بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة
الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə.
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əziz İran xalqını salamlayıram. Bəzi məsələləri əziz xalqımızla bölüşməyi məqsədəuyğun hesab etdim. Bir neçə mövzu haqqında bəzi açıqlamaları diqqətinizə çatdırmaq istəyirəm.
Söhbətə başlamazdan əvvəl mehr ayının gəlişi münasibəti ilə sizləri təbrik etməyi zəruri hesab edirəm. Mehr ayı dərs, məktəb, elm və universitet ayıdır. Mehr ayı milyonlarla gəncin, yeniyetmə və azyaşlının bilik və bacarığa doğru hərəkətinin başlanğıcıdır; bunlar mehr ayına xas olan xüsusiyyətlərdir.
Hörmətli məsullarımıza, xüsusilə Təhsil Nazirliyinə, Elm, Tədqiqat və Texnologiya Nazirliyinə və Səhiyyə Nazirliyinə tövsiyə edirəm ki, İran gəncinin istedadının dəyər və əhəmiyyətini həmişə diqqətdə saxlasınlar. Çünki iranlı gənclər öz istedadlarını elm və həyatın bir çox sahələrində nümayiş etdirmişlər.
Buradaca bu statistik göstəricini nəzərinizə çatdırıram: 12 günlük müharibənin baş verməsinə və bir sıra problemlərin yaranmasına rəğmən, bu yaxınlarda keçirilən beynəlxalq olimpiadalarda məktəblilərimiz müxtəlif sahələrdə 40 medal qazandılar. Bu 40 medaldan 11-i qızıl medal idi. Bu nailiyyətlər olduqca dəyərlidir. Gənclərimiz Astronomiya Olimpiadasında beynəlxalq iştirakçı ölkələr arasında dünya birincisi oldular. Digər fənlər üzrə də yüksək nəticələr göstərdilər. Bu günlərdə, sizin də gördüyünüz kimi, idman sahəsində də – əvvəlcə voleybol, indi də güləş və s. üzrə – uğurlar qazanıblar. Gənclərimiz belə xüsusiyyətlərə malikdirlər; Allaha şükürlər olsun ki, onlar qeyri-adi istedadlara sahibdirlər. Ona görə bu istedadlardan istifadə etmək lazımdır.
Habelə böyük mücahid – şəhid Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümü münasibəti ilə onun xatirəsini yad etməyi də zəruri hesab edirəm. Seyid Həsən Nəsrullah İslam dünyası üçün olduqca böyük bir sərvət idi; təkcə şiə dünyasına yox, təkcə Livan üçün deyil, o, bütün İslam dünyası üçün sərvət idi. Əlbəttə, bu sərvət yox olmayıb, yerindədir. O, aramızdan getsə də, onun yaratdığı bu sərvət qalıcıdır, yaşayır. Livan “Hizbullah”ının hekayəsi davam edən bir hekayədir. Hizbullah hərəkatını kiçik hesab etmək və həmçinin bu mühüm sərvəti gözardı etmək olmaz. Bu həm Livan, həm də digərləri üçün sərvətdir.
Həmçinin bu 12 günlük müharibə zamanı şəhid olmuş son şəhidlərimizin – həm hərbi komandirlərimizin, həm nüvə alimlərimizin, həm də bu hadisədə şəhid olmuş digər vətəndaşlarımızın – xatirəsini də ehtiramla yad etməyi zəruri hesab edir və doğmalarına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verirəm.
Sizlərlə bölüşməyi uyğun gördüyüm məsələlərə gəlincə, bunlar üç mövzudan ibarətdir. Birinci mövzu, İran xalqının birliyi məsələsidir. Əlbəttə, bu haqda çox danışılıb, amma bununla bağlı indi sadəcə bir məqama toxunacağam. İkinci mövzu, haqqında bu qədər uzun-uzadı danışılan uranın zənginləşdirilməsi məsələsidir ki, bununla əlaqədar açıqlama verəcəyəm. Üçüncü mövzu isə Amerika ilə danışıqlar haqqındadır. Bu haqda söz sahibləri, mütəxəssislər ayrı-ayrı fikirlər irəli sürürlər; bəziləri bu danışıqların lehinə, bəziləri isə əleyhinədirlər; bəzilərinin arqumenti var, bəzilərinin isə yoxdur. Bununla bağlı imkan daxilində qısaca söhbət edəcəyəm.
