Ali Məqamlı Rəhbərin informasiya bloku

Həcc ziyarətinin təşkilatçıları ilə görüşdə edilən çıxış

– Mehriban və bağışlayan Allahın adı ilə!

Uca Yaradan bizlərə yenə də və daha bir ildə dəstək və yardımçı oldu, fürsət yaratdı və möhlət verdi ki, həcc mərasiminin, hacıların, müsəlmanların o sevimli diyara yola düşməsinin şahidi olaq. Bunun üçün biz Tanrıya varlığımızla şükür və minnətdarlıq edirik.

Həcc ziyarətinə böyük bir İlahi nemət və fürsət kimi baxılmalıdır. Bütün ibadətlər eynilə bu cürdür. Namaz da bir nemət, bir fürsətdir. Namaz bizə vacib olmasaydı, bizi qəflət dəryasında qərq olmaq təhlükəsi gözləyə bilərdi. Gündə bir neçə dəfə bizi Yaradanla görüşə, Tanrı ilə həmsöhbət olmağa, Pərvərdigarın hüzurunda itaətə, dua və yalvarışa tərəf çəkib aparan olduqca böyük bir nemətdir; bu misilsiz bir fürsətdir. Həcc ziyarəti də eynilə bu cürdür. Həcc ziyarətinin İslam dininin digər vacib əməllərindən üstünlüyü onun dünya miqyaslı, beynəlxalq olmasıdır. Hər bir müsəlmanın qəlbində Rəbbinin qarşısında itaətkarlıqla boyun əyməyə, təslim olmağa və yalvarıb-yaxarmağa duyduğu ehtiyac həcc ziyarətində ümumi və beynəlxalq bir xarakter kəsb edir. Dili, irqi, adət-ənənələri, xasiyyəti bir-birindən fərqlənən müsəlmanların hamısı orada itaətkarcasına Tanrıya təslim olur, dua və yalvarışa başlayırlar. Bu, bizim üçün adət halını almış, əzəməti və əhəmiyyətinə o qədər də diqqət yetirmədiyimiz, öz-özlüyündə isə  son dərəcə qəribə və ecazkar bir hadisədir: dünyadakı bütün müsəlmanlar bir yerə toplaşaraq diqqətini bir mərkəzə, bir nöqtəyə yönəldir və həmin nöqtənin qarşısında itaətkarcasına təslim olur. Həccə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır – dəyərli bir fürsət olaraq baxmaq lazımdır.

Biz həcc ziyarətinə qiymətli bir fürsət kimi baxsaq, o zaman gözümüz açılacaq, üzərimizə düşən vəzifələrə daha artıq diqqət yetirəcəyik. Allahın evində başqa müsəlmanlarla birlikdə itaətkar və ibadətkar bir bəndə olduğunuzu Tanrıya göstərmək üçün əlinizə belə bir fürsət düşür. Bu, hələ həmin fürsətin başlanğıcıdır. Əgər buna dəyərli bir fürsət kimi yanaşılsa, onda gərək insan heç nəyə baxmayaraq onu əldən verməsin. İnsanın Məkkeye-mükərrəmədə, yaxud Mədineye-münəvvərədə – əzəmətli Peyğəmbərimizin (s), bizə doğru yolu göstərən İmamlarımızın (Onların hamısına Allahın salamı olsun!), böyük səhabələrin, Uhud şəhidlərinin və tarixdə bir günəş kimi parlamış digər dahi insanların məqbərəsi yaxınlığında olması və diqqətini Tanrıya yönəldib Onu anmaq əvəzinə dünya işləri barədə düşünməsi təəssüf doğurur. Özü də rəzil, şəxsi bir dünyanın işləri barədə! Hər dəqiqəsi, hər saatı son dərəcə qiymətli bir fürsət olan, bu qısa, lakin iksir kimi ecazkar bir zaman kəsiyində dükanı-bazarı gəzmək, təəssüf ki, həyatımız boyunca başımızı qatan dəyərsiz işlərin ardınca o baş-bu başa dolaşmaq çox təəssüfləndiricidir! Heyif ki, hər misqalı bu qədər əzəmətli olan bir sərmayəni heç bir dəyəri olmayan, elə öz şəhərimizin, yaxud başqa bir yerin bazarlarında da görə biləcəyimiz gündəlik işlərə sərf edirik, ya da başqa bihudə işlərlə başımızı qatırıq! Bu birinci mühüm məqamdır! Məkkə və Mədinədə özümüz üçün mənəvi axirət azuqəsi toplamaq hayında olmalı, iman, mənəviyyat, Allahın zikri və Onun qarşısında itaətkar surətdə təslimolma sərmayəmizi artırmaq barədə düşünməliyik. Bu ilk olaraq atılmalı olan addımdır.  

Bu böyük fürsəti qənimət bilib ondan istifadə etməyin başqa bir variantı isə vahid İslam dünyası ilə təmasda olmaqdır. Dünya siyasətçilər, zorakı hakimlər, müstəmləkəçilər və xudpəsənd super-güclər demək deyil! Dünya insanlardır, camaatdır! Bəzən həmin təkəbbürlü qüvvələrin öz pozğun zehinlərinin məhsulunu dünya ictimaiyyətinin rəyi kimi qələmə verdiyinin şahidi oluruq: “Dünya ictimaiyyəti bunu istəyir!”. “Dünya ictimaiyyəti” milyardlarla xalq kütləsindən təşkil olunub. İslam dünyası da o cümlədən! İslam ümməti bax bu nəhəng orqanizmdir! Müsəlman ümməti Zeyd və Əmru deyil ki, hər hansı bir vasitə ilə bu böyük orqanizmin bir hissəsini hakimiyyətləri altına alıb başında ağalıq edələr! Ümmət bu əzəmətli insan toplumudur! Xeyir və bərəkət bu böyük varlıqdadır və onların iradəsi dağları yerindən oynatmaq iqtidarındadır; onların hərəkatı İslami dəyərləri dünyanı və hər kəsi ehtiva edəcək bir miqyasa çatdıra bilər. Bu sizin ixtiyarınızdadır! Hər ilin həcc mövsümündə ziyarətə yola düşən hər bir insan İslam dünyasının və İslam ümmətinin bu əzəmətli varlığın möhtəşəm bir izdihamı ilə qarşılaşır. Bunu qənimət bilmək lazımdır; bu bir şansdır və onu dəyərləndirmək lazımdır.

Bəs, görəsən, biz bu fürsəti necə dəyərləndirməliyik? Bəli, bunun yolları müxtəlifdir. Hamının yerinə yetirə biləcəyi ən asan metodlardan biri budur ki, İslam Respublikasının və İslami hakimiyyətin bayrağı altında ömür sürən hər bir müsəlman iranlı öz davranışı, hərəkətləri, xasiyyəti ilə İslam Respublikasını təmsil etməli; özünü təqdim etməlidir. İslama uyğun olan tərbiyənin öz üzərindəki təsirini nümayiş etdirməlidir. Bu ən asan yollardan biridir.

Məscidül-həramda, Məscidül-nəbidə, Bəqidə, Uhud şəhidlərinin ziyarətində yaxud başqa müqəddəs məkanlarda – Mina və Ərəfatda olan hacılar İslam dininə uyğun etika, Quranın tərbiyəsinə uyğun  davranış nümayiş etdirməli, Tanrı qarşısında itaətkar, təvazökar, hamıya sevgi ilə yanaşan, ona-bunu təhqir etməyən, təfriqəçilik deyil, bir araya gəlib, həmrəy olmaq tərəfdarı olan bir insan kimi davranmalıdır. İmamların (ə) dövründə əhli-sünnənin camaat namazlarında iştirak etməyinin savablarını qeyd edən rəvayətlərimiz var. Rəvayətdə var ki, Məscidül-həramda onların arxasında durub namaz qılsanız, sanki Peyğəmbərin arxasında durub namaz qılmış kimisiniz. Bunun mənası nədir? Aydındır ki, İmam Sadiq həmin imam-camaatın namazını Peyğəmbərin namazı ilə müqayisə etmir. Öz ardıcıllarından birinin namazı ilə də müqayisə etmir. Lakin “Onun arxasında namaz qılın!” deyir. Bu nə deməkdir? Bu birliyin nümayişidir. “Birlik və vəhdəti praktik surətdə nümayiş etdirin!” deyir. Bu ideyanın davamı olaraq da dahi rəhbərimiz İmam Xomeyni – o uzaqgörən, müdrik insan bizlərə, hamımıza, bütün iranlı hacılara tövsiyə etdi ki, Məscidül-həramdakı, Məscidül-nəbidəki namazlarda iştirak edin. Həmin toplumlara qatılın! Misal üçün, camaat namazı vaxtı, hamı namazda olduğu halda, kim isə iranlı zəvvarın əlindəki yükü darta-darta qaldığı otelə sarı apardığının şahidi olmasın. Bunlar zərərli hallardır. İslam etikasına uyğun olan davranış ən yüksək və bəyənilən şeylərdən biridir. Sizlər dil bilməsəniz də, ünsiyyətə girməsəniz də, etika və davranışınızdan, ədəbli, hörmətli, təmiz və səliqəli olmağınızdan, davamlı olaraq dua və zikrlə məşğul olmağınızdan (Əlhəmdulillah, neçə illərdir Kumeyl duası geniş yayılıb) İrandan gəlmiş bir zəvvar olduğunuz məlum olur. Ən böyük təbliğ bax bunlardır! Bu bir çox təbliğat metodlarından daha önəmlidir. Mömin insanlardan ibarət böyük bir toplum Uca Tanrının qarşısında diz çöküb yalvarır, günahlarının bağışlanmasını diləyir, göz yaşı tökür; təbliğ bax budur!

Müşriklərə nifrət və etiraz mərasimində iştirak etmək böyük bir təbliğatdır. Bu mərasimdə olmağın özü bir təbliğatdır. Bu, sizin həcc ziyarətini hərtərəfli miqyasda, tam bir kompleks şəklində həyata keçirdiyinizi göstərir.

Həcc ziyarətində tövhid – təkallahlılıq ideyası var. Tövhid əqidəsinin iki cəhəti var: biri Allahın varlığı, o biri isə Allahdan başqa məbudun olmamağı. Bunlardan biri təsdiq, digəri isə inkaretmədir. Həcc ziyarəti tövhidin təzahürüdür: Allahın rəhbərliyini təsdiq etmək və Allahdan başqa bir rəhbəri inkar etməkdir. Bu isə elə müşriklərə etiraz deməkdir.

Həcc məsələsi ilə bağlı digər mühüm məqam isə budur ki, zəmanənin və İslam ümmətinin ehtiyaclarına uyğun olaraq İrandan yola düşən, əlhəmdulillah, İslam Respublikasının iftixarı olan böyük karvan həmin ehtiyacları təmin edə biləcək işlər görməlidir. Hər il məhz nəyə ehtiyac duyulduğuna diqqət yetirməliyik. Bu dövrdə, ötən bir neçə il ərzində, o cümlədən, bu il hər bir insan ən azından ümmətin ən önəmli ehtiyaclarından birinin İslami birlik olduğunu hiss edir; müsəlman məzhəbləri arasında birliyə ehtiyac var. Görün, İslamın düşmənləri nələr edirlər? Görün İslam ümmətinin düşmənləri onu parçalamaq, məzhəblər arasında uçurum yaratmaq üçün nələr edirlər? Məzhəbləri qarşı-qarşıya qoymaq üçün nə qədər pullar xərcləyirlər? Törədilən bu qanlı hadisələrin (bunlardan birinin İraqda törədildiyi barədə dünən özünüz də eşitdiniz; bunlara bir çox başqa misallar da Pakistanda və digər nöqtələrdə baş verməkdədir) birbaşa hədəflərindən biri bir dəstə müsəlmanı kor-koranə terrorla məhv edib aradan götürmək, yaralamaq və şikəst etməkdir. Terror aktlarının böyük bir hissəsi isə şiə və sünnilər arasında ixtilaf yaratmaqla bağlıdır.

