Rəhman və Rəhim Allahın adı ilə.
Ölkəmizin əziz və böyük xalqını salamlayıram. Hamı üçün ağır olan əziz generallarımızın, alimlərimizin və bir qrup mülki vətəndaşımızın şəhadəti münasibəti ilə İran xalqını, onların ailələrini həm təbrik edir, həm də onlara başsağlığı verirəm. Ümid edirəm ki, Allah-Taala dərəcələrini yüksəldib və Öz xüsusi lütfünü onların pak ruhlarına şamil edəcəkdir, inşallah.
Əziz xalqımızla bölüşmək istədiyim məsələyə gəlincə, sionist rejimi böyük bir səhvə yol verdi, çox böyük səhv etdi, böyük bir qələt etdi. Allahın köməyi ilə bu səhvin nəticəsi onu çıxılmaz vəziyyətə salacaq. İran xalqı öz dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq və ölkəsinin hava sərhədlərinə edilən təcavüzü bağışlamayacaq. Silahlı Qüvvələrimiz hazırdır, ölkə rəsmiləri və bütün xalq da Silahlı Qüvvələrin arxasındadır.
Bu gün ölkənin bütün müxtəlif siyasi cinahları və xalqın müxtəlif təbəqələri tərəfindən eyni mesajlar verilir. Hamı başa düşür ki, alçaq və xəbis sionist terrorçulara qarşı qüdrət nümayiş etdirərək cavab verməliyik. Mütləq qüdrətlə cavab verilməlidir və inşallah, qüdrətlə cavab veriləcək də. Onlara güzəştə getməyəcəyik. Şübhəsiz, həyat onlar üçün acınacaqlı olacaq. Düşünməsinlər ki, hücum etdilər, bununla da iş bitdi. Xeyr, bu işi başlayan onlardır, müharibəni onlar başladılar. Biz onlara icazə verməyəcəyik ki, törətdikləri bu böyük cinayətdən sağ-salamat çıxsınlar. Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri xəbis düşmənə ağır zərbələr endirəcəkdir. Xalq da bizim arxamızdadır, Silahlı Qüvvələrin arxasındadır və Allahın izni ilə İslam Respublikası sionist rejim üzərində qələbə çalacaqdır!
Əziz İran xalqı qoy bunu bilsin və əmin olsun ki, bu məsələdə heç bir səhlənkarlığa yol verilməyəcəkdir.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.