Birinci mövzu, yəni İran xalqının birliyi məsələsinə gəlincə, onu demək istərdim ki, bu 12 günlük müharibə zamanı İran xalqının vəhdəti, həmrəyliyi həqiqətən də düşməni məyus etdi. Yəni düşmən müharibənin elə ilk günlərindən, ortalarından başa düşdü ki, öz məqsədinə nail ola bilməyəcək. Düşmənin hədəfi təkcə komandirlərimizi öldürmək deyildi, bu sadəcə olaraq bir vasitə idi. Düşmən belə fikirləşmişdi ki, komandirləri, bəzi nüfuzlu şəxsləri hədəf almaqla, daxildə qarışıqlıq yaradacaqlar, ölkədəki, xüsusilə də Tehrandakı əlaltıları iğtişaşa əl atacaq, xalqı – bacardıqları şəxsləri – küçələrə çəkəcək və nəhayət xalqın əli ilə İran İslam Respublikasının əleyhinə hadisə törədəcəklər. Hədəf bu idi; hədəf İran İslam Respublikası idi. Hədəf dövlətdə hərc-mərclik yaratmaq idi; bu barədə mən başqa bir görüşümdə də demişdim ki, (1) onlar hətta İran İslam Respublikasından sonrakı mərhələ üçün də oturub planlar çəkmiş, bu haqda tədbir tökmüşdülər. Onlar ölkədə provakasiya yaratmaq, küçə iğtişaşları əmələ gətirmək, müxalif dəstələri işə salmaq və İslamın kökünü kəsmək istəyirdilər; hədəf bundan ibarət idi.
Amma bu hədəf elə ilk addımlarında məğlubiyyətə uğradı. Generallar, demək olar ki, dərhal əvəz olundu; yəni şəhid olmuş generalların yerinə başqa şəxslər təyin olundu, silahlı qüvvələrin vəziyyəti, nizam-intizamı eyni istehkam və ruh yüksəkliyi ilə davam etdi. Amma xalqa gəlincə, ən önəmli faktor onlar idi; xalq heç bir şəkildə düşmənin istəyinin təsiri altına düşmədi; bəli, nümayişlər oldu, küçələr insanlarla doldu-daşdı, lakin düşmənə qarşı, İran İslam Respublikasına qarşı yox. Xalq işi o yerə çatdırdı ki, düşmən, yəni sərhədlərimizin o tayında olanlar öz əlaltılarına dedilər: “Yarıtmazlar! Sizin üçün edə biləcəyimiz hər işi gördük, sizin üçün şərait yaratdıq, bombardman etdik, bir çoxlarını terror etdik, öldürdük. Niyə heç bir iş görmürsünüz?” Onların İrandakı, Tehrandakı əlaltıları isə – sözsüz ki, ölkədə əlaltıları vardır – cavab veriblər ki, əlbəttə, biz çox şey etmək istədik, amma xalq bizə etina etmədi, bizə arxa çevirdi. Ölkənin məsul şəxsləri bizə fürsət vermədilər, mane oldular və ona görə də biz bir iş görə bilmədik. Beləliklə, düşmənin planı alt-üst oldu, nəticəsiz qaldı.
