Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin koronavirus əleyhinə İran istehsalı olan vaksinin 1-ci dozasını qəbul etdikdən sonra etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1) 

Bu işə əmək vermiş, ölkəyə nüfuz qazandıracaq bu böyük imkanın – koronavirus əleyhinə vaksinin əldə edilməsi üçün bütün bilik və təcrübəsini, elmi və praktik səylərini ortaya qoymuş hər kəsə çox təşəkkür edirəm.

Çox hörmətli Səhiyyə naziri cənab Nəməkiyə, Səhiyyə Nazirliyinin bütün əməkdaşlarına, bu sahəyə aiddiyyəti olan hər kəsə bir daha öz təşəkkürümü bildirirəm. Çəkdiyi zəhmətlərə, səylərinə görə cənab Moxberə çox sağ ol deyirəm.  Öhdəsinə götürdüyü bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də o, əlhəmdulillah, uğur qazandı, həm işə canıyananlıqla, böyük həvəslə yanaşdığını göstərdi, həm də müxtəlif sahələrdə bacarıqlı və təşəbbüskar olduğunu sübut etdi.

Doktor Mərəndi və Doktor Səccadiyə də daim mənim sağlamlığımla yaxından maraqlandıqlarına görə səmimi təşəkkürümü bildirirəm. Hamınıza işlərinizdə uğurlar arzu edirəm.

Vaksin vurdurmağı mənə hələ bir müddət öncədən – bundan bir neçə ay əvvəl təkidlə tövsiyə edirdilər. Mən, əvvəla, xarici vaksinlərdən istifadə etmək istəmirdim, dostlarımıza da – həm təkid edənlərə, həm də bəzi digərlərinə deyirdim ki, İran vaksini istehsal olunana qədər gözləyib öz vaksinimizdən vurduracağam. Bu milli qüruru sözün həqiqi mənasında qorumaq lazımdır. Bu çox önəmli bir məsələdir. Əgər bizim ölkə daxilində xəstəliyin qarşısını almaq, yaxud onu müalicə etmək imkanımız varsa, nəyə görə bu imkandan istifadə etməyək? Biri var, yerli vaksinlə yanaşı, xarici vaksinə də ehtiyac var, ondan da istifadə olunur, mənim buna heç bir iradım yoxdur, qoy olsun, amma İran vaksininə, alimlərimizin çəkdiyi bu əziyyətə hörmətlə yanaşılmalıdır. Cənab Moxberin bu işə cəlb etdiyi elm adamları əksəriyyət etibarilə fəal və çalışqan gənclərdir, zəhmət çəkib bu işi ərsəyə gətiriblər. Digər bir neçə mərkəz də hazırda müxtəlif mərhələlərdə vaksin istehsalı ilə məşğuldur, onlara da öz təşəkkürümü bildirirəm. Bəli, əvvəla, bu baxımdan mən vaksin vurdurmaq istəmədim, sonra da dedim ki, vaxtı çatanda, yəni ölkə üzrə təbii vaksin bölgüsü növbəsi bizə gəlib çatanda vurdurmaq istəyirəm. İndi əlhəmdulillah, mənim yaşıdlarım, 80 yaş və yuxarı olan ahıl insanların çoxu vaksin vurdurub (ola bilsin, bəziləri vurdurmayıb), artıq biz də onların sırasına qoşulaq. Mənim vaksin vurdurmağım bu günə qədər bu səbəbdən gecikdirilmişdi. İndi şükürlər olsun, zəhmət çəkib istehsal ediblər, həkimlərimiz də zəhmət çəkib mənim vaksinimi vurdular. Ümidvaram, hər işdə xeyir, xoşluq və sağlıq taparıq. Doktor Mərəndiyə də, Muhəmməd və Ale-Muhəmməd xatirinə,  Allah şəfa versin, ən yaxın zamanda sağlamlığına qovuşsun.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

Ali Məqamlı Rəhbərin İmam Xomeyninin Fərmanlarını İcraiyyə Komitəsinin sədri cənab Moxberin məruzəsindən sonra səsləndirdiyi fikirlər:

Mənə bir şeyi də dedilər: əlhəmdulillah, bu vaksini belə tez bir zamanda çox effektiv, yüksək səviyyədə və vaxtında ərsəyə gətirmisiniz, indi bunun elmi sənədlərini, haqqında yazıya alınmalı olan elmi məqalələri də hazırlayın ki, dünya onları görsün. Bu çox mühüm bir məsələdir. Bu işi hökmən görün.

_______________________

(1) Həzrət Ayətullah Xamenei bu gün (cümə günü) səhər koronavirus əleyhinə İranda istehsal olunmuş “Kovo  İran bərəkət” vaksininin ilk dozasını qəbul etmişdir.  Gənc İran  alimlərinin əməyinin məhsulu olan və tamamilə yerli elmi metodlara söykənən bu vaksinin istifadəsinə bu yaxınlarda icazə verilmiş və İran dünya üzrə koronavirus əleyhinə vaksin istehsal edən 6 ölkədən biri olmuşdur. Ali Məqamlı Rəhbərin çıxışından öncə Səhiyyə naziri  Səid Nəməki, İmam Xomeyninin Fərmanlarını İcraiyyə Komitəsinin sədri Məhəmməd Moxber və Doktor Seyid Cəmaləddin Səccadi məruzə etmişlər.