Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1403-cü ilin Novruz bayramı müraciəti

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

یا مقلّب الْقُلوبِ و الأبصار، یا مدبّر اللّیلِ و النّهار، یا مُحوّل الْحَولِ و الأحوال، حَوّلْ حالَنا إلی أحسَنِ الْحال

Ey qəlbləri və baxışları dəyişdirən, ey gecəni və gündüzü idarə edən, ey zaman və şəraiti dəyişdirən, halımızı ən gözəl halla əvəz et!

Əziz İran xalqını bu il qəlblərin və mənəviyyatın baharı olan Ramazan ayına təsadüf edən “Novruz bayramı” və yeni il münasibətilə təbrik edirəm. Xüsusilə fədakar insanların, şəhidlərin ailələrini və Novruz bayramını qeyd edən digər xalqları təbrik edirəm.

Əziz şəhidləri və bu yolu İran xalqının üzünə açmış şəhidlər imamını hörmətlə anıram. İran xalqına həm təbiət, həm də mənəviyyat baharından faydalanmağı arzulayıram.

Artıq başa çatmış 1402-ci ilə və qədəm qoyduğumuz ilə nəzər salaq. 1402-ci il həyatın digər bütün illəri kimi şirin və acı hadisələrlə, istənilənlər və istənilməyənlərlə dolu idi. Dünyanın və həyatın təbiəti belədir. Ölkənin daxilində böyük elmi-texnoloji nailiyyətlər əldə edilmiş, bütün ölkə ərazisində infrastruktur istehsalı gerçəkləşmişdir. Bunlar şirin hadisələr və xoş xəbərlər idi. Digər tərəfdən isə xalqın iqtisadi və məişət problemləri acı xəbərlərdən oldu. Xalqın “Qüds” və “22 bəhmən” günlərindəki qəhrəmancasına yürüşləri, bu böyük nümayişlərin və ilin sonunda keçirilən seçkilərin təhlükəsizliyinin təmin edilməsi, habelə xalqın digər sahələrdəki iştirakı keçən ilin xoş xəbərləri və şirin istəkləri oldu.

Şəhid Süleymaninin ildönümündə Kirmanda baş verən acı hadisə, ilin sonlarında Bəlucistanda baş verən sel, bu aylarda təhlükəsizlik işçilərinin başına gələn hadisələr acı hadisələrdən oldu. Ən acısı isə beynəlxalq səviyyəli mühüm mövzularımızdan biri olan Qəzza hadisəsi oldu. Bu il bundan acı heç nə yaşamadıq.

Xarici siyasətdə hökumətin müxtəlif iqtisadi və siyasi sahələrdəki beynəlxalq fəaliyyəti xoş xəbər və arzuolunan hadisələrdən biri oldu. Qeyd etdiyimiz kimi, Qəzza ən acı hadisələrdən biri olmaqla yanaşı, həm də dövlətimizin, xarici siyasət sahəsindəki ən acı hadisələrimizdən oldu. Uca Allahdan acılarımıza məlhəm etməsini, İran xalqı və müsəlman xalqlara şirin hadisələrin davamlılığını, İslam ümməti və İran xalqına xeyir və bərəkət mənbəyi olanları nəsib etməsini diləyirik.

1402-ci ilin şüarı “İnflyasiyanın idarə edilməsi və istehsalın artırılması” idi. Bu sahədə yaxşı işlər görüldü. Şüarın hər iki hissəsi ilə bağlı – arzuolunan qədər də olmasa – işlər görüldü və müəyyən nailiyyətlər əldə edildi. İnşallah, bugünkü çıxışımda İran xalqına bu barədə ətraflı məlumat verəcəyəm. Həyata keçirilənlər yaxşı işlər oldu, ancaq davam etdirilməlidir. Bu şüar bir il ərzində uğurlu icrasını gözlədiyimiz şüar deyil – bu şüar bundan sonra da davam edəcəkdir.

Yenicə qədəm qoyduğumuz ildə həyata keçirilməsi zəruri olan çox işlər var. Bu işləri hamımız – ayrı-ayrı sahələrin mənsubları, ölkə rəhbərliyi, məsul şəxslər, hökumət işçiləri, parlament, məhkəmə orqanı, hər kəs – xalqın bütün fərdləri özünə vəzifə bilməlidir. Amma bu il ölkə üçün əsas məsələ iqtisadiyyatdır. Əsas zəif nöqtə iqtisadi problemlərdir və biz bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik.

Bu sahənin mütəxəssislərinin rəylərini araşdırdıqda belə nəticəyə gəlirəm ki, ölkənin iqtisadi problemlərinin həlli istiqamətində əsas açar – daxili və milli istehsaldır. Buna görə də bir neçə ildir ki, istehsal üzərində dayanmışıq. Əgər istehsalın artımı və milli istehsal sahəsində irəliyə doğru hərəkət arzuolunan şəkildə həyata keçsə, inflyasiya, məşğulluq, milli valyutanın dəyəri kimi mühüm iqtisadi problemlərin çoxu, iqtisadiyyatın qeyd edilən əsas məsələləri yaxşı şəkildə öz həllini tapar. Məhz buna görə də istehsal məsələsi bu qədər vacibdir və biz bu il də əsas diqqəti istehsal sektoruna yönəltmişik. İnşallah, bu il istehsalatda bir sıçrayışın olacağını gözləyir və ümid edirik. İnanırıq ki, bu sıçrayış xalqın iştirakı və əməkdaşlığı olmadan baş verməyəcək. Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, insanların istehsal sahəsinə girməsinə maddi cəhətdən yol açmalıyıq, xalqın iştirakına mane olan amilləri ortadan qaldırmalıyıq. Xalqa aid olan sahədə böyük imkanlar var. Bu barədə ətraflı məlumat verəcəyəm, inşallah. Bu imkanlar aktivləşdirilməlidir. Onlardan ölkənin və xalqın xeyrinə istifadə etmək lazımdır. Ona görə də bu ilin şüarını “Xalqın iştirakı ilə istehsalatda sıçrayış” olaraq qoymuşam. Bu, bu ilin şüarıdır. Ümidvarıq, inşallah, bu şüar ən yaxşı şəkildə gerçəkləşəcək. Allahın izni ilə ölkənin layihə və proqram tərtibatçıları proqram işləyib hazırlasınlar, mütəxəssis və ekspertlər nəzəri cəhətdən əməkdaşlıq etsinlər, iqtisadi fəallar əməli şəkildə bu məsələdə iştirak etsinlər.

Allah-Taaladan böyük və əziz İran xalqına uğur diləyirəm. Həzrət Bəqiyyətullaha (ruhumuz ona fəda olsun) böyük ehtiramla salam deyir və Allahdan bəşəriyyətin xilaskarı olan o şəxsiyyətin gəlişini tezləşdirməsini diləyirik.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.