Bu dediklərimin bir hissəsini, ya da hamısını əvvəllər ya mən demişəm, ya da digərləri deyiblər. Amma mənim vurğulamaq istədiyim məqam budur ki, bu faktor hələ də öz təsirini itirməyib. İran xalqının həmrəylik faktoru yenə də qalmaqdadır. Bir qrup – bu qrupun mənşəyi ölkə hüdudlarından kənardadır, bizə daxil olan məlumatlar da bunu göstərir – belə bir təsəvvür yaratmağa çalışır ki, 12 günlük müharibənin əvvəlində və ümumiyyətlə, bu müddət ərzində yaranmış o birlik, elə həmin günlərə aid idi. Bir neçə gün keçdikdən sonra bu birlik tədricən zəifləməyə başlayacaq, ixtilaflar yaranacaq, fikirayrılığı meydana gələcək və beləcə aradan gedəcək, İran xalqı parçalanacaq. Bu məqsədlə etnik münaqişələrdən və siyasi ixtilaflardan istifadə etməklə İran xalqını bir-birinin canına salmaq, iğtişaş və xaos yaratmaq mümkün olacaq! Hal-hazırda bunu təbliğ edirlər.
Mən demək istəyirəm ki, bu söz tamamilə yanlışdır. Bəli, siyasi məsələlərdə fikirayrılıqları mövcuddur; ölkəmizdə çoxlu etnik azlıqlar var, hamısı da iranlıdırlar və iranlı olmaqları ilə fəxr edirlər. Bunlar var, amma sabahkı gün bu xalq düşmən qarşısında polad yumruq kimi onların başına enəcəkdir. Bu, bu gün belədir, keçmişdə də belə olub, bundan sonra da Allahın köməyi ilə belə olacaqdır. Bugünkü və inşallah, sabahkı İran, o günü küçələri dolduraraq məlun sionizmə və cinayətkar Amerikaya qarşı şüarlar səsləndirən həmin 23-24 xordad gününün İranıdır. Bu, demək istədiyim birinci mövzu idi. Buradakı məqam bundan ibarətdir ki, xalqın birliyi, həmrəyliyi bu gün də mövcuddur və gələcəkdə də mövcud olacaqdır. Amma bu amilin qorunmasında, sözsüz ki, hamımız bir nəfər kimi məsuliyyət daşıyırıq.
İkinci məsələ, zənginləşdirmə ilə bağlıdır. XİN-nin digər siyasi tərəflərlə apardığı müzakirələrdə “zənginləşdirmə” ifadəsi çox təkrarlanır. Zənginləşdirmə məsələsi haqqında onlar bir söz deyir, biz başqa söz deyirik. Ölkə daxilində də bu barədə müxtəlif söhbətlər gedir, “zənginləşdirmə” ifadəsi tez-tez təkrar olunur. Mən bu barədə qısaca izah vermək istəyirəm ki, zənginləşdirmə əslində nə deməkdir? Niyə görə bu qədər əhəmiyyətlidir? Niyə görə uranın zənginləşdirilməsi məsələsi ətrafında bu qədər söhbət gedir. Onu demək istəyirəm ki, zənginləşdirmə bir sözdür, amma onun altında bir kitab söz var, bunu da qısaca açıqlayacağam. Bu sahənin mütəxəssisləri xalqa bu barədə məlumat versələr, daha yaxşı, daha münasib olardı, mən isə bu barədə qısaca danışacağam.
