Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Hökumət xalqın qulluqçusu, xalq isə hökumətin buyruqçusudur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1394-cü hicri-şəmsi ilinin başlaması ilə əlaqədar xalqa ünvanladığı müraciətdə İran xalqını və Novruzu qeyd edən bütün xalqları yeni ilin gəlişi münasibətilə təbrik edərək yeni ili “Dövlət və xalq – birlik və həmrəylik” ili adlandırmışdır.

Həzrət Ayətullah Xamenei öz müraciətində yeni ilin başlanğıcının Həzrət Fatimənin (s.ə) şəhadəti ilə əlaqəli günlərə təsadüf etdiyini xatırladaraq deyir: “Xalqımızın Peyğəmbərə (s) və onun əziz qızına olan mənəvi bağlılığından irəli gələn müəyyən tələblər var ki, camaatımız, heç şübhəsiz, onlara riayət edəcək. Ümidvaram ki, üzümüzə gələn yeni il Fatiməyə (s.ə) xas bərəkətlərlə dolu olacaq, yeni ilin əvvəlində o əzəmətli xanımın xatirəsini yad etməsi xalqımızın həyatında dərin və qalıcı bir iz qoyacaq”.

1394-cü illə bağlı məsələlərə xülasə formada toxunan Ali Məqamlı Rəhbər xalqla dövlətin geniş əməkdaşlığının vacib olduğunu vurğulayaraq deyir: “1394-cü ilin şüarının, yəni “Dövlət və xalq – birlik və həmrəylik” şüarının gerçəkləşməsi üçün hər iki tərəf – yəni həm əziz, böyük, şücaətli, gözüaçıq, müdrik və əzmli İran xalqı, həm də daim xalqın xidmətində duran hökumətimiz bir-birinə etimad etməli və səmimi surətdə əməkdaşlıq etməlidir”.

Həzrət Ayətullah Xamenei yeni ildə İran xalqına olan arzularını da dilə gətirərək deyir: “İqtisadi inkişaf, regional və beynəlxalq arenada nüfuz və iqtidar, həqiqi mənada elmi sıçrayışlar, hüquqi və iqtisadi sferada ədalət, ən başlıcası, iman və mənəviyyat mənim yeni ildə İran xalqına olan ən böyük arzularımdır. Əlbəttə ki, bütün bu arzu və istəklər əlçatandır, İran xalqının möhtəşəm potensialının, eