, yəni hamıdan öndə olmaq, başqalarından önə keçmək üçün çalışmağı tapşırır. Və məncə, bu çox önəmlidir. Hətta məhərrəm ayında edilən qida ehsanlarını da (həmin günlər bəzi icmalar, bəzi imkanlı şəxslər nəzir paylayır, süfrələr açıb ehsanlar verirlər) ailələrə bu cür mömincəsinə kömək formasında, gigiyenik cəhətdən tam təmiz, yoluxma riskindən uzaq şəkildə həyata keçirmək olar. Sözün əsl mənasında inqilabçılıq budur; yəni bunlar mütləq surətdə inqilabçılığın tərkib hissəsi olan məsələlərdir. İnqilabçılıq dillə deyil, əməllə olur. İnsanın əməli sözündən öndə getməlidir. Və bu sahələrdə fəaliyyət göstərən insanlar, həqiqətən də, inqilabi iş görürlər, bu, inqilabçılıqdır. Əlbəttə, ola bilsin ki, bəzi insanlar da hazırlıqlı deyillər. Yəni bu sahədə hamı böyük işlər görə bilməz, amma kimlərinsə ön sırada böyük şövqlə çalışdığını gördükləri zaman onlar da həvəsə düşüb o sıralarda öz yerlərini tapır və işə qoşulurlar.

Ötən il – 1398-ci ilin əvvəlində – Xuzestanda sel hadisəsi baş verərkən Şəhid Süleymani və Şəhid Əbumehdi Mohəndes hər ikisi meydanda oldu, çalışıb-vuruşdular, sərhədin o tayı ilə bu tayı arasında əlaqə yaratdılar. Yəni Şəhid Əbumehdi Mohəndesin sayəsində Xuzestanda ehtiyac duyulan imkan və vasitələr sərhədin o tayından – İraqdan, Bəsrə və digər şəhərlərdən ölkəyə gətirildi. Bu çox böyük bir yardım idi. O iki əziz insanımızın, mücahidə meydanının o iki parlaq ulduzunun iştirakının özü həm bu tayda, həm də o tayda bir çox insanların onlara baxıb işə qoşulmasına səbəb oldu. Əlbəttə, o hadisələrdə camaatımız da sınaqdan çox yaxşı çıxdı. Xuzestanda da, digər yerlərdə də insanlar, həqiqətən, yardıma tələsib iş gördülər.

Düşmənçiliklər qarşısında əməkdaşlıq etmək, çalışmaq və qüvvələri mərkəzləşdirmək vacibdir

Bu gün İran xalqına qarşı düşmənçiliklər çoxdur. Düşmənçilik artıbsa, bu tərəfdən də əməkdaşlıq və səylər artırılmalıdır. Düşmən sənin üstünə hücum edirsə, qüvvələrini mərkəzləşdirib, gücünü toplayıb iş görməlisən. Bu gün vəziyyət belədir – az sonra ətraflı danışacağam – düşmənlər İran xalqına əziyyət vermək niyyətindədirlər. Bəni-İsrail Həzrət Musanı incitdiyi kimi, bizim bu düşmənlərimiz də (elə bunların da bir hissəsini Bəni-İsrail təşkil edir) peyğəmbərə – Həzrət İsaya, Həzrət Musaya və digər peyğəmbərlərə tabe olan xalqımızı incitmək istəyirlər. Onlar bizi incitmək istəyirlərsə, biz də bütün qüvvələrimizi mərkəzləşdirməli, gücümüzü toplayıb çalışmalı, iş görməliyik. Müqəddəs Müdafiə dövründə olduğu kimi.

Əlbəttə, bu dövrdə görülməsi mümkün olan mühüm işlərdən biri də elmi işdir. Mən bilirəm ki, bu virusun öyrənilməsi, effektiv vaksinin və müalicə preparatlarının tapılması üçün müxtəlif sahələrdə ciddi araşdırmalar aparılır. Bir sıra elmi işlər həyata keçirilir və o işlərin özünün də bərəkəti var; yəni təbii olaraq, bizim üçün mühüm işlər ortaya qoyur. Müqəddəs Müdafiə dövründə də belə idi. Tutalım, Şəhid Baqiri hansısa qəzetdə çalışan adi bir gənc idi, lakin ayağı müharibə meydanına dəyən kimi görkəmli bir hərbçiyə, səriştəli bir komandirə çevrildi. Yəni o istedad onda üzə çıxdı. Burada da eynilə o cürdür. Ola bilsin ki, tədqiqatla məşğul olan hansısa insanlar bu meydanda parlaq nailiyyətlər əldə edəcək, böyük işlər həyata keçirən görkəmli elm adamlarına çevriləcəklər. Xidmət məsələsi barədə bu qədər.

Amerikanın ölkəmizə qarşı sanksiyalar tətbiq etməkdə hədəfləri:

Mənim toxunacağım növbəti məsələ sanksiyalar mövzusudur. Amerikanın İran xalqına qarşı tətbiq etdiyi sanksiyalar qəti surətdə cinayətdir. Yəni buna əsla şübhə yoxdur; bu onların bütöv bir xalqa qarşı işlətdiyi böyük bir cinayətdir. Zahirdə bu sanksiyalar İslam Respublikasına qarşıdır,  əslində isə bunlar bu cinayəti bütün İran xalqına qarşı törədirlər. Mən bu barədə bir neçə məqamı qeyd etmək istəyirəm; birincisi, onların bu sanksiyaları tətbiq etməkdə hədəfi nədir? Bir qısa perspektivli hədəfləri var, bir orta perspektivli hədəfləri var, bir uzaq perspektivli hədəfləri var və bir yanaşı hədəfləri də var.

1. Amerikanın qısa perspektivli hədəfi: İran xalqını usandırmaq

Onların qısa perspektivli hədəfi xalqımızı usandırmaqdır. İstəyirlər ki, İran xalqı cana doysun, yorulsun, pərişan bir hala gəlib hökumətə qarşı dursun. Bu onların birinci hədəfidir. O vaxta qədər təzyiq göstərmək istəyirlər ki, xalq usanıb dövlətə və hökumətə qarşı çıxsın. Qısa perspektivli hədəfləri budur. Ona görə bu il də, ötən il də, inişil də, gördüyünüz kimi, “qızmar yay”dan danışdılar, bu ifadəni işlətdilər. “Qızmar” deyərkən camaatın hökumətə qarşı etiraza qalxmağını nəzərdə tuturdular. İndi özləri “qızmar” bir yayla üzləşiblər.