İraq ölkəsində uzun əsrlər boyu həm şiələr, həm də sünnilər olub və bunlar birgə ömür sürüblər. Bu gün mövcud olan kitablar və əqidələr o dövrdə də olub; bəlkə bugünkündən də mürəkkəb şəkildə olub. Lakin əsrlər boyu bu cür hadisələrə – məzhəblərin bir-birinə qarşı çıxmasına, bir-birinə hücum çəkməsinə təsadüf olunmayıb. Bunlar kimdir? Zaman-zaman, elə bu son dövrlərdə ölkəmizin bəzi nöqtələrində  törədilən qanlı hadisələr, yaxud Pakistanda baş verənlər nədir? Şiə və sünni qarşıdurması?! Bunlar şiə və sünni deyillər. Belə addımlar atan şəxslər, birbaşa, yaxud dolayısı ilə yadelli ünsürlərdir. Yadelli ünsürlərdir! Xaricilərin əlləridir! Bu gün şiə məzhəbli hacılar, iranlı hacılar Bəqi məzarlığının kənarında, Məscidül-həramda, Məscidül-nəbidə olarkən kimliyi, haradan gəldiyi məlum olmayan insanların müqəddəsləri təhqir etməsi, bəzən hətta cəsarət edib onların namusuna da təcavüz etməsi kimi hallarla üzləşirlər. Bunlar kimdir? Bu məsələdə hamı ayıq-sayıq olmalı, uzaqgörənliyini əldən verməməlidir. Dövlətlərin öhdəsinə düşən konkret vəzifələr var. Səudiyyə Ərəbistanının konkret vəzifəsi var: Allah evini ziyarətə gələn insanı, Tanrının Beytül-həramının zəvvarını, Peyğəmbərin (ə) və İmamların (ə) pak məqbərələrini ziyarət edənləri hər cür təzyiqdən qorumaq. Amerikanın istədiyi isə məhz budur ki, kim isə zəvvarlardan, şiə ruhanilərdən, yaxud başqa insanlardan hər hansı birinə qarşı mənfi hərəkət etsin, Səudiyyə məmuru isə kənardan buna tamaşa etsin, bəzi vaxtlar isə zalımın xeyrinə işə qarışsın. Bu, xarici casus xidmətlərinin arzuladığı haldır. Beytül-həramı ziyarətə gəlmiş hacılar İslam dünyasında baş verən hadisələrdən bixəbər qalmamalıdırlar.

Bu gün İraq, Əfqanıstan, məzlum Fələstin ölkəsi, Pakistanın bir hissəsi xarici əsgərlərin, müstəmləkəçi davranışlarının təzyiqi altındadır. İslam dünyası bütün bunları görməyə bilərmi?! Bunlar həcc ziyarətində diqqət yetirilməli, vurğulanmalı olan məqamlardır. Həcc ziyarəti ümmətin vəhdətinə, tərəqqisinə zərbə vuran, (yaxud ümmətin arasında ucaldılmış,) bu gün, əlhəmdulillah, İslam Respublikasının öz güclü əlləri ilə möhkəm tutduğu İslam bayrağına zərbə endirmək məqsədi güdənlərə müsəlmanların sonsuz əzm və iradəsinin təzahürü olmalıdır. Bütün bunlara həssas yanaşmaq lazımdır. Bunlar bizim öhdəmizə düşən vəzifələrdir; həccə yola düşən karvanların idarəçiliyi, təbliğat və bu qəbildən olan işlərlə bağlı tədbirlər planı hazırlanarkən bunlara diqqət yönəltmək lazımdır. Bizim hazırladığımız mədəni, siyasi proqramlar, karvanlarımızın idarəçilik proqramları, etdiyimiz seçimlər və hacılarımızdan ibarət dəstələr bu tələblərə riayət etməli və onları rəhbər tutmalıdırlar.

Əlbəttə, mən həcc ziyarətinin təşkili işində məsul olan, bu illər ərzində zəhmət çəkib belə böyük bir işi, belə böyük bir vəzifəni yerinə yetirmiş insanlara öz təşəkkürümü bildirirəm. Göstərdiyi yardıma görə cənab Reyşəhriyə, cənab Xaksara və digər dövlət məmurlarına, möhtərəm İrşad nazirlərimizə və digər sahələr üzrə rəsmi şəxslərə, karvan başçılarına, möhtərəm ruhanilərə, sizlərin hamınıza səmimi qəlbdən təşəkkür edirəm.

Bu, böyük bir işdir! Olduqca böyük bir hədəfdir. Öz növbəsində həm də çox ağır bir vəzifədir. Ümidvarıq ki, Uca Yaradan hamınıza dəstək və yardımçı olacaq və Həzrət Mehdi Sahibəz-Zəmanın (Ruhumuz ona fəda olsun!) duaları hamınıza şamil olacaq!

Allahın salamı və rəhməti sizlərə olsun!

Seyid Əli Xamenei

26 oktyabr, 2009-cu il