Rəhman və Rəhim Allahın adı ilə.
Əziz və böyük İran xalqını salamlayıram. İlk öncə son hadisələrin nəticəsində şəhid olmuş dəyərli şəhidlərin xatirəsini hörmətlə yad edirəm; şəhid generallar, şəhid alimlər həqiqətən də İran İslam Respublikası üçün önəmli şəxslər idilər və ölkəyə böyük xidmət göstərmişdilər. İnşallah, onlar bu gün Allah-Taalanın dərgahında öz dəyərli xidmətlərinin mükafatını alırlar.
Böyük İran xalqını qələbə münasibəti ilə təbrik etməyi zəruri hesab edirəm. Bu qələbə bir neçə təbrikə layiqdir:
Birinci təbrikim xalqın qondarma sionist rejimi üzərində qələbə qazanması münasibəti ilədir. Sionist rejimi bütün hay-küyünə, bütün iddialarına rəğmən İran İslam Respublikasının zərbələri altında demək olar ki, əzilib məhv oldu. Onlar İran İslam Respublikası tərəfindən sionist rejimə bu cür zərbələrin endirilə biləcəyini düşünmürdülər, bunu təsəvvür belə etmirdilər. Və bu baş verdi. Allah-Taalaya şükür edirik ki, Silahli Qüvvələrimizə yardım etdi və onlar düşmənin çoxqatlı və müasir tipli müdafiə sistemlərini aşa bildilər. Onların bir çox şəhər və hərbi məntəqələrini öz raketləri və qabaqcıl, güclü silahlarının hücumu ilə yerlə yeksan etməyi bacardılar! Bu, Allahın böyük nemətlərindən biridir. Bu, onu göstərir ki, sionist rejimi İran İslam Respublikasına hücumun ona baha başa gəldiyini, böyük zəhmət hesabına başa gəldiyini, sarsıdıcı olduğunu bilməlidir. Allaha şükürlər olsun ki, bu baş verdi. Bu iftixar bu silahlı qüvvələri öz içərisində yaradan, yetişdirən, onlara dəstək olan və belə bir böyük işi həyata keçirmək üçün onlara güclü əllər bəxş edib qüdrətləndirən Silahlı Qüvvələrə və əziz xalqımıza məxsusdur.
İkinci təbrikim əziz İranımızın ABŞ rejimi üzərində qələbə çalması münasibəti ilədir. Amerika rejimi birbaşa savaşa girdi. Çünki hiss etdi ki, əgər müdaxilə etməsə, sionist rejimi tamamilə yox olacaq. Savaşa ona görə girdi ki, sionist rejimini xilas etsin, amma bu savaşdan heç bir nəticə əldə etmədi. Bizim nüvə obyektlərimizə hücum etdi, amma ciddi bir iş görə bilmədi. Təbii ki, onlar bu hücuma görə ayrıca beynəlxalq məhkəmələrdə cəzalandırılmağa layiqdirlər. Amerika prezidenti (1) hadisələri qeyri-adi şəkildə şişirtdi. Məlum oldu ki, onun bu şişirtmələrə ehtiyacı varmış. Onun bu sözlərini eşidən hər kəs başa düşürdü ki, bu sözlərin arxasında başqa bir həqiqət durur. Onlar heç nə edə bilmədilər, məqsədlərinə çata bilmədilər. Buna görə də hadisələri şişirdirdilər ki, həqiqəti gizlətsinlər, qələbəni ört-basdır etsinlər. Bu hadisədə də İran İslam Respublikası qələbə qazandı və cavab olaraq Amerikanın üzünə sərt sillə vurdu; Amerikanın regiondakı mühüm hərbi bazalarından biri olan Əl Udeyd hərbi bazasına hücum etdi və onlara ciddi ziyan vurdu. Həmin o hadisəni (öz hücumlarını) şişirdənlər, bu hadisəni (cavab zərbəsini) kiçiltməyə çalışdılar və iddia etdilər ki, “heç bir hadisə baş verməyib”. Halbuki çox böyük bir hadisə baş vermişdi. İran İslam Respublikasının Amerikanın regiondakı əsas hərbi bazalarına giriş edə bilməsi və lazım olduqda onlara qarşı tədbir görməsi kiçik bir hadisə deyil, böyük bir hadisədir. Bu hadisə gələcəkdə də təkrarlana bilər. Əgər yenidən hər hansısa bir hücuma məruz qalsaq, bu hərəkətləri düşmən və təcavüzkara mütləq baha başa gələcəkdir.