2. Amerikanın orta perspektivli hədəfi: ölkənin inkişafına əngəl olmaq

Onların orta müddətli perspektiv üçün nəzərdə tutduğu hədəf isə bu sanksiyalarla ölkənin inkişafına mane olmaqdır. Əsasən də elmi inkişafına. Bunları özləri deyiblər, bunlar mənim ehtimal və ya təhlillərim deyil, bu şeyləri onlar özləri öz bəyanatlarında  sətiraltı fikirlərlə dilə gətirib deyiblər; istər siyasətçiləri olsun, istər siyasi və digər yönümlü beyin mərkəzlərində çalışanları. Məqsəd bu sanksiyalarla müəyyən məhdudiyyətlər yaradıb ölkənin inkişafını əngəlləmək, özəlliklə də elm sahəsində irəliləyişin qarşısını almaqdır. Hətta özləri açıq-aşkar deyiblər ki, o şəhadətlər də – nüvə alimlərinin şəhid edilməsi və sair – İranı elmi inkişafdan geri salmaq üçün idi. Onların orta perspektivli hədəfi budur.

3. Amerikanın uzaq perspektivli hədəfi: dövlətin süqutuna nail olmaq və iqtisadiyyatı çökdürmək 

Uzaq perspektivli hədəfləri isə ölkəmizi və dövlətimizi süquta sürükləməkdir. Yəni ölkənin iqtisadiyyatını pis vəziyyətə salıb dağıtmaq niyyətindədirlər. Təbii ki, bir ölkənin iqtisadiyyatı tamamilə dağılıb çökərsə, onun öz varlığını davam etdirməsi artıq qeyri-mümkündür. Son hədəfləri budur, bu işləri həyata keçirmək niyyətindədirlər. 

4. Amerikanın yanaşı hədəfi: İslam Respublikasının regiondakı müqavimət qüvvələri ilə əlaqəsini kəsmək

Onların bir yanaşı hədəfləri də var ki, bu vasitə ilə İslam Respublikasının regiondakı müqavimət təşkilatları və müqavimət qüvvələri ilə əlaqəsini kəsmək istəyirlər. Çünki İslam Respublikasının bu qüvvələri əlindən gəldiyi qədər himayə edib dəstəklədiyini bilirlər. Bu əlaqəni kəsmək istəyirlər. Düşmənin hədəfləri bunlardır, əslində, o bütün bu işləri həyata keçirmək üçün işə başlayıb. Əlbəttə, bu yerdə deyirlər ki, ac toyuq yuxuda darı görər. Bu 3 hədəfi – qısa, orta və uzaq perspektivli hədəflərini paralel surətdə reallaşdırmaq niyyətindədir, amma Allaha həmd olsun ki, indiyə qədər uğursuzluqla üzləşib. Düşmənin sanksiyalarla qarşıya qoyduğu hədəflər uğursuz olub

Əlbəttə, sanksiyalar müəyyən problemlər yaradıb. Buna əsla şübhə yoxdur, amma bütün problemlər sanksiyalarla əlaqəli deyil. Bir qismi bizim özümüzün idarəçilikdə yol verdiyimiz nöqsanlarla bağlıdır, son vaxtlar bir qismi koronavirus nəticəsində yaranıb, bir qismi də sanksiyaların nəticəsidir. Problemlər var; məsələn, xalqın rifah səviyyəsi; bir azdan bu mövzuya yenə qayıdacağam. Problemlər var, amma onların istədiyi olmayıb, olmayacaq da. Onların öz fikrində tutduğu olmayıb, xəbis düşmənin o qarışıq yuxusu çin çıxmayıb. Heç gözləmədiyimiz halda, yuxularının çin çıxmamağını, məqsədlərinin reallaşmamağını özləri də etiraf edirlər. Hazırda müxtəlif yerlərdən – Qərbdən, Avropadan, Amerikadan aldığımız çoxsaylı xəbərlərə görə, o beyin mərkəzlərində çalışanlar özləri də etiraf edirlər ki, Amerikanın şiddətli təzyiq və sanksiya tədbirləri gözlənilən nəticəni verməyib, İranla bağlı görmək istədikləri işləri həyata keçirə bilməyiblər. Bu, birinci məqam. Odur ki sanksiyalar sadaladığım bütün bu hədəfləri izləyən bir cinayət idi. Əlhəmdulillah, düşmən, bu hədəflərinə çatmayıb, çatmayacaq da.

Sanksiyalara paralel olaraq reallıqları təhrif etmə cərəyanı da işə salınıb

İkinci məqam: sanksiyalara paralel olaraq – bax buna yaxşı diqqət edin – bir təhrif etmə cərəyanı da var. Sanksiyalarla yanaşı, bir təhrif tendensiyası da gedir. Reallıqları təhrif etmə, həqiqətləri tərsinə təqdim etmə tendensiyası; istər ölkəmizdəki reallıqları, istərsə də ölkəmizlə bağlı olan reallıqları. Onların gördüyü işlərdən biri də budur. Bu təhrif cərəyanının da 2 hədəfi var, 2 iş görmək istəyirlər: 1. Xalqın ruhiyyəsinə zərbə vurmaq; bunu hansı şəkildə etmək istədiklərini də indi deyəcəyəm; 2. Sanksiya problemini ortadan qaldırmaq üçün xalqa yanlış yol göstərmək. Qeyd etdiyim sahələrdə təhrif cərəyanı var və bu 2 məqsədi güdür. Həqiqətləri təhrif etmək üçün kifayət qədər çox pul da xərcləyirlər. Hazırda da, gördüyünüz kimi, prezidentləri, nazirləri, digərləri ora-bura səfər edib İran əleyhinə danışmaqdan, müsahibə verməkdən, hər olayda bir yolunu tapıb İranın adını çəkməkdən nəfəsləri qaralır. Həqiqətən də, özlərini öldürürlər. Bu təhrif cərəyanı var.

Düşmən inqilabın əvvəlindən bəri İran xalqındakı ruh yüksəkliyi, dinamika və ümidi  zəiflətməyə çalışır

Bayaq qeyd etdiyim birinci məsələ – düşmənin xalqımızın ruhiyyə, ümid və fəallığını zəiflətmək səyləri İslam İnqilabının əvvəlindən olub. İnqilabın əvvəlindən düşmən təbliğatının dəyişməz ana xəttini bu məsələ təşkil edib. Televiziya və radio vasitəsilə – əlbəttə, o vaxt imkanlar daha məhdud idi, indi isə artıq xeyli genişlənib, cürbəcür kommunikasiya vasitələri mövcuddur – həmişə xalqa bu fikri təlqin etmək istəyiblər ki, işiniz bitib, çarəsiz vəziyyətdəsiniz, daha sizin üçün heç kəs heç nə edə bilməz,  vəziyyətiniz xarabdır və sair. İnqilabın əvvəlindən (yəni əvvəllərindən; belə ki lap əvvəl bir müddət çaşqınlıq içərisində qaldılar, sonra özlərinə gəlib ölkəmizə qarşı təbliğat maşınlarını işə saldılar) hədəflərindən biri məhz bu olub: Amerika ilə əlaqəsini, müstəmləkə İranı ilə Amerika arasında Pəhləvi rejimi zamanında mövcud olmuş bağlılığı kəsməklə işinin bitdiyini İran xalqına anlatmaq. Əvvəldən bu hədəfi izləyiblər. İndi də eyni vəziyyətdir; indi də eyni məqsədi güdürlər, yüz dillə, yüz cür vasitə ilə ölkədəki vəziyyəti pis imiş kimi qələmə verirlər. Ölkənin güclü bir cəhətini görəndə qəti surətdə inkar edirlər; ya bu haqda susur, ya da inkar edirlər. Axı ölkəmizdə yaxşı işlər görülür, amma onların biri də düşmənlərimizin xarici təbliğatında qətiyyən əks olunmur. Zəif bir cəhəti olanda isə onu 10 qat, 100 qat şişirdirlər. Nə məqsədlə? Xalqın ruhiyyəsini zəiflətmək üçün. Xalqın ümidini zəiflətmək üçün; xüsusən də gənclərin. Çünki gənclər optimist, ümidvar olduqları zaman fövqəladə dərəcədə dinamik olurlar. Gənclər avanqarddır, öncüldür. Onların ümidini yox edəndə yanacağı qurtarmış avtomobil kimi yerlərində dayanıb qalırlar. 

