Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Rəhbərin çağırışı

  • İmam Xomeyni (r.ə)
  • Həcc
    • Həcc 2009
      Çap versiyası  ;  PDF
      Ali Məqamlı Rəhbərin möhtəşəm həcc toplumuna müraciəti

      – Mehriban və bağışlayan Allahın adı ilə!
      Həcc mövsümü mənəviyyatın baharının yetişdiyi və cahan üfüqlərində tövhid – təkallahlılıq günəşinin parlayıb nur saçdığı mövsümdür. Əslində, həcc ayini hər bir zəvvarın mənəviyyatını günah və qəflət girdabından pak edib onun varlığına və ruhuna Allah tərəfindən bəxş edilmiş nurlu fitrətini qaytara biləcək saf bir çeşmədir. Həcc miqatında ətrafdakılardan seçilən, şöhrətpərəst paltarlarını soyunub heç kəsinkindən fərqlənməyən birrəngli ehram libasını geymək İslam ümmətinin bərabərliyinin rəmzi, dünyanın hər bir yerində olan müsəlmanların birlik və həmrəyliyinə simvolik bir çağırışdır. Həccin şüarı bir yandan:

      فَالهُكُم اِلهٌ واحِدٌ فَلَه اَسِلموا وَ بَشِّرِ المُخبِتين
      “...Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver”. (“Həcc” surəsi, ayə 34)

      Digər tərəfdən isə belədir:

      و المَسجِدِ الحَرامِ الَّذى جَعَلنه لِلنّاسِ سَوآءَ العاكِفُ فيهِ وَ الباد
      “Və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər)” (“Həcc” surəsi, ayə 25)

      Odur ki, Kəbə təkallahlılığın simvolu olmaqdan başqa, həm də İslami qardaşlıq, bərabərlik və söz birliyinin də mükəmməl təcəssümüdür.

      Dünyanın dörd bir yanından buraya axışıb şövqlə Kəbəni təvaf etməyə və əzəmətli İslam Peyğəmbərinin (s) hərəmini ziyarətə gələn müsəlmanlar aralarındakı İslam ümmətinin böyük dərdlərindən bir çoxuna dərman ola biləcək qardaşlıq bağlarını möhkəmlətmək üçün bu dəyərli fürsəti qənimət bilməlidirlər. Bu gün açıq-aşkar görürük ki, İslam dünyasına qarşı bədxah niyyətdə olanların əlləri müsəlmanlar arasında təfriqə salmaq üçün əvvəlkindən də çox işləyir. Halbuki, İslam ümməti birlik və həmrəyliyə əvvəlkindən daha da artıq ehtiyac duyur. Bu gün düşmənlərin qanlı pəncəsi İslam ölkələrinin müxtəlif yerlərində aşkar surətdə faciələr törətməkdədir. Fələstin sionistlərin xəbis ağalığı altında günü-gündən artan əzab və möhnət içərisində çapalayır. Məscidul-əqsanı ciddi bir təhlükə gözləyir. Məzlum Qəzza əhalisi misli-bərabəri görünməmiş o dəhşətli soyqırımdan sonra hələ də əvvəlki kimi son dərəcə ağır bir vəziyyətdədir. İşğalçıların çəkmələri altında tapdanan Əfqanıstan hər gün yeni bir müsibətə düçar olur. İraqdakı qeyri-sabitlik xalqın asayişini pozub, rahatlığını əlindən alıb. Yəməndəki qardaş qırğını isə İslam ümmətinin qəlbinə yeni bir dağ çəkib.

