Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika rəsmilərinin tənqidləri İran xalqının etinasına layiq deyil

Xürrəmşəhrin fəth olunduğu günlərin ildönümünə təsadüf edən bir vaxtda – bu gün (çərşənbə axşamı) səhər Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimi təşkil olundu.

Meydana daxil olan Ali Məqamlı Rəhbər əvvəlcə adı gizli şəhidlərin – Kəşfiyyat Nazirliyinin şəhid olmuş əməkdaşlarının məzarlarını ziyarət edərək “Fatihə” oxudu, Müqəddəs Müdafiə şahidlərinin xatirəsini ehtiramla yad etdi.

Ardınca Ali Baş Komandan meydanda düzülmüş hərbi birləşmələri hərbi salamla salamladı. O həmçinin meydandakı əlil və veteranlarla da salamlaşaraq hal-əhval tutdu.

Mərasimdə çıxış edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bildirdi ki, irəlidə gözlənilən 24 xordad seçkilərində İran xalqının atacağı böyük, qəhrəmanlıq əzmli, yüksək əhval-ruhiyyəli addım İslam İnqilabının və İslam dövlətinin daha böyük uğur və nailiyyətlərinin müjdəçisi olacaq. Ali Məqamlı Rəhbər ən yaxşı olanı tanıyıb seçmək üçün xalqa namizədlərin çıxışlarına və şüarlarına diqqətlə yanaşmağı tövsiyə etdi. O həmçinin üzünü prezidentliyə namizədlərə tutaraq bir daha təkidlə onlara öz təbliğatlarında İslam dövlətinin müdrik və rasional prinsip və mövqelərini təsdiqləməyi, destruktiv, təxribatçı və qeyri-etik davranışlardan çəkinməyi tövsiyə etdi. O dedi: “Allahın mənəvi dəstəyi sayəsində bu ölkənin və xalqın gələcəyi işıqlı, nüfuzlu və hər kəs üçün nümunəvi olacaq”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Kimin ölkə prezidenti olacağını, Uca Yaradanın xalqın qəlbini kimə doğru istiqamətləndirəcəyini mən bilmirəm, amma onu bilirəm ki, xalqın siyasi proseslərdə qüdrətli iştirakının və amallara doğru sürətli irəliləyişinin göstəricisi olan seçici aktivliyi, heç şübhəsiz, beynəlxalq arenada hörmət, toxunulmazlıq və nüfuz qazanmağımız, dostları sevindirib, düşmənləri narahat etməyimiz üçün zəmin olacaq”.

İran xalqının bədxahlarının xalqı seçkidə iştirakdan soyutmaq üçün apardıqları təbliğata toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu geniş təbliğatın səbəbi odur ki, əgər xalq meydana girib, öz dinamikliyini və yüksək ruhunu nümayiş etdirsə, bu, düşmənlərə baha başa gələcək”.

Amerika rəsmilərinin İranda gözlənilən seçkilərlə bağlı bəyanatlarına toxunan Ali Məqamlı Rəhbər dedi: “İrandakı seçkilərlə bağlı elə adamlar bəyanatlar verirlər ki, “Qvantanamo” həbsxanası, Pakistan və Əfqanıstanın yoxsul kəndləri üzərində uçan pilotsuz təyyarələri, regionda yürütdükləri müharibə siyasəti, cinayətkar İsrail rejimini qeyd-şərtsiz himayə etmələri onlar üçün nə qədər abırsız olduqlarını göstərən rüsvayçı bir ləkədir”.

Ali Məqamlı Rəhbər vurğuladı ki, onların nüfuzlu və başıuca İslam Respublikasına qarşı səsləndirdikləri tənqidlərə heç cavab verməyinə də dəyməz və bütün bunlar İran xalqının və rəsmilərinin etinasına layiq deyil. O dedi: “Lakin bu bəyanatlar xalqımız üçün ibrətvericidir, belə ki seçkinin düşmənlərimiz üçün nə qədər yüksək həssaslığa malik olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei dedi: “34 ildir ki, hər dəfə ölkəmizdə seçkilər keçiriləndə düşmən cəbhəsi qalmaqal çıxarır, hay-küy qoparır, eyni zamanda hər dəfə də uğursuzluqla üzləşir. Allahın lütfü sayəsində bu dəfə də böyük İran xalqı onların ağzının üstündən vuracaq”.

Xalqı möhtərəm namizədlərin mövqe və bəyanatlarına diqqətlə yanaşıb, dərindən düşünməyə çağıran Ali Məqamlı Rəhbər vurğuladı: “Xalq elə bir şəxsi seçməlidir ki, İslam İnqilabının və ölkənin nüfuzlu gələcəyi üçün zəmin yaratmağa, mövcud problemləri həll etməyə, düşmən cəbhəsinin qarşısında qüdrətlə duruş gətirməyə, İslam Respublikasını dünyanın əzilən xalqlarının gözündə örnəyə çevirməyə qadir olsun”.

Seçicilərin fərqli rəy və seçimə malik olduqlarını xatırladan Həzrət Ayətullah Xamenei dedi: “Rəylərdəki bu müxtəliflik, fərqli namizədlərə olan rəğbət hissi insanları üz-üzə qoymamalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Olduqca həssas və mühüm bir post olan ölkənin ali icraedici rəsmisi postuna seçim edilməsi üçün ölkədə lazımi hüquqi mexanizm var və hər şey bu mexanizmin əsasında həyata keçiriləcək. Odur ki namizədlərlə bağlı rəy müxtəlifliyi hansısa kin-küdurətin ortaya çıxmasına səbəb olmamalıdır”.

Ali Məqamlı Rəhbər prezidentliyə namizəd olmaq üçün müraciət etmiş insanlara da bir neçə tövsiyə verərək dedi: “Möhtərəm namizədlər də işlərini qəhrəmanlıq əzmi, yüksək ruh və həvəslə görməli, lakin konfliktlərə girməməlidirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İşin incəliyi bundadır ki, seçkiqabağı rəqabət atmosferində yüksək əhval-ruhiyyə, dinamiklik, qızğın müzakirələr olmalı, ancaq bir-birinə qarşı nifrət saçmaq kimi hallara yol verilməməlidir”.

Həzrət Ayətullah Xameneinin prezidentliyə namizədlərə verdiyi daha bir tövsiyə təbliğat metodları və buna xərclənən maddi vəsaitlə bağlı oldu. O vurğuladı: “Xalq namizədlərin təbliğat metodları, buna sərf olunan maddi vəsait, sağa-sola xərclənən pullar haqqında mühakimə yürüdəcək və beytülmalı, yaxud hansısa digər şəxslərin haram ehtimalı olan pullarını bu şəkildə xərcləyən şəxslər xalqın etimadını qazana bilməyəcəklər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Namizədlərin təbliğatında və şüarlarında əhəmiyyətli olan odur ki, İslam İnqilabının və İslam dövlətinin şərəfli, düzgün, rasional və məntiqli mövqeyi təsdiq olunsun”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Seçkiqabağı təbliğatda xaricdə, hətta daxildə olan bəzi düşmən ünsürlərə heç bir vəchlə ümid vermək olmaz. Çünki düşmən xalqın ümidini əlindən almağa, camaatı pessimizmə qapdırmağa çalışır və təəssüflər olsun ki, ölkə daxilindəki, Allahdan qorxmayan bəzi boğazlar, dillər və qələmlər də onların dediklərini təkrar edir”.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimləri, zabitləri və müəllimləri qarşısında çıxış edən Ali Baş Komandan çıxışının digər hissəsində qeyd etdi ki, bu akademiyanın tələbələrinə xas üstün cəhətlərdən biri də İslam İnqilabının keşiyində durmaqdır. O dedi: “İnqilabın keşiyində durmaq üçün tələb olunan şərtlərdən biri İslam İnqilabının ideoloji əsaslarına və prinsiplərinə düzgün və dərindən bələd olmaq və onlara sadiqlikdir”.

Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabının tarixində elə şəxslər olub ki, emosiyalarının təsiri altında, bu inqilabın əsas prinsiplərinə dərindən bələd olmadan meydana atılıblar və ciddi bir çətinliklə üzləşən kimi yollarını dəyişərək inqilabın kursundan çıxıblar”.

“İslam İnqilabının keşiyində durmağın daha bir vacib şərti bu inqilabın tarixini dəqiq bilməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabının tarixi, əslində, onun ideoloji əsaslarının obyektiv reallığıdır və bu əsasların praktikada sınandığını, təcrübədən keçdiyini göstərir”.

Ali Məqamlı Rəhbər xarici medianın ölkədəki bəzi zəif cəhətlərin üzərində həddən artıq dayandığını və onları on dəfələrlə şişirtdiyini bildirərək dedi: “Onların məqsədi İslam dövlətinin uğurlu təcrübələrini unutdurmaq, bu inqilabın nəzəri əsaslarının praktikada yanlış olduğu barədə fikir formalaşdırmaqdır. Buna görə də bütün xalqımız, xüsusilə də gənclər İslam İnqilabının tarixini mükəmməl bilməlidirlər”.

Ali Baş Komandan vurğuladı: “İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın rəsmilərinin və komandanlarının, eləcə də bütün ali təhsil müəssisələrinin rəhbərliyinin və müəllimlərinin mühüm vəzifələrindən biri gəncləri İslam İnqilabının tarixi ilə tanış etməkdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Gənc nəslin İslam İnqilabının tarixi ilə tanış olması dövlətimizin təhlükəsiz və mütləq gələcəyi üçün zəmin yaradacaq”.

O dedi: “İslam İnqilabının qələbə çaldığı ilk gündən bu günə qədər inqilabın atdığı hər bir addım növbəti addımının müjdəsi olub. Məhz elə buna görə də biz heç vaxt çıxmaza düşməmiş, pessimizm və ümidsizlik dalanına dirənməmişik”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Qurtulaşa və amallarımıza aparan yol bizim üzümüzə daim açıq olub. Əgər hansısa etaplarda istədiyimiz uğurları əldə edə bilməmişiksə, bu, qarşımızdakı yolun bağlı olmasından yox, özümüzün səhlənkarlığımızdan və fəaliyyətimizin zəifliyindən irəli gəlib”.

Mərasim zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general Məhəmmədəli Cəfəri çıxış edərək bildirdi ki, düşmənin hər cür təhdidinə qarşı eyni səviyyəli və effektiv reaksiya vermək üçün Keşikçi Korpusun qüvvələrinin müdafiə hazırlığı daim artırılır, daxili imkanları gücləndirilir. O həmçinin vurğuladı: “Mənəviyyatın gücləndirilməsi, dini ideologiyanın əsaslarının möhkəmləndirilməsi və dini biliklərin artırılması Keşikçi Korpusun təlim proqramlarında əsas yer tutur. Korpusun təlim mərkəzlərində kompleks təlim və tərbiyə sistemi tətbiq olunur”.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandanı admiral Murtəza Səfəri də öz çıxışında rəhbərlik etdiyi akademiyada həyata keçirilən proqramlar, təlim, mədəniyyət və döyüş hazırlığı üzrə aparılan kurslar haqda məlumat verdi.

Mərasimdə İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın nümunəvi komandir, müəllim, müdavim və məzunlarından bir qrupuna Ali Baş Komandan tərəfindən hədiyyələr verildi, birinci kursa qəbul olunmuş tələbələrin nümayəndəsinə isə poqonlar təqdim olundu.

Mərasimin ardında İmam Hüseyn (ə) adına Akademiyanın tələbələri meydanda “فَاستَقِم کَما اُمِرت” – “Sənə əmr edildiyi kimi düz yolda ol” (“Hud” surəsi, ayə 112) adlı proqramı nümayiş etdirdilər.

Tələbələrin hazırladığı proqramın digər hissəsini isə döyüş hazırlığını nümayiş etdirən hərəkətlərin icrası təşkil edirdi.

Mərasimin sonunda meydanda olan hərbi birləşmələr Ali Baş Komandanın önündən parad düzülüşü ilə ötüb keçdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /