Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin yeni ilin ilk günü İran xalqına Novruz müraciəti

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd Aləmlərin Rəbbinə məxsusdur. Allahın salavat və salamı olsun Muhəmmədə, onun pak Əhli-beytinə, xüsusilə Bəqiyyətullaha

Ey qəlbləri və gözləri çevirən! Ey gecələri və gündüzləri tənzimləyən! Ey hal və əhvalları dəyişən! Hal və əhvalımızı ən gözəl şəkildə dəyiş!

Bu il nimeyi-şəbana, yəni varlıq aləminin parlaq günəşi Həzrət Bəqiyyətullahın (Ruhumuz ona fəda olsun) mövlud günlərinə təsadüf edən Novruz bayramı, yeni il, yeni təbiət, yeni gün və yeni zamanın gəlişi münasibətilə böyük İran xalqını, həmrəy, həmqəlb və bənzər olan bütün xalqları, xüsusilə əzəmətli şəhid ailələrini, dözümlü və qiymətli ailələri (Allah bu əzəmətli ailələrin kölgəsini İran xalqının və bizim başımızın üzərindən əksik etməsin), habelə əziz müharibə veteranlarını, onların mərhəmətli və səbrli ailələrini, İran xalqının müxtəlif səhiyyə, təhlükəsizlik, müqavimət və elm sahələrində fədakarcasına və səmimiyyətlə xidmət göstərən əhalisini təbrik edir, bu şirin gün və mübarək bayramı bütün bu əzizlərə təbrik deyirəm.

Bir il də geridə qaldı. 1400-cü il həyatın təbiətinə xas olan şirinləri, acıları, yüksəliş və enişləri ilə başa çatdı. Həyat bu yüksəlişlər, enişlər, şirinlər və acılardan ibarətdir. İran xalqının bir neçə yüksəlişindən danışmaq, biri də seçkilər olan böyük və şirin hadisələrini qeyd etmək istəyirəm. Seçkilər, həqiqətən, böyük və mühüm bir hadisə idi. 1400-cü ilin əvvəllərində korona pandemiyasının şiddətli olmasına baxmayaraq, xalqın seçki məntəqələrinə gedib səs verməsi çox mühüm bir hadisə idi. Halbuki iki nəfərin bir yerdə olması təhlükəli idi. O günlərdə bizim gün ərzində yüzlərlə, bəlkə də, beş yüz, altı yüz, hətta ondan da artıq itgimiz olurdu. Belə bir şəraitdə seçkilər keçirildi. Xalq iştirak etdi. Təzə nəfəsli bir hökumət dövlət başına gəldi. Əlamətlər bu hökumətin xalqın yanında olan, xalqın hədəfləri və hərəkətlərinə sevgi göstərən, əvvəlki hökumətdən ayrı bir relslə hərəkət edən bir hökumət olduğunu göstərir. Allaha şükürlər olsun ki, xalqın ümidlərini dirildiblər. Bu, İran xalqının başına gələn hadisələrin zirvələri və yüksəlişlərindən biridir.

Başqa bir yüksəliş korona pandemiyasına qarşı cidid mübarizə idi. Bu, sözün əsl mənasında mübarizə idi. Bu təhükəli xəstəlik bir vaxtlar gün ərzində bir neçə yüz nəfərin ölümünə səbəb olurdusa, sonralar ölü sayı gün ərzində iyirmi, on səkkiz nəfərə çatdı. Baxmayaraq ki, yenə də bu say bir qədər artıb, amma qeyd edilən vaxtla hamının vaksinlə təmin edildiyi vaxt arasında çox böyük fərq yaranmışdır.

Başqa bir yüksəliş elm və texnologiya sahəsindəki inkişafla bağlıdır. Ölkədə bir neçə növdə vaksin istehsal edildi. Onların bəzisi beynəlxalq səviyyədə təsdiqləndi. Vaksin istehsalından tutmuş peykin göyə qaldırmasına qədər həyata keçirilən müxtəlif elmi və texnoloji fəaliyyətlər bütün cəhətlərdən, şükür olsun Allaha ki, ölkə üçün mühüm işlərdir. Bunlar 1400-cü ilin yüksəlişləri idi. Ölkədə başqa şirin hadisələr də oldu.

Beynəlxaq səviyədə də vəziyyət eyni oldu. 1400-cü ilin mühüm hadisələrindən biri amerikalıların son günlərdə etdikləri etiraf oldu. Onlar öz dilləri ilə dedilər ki, biz İrana qarşı maksimum təzyiqdə biabırçı məğlubiyyətə uğradıq. Biabırçı ifadəsi amerikalıların özlərinə aiddir. Mühüm bir hadisədir. İran xalqı qalib gəldi. İran xalqı müvəffəqiyyət qazandı. Heç kəs bunu öz adına çıxa bilməz. İran xalqının müqaviməti belə bir böyük qələbəyə nail oldu. Başqa hadisələr də baş verdi. İstər bizim yaxınlığımızda olsun, istərsə də bizdən uzaqda, bütün hadisələr İran xalqının imperializm qarşısında tutduğu yolun düzgünlüyünü sübut etdi, imperializmə qarşı mübarizədə İran xalqının hərəkət etdiyi yolun düzgün olduğunu göstərdi. Bunlar şirin hadisələrdir.