Bu şeylər var, məqsədləri budur, bizim gənclərimizin ümidini, ruh yüksəkliyini, fəallığını yox etmək istəyirlər. Gənclərimizi elə bir vəziyyətə gətirmək istəyirlər ki, onlar öz dinamikliyini, avanqardlığını, öncüllüyünü əldən versinlər. Düşmənlərin hədəfi budur və əlbəttə ki, bəzilərinə təsir də edir. Ölkə daxilində də müəyyən adamlar onların dediklərini təkrarlayırlar. Hansısa xarici siyasi quruma mənsub olan bir nəfərin çıxışı və ya yazısı ilə bağlı bir xəbər eşidirsən, 2 gün sonra həmin məlumatın ölkəmizin internet məkanında, yaxud hansısa yerli qəzetdə əks olunduğunu görürsən. Təəssüf ki, ölkə daxilində belə şeylər var. 

Sanksiyaları qırmağın vacib şərti iradələr savaşı arenasında təhrif cərəyanını dağıtmaqdır

Bayaq qeyd etdim ki, təhrif cərəyanının 2-ci hədəfi sanksiyaları ortadan qaldırmaq üçün xalqa yanlış yol göstərməkdir. Deyirlər ki, “sanksiyaların ləğvini istəyirsinizsə, Amerikaya güzəştə gedin”. Sözlərinin canı budur ki, Amerikaya güzəştə getməlisiniz, müqavimət göstərməməlisiniz. Az sonra mən bu barədə daha ətraflı danışacağam. Təhrif tendensiyasının mahiyyəti budur. Əlbəttə, sizə onu da deyim ki, bəziləri təsir altına düşüb onların dediyini təkrarlayırlar; istər ölkənin zəif cəhətlərini qat-qat şişirtmək baxımından, istər uğurları və güclü cəhətləri kiçiltmək baxımından, istərsə də camaatı yanlış istiqamətləndirmək baxımından. Bəli, bəzilərinə bu öz təsirini göstərir, lakin camaatın böyük bir qisminə, İran xalqının əksəriyyətinə təsir etmir. Xalqın əksəriyyəti Amerikanı artıq tanıyıb, düşməni tanıyıb, onların yalan dediklərini, qərəzli danışdıqlarını bilir. Deməli, təhrif cərəyanı da onların gözlədiyi nəticəni verməyib. Və sizə deyim ki, əgər təhrif cərəyanı qırılsa, sanksiyalar mütləq qırılacaq. Çünki ortada iradələr savaşı gedir. Təhrif cərəyanı dağıdılsa və İran xalqı öz güclü və sarsılmaz iradəsini qoruyub saxlasa, bu iradə düşmənin iradəsinə, mütləq, üstün gəlib qalib olacaq.

Sanksiyalar xalqın özünütəminatının və milli qürurunun yüksəlməsi ilə nəticələnib

Üçüncü məqam: qeyd etdik ki, sanksiyalar, şübhəsiz, Amerika tərəfindən törədilən cinayətdir, Amerikanın İran xalqına vurduğu bir zərbədir. Lakin bacarıqlı İran insanı bu hücumdan, bu düşmənçilikdən ən gözəl surətdə istifadə edərək faydalanıb. Yəni düşmənin düşündüyünün əksinə və ona göz dağı olaraq müəyyən işləri görüb, o işləri reallaşdırmağı bacarıb. Camaatımız, rəsmilərimiz, gənclərimiz, alimlərimiz, siyasi və ictimai fəallarımız bu sanksiyaları xalqın özünəinamını artırmaq üçün bir vasitəyə çeviriblər.  Bildiyiniz kimi, ikincili sanksiyalarla Amerika ehtiyac duyduğu müəyyən məhsulları ölkəmizə verməyi bütün ölkələrə, bütün şirkətlərə, hər kəsə qadağan edib. Təbii ki, belə olan halda biz xaricdən gətirməli olduğumuz hansısa məhsullardan məhrum oluruq. Bunun nəticəsində ölkə daxilində müəyyən insanlar bir çox hallarda – bir və ya bir neçə hal deyil, yüzlərlə halda – xaricə əlləri çatmadığını görüb həmin şeyi ölkə daxilində istehsal etmək barədə düşünməyə başladılar.

Tutalım, Hava Qüvvələrində bizim təlim jetlərinə ehtiyacımız var idi, onlar da bunu bizə satmadılar. O zaman biz nə etdik? Ölkə daxilində ən son texnologiyalı “Kövsər” təlim jetini düzəltdik. Onlar bizə təlim jeti satsaydılar, bu gün biz ölkədə “Kövsər”i istehsal etməyəcəkdik. Yaxud maşınlarımızın, zavodlarımızın əksəriyyətinin cürbəcür detallara ehtiyacı var idi. O detalların çoxuna düşmən sanksiya qoymuşdu, idxal etməyimizə imkan vermirdi. Əvvəl dedilər ki, ikitəyinatlı, yəni həm hərbi, həmd də mülki təyinatlı detallar qadağandır. Sonradan hamısına şamil etdilər, qoymadılar. Bu, ölkə daxilində detal istehsalının bir hərəkat şəklində start götürməsinə səbəb oldu. Sevindirici haldır ki, bu gün ölkəmizdə detal istehsalı hərəkatı işə düşüb, müxtəlif müəssisələr üçün növbənöv, olduqca həssas və zərif detalların istehsalına başlanır. Əgər o detalları bizə kənardan versəydilər, daxildə heç kəs bu fikrə düşməyəcəkdi. Ehtiyacı olan zavod rəhbəri gedib ölkə xaricindən alıb gətirəcəkdi. Xaricdən gətirmək mümkün olmayanda universitetlərin, institutların, elmi tədqiqat mərkəzlərinin qapısını döyür, onlardan istəyir, onlar da çalışıb-vuruşub istədiyini onun üçün düzəldirlər. Odur ki Allahın köməyi ilə, Allahın verdiyi güc sayəsində biz elə sanksiyalardan da ölkənin elmi inkişafı üçün istifadə etməyi bacarmışıq. Bu da üçüncü məqam.