“Uranın zənginləşdirilməsi” dedikdə, bu nəzərdə tutulur: mütəxəssislər xam uranı – İranda da mədənləri mövcud olan uranı – bir sıra mürəkkəb və qabaqcıl prosseslərdən istifadə edərək insanların həyatının müxtəlif sahələrində bir çox funksiyalara malik olan olduqca qiymətli bir maddəyə çevirirlər. “Zənginləşdirmə” – bu deməkdir. Yəni yeraltı mədənlərdən əldə edilən maddələri mürəkkəb texnologiyalarla, böyük zəhmətlə, yüksək ustalıqla, məharətlə başqa bir maddəyə çevirirlər; bu maddə də həmin “zənginləşdirilmiş uran” adlanır. O maddəni müxtəlif dərəcələrdə zənginləşdirirlər və bu, insanların həyatının müxtəlif sahələrində bir çox təsirə malikdir. Yəni insanlar zənginləşdirilmiş urandan müxtəlif vasitələrlə yararlanır, istifadə edir və onların yaşayışında faydası vardır. Məsələn, kənd təsərrüfatında – belə ki, kənd təsərrüfatına hərtərəfli şəkildə təsirə malikdir – sənaye və xammal istehsalı üçün istifadə olunan kimyəvi və texniki materiallarda, qida sektorunda – bu da yenə kənd təsərrüfatına aiddir – ekologiya və təbii sərvətlərdə, təhqiqat, təhsil, araşdırma və elmin digər sahələrində, elektrik enerjisinin istehsalında və s. sahələrdə əhəmiyyətli təsirə malikdir. Bu gün dünyanın inkişaf etmiş bir çox ölkələrində elektrik stansiyaları uranla idarə olunur. Halbuki biz bunları benzin və təbii yanacaqla idarə edirik ki, bu da həm baha başa gəlir, həm də ətraf mühitin çirklənməsinə səbəb olur. Amma zənginləşdirilmiş urandan və atom elektrik stansiyalarından əldə edilən elektrik enerjisi havanı heç bir şəkildə çirkləndirmir və xərci də olduqca aşağıdır. Bu stansiyalar olduqca uzun ömürlüdür və bir çox üstünlükləri də vardır ki, bütün bunları mütəxəssislər insanlara açıqlamalıdırlar. Məncə, zənginləşdirilmiş uranın müxtəlif sahələrdəki tətbiqini sadalasaq, çox uzun bir siyahı yaranar.
Biz keçmişdə olduqca mühüm olan bu texnologiyaya malik deyildik. Biz uranı zənginləşdirməyi bacarmırdıq. Düşmənlər də, başqaları da bizim bu ehtiyaclarımızı təmin etməyə razı deyildilər. Amma bir neçə qətiyyətli rəhbər, yüksək dərəcəli məsul alimlərimiz – sözün həqiqi mənasında – təxminən 30 il bundan əvvəl ölkədə uranın zənginləşdirilməsinə start verdilər və hazırkı səviyyəyə gətirib çatdırdılar. Hal-hazırda biz uranın zənginləşdirilməsi baxımından yüksək səviyyədəyik. Əlbəttə, nüvə silahı istehsal etmək istəyən ölkələr bu zənginləşdirməni 90 %-dək çatdırırlar; nüvə silahına ehtiyacımız olmadığına və onu istehsal etməməkdə qərarlı olduğumuza görə biz zənginləşdirməni o dərəcəyə kimi deyil, 60 %-ə qədər yüksəltmişik ki, bu da çox yaxşı rəqəmdir. Bu, çox yaxşı göstəricidir və ölkədə ehtiyac duyulan bəzi işlərin reallaşması üçün lazımdır; bu dərəcəyə qədər çatdıra bilmişik. Biz dünyada bu imkana sahib olan 10 ölkədən biriyik. Dünyanın 200-dən çox ölkəsi arasında zənginləşdirmə sənayesinə sahib olan 10 ölkədən biri İran İslam Respublikasıdır.