      Dünyadakı bütün müsəlmanlar bu barədə ciddi düşünməlidirlər ki, son illər ərzində İraqda, Əfqanıstanda, Pakistanda baş verən fitnələrin, müharibələrin, partlayışların, terror aktlarının və kor-koranə qırğınların layihəsi harada və necə düşünülüb hazırlanır? Nəyə görə Amerikanın başçılığı altında Qərbin zorakı və mülkiyyətçi ordusu bu məntəqəyə ayaq basana qədər həmin xalqlar bir bu qədər müsibət və əzab-əziyyətin şahidi deyildi? İşğalçılar bir yandan Fələstin, Livan və digər yerlərdə xalqın müqavimət hərəkatına “terror” adını qoyur, digər tərəfdən isə özləri bu regionun xalqları arasında vəhşi etnik və qruplaşmalararası terrora təşkilatçılıq və rəhbərlik edirlər. Orta Şərq və Şimali Afrika regionu uzun illər boyu – bir əsrdən artıq bir müddət ərzində İngiltərə, Fransa və s. Qərb dövlətlərinin, daha sonra isə Amerikanın əli ilə işğal olunub istismara məruz qalmış və təhqir olunmuşdur. Onların təbii resursları talanmış, mənəviyyatlarındakı azadlıq əhval-ruhiyyəsi əzilmiş, xalqları isə təcavüzkar yadellilərin tamahkarlığının girovuna çevrilmişdir. İslami oyanış və xalqların müqavimət hərəkatı beynəlxalq despotlar üçün bu cür vəziyyətin davamını qeyri-mümkün bir işə çevirdikdən, habelə şəhidlik, Tanrı dərgahına yüksəlmək, Allah yolunda vuruşmaq İslami cihad meydanında misilsiz bir amil kimi bir daha təzahür edəndən sonra pərt olmuş qaniçən təcavüzkarlar daha hiyləgər və ikiüzlü taktikalara əl atdılar, üstəlik keçmiş metodlarını da yeni müstəmləkəçilik strategiyaları ilə əvəz etdilər. Lakin bu gün min bir siması olan imperializm əjdahası İslamın kürəyini yerə vurmaq üçün bütün bacarığını ortaya qoymuşdur: hərbi qüvvəsindən, polad yumruğundan və açıq-aşkar işğalından tutmuş zülm və şərə xidmət edən təbliğat şəbəkəsinə, yalan və şayiələr yaymaqla məşğul olan minlərlə strukturların işə salınmasına qədər; habelə ayrı-ayrı terror qruplaşmalarına və qəddarcasına törədilən insan qırğınlarına təşkilatçılıq etməkdən tutmuş cürbəcür əxlaqsızlıq və pozğunluq təzahürlərinə qəsdən rəvac verilməsinə, narkotik maddələrin çoxaldılması və yayılmasına, gənclərdəki yüksək əxlaqi-mənəvi psixologiyanın və əzmin sındırılmasına qədər; müqavimət mərkəzlərinə qarşı hərtərəfli surətdə həyata keçirilən siyasi hücumlardan tutmuş qardaşlar arasında etnik əsaslı xudpəsəndlik, məzhəb təəssübkeşliyi və düşmənçilik yaratmağa qədər.

      Müsəlman xalqları, İslam məzhəbləri və müsəlman etnosları arasında düşmənin arzuladığı kimi pessimist və bədgüman əhval-ruhiyyənin yerini bir-birinə qarşı sevgi, xoşgümanlıq və həmrəylik tutsa, şübhəsiz ki, bədxahların tədbir töküb cızdığı hiyləgər planların böyük bir qismi darmadağın olacaq. Belə ki, onların İslam ümmətinə günü-gündən daha da çox ağalıq etmək məqsədilə hazırladıqları məkrli planlar səmərəsiz olacaq. Həcc ziyarəti bu ali məqsədə çatmaq üçün ən gözəl fürsətlərdən biridir.