Ölkədə həyata keçirilmiş mühüm hərbi, iqtisadi və elmi işlər düşmən sanksiyalarının uğursuzluğunun sübutudur

Dördüncü məqam; bəli, dedik ki, sanksiyalar təsir göstərməyib; yəni düşmənin nəzərdə tutduğu məqsədlərə çatmayıb. Bunun sübutu nədir? Bunun sübutu sanksiyalar dövründə ölkədə həyata keçirilmiş mühüm işlərdir. Tutalım, bir neçə min elmi əsaslı şirkət qurulub. Bu, önəmli bir işdir. Aydın görünür ki, ölkədə elmi və iqtisadi hərəkat daha da güclü bir şəkildə inkişaf edir. Bu şiddətli sanksiyalardan əvvəl bizdə bir neçə min elmi əsaslı şirkət yox idi. Yaxud Keşikçi Korpusun qurduğu “Fars Körfəzinin ulduzu” adlı emal müəssisəsi. Çox möhtəşəm, nəhəng bir işdir. Belə bir işin sanksiyalar dövründə, sanksiyaların mövcudluğuna rəğmən gerçəkləşməsi bütün dünyanı heyrətə gətirir. Və ya hərbi sahədə görülmüş çox böyük işlər; yaxud Cənubi Parsda həyata keçirilmiş işlər (bizim çox mühüm qaz regionumuz olan Cənubi Parsda sanksiyalar şəraitində çox önəmli işlər görülüb); yaxud Xuzestan və İlamda torpağın münbitləşdirilməsi məqsədilə reallaşdırılmış nəhəng layihələr. Mən bilmirəm, bunlar nə dərəcədə təbliğ olunub, ictimaiyyət bu barədə nə dərəcədə məlumatlandırılıb. İlam və Xuzestanda drenajlamaya ehtiyacı olan ərazilərin münbitləşdirilməsi istiqamətində böyük işlər görülüb. Əsasən Xuzestanda və qismən İlamda. Böyük ərazilər münbitləşdirilərək camaatın istifadəsinə verilib. Bu işlər hamısı sanksiyalar dövründə görülüb.

Sanksiyaların nəticələrindən biri də ölkə iqtisadiyyatının xam neftin ixracından ayrılmasıdır

Yaxud Energetika Nazirliyinin həyata keçirdiyi işlər də, bundan əvvəl qeyd etdiyim kimi, mühüm işlərdir; həm su sahəsində, həm də elektrik sahəsində. Həmçinin Yol Tikintisi Nazirliyinin layihələri, bəzi digər layihələr və ən nəhayət, Müdafiə Sənayemizin ortaya qoyduğu məhsullar. Onlar, həqiqətən, heyrətamizdir. Bunu onlar özləri də etiraf ediblər ki, İran sanksiyalar dövründə bu cür müdafiə məhsulları istehsal etməyi bacarıb. Və zənnimcə, bu sırada yer almalı olan məsələlərdən biri də ölkə iqtisadiyyatının neftdən ayrılmasına edilən cəhdlərdir. Bu çox çətin bir məsələdir, mən də neçə illər idi ki, müxtəlif administrasiyalara bu barədə tapşırıqlar verirdim, amma işlər bir o qədər də irəli getmirdi. İndi isə bu vəziyyət təbii surətdə əmələ gəlib. Bizim neftimizi daha az, yaxud çox az alırlar. Yəni əvvəlki müştərilərimiz hamısı kifayət qədər həcmdə neft aparmırlar. Bu, ölkə iqtisadiyyatının neftlə olan çox ziyanlı əlaqəsinin azalmasına səbəb olub. Bu bizim üçün bir test oldu, inşallah, gələcəkdə də bunu davam etdirmək lazımdır. Əlbəttə, neft deyərkən mən xam nefti nəzərdə tuturam. Yoxsa ölkə daxilində əlavə dəyər qazanan, məhsulları ixrac edilən neftlə mənim heç bir işim yoxdur. Mənim daim etiraz edib vurğuladığım xam neftin ixracıdır. Ümidvaram, hökumət və parlamentin daha gərgin səyləri sayəsində bu iş, inşallah, reallaşacaq. Ölkəmizdə nefti əvəzləyəcək və büdcə problemimizi həll edəcək başqa imkanlar çoxdur.

Sanksiyaların əlacı Amerikaya müqavimət göstərməkdir

5-ci məqam belə bir sualdan ibarətdir: bu sanksiyaların bir çarəsi var, ya yox? Bu sualın 1-ci cavabı budur ki, mütləq surətdə çarəsi var. 2-ci cavabı isə budur ki, həmin çarə əsla bizim Amerikanın qarşısında geri çəkilməyimiz deyil. Bəziləri belə danışır və belə fikirlər yayırlar ki, əgər Amerikanın tələbkarlığının və hegemonluğunun qarşısını almaq istəyirsinizsə, geri çəkilin. Xeyr, haqsız tələblər irəli sürən təcavüzkar birisinin qarşısında geri çəkildiyiniz zaman, təbii ki, o daha da irəli gələcək. Bu çox aydın və təbii bir şeydir. Siz geri çəkilib Amerikanın istəklərini qəbul etsəniz, o, yeni-yeni tələblər irəli sürəcək. Bu gün Amerikanın bizə dediyi budur ki, nüvə sənayesindən tamamilə əl götürün, müdafiə imkanlarınızı 10 dəfə azaldın – yəni bizdə olan və özü-özlüyündə düşməni çəkindirən o raketlərimizi və digər müdafiə imkanlarımızı tamamilə bir kənara qoymalıyıq – regiondakı nüfuzunuzdan əl çəkin; bizim regionda bir strateji dərinliyimiz var, region xalqları və dövlətlərinin xeyli hissəsi bizim tərəfimizdədir, bizə mənən bağlıdır, bizim hədəflərimiz uğrunda çalışmağa hazırdır. Bunu bir kənara qoymağımızı istəyirlər. Amerika bizdən bax bunları istəyir, amma bizim bu şeylərdən əl çəkməyimiz onun geri çəkilməyinə səbəb olmayacaq. Siz müdafiə imkanlarınızı azaltmağa, regiondakı nüfuzunuzu yox etməyə, ölkəmiz üçün həyat əhəmiyyətli nüvə sənayesini tamamilə bir kənara qoymağa razı olsanız belə, o bununla qane olmayacaq, yeni bir şey istəyəcək, yeni bir tələb irəli sürəcək. Və heç bir ağıllı adam bunu qəbul  edə bilməz ki, təcavüzkarı durdurmaq üçün onun istəklərini yerinə yetirmək məsləhətdir. 