Əlbəttə, digər 9 ölkənin nüvə silahı da var, amma bizim nüvə silahımız yoxdur, olmayacaq da və bu silahdan istifadə etmək niyyətində də deyilik, lakin zənginləşdirmə sənayemiz var. Biz bu sahədə dünyanın 10 aparıcı ölkələrindən biriyik. Qeyd etdiyim kimi, alimlərimiz bu işin əsasını qoysalar da, işi xeyli dərəcədə inkişaf etdirsələr də, onların gördükləri ən önəmli iş bu sahədə saysız kadr yetişdirmək olmuşdur. Məndə olan bu məlumat mütəxəssislərin mənə verdikləri dəqiq və mötəbər məlumatdır: hal-hazırda ölkəmizdə onlarla alim, nüfuzlu professor, yüzlərlə tədqiqatçı və nüvə sahəsi ilə əlaqədar ixtisaslarda yetişmiş minlərlə kadr fəaliyyət göstərir. İndi onlar gəlib hansısa yerlərin nüvə təsisatlarını bombaladılar; məsələ bundadır ki, bu elmdir, elm isə bomba ilə, təhdid ilə və bu kimi şeylərlə yox edilə bilməz. Bu elm bizdə mövcuddur. Yenə də təkrar edirəm ki, onlarla görkəmli alim, nüfuzlu professor, yüzlərlə tədqiqatçı və nüvə sənayesinin müxtəlif sahələri üzrə yetişmiş minlərlə kadrlarımız var. Məsələn, radiodərman istehsalı – mən radiodərman istehsalına toxunmadım – nüvə zənginləşdirilməsinin tətbiqindəki mühüm sahələrdən biridir. Müxtəlif radiodərman preparatlarının istehsalında bir çox mütəxəssis fəaliyyət göstərir; kənd təsərrüfatı sahəsində, sənaye sahəsində və digər müxtəlif sahələrdə də eləcə.
Əlbəttə, ölkədə bunları həyata keçirdiyimiz bu bir neçə onilliklər ərzində bizə, İrana, ölkə rəsmilərimizə və hökumətlərimizə qarşı bir çox təzyiqlər də həyata keçirilmişdir. Onlar istəyirlər ki, bu təzyiqlər vasitəsi ilə İran nüvə fəaliyyətini dayandırsın, amma biz təslim olmamışıq və olmayacağıq da. Biz həm bu məsələdə, həm də digər məsələlərdə təzyiqlərə boyun əyməmişik və əyməyəcəyik də. İndi bu adam, Amerika tərəfi inadla ayağını bir başmağa dirəyib tələb edir ki, İran uranı zənginləşdirməkdən imtina etməlidir; əvvəlkilər isə yuxarı səviyyədə zənginləşdirmə aparmayın, ya da zənginləşdirilmiş məhsullarınızı ölkə daxilində saxlamayın deyirdilər. Bunları tələb edirdilər; əlbəttə, biz qəbul etmirdik. İndiki isə tələb edir ki, xeyr, ümumiyyətlə, zənginləşdirməyə malik olmamalısınız. Bu nə deməkdir? Bunun mənası budur ki, ölkəmizin bu qədər zəhmət çəkdiyi, bu qədər investisiya yatırdığı, bu qədər saysız problemləri arxada qoyduğu bütün bu böyük nailiyyətlərin, bu əziyyətlərin, bu məhsulların hamısını tələf edib havaya sovurun! “Uranı zənginləşdirməkdən imtina edin”in mənası budur. Bəllidir ki, İran kimi qeyrətli bir xalq bu fikri qəbul etməz və onu deyənin ağzından vurar. Zənginləşdirmə haqqında demək istədiklərim bundan ibarət idi.
Üçüncü mövzuya gəlincə, siyasətçilərin açıqlamalarında Amerika ilə danışıqlar tez-tez gündəmə gətirilir; müxtəlif fikirlər söylənilir. Dediyim kimi, bəziləri bu danışıqları faydalı, lazımlı bilir, bəziləri zərərli hesab edir, bəziləri isə orta mövqe tuturlar; xülasə, fikirlər müxtəlifdir. Mən bu uzun illər ərzində başa düşdüyüm, müşahidə etdiyim, hiss etdiyim və təcrübə etdiyim qədər bu həqiqəti əziz xalqımızın nəzərinə çatdırmaq istəyirəm.
Xahiş edirəm ki, politoloq və siyasi fəallarımız da bu mövzuda bir qədər ciddi düşünsünlər, fikirləşsinlər, dərindən təhlil aparsınlar və ayıq şəkildə qərar versinlər. Onu demək istəyirəm ki, indiki vəziyyətdə – ola bilsin ki, 20-30 il sonra başqa vəziyyət yaransın; onunla işim yoxdur – Amerika dövləti ilə danışıqların aparılmasının, birincisi, bizim milli maraqlarımıza heç bir köməyi olmayacaq, bizə heç bir mənfəət gətirməyəcək və bizi heç bir zərərdən də qorumayacaqdır. Yəni bihudə işdir, nə ölkəyə fayda verəcək, nə də hansısa zərərin qarşısını alacaq. Heç bir şəkildə belə bir təsirə malik deyil. Bu, birincisi.