      Müsəlmanlar bir-biri ilə əməkdaşlıq etməklə, eləcə də Qurani-Kərimin və Peyğəmbər (s) sünnəsinin carçısı olduğu müştərək prinsiplərə söykənməklə min bir cildə girməyi bacaran bu şeytana qarşı müqavimət göstərib onu öz iradə və imanlarına məğlub edə bilmək üçün daha da güclənəcəklər. İran İslam Respublikası dahi imam Xomeyninin (r.ə) dərslərinə əməl edərək bu uğurlu müqavimətin bariz nümunəsinə çevrilmişdir. Onlar İslam Respublikasında məğlubiyyətə düçar olmuşlar; 30 il ərzində İİR-na qarşı əlbir surətdə cürbəcür hiyləgər, məkrli, düşmənçilik niyyəti güdən bir sıra sui-qəsd planları hazırlamışlar: çevrilişdən və 8 illik arzuolunmaz məcburi müharibədən tutmuş embarqo qoyulması və əmlakın müsadirə olunmasına qədər; mənəvi-psixoloji təbliğat müharibəsindən, informasiya agentliklərinin cəbhələşməsindən tutmuş elmi tərəqqinin qarşısının alınması, modern elmlərin, o cümlədən atom texnologiyası sahəsində biliklərin kəsb edilməsinin əngəllənməsinə qədər; hətta ölkədəki möhtəşəm və dərin məna tutumuna malik olan son prezident seçkisi olayına açıq-aşkar müdaxilə və provokasiyalara qədər – bütün bunlar düşmənin diz çökdürüldüyü, pərtliklə üzləşdiyi və çaşqın vəziyyətdə qaldığı tarixi səhnələrə çevrildi. Və:

      انّ كيدالشيطان كان ضعيفاً
      “Şübhəsiz, şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir”. (“Nisa” surəsi, ayə 76)

      ayəsi bir daha iranlıların gözü qarşısında təcəssüm etdi. Əzm və imandan doğan güclü müqavimətin xalqı xudpəsənd imperialistlərə qarşı mübarizə meydanına çəkdiyi hər bir nöqtədə də qələbə həmişə möminlərin, məğlubiyyət və rüsvayçılıq isə zalımların mütləq alın yazısı oldu. Livandakı 33 günlük açıq-aşkar qalibiyyət, son üç il ərzində Qəzzada gedən vüqarlı və qalibiyyətlə müşayiət olunan cihad hərəkatı bu gerçəkliyin canlı şahididir.

      Mən bu İlahi görüşdə iştirak edən bütün möhtərəm hacılara, xüsusilə də İslam ölkələrindən gəlmiş alim və xətiblərə təkidlə tövsiyə edirəm ki, problemin mahiyyətini düzgün dərk edərək özlərinin bugünkü təxirəsalınmaz vəzifəsini bir daha anlasınlar. Bütün qüvvə və bacarıqlarını sərf edərək onları dinləyən şəxslərə İslam düşmənlərinin əlbir olub hazırladıqları məkrli planları bir daha bəyan etsinlər və insanları birliyə, səmimi ünsiyyətə çağırsınlar. Habelə müsəlmanların bir-birinə qarşı bədgümanlığına yol aça biləcək hər bir şeydən ciddi surətdə çəkinsinlər, bütün stimul və şüarlarını müstəmləkəçilərin, İslam ümmətinin düşmənlərinin və fitnənin rəhbərlərinin, yəni sionizmin və Amerikanın başına yağdırsınlar. Həmçinin müşriklərə nifrət edib onlardan bezar olduqlarını sözdə və əməldə açıq-aşkar surətdə təzahür etdirsinlər.

      Uca Yaradandan özüm, eləcə də sizlər üçün bizi doğru yola istiqamətləndirməsini, dəstək və yardımçı olmasını, Öz geniş rəhmətini əsirgəməməyini  acizanə şəkildə diləyirəm. 

      Salam olsun sizlərə!

      Seyid Əli Hüseyni Xamenei
      26 noyabr, 2009-cu il
    • Həcc 2008
  • Fələstin
  • İctimai azadlıq
  • Qadınlar
  • İslam dövlətinin xüsusiyyətləri
700 /