Nüvə enerjisi ölkəmizin sabahının mütləq ehtiyacıdır

Baxın, təəssüf ki, bir qrup adam düşmənin o sözlərinin təsiri altında deyir ki, nüvə enerjisi bizim nəyimizə lazımdır? Qəzetlərdə və sairdə də bəzən belə fikirlərə rast gəlinir. Mən bundan əvvəl də demişəm (1) ki, nüvə enerjisi ölkəmizin sabahının mütləq ehtiyacıdır. Növbəti bir neçə il üçün bizim minimum nüvə enerjisindən əldə olunan 20-30 min meqavat enerjiyə ehtiyacımız var.  Hansı ki bu enerjini biz başqa hansısa yolla əldə edə bilmərik, yaxud başqa yollar bizim üçün sərfəli deyil. Yaxşı, bəs o ehtiyac yarandığı zaman biz nə etməliyik? Gedib kimin qapısını döyməliyik? Amerikanın,  Avropanın qapısına düşüb dilənməliyik ki, bizə nüvə elektriki verin və ya gəlin bizdə nüvənin zənginləşdirilməsinə başlayın? Sizcə edərlər? Biz sabahımız haqqında artıq bu gün düşünməliyik. Bunlar 6 ay, 1 il, 2 il ərzində təmin olunası ehtiyaclar deyil, bu şeylər üçün əvvəlcədən hazırlıq görmək lazımdır. Biz bu hazırlığı görmüşük, lazımi zəmin hazırlamışıq. Doğrudur, nüvə danışıqları və Birgə Kompleks Tədbirlər Planı ucbatından bu sahədə bizə xeyli ziyan dəydi, amma xoşbəxtlikdən, işin əsası qorunub saxlanıb və bu sferada çox yaxşı, böyük işlər də həyata keçirilməkdədir. Düşmənsə bunu istəmir. Bu eynilə müdafiə və raket məsələlərinə də aiddir.

İslam Respublikasının Amerika ilə danışıqların əleyhinə olmasının səbəbi

Amerikanın bizi danışıqlara çağırması da bu şeylərə görədir. Xahiş edirəm, hamı buna diqqət yetirsin! Əlbəttə, mən bunu dəfələrlə demişəm, yenə də demək məcburiyyətindəyəm, çünki bəziləri ya anlamır, ya da özlərini anlamırmış kimi göstərirlər. Düşmənin “gəlin danışıqlar aparaq” deməyinin mənası budur ki, siz gəlin danışıqlar masasının arxasında oturun, biz sizə “raket istehsal etməməlisiniz” deyək, siz də bunu qəbul edin. Qəbul etsəniz, atanız yandı, yəni özünüzü müdafiəsiz bir vəziyyətə salacaqsınız. Qəbul etməsəniz də ki, köhnə hamam, köhnə tas olacaq; yenə qarşıdurma, yenə sanksiyalar, yenə təhdidlər. Amerika ilə danışıqlara getmək bu deməkdir. Mənim “Amerika ilə danışıqlara getmək lazım deyil” deməyimin səbəbi də elə budur ki, bu danışıqların heç bir nəticəsi olmayacaq. Əlbəttə, o, danışıqlardan xeyir götürəcək. Hazırda Amerikanın prezidenti olan o adam Şimali Koreya ilə apardığı danışıqlardan bir qədər təbliğat məqsədilə istifadə edir. O istifadə etmək istəyir – indi seçkilər üçün və ya qeyri bir məqsədlə, öz şəxsi mənafeyi üçün – amma bundan əlavə, Amerikanın siyasi administrasiyası da İslam Respublikası ilə bağlı həyat əhəmiyyətli məsələlərin iddiasındadır.  Yəni bizim öz müdafiə imkanlarımızdan, regiondakı nüfuzumuzdan, milli iqtidarımızdan əl çəkməyimizi istəyir. Amma bu, mümkün deyil axı! Şərəfi olan və ölkəsinin mənafeyini düşünən bir adam bu tələbləri heç vaxt qəbul etməz. Danışıqlara getməyinsə mahiyyəti budur. Buna görə də mən Amerika ilə danışıqarın əleyhinəyəm. Yoxsa ki biz Amerikadan və qondarma İsrail rejimindən başqa, bütün dünya ölkələri ilə danışıqlar aparırıq. Hamı ilə əlaqələrimiz var, müzakirələr edirik, oturub-dururuq, heç bir problemimiz də yoxdur. Amerikanın məsələsi belədir.       

Milli potensiala söykənib, cihad əzmli idarəetmə ilə müqavimət iqtisadiyyatını davam etdirmək lazımdır

Deməli, qeyd etdik ki, sanksiyaların mütləq surətdə çarəsi var, amma bu çarə əsla geri çəkilmək deyil. Yaxşı, bəs bu sanksiyaların çarəsi nədir? Sanksiyaların çarəsi yalnız və yalnız milli imkan və potensiala söykənməkdir. Əlimizdəki imkanları qorumalı, yeni imkanların – mütləqdir ki, bizim imkanlarımız çoxdur – aşkara çıxarılmasına səy göstərməli, bu imkanlara əsaslanıb onları dirçəltməli, gənclərimizi işə qoşmalı, müqavimət iqtisadiyyatının əsas prinsiplərini – yəni daxildən güc alıb inkişaf edərək xaricə yönəlmə prinsiplərini izləməliyik. Bizim həm daxili, həm də beynəlxalq imkanlarımız var. Biz həm daxildə istehsalı, çoxsaylı elmi, iqtisadi və sair imkanlarımızı inkişaf etdirə bilərik, həm də dünya miqyasında, beynəlxalq arenada fəaliyyət göstərə bilərik. Bizim yaxşı dostlarımız var, o dostlarla iş birliyi edə bilərik. İşləmək, çalışıb-vuruşmaq lazımdır. Müqavimət iqtisadiyyatı həm endogen, həm də ekzogen artımı nəzərdə tutur. Hər iki sferada bizim imkanlarımız genişdir, onları reallaşdıra bilərik. İmkan və potensialımız, həqiqətən, saysız-hesabsızdır və irəli getdikcə yeni-yeni imkanlar da ortaya çıxır ki, əlbəttə, onlar cihad əzmli idarəetmə ilə əldə olunmalıdır. Bunun üçün real tədbirlər və cihad əzmli idarəetmə olmalıdır. 

Bizim dünyada təsir gücünə malik olan dostlarımız var. Əlbəttə, bu o demək deyil ki, biz dost dövlətlərə arxalanırıq. Xeyr, biz yalnız Allaha və özümüzə arxalanırıq. Belə ki dünyada güclü dostlarımız olmasa belə, öz işimizi görüb irəli gedəcəyik.

Müqəddəs Müdafiə dövründə həm Şərq, həm də Qərb cəbhəsi bizim əleyhimizə idi. O vaxtkı Sovet İttifaqı da bizə düşmən idi, Amerika və Avropa da. Amma biz onlar olmadan da 8 il müqavimət göstərib düşməni məğlub etməyi bacardıq. Səddamı diz çökdürə bildik.  Bunu etməyə müvəffəq olduq. Yəni biz Allaha və özümüzə arxalanırıq, amma inşallah, dostlarımızın imkanlarından da maksimum istifadə edəcəyik.