İkincisi, əksinə, bu danışıqların nəticəsində yaranacaq bir sıra zərərlər də vardır. Başqa sözlə, bir faydası yoxdur heç, üstəlik müəyyən zərərləri də var.
İkinci məqam bundan ibarətdir ki, indiki vəziyyətdə Amerika ilə danışıqlar aparmaq ölkə üçün böyük zərərlərlə nəticələnəcəkdir. Hətta demək olar ki, bunların bəzisi geri dönüşü olmayan zərərlərdir. Bu zərərlərdən bəzisini mən indi açıqlayacağam.
O ki deyirik, danışıqlar bizim xeyrimizə deyil, bizə fayda qazandırmayacaq, bunun səbəbi budur: Amerika tərəfi öz aləmində danışıqların nəticəsini qabaqcadan müəyyənləşdirib, yəni İranda nüvə fəaliyyətlərinin və zənginləşdirmənin dayandırılması ilə nəticələnəcək bir danışıqlar aparmaq istədiyini bəyan edib. Yəni Amerika ilə danışıqlar masasına oturaq və onlarla aparacağımız danışıqların nəticəsi də onların “belə olmalıdır!” sözü olmalıdır. Bu, artıq danışıq deyil; bu, diktədir, təzyiqdir. Qarşı tərəflə otur, danışıq apar ki, bu danışığın nəticəsi mütləq onun istədiyi, dediyi kimi olsun! Bu, danışıqdır? Qarşı tərəf bu gün deyir ki, danışıqlar aparın, amma bu danışıqlardan əldə olunan nəticə də bu olmalıdır: İran uranın zənginləşdirməsini dayandırsın! İndi bu şəxs (2) zənginləşdirmə haqqında danışır, halbuki bir neçə gün bundan əvvəl onun müavini bildirmişdir ki, İran heç raketə də malik olmamalıdır; nəinki uzaq mənzilli raketə, hətta orta və qısa mənzilli raketə də sahib olmamalıdır. Yəni İranın əl-ayağı elə bağlanmalı, əli elə boşaldılmalıdır ki, əgər hücuma məruz qalarsa, hətta Amerikanın İraqdakı və ya digər yerlərdəki hərbi bazalarına da cavab zərbəsi endirə bilməsin. Bu sözlərin mənası budur; belə bir nəticə əldə olunması üçün danışıqlar aparaq. Bunda fayda yoxdur; bu danışıqlarda heç bir xeyir yoxdur və başdan-başa bizim zərərimizədir. Onlarla aparılan danışıqların nəticəsi budur. Bu, danışıq deyil; bu, zorakılıqdır; bu, zorakılığa və Amerikanın diktəsinə dözmək deməkdir.
Əgər kimsə İran İslam Respublikası ilə qarşı-qarşıyadırsa, onların bu cür gözləntiləri, bu cür sözləri İran xalqını, İran İslam Respublikasını tanımadığına görədir, İran İslam Respublikasının fəlsəfə və prinsiplərini bilmədikləri üçündür. Bunları bilmədiklərinə görə belə danışırlar; biz məşhədlilər demişkən, “ağızlarından böyük söz danışırlar”. Və onların bu şəkildə “danışıqlar aparaq” demələri bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bütün bu deyilənlərə əsasən, bu danışıqların bizim üçün faydası yoxdur.