Acılarımız da oldu. Mənim nəzərimdə acıların ən böyüyü və ağırı xalqın dolanışığının ağır olması, qiymətlərin bahalığı problemi və inflyasiyadır. Bunlar əlacı və həll edilməsi vacib olan məsələlərdir. Bu il biz iqtisadi problemlərin bir hissəsinin ortadan qalxacağına ümidvarıq. Bunlar hamısı bir dəfəyə ortadan qalxa bilmədikləri üçün tədricən həll olacaq. Kiminsə tələsərək yox deməsi və onların tezliklə həll olacağını bildirməsi həqiqəti əks etdirmir. Ancaq ümidvarıq ki, İnşallah, bu çətinliklərin bəzisi XV hicri şəmsi əsrinin başlanğıcı olan 1401-ci il ərzində ortadan qalxacaq.

Biz keçən illərdə hər ili bir şüarla adlandırdıq. Bunu ona görə etdik ki, məsul şəxslər, xüsusilə icraedici orqan, onunla yanaşı qanunverici orqan, məhkəmə və xalqla birbaşa ünsiyyətdə olan bütün fərdlər bu istiqamətdə hərəkət etsinlər. Bəzi illər bu sahədə yaxşı nailiyyətlər əldə edildi. Bəzi illərdə bəzi yerlərdə az işlər görüldü. Buna görə də biz 1400-cü ildə istehsal, maneələrin ortadan qalıdırlması və dəstəklər məsələsini gündəm etdik. Nisbətən yaxşı işlər görüldü, hələ də görülməkdə davam edir, gərək də davam etsin. Bu bir neçə ildə mən istehsalı bir qeyd və bir xüsusiyyətlə ilin şüarı təyin etdim. Səbəbi də budur ki, istehsal ölkənin iqtisadi problemlərinin açarıdır. Milli istehsal, əslində, ölkə üçün çətinliklərdən keçid yoludur. Yəni ölkənin ən mühüm iqtisadi məsələlərini istehsal, milli stehsalın yayılması və çiçəklənməsi həll edəcək. Bu istehsalın təbiətindən irəli gəlir.

Buna görə biz istehsal üzərində dayandıq. İstehsal iqtisadi inkişafı artırır, məşğulluq yaradır, infilyasiyanı azaldır, adambaşına düşən gəliri artırır və ümumi rifah yaradır. Bununla yanaşı, psixoloji təsirlərə də malikdir. Milli özgüvəni artırır, xalqda özünə hörmət hissi yaradır. İstehsal belə bir iksirdir. Əgər milli istehsal, İnşallah, ən yaxşı şəkildə inkişaf etsə, belə mühüm bir hadisə gerçəkləşəcək. Buna görə də bu bir neçə ildə biz istehsal üzərində dayandıq. Təsirsiz də olmadı. Şükür olsun Allaha ki, yaxşı nəticələri də oldu. Bu il də istehsal məsələsini irəli sürürəm. Sadəcə, istehsalın yeni bir qatını və yeni bir simasını şüar etmək istəyirəm. Burada mən iki xüsusiyyəti özündə ehtiva edən istehsalı nəzərdə tuturam: bunlardan biri istehsalın məşğulluq yaradan, digəri elm əsaslı olmasıdır. Təbii ki, bütün istehsl sahələri məşğulluq yaradandır. Sadəcə, bəzi istehsal sahələri var ki, yüksək həcmdə investisiya tələb etsə də, məşğulluq üçün elə də böyük şərait yaratmır. Bəzi istehsal sahələri var ki, məşğulluq yaradandır. Bunların izahını, inşallah, sabahkı çıxışımda verəcəyəm. Əgər biz elm əsaslı istehsalı meyar seçsək və elm əsaslı istehsala üstünlük versək, inşallah ilin ilk günü edəcəyim çıxışda qeyd edəcəyim nailiyyətləri əldə edəcəyik. Bununla da, yəqin ki, biz iqtisadi hədəfələrimiz istiqamətində bir təkana, hiss olunan şəkildə irəliyə doğru hərəkətə nail olacağıq, İnşallah. Məşğulluq məsələsi də bu cürdür. Buna görə də bu ilimizin şüarı belədir: “Məşğulluq yaradan elm əsaslı istehsal”. Bu, isethsaldır. Mənim çox israr etdiyim bir istyim də var. Keçən il də dedim ki, dostlar ilin şüarını ayrı-ayrı idarələrin sənədlərinin yuxarısına, prospektlərdə tabloların üzərinə yazmaqla kifayətlənməsinlər. Əsas odur ki, sözün həqiqi mənasında siyasətlər bu məsələ üzərində qurulsun.

Dövlət, mən gördüyüm bu vəziyyətlə, möhtərəm prezident və həmkarlarının fəaliyyətləri nəticəsində inkişafa nail olacaq, İnşallah. Yəni bu şüar yerdə qalmayacaq, Allahın köməyi ilə. Ancaq nə qədər çox iş görülsə, nə qədər çox səy göstərilsə, bir o qədər yaxşı olacaq.

Ümidvaram ki, Allah-taala əziz İran xalqına bu il, bu bayramda, bu qiymətli fürsətdə xeyirli bir il lütf edib xalqı sevindirəcək, həyatları şirin, insanları şad olacaq. Əziz şəhidlərimizin pak ruhları, böyük imamımız İmam Rahilin (r.ə) pak ruhu şad olacaq. Allah-taala hamımızın salamını, sevgisini və ixlasını Bəqiyyətullahın (ruhumuz ona fəda olsun) ayağının torpağına yetirəcək.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.