Özünütəminetməyə qarşı xarici düşmənçilik və daxili xəyanətlər

Onu da bilin ki, öz daxili imkanlarına arxalanmaq düşmənçiliklə üzləşir. Düşmənlərdən bir qismi xarici düşmənlərdir, bir qismi də daxildəki bədxahlar. Tutalım, öz şəxsi mənafeyi naminə – idxaldan kiçik bir xeyir götürür deyə – ölkə daxilində istehsal olunan bir məhsulu gedib xaricdən gətirib rəqabət yaratmaqla yerli zavodların işinə pəl vuran birisi xəyanət etmiş olur; bunu sizə deyim. Mənim dönə-dönə vurğulayıb tapşırmağıma baxmayaraq, təəssüf ki, yenə də belə hallara rast gəlinir: daxildə istehsalı olan və çox da yaxşı, keyfiyyətli istehsal olunan bir malın analoqunu gedib xaricdən idxal edirlər, zəhmət çəkib istehsala investisiya yatırmış yerli zavod rəhbərinin malı əlində qalır. Diqqətli olmalıyıq, ölkə daxilində belə düşmənçiliklər, bu formada əleyhdarlıq var.

Daxili müstəqilliyə qarşı bu düşmənçilik keçmişdən bəri də olub. 150-160 il bundan əvvəl Əmir Kəbir ölkə iqtisadiyyatına, ölkənin həyat əhəmiyyətli imkanlarına müstəqillik qazandırmaq niyyətində idi. İngiltərə səfirliyi xəbiscəsinə, rəzilcəsinə intriqalar quraraq Nəsrəddin şahı Əmir Kəbiri sədri-əzəm postundan uzaqlaşdırmağa, daha sonra isə qətlə yetirməyə vadar etdi. Bu, ingilislərin işi idi. Neft sənayesinin milliləşdirilməsi məsələsində də eynilə; İran xalqı elə yenicə öz ayaqları üstündə durmaq istəyirdi ki, Amerika və İngiltərə 28 mordad qiyamını, o olayları törətdi. İnqilabdan sonra da özünütəminetmə ilə bağlı bütün məsələlərin açıq-aşkar surətdə  əleyhinə çıxış edirlər. Diqqət yetirmək lazımdır, bunun da ciddi və əsaslı düşmənləri var.

Amerika nüvə razılaşmasından çıxandan sonra avropalılar puç vədlər verir

Onun-bunun vədlərinə arxalanmaq lazım deyil. Mən bunu əvvəl də demişəm, bu gün burada yenə də deyirəm: baxın, 1397-ci ilin əvvəllərində – bundan 2 il əvvəl – Amerika BKTP-dən çıxanda biz elə hey deyirdik ki, avropalılar onu etməlidirlər, bunu etməlidirlər. Onlar da deyirdilər, yaxşı, 3 ay gözləyin, 4 ay səbir edin. 4 ay tamam olandan sonra da 5 ay, sonra 6 ay gözləməyi məsləhət gördülər. Beləcə bizi geri saldılar, iqtisadiyyatımızı şərtə bağladılar, asılı vəziyyətdə saxladılar. Ölkə daxilində bizim investorlarımız, biznesmenlərimiz, ixracatçılarımız, fəal iqtisadi subyektlərimiz işdən-gücdən qalıb gözlədilər ki, görək Avropa nə isə edəcək, ya yox. Bu, ölkə iqtisadiyyatı üçün çox ziyanlıdır. Onların vədlərinə inanmaq lazım deyil, onlar sözlərinin üstündə duran deyillər. Ölkəni onun-bunun atacağı addımların intizarında saxlamaq olmaz. Biz öz işimizi özümüz görməliyik.

Avropalılar da heç nə etmədilər. Onların sonuncu təşəbbüsü “İNSTEKS” adı verdikləri o mənasız oyun oldu. Əlbəttə ki, heç o da reallaşmayıb, bu günə qədər onu da etməyiblər. İNSTEKS-in qısaca məğzi bundan ibarətdir ki, İran digər yerlərdən tələb etdiyi pullarını Avropadakı cənablara – fransızlara, ingilislərə – versin, onlar da məsləhət bildikləri məhsulları alıb İran üçün göndərsinlər. İNSTEKS-in mənası budur. Bunun özü zərərli və yanlış bir şeydir, amma heç onu da yerinə yetirməyiblər, etməyiblər. Sanksiyaların çarəsi daxili potensialı fəallaşdırmaqdır. Əlbəttə, bunun üçün cidd-cəhdlə çalışıb-vuruşmaq, səy göstərmək lazımdır. Bu da bir məqam.

İqtisadiyyatla bağlı bəzi məqamlar: 1. Qiymətlərin bahalaşmasının qarşısını almaq vacibdir

Mən ölkə iqtisadiyyatı ilə bağlı bir cümlə demək istəyirəm: bəli, əhalinin ümumi rifahı baxımından ölkəmiz problem yaşayır. Yəni ailələr, həqiqətən də, dolanışıq üçün çətinlik çəkir, camaatın problemləri var. Bahalıq və sair var, bunlara əlac etmək lazımdır. Əlbəttə, biz görülməli olan işlər barədə xüsusi iclaslarda rəsmilərə birbaşa tapşırıqlar verir, yaxud xəbər göndəririk. Mən ölkə prezidenti ilə də söhbət etmişəm, digər rəsmilərlə də qiyabi əlaqə saxlayıb müəyyən işləri görməyi tapşırmışam. Yenə də vurğulamaq istəyirəm ki, rəsmi qurumlar iqtisadi problemlər mövzusunda bir məqama diqqət yetirməlidir: bizim problemlərimizin bir qismi təcili həllini tələb edir, bir qisminin həlli isə orta və ya uzun müddətə saxlanıla bilər.

Təcili həllini tələb edən problemlərdən biri qiymətlərin kontrol altında saxlanmasıdır; yəni bunun üçün çalışmaq lazımdır. İqtisadçı ekspertlər bunun mümkün olduğuna inanırlar. Yəni iqtisadi idarəetmədən başı çıxan insanlar bahalaşmanın qarşısını almağın mümkün olduğunu düşünürlər. Əlbəttə, bəzən bahalaşmanın səbəbi məhsul qıtlığı olur, amma bəzi hallarda heç bir qıtlıq müşahidə olunmadığı, əldə kifayət qədər məhsul olduğu halda, malı anbarlarda saxlayıb təklif etmirlər. Bax belə hallarla mübarizə aparmaq lazımdır. Yəni əsasən dövlət strukturlarından ibarət olan aidiyyətli qurumlar hökmən bu məsələ ilə məşğul olmalıdır; əgər parlament və məhkəmə hakimiyyətinin də köməyi dəyə bilərsə, onlar da işə qoşulsunlar. Bazarda stabilliyin yaradılması önəmli bir məsələdir. Məhsullara gündə bir qiymət qoyulması ölkə üçün zərərlidir.