Üçüncü təbrikim İran xalqının qeyri-adi həmrəylik nümayiş etdirməsi münasibəti ilədir. Allaha şükürlər olsun ki, 90 milyonluq bir xalq yekdilliklə, çiyin-çiyinə, bir-birinin yanında, istək və hədəflərində heç bir fərq qoymadan ayağa qalxdı, şüarlar səsləndirdi, danışdı və Silahlı Qüvvələrinin hərəkətlərini dəstəklədi. Bundan sonra da belə olacaq. İran xalqı bu hadisədə öz böyüklüyünü, üstün şəxsiyyətini nümayiş etdirdi və sübut etdi ki, lazım olduqda bu millətdən yalnız bir səs eşidiləcək. Və Allaha şükürlər olsun ki, bu hadisə baş verdi.
Müraciətimin əsas hissəsi olaraq qeyd etmək istədiyim məqam Amerika prezidentinin açıqlamalarının birində “İran təslim olmalıdır” tələbi ilə bağlıdır. “Təslim olmalıdır!” Artıq burda məsələ uranın zənginləşdirilməsi, nüvə sənayesi deyil. Məsələ İranın təslim olmasıdır. Əlbəttə, bu söz əslində Amerika prezidentinin başından çox böyük sözdür. Böyük İrana, bu qədim tarixə, bu böyük mədəniyyətə, polad kimi milli əzmə sahib olan İrana, belə bir ölkəyə “təslim ol” demək, bu xalqı tanıyanlarda istehza doğurur. Amma onun bu sözü bir həqiqəti ifşa etdi, o da budur ki, amerikalılar İnqilabın əvvəlindən İran İslam Respublikası ilə mübarizə aparmaqla, qarşıdurma yaratmaq ilə məşğuldurlar; hər dəfə də bir bəhanə gətirirlər: bir dəfə insan haqları, bir dəfə demokratiya müdafiəsi, bir dəfə qadın haqları, bir dəfə uranın zənginləşdirilməsi, bir dəfə nüvə proqramı, bir dəfə raket istehsalı və s. Amma məsələnin mahiyyəti “İranın təslim” olmasından başqa bir şey deyildir. Ondan əvvəlkilər bunu dilə gətirmirdilər, ona görə ki, bu qəbulolunmazdır. Heç bir bəşəri məntiq qəbul etmir ki, hansısa bir xalqa “təslim olun” deyilsin. Ona görə də bunu başqa ifadələr altında ört-basdır edirdilər. Bu şəxs bu həqiqəti ifşa etdi. O, göstərdi və açıq şəkildə bildirdi ki, amerikalılar – nə az, nə çox – yalnız İranın təslim olması ilə qənaətlənəcəklər. Və bu önəmli bir məqamdır! İran xalqı bilməlidir ki, Amerika ilə düşmənçiliyin səbəbi budur və İran xalqına ən böyük xəyanət edənlər də amerikalılardır. Bu hadisə heç vaxt baş verməyəcək; heç vaxt olmayacaq.
İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir. İran qədim sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimi ölkələrdən yüz dəfələrlə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağını kiminsə gözləməsi, sadəcə müdrik və ağıllı insanlarda istehza doğuracaq boş sözlərdən biridir. Allahın lütfü sayəsində İran xalqı əzəmətlidir və əzəmətli olaraq da qalacaq, qalibdir və həmişə də qalib olacaq. Və inanıram ki, Allah-Taala bu xalqı Öz lütfü sayəsində həmişə izzət və şərəflə qoruyub saxlayacaqdır.
Allah-Taala dahi İmamın (r.ə) dərəcəsini yüksəltsin. Həzrət Bəqiyyətullahı (canımız ona fəda olsun) bu xalqdan razı etsin və o İmamın (ə.f) yardımı bu xalqa dayaq olsun.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_____________________
(1) Donald Tramp