Amma zərər məsələsinə gəlincə; qeyd etdim ki, bu danışıqların ciddi zərərləri var. Ən önəmli olan məqam zərərin olmasıdır. Bu məqam çox mühümdür. Qarşı tərəf bizə hədə gəlir ki, əgər danışıqlar aparmasanız, belə edəcəyik, elə edəcəyik, bombardman edəcəyik və s. Bu kimi sözlər söyləyirlər; bir az üstüörtülü, bir az açıq şəkildə çıxış edirlər. Təhdid edirlər: danışıqlara gedin, əgər danışıqlara getməsəniz, belə olacaq, elə olacaq! Bu, təhdiddir. Ona görə də belə bir danışığın qəbul edilməsi İran İslam Respublikasının təhdidə boyun əyməsinin göstəricisi deməkdir. Əgər siz bu təhdidin nəticəsində danışıqlara getsəniz, bu, o demək olacaq ki, biz hər hədə qarşısında dərhal qorxuruq, titrəyirik və müqabil tərəfə təslim oluruq. Bunun mənası budur. Əgər bu təhdidə boyun əyilərsə, o zaman artıq onun sonu olmayacaq, bitib-tükənməyəcək. Bu gün deyirlər ki, uranı zənginləşdirməyi davam etdirsəniz, biz bunu edəcəyik, onu edəcəyik. Sabah da deyəcəklər ki, əgər raketiniz olsa, belə edəcəyik, elə edəcəyik. Başqa bir gün də deyəcəklər ki, filan ölkə ilə əlaqə qurmasanız, biz belə-belə edəcəyik. O biri gün də filan ölkə ilə əlaqəniz olsa, belə edəcəyik və s. Bir sözlə, daim təhdid olacaq və biz də düşmən hədələrinin qarşısında geri çəkilməyə məcbur olacağıq. Başqa sözlə desək, təhdidlə yanaşı olan danışığı heç bir şərəfli xalq qəbul etməz, heç bir düşüncəli siyasətçi təsdiqləməz. Reallıq bundan ibarətdir.
Mümkündür ki, istək və tələbləri qəbul edildiyi təqdirdə qarşı tərəf sizə müəyyən imtiyazlar verəcəyini də desin. Yalan deyir. “Müəyyən imtiyazlar verəcəyik” demələri yalandır. Bundan 10 il əvvəl biz amerikalılarla ölkəmizdə HBFP kimi tanınan bir müqavilə bağlamışdıq. Həmin müqaviləyə əsasən, biz nüvə məsələsi ilə bağlı bunları yerinə yetirməliydik: nüvə istehsalı mərkəzinin fəaliyyəti bağlanacaqdı, o vaxtı istehsal etdiyimiz 3.5%-lik məhsulu ölkədən çıxaracaq və ya azaldacaqdıq; yəni ləğv etməliydik, zənginləşdirmə fəaliyyətimizi tamamilə aradan qaldırmalıydıq və s. Onlar da qarşılıqlı olaraq sanksiyaları qadıracaqdılar. Və 10 il sonra İranın nüvə fəaliyyəti BAEA-də normallaşacaqdı. Əlbəttə, həmin vaxt o zamankı dövlət rəsmiləri yanıma gəlib 10 il haqqında danışanda mən dedim ki, “10 il çox uzun müddətdir, demək olar ki, bir ömürdür, axı siz niyə 10 ili qəbul edirsiniz?” Müxtəlif cavablar verdilər. Sonra söz verdilər ki, 10 ili qəbul etməyəcəklər, amma nəticədə qəbul etdilər. 10 il bu günlərdə sona çatdı; həmin 10 il başa çatdıqdan sonra “İranın nüvə fəaliyyəti BAEA-də normallaşacaq” dedikləri müddət bu günlərdə sona çatdı. Bu gün özünüz də görürsünüz ki, nüvə məsələmiz nəinki adiləşmədi, əksinə, ölkənin nüvə ilə bağlı olan problemləri TŞ-da, BMT-də və BAEA-da daha da artırıldı, ikiqat oldu! Qarşı tərəf belə biridir, onun verdiyi söz budur! Biz üzərimizə düşən bütün işləri yerinə yetirdik, onlar isə sanksiyaları qaldırmadılar, verdikləri sözlərin heç birinə əməl etmədilər, hələ üstəlik o özü qəbul olunmuş o müqaviləni, o anlaşmanı – necə deyərlər – cırıb atdı, ümumiyyətlə, HBFP-ni qəbul etməyərək ondan ayrıldı.