2. Milli valyutanın dəyəri qorunmalıdır

Ondan sonra milli valyutanın dəyərinin qorunması gəlir. Xarici valyutanın qiymətinin gün-gündən o cür kəlləçarxa qalxması çox pis bir şeydir. Bu, rəsmilərin qısa zaman içərisində təcili olaraq həllini tapmalı olduğu məsələlərdəndir. Əlbəttə, mənim məlumatım var ki, Mərkəzi Bank bunun üçün çox çalışır, inşallah, müsbət nəticələr əldə edəcəklər. Mötəbər mənbələrdən mənə bu məlumat da çatıb ki, bu məsələnin iqtisadi səbəblərdən çox, siyasi-təhlükəsizlik xarakterli səbəbləri var. O demək deyil ki, iqtisadi səbəbləri yoxdur, amma əsas siyasi-təhlükəsizlik səbəbləridir. Belə olan halda buna qarşı ciddi mübarizə aparılmalıdır. Bu yolla ölkədə qarışıqlıq yaratmaq istəyənlər var.

3. Likvidlik istehsala yönəldilməlidir

Digər bir vacib məsələ likvidliyin istehsala yönəldilməsidir; mütəxəssislər bunun da tamamilə real və mümkün olduğunu bildirirlər. Mən 2 il bundan əvvəl Fitr bayramının namazında demişdim (2) ki, likvidlik ölkə iqtisadiyyatı üçün böyük bir təhlükədir, lakin bu təhlükəni mənfəətə çevirmək mümkündür. Düşünülmüş, düzgün tədbirlərlə bu likvidliyi istehsala yönəldə bilsək, artıq bu nəinki ziyanlı olmaz, hətta xeyir də gətirər. Mütəxəssislər bizə bunu etməyin mümkün olduğunu bildirirlər. Sadəcə, planlaşdırmaq və inşallah, bi işlə ciddi və ardıcıl məşğul olmaq lazımdır.

4. Sıçrayışlı istehsala əngəl olan amillər aşkara çıxarılmalı və aradan qaldırılmalıdır

Digər bir mövzu isə sıçrayışlı istehsala əngəl olan amillərdir. Biz bu ili “Sıçrayışlı istehsal ili” elan etmişik, lakin bu yolda bəzi maneələr var. Mənə bir təklif olunub, indi mən onu açıqlayacağam, qoy hakimiyyətin 3 qolunun möhtərəm rəsmiləri araşdırıb bu məsələ ilə məşğul olsunlar. Təklif ondan ibarətdir ki, hakimiyyətin 3 qolunun rəsmiləri tərəfindən onların birləşdiyi İqtisadi Komissiyasını təmsil edən xüsusi bir işçi qrup yaradılsın, o qrup gedib həmin maneələri araşdıraraq üzə çıxarsın. Hakimiyyətin 3 qolunun rəsmiləri öz komissiyalarının iclasında bu məsələni müzakirə edib sıçrayışlı istehsala hansı amillərin əngəl olduğu barədə bir nəticəyə gəlsinlər və o amillərin aradan qaldırılması ilə ciddi surətdə məşğul olsunlar. Yəqin, həmin amillərdən biri də lüzumsuz idxal olacaq ki, bu da çox mühüm bir məsələdir.

5. Büdcə quruluşunda və bank sistemində islahatlar aparılması, investisiya qoyuluşunun və məşğulluğun artırılması, biznes mühitinin yaxşılaşdırılması zəruridir

Bunlar qısa müddət ərzində təcili həyata keçirilməli olan prioritetlərdir. Bütün strukturlar – dövlət qurumları, özəl və yarıözəl strukturlar hamısı bir-biri ilə əməkdaşlıq etməlidirlər ki, bu işlər görülsün. Lakin başlıca islahatlar bizim 2 il bundan əvvəl elə hakimiyyətin 3 qolunun rəsmilərini özündə birləşdirən İqtisadi Şuranın iclasına təqdim etdiyimiz tədbirlərdir. Həmin mühüm tədbirlər sırasına büdcə quruluşunda, bank sistemində islahatların aparılması, investisiya qoyuluşunun və məşğulluq səviyyəsinin yüksəldilməsi daxildir. Əlbəttə, təəssüf ki, artıq illlərdir, ölkədə investisiya qoyuluşu zəifləyib və bu sahədə lazımi səviyyədə iş aparılmayıb. Bu problem ölkədə 10-12 ildir  var və bu boşluq doldurulmalıdır. Bu, uzun müddətdə görülməsi nəzərdə tutulan işlərdəndir.

Sıçrayışlı istehsala nail olmaq üçün qarşıda duran vəzifələrdən biri də biznes mühitinin optimallaşdırılmasıdır. Əlbəttə, biz rəsmilərə bu tapşırıqları vermişik, onlar da çalışırlar. Bu sahədə diqqətəlayiq uğurlar əldə olunmasa da, hər halda, nə istədiyimizi bilirik. Önəmli olan budur. Nəyin arxasınca olduğumuzu, planımızın nə olduğunu, hansı işlərin həyata keçirilməli olduğunu bilirik. İqtisadiyyat mövzusu ilə bağlı hələlik bu qədər.

Səbirli və sabitqədəm olmaq lazımdır

Mən gələcək haqqında da bir neçə cümlə demək istəyirəm. Düşünürəm ki, gələcəyimiz naminə biz səbirli və sabitqədəm olmalı, addımlarımızı möhkəm atmalıyıq;

رَبَّنَا اغفِر لَنا ذُنوبَنا وَ إِسرافَنا فی أَمرِنا وَ ثَبِّت أَقدامَنا

"Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir...” (“Ali-İmran” surəsi, 147-ci ayə)

Duada istənilən şeylərdən biri də qədəmlərimizin sabit olmasıdır. Səbirli və sabitqədəm olmaq lazımdır. Əlbəttə, xoşbəxtlikdən, xalqımız da səbirli xalqdır. Biz bunun təcrübədə şahidi olmuşuq, bilirik ki, camaatımız dini inancı, ölkəyə, hökumətə, İslam Respublikasına olan etimadı sayəsində, lazım gəldikdə, insafən, çox yüksək səviyyədə dözüm və sabitqədəmlik nümayiş etdirir. Rəsmilər də cihad əzmli fəaliyyətləri ilə öz səbir və sabitqədəmliklərini göstərməlidirlər. Yəni mənim fikrimcə, cihad əzmi ilə işləmək çox vacibdir. Tərəddüd, nigaranlıq, olarmı-olmazmı, edəkmi-etməyəkmi – bunlar çox ziyanlıdır. Rəsmilər bu şeylərə diqqət yetirməlidirlər.

Amerika cəmiyyəti böyük və inanılmaz problemlərlə qarşı-qarşıyadır

Bir məqama diqqət yetirək ki, bu gün bizim əsas düşmənimiz olan ABŞ rejimini dörd bir yandan əhatə etmiş böyük problemlər bizim problemlərimizlə müqayisə belə oluna bilməz, bizimkilərdən on dəfələrlə böyükdür. Yəni bu gün amerikalılar cürbəcür problemlərin məngənəsindədir: bir tərəfdən getdikcə artan inanılmaz dərəcədə təbəqələşmə, digər tərəfdən son vaxtlar özünü göstərən və hər kəsi Amerika administrasiyası ilə üz-üzə qoymuş irqi ayrı seçkilik problemi, başqa bir tərəfdən çözülməz iqtisadi problemlər.  Amerikada 25 milyon işsiz vətəndaş olduğu açıqlandı. Bu çox önəmli bir məsələdir, bir ölkə üçün çox narahatedicidir. 

Və korona məsələsində ortaya çıxmış administrativ problemlər. Bunlar hamısı Amerikanın problemləridir. Qəddar Amerika polisinin davranışları da administrativ problemlərdən xəbər verir. Yəni o ölkədə ictimai idarəetmə elə bir formadadır ki, bir polis nəfərinin küçənin ortasında, camaatın gözü önündə bir insanı vəhşicəsinə qətlə yetirməsinə mane ola bilmir; bunun qarşısını ala bilmir. Bu çox dərin idarəçilik problemlərinin göstəricisidir və məhz bunlar bu gün Amerikanın dünyada nifrət qazanmasına, dünya miqyasında tək qalmasına səbəb olub və artıq külün altındakı köz də alovlanıb. Bu gün Amerikanın müxtəlif ştatlarında küçələrdə baş qaldırmış etirazları boğa, müvəqqəti olaraq susdura bilərlər, amma külün altındakı köz artıq alovlanıb, o köz yox olub getməyəcək, getdikcə daha da şölələnəcək. Bu şeylər hazırkı ABŞ rejimini məhv edəcək. Səbəbi də odur ki, bu rejim yanlış bir rejimdir. Amerika rejiminin siyasi və iqtisadi fəlsəfəsi yanlış bir fəlsəfədir, intəhası yanlış fəlsəfələr özünü 10 ilə, 20 ilə yox, zaman keçdikcə göstərir və bu gün göstərməkdədir. Xülasə, Amerika administrasiyası hazırda çaş-baş vəziyyətdə qalıb. Əlbəttə, dediyim kimi, orda-burda bizim əleyhimizə danışırlar, amma bu, olayın görünən tərəfidir, bunu gündəmdə qalmaq üçün edirlər. Yoxsa ki onların hamısının daxildə problemləri var, hamısı özlərinin gələcəyindən nigarandırlar.

Amerika rejiminin ən böyük düşməni elə Amerika xalqıdır

Zənnimcə, amerikalılar özlərinə düşmən axtarırlar; gah İranın, gah Çinin, gah da Rusiyanın adını çəkirlər. Özlərinə düşmən düzəltmək istəyirlər. Mənim fikrimcə, Amerikanın öz xalqından böyük düşməni yoxdur. Bu gün Amerika rejiminin ən böyük düşməni elə Amerika xalqıdır; başqa düşmən axtarmasın. Elə o düşmən də o rejimi diz çökdürəcək. Amerikanın bizimlə düşmənçiliyi də ona görədir ki, nə bizi yox edə bilir, nə də təslim edə bilir. Onun niyyəti ya bizi öz istəklərinə tabe etdirmək, ya da məhv edib aradan götürməkdir. Heç birini edə bilmir, ona görə də narahatdır. Odur ki, mənim fikrimcə, bizim vəzifəmiz səbirli, dözümlü, sabitqədəm olmaq və inşallah, cihad əzmi ilə işləməkdir.

Bizim hazırkı hökumət kabinetinin fəaliyyət müddətinin sonlarıdır. Bu 7 il ərzində müəyyən işlər görüblər, bacardıqları qədər çalışıblar. Bundan sonra da, inşallah, yeni hökumət iş başına keçəcək və ümidvarıq, daha da artıq ciddiyyətlə fəaliyyət göstərəcək. Hökumətin bəzi sferaları bu vaxt ərzində, doğrudan da, yaxşı işlədi. Düzdür, bütün sferalar haqda bunu demək olmur, amma bəzi sferalarda, həqiqətən də, yaxşı işlər həyata keçirildi. Odur ki, Allahın köməyi ilə, inşallah, biz işimizi davam etdirib daha da irəli gedəcəyik və İran xalqı qalib olacaq.

Məhərrəmm ayında təşkil olunan əza mərasimlərində Koronavirusla Milli Mübarizə Qərargahının müəyyən etdiyi qaydalara riayət olunmalıdır

Məhərrəm ayı barədə bir cümlə deyim; bu barədə danışılası sözlər çoxdur və artıq bir müddətdir ki, hər kəs məhərrəm ayı ilə bağlı bir fikir bildirir. Bəli, necə olursa-olsun əzadarlıqlar hansısa formada keçiriləcək. Mənim vurğulamaq istədiyim odur ki, əzadarlıqlarda  səhiyyə mütəxəssislərinin, yəni Koronavirusla Milli Mübarizə Qərargahının verdiyi tövsiyələr meyar olmalıdır. Mən özüm onlar nəyi lazım bilsələr, ona da riayət edəcəyəm. Əzadarlıq etmək istəyən hər kəsə – məscidlərin icmalarına, minbərdən çıxış edənlərə, məddahlara, növhəxanlara və başqalarına – mənim tövsiyə və tapşırığım bundan ibarətdir ki, hər bir işi görərkən əvvəlcə qərargahın buna nə dediyinə baxsınlar. Yəni əgər Koronavirusla Mübarizə Qərargahı əzadarlıqlarla bağlı hansısa qaydalar müəyyən etsə, o qaydalara əməl etmək bizim hamımızın borcudur. Bu, xırda bir məsələ deyil, çox önəmlidir. Hazırda vəziyyət müəyyən qədər kontrol altındadır, qaydalara riayət olunur. Allah eləməmiş, kontrolun bu qədəri də əldən verilsə, onda daha qarşısıalınmaz faciə baş verər.

Ümidvarıq, Allah-taala bizə yardım edəcək, Həzrət Sahibəzzaman (Ruhlarımız ona fəda olsun!) əlimizdən tutacaq, həmişə olduğu kimi, yenə də köməyimizə gələcək. İnşallah, şəhidlərimizin və mərhum liderimiz İmam Xomeyninin ruhları bizə duaçı olub Allahdan İran xalqına uğurlar diləyəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________
 (1) İmam Xomeyninin (r) vəfatının 29-cu ildönümü ilə əlaqədar keçirilən mərasim (14.03.1397)
 (2) Fitr bayramı namazının xütbələri (25.03.1397)