Əgər siz qarşı tərəflə danışıqlara getsəniz və tələblərini qəbul etsəniz, bu, ölkənin təslim olması, zəifləməsi və xalqın şərəfinin məhv olması deməkdir. Sizinlə təhdidlə danışanın hədəsini qəbul etsəniz, mənası bu deməkdir. Qəbul etməsəniz, yenə də indiki kimi həmin mübahisələr, həmin hədələr davam edəcək. Ona görə də danışıq aparmaq düzgün deyildir. Gəlin təcrübələrimizi unutmayaq; bu keçən son 10 ilin təcrübəsini unutmayaq. İndi söhbət Amerikadan gedir; hələlik Avropa ilə bağlı məsələyə toxunmaq istəmirəm.
Qarşı tərəf hər şeydə vədinə xilaf çıxır, hər şeydə yalan deyir, aldadır; zaman-zaman hərbi güc tətbiq edəcəyi ilə bağlı təhdid edir. Fürsət tapanda şəhid generalımız Qasim Süleymaniyə sui-qəsd etdikləri kimi, nüfuzlu şəxslərimizi terror edir və ya nüvə obyektlərimizi bombalayırlar; fürsət tapan kimi bu işləri görürlər. Qarşı tərəf bu xüsusiyyətə sahibdir. Belə biri ilə danışıq aparmaq, arxayınlıq və inamla oturub danışmaq, razılığa gəlmək olmaz!
Hesab edirəm ki, Amerika ilə nüvə məsələsindəki və bəlkə də başqa məsələlərdə də danışıqlar çıxılmaz nöqtəyə dirənib; yəni onlar üçün heç bir düzgün yol görünmür, bu, sözün tam mənasında çıxılmaz nöqtəyə dirənməkdir. Qoy fikirləşsinlər, düşünsünlər. Təbii ki, onun üçün yəni Amerikanın hazırkı prezidenti üçün bu danışıqlar faydalıdır; o, başını dik tutacaq və “mən İranı hədələyərək onu danışıqlar masasına oturtdum” deyəcəkdir. O, bütün dünyada bu rəftarı ilə fəxr edəcəkdir. Amma bizim üçün isə konkret olaraq zərərlidir və heç bir faydası yoxdur.
Sonda demək istədiyim budur ki, ölkənin inkişaf etməsinin yeganə yolu güclü olmağımızdır; biz güclü olmalıyıq. Hərbi, elmi, inzibati, dövlətçilik və təşkilatçılıq sahəsində güclü olmalıyıq. Qoy ağıllı və düşüncəli şəxslər, vətənpərvər mütəxəssislər ölkəni gücləndirməyin yollarını axtarıb-tapsınlar və bu istiqamətdə çalışsınlar. Çünki güclənsək, artıq qarşı tərəf bizi təhdid edə bilməz; görəndə ki, qarşı tərəf güclüdür, hətta təhdidə cəhd də etməz. Fikrimcə, bundan başqa yol yoxdur.
Allah-Taaladan kömək istəmək lazımdır, Allaha təvəkkül etmək lazımdır. Şəfaətçi olsunlar, yardım etsinlər deyə, məsum İmamlarımıza (ə) təvəssül etmək lazımdır və milli dəyanəti də ortaya qoymaq lazımdır ki, inşallah, işlər irəliləsin. Və Allahın köməkliyi ilə bu, olacaq da.
______________________
(1) İmam Rzanın (ə) şəhadətinin ildönümünə həsr edilmiş mərasimdə xalqın müxtəlif nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış (24.08.2025)
(2) Donald Tramp (Amerika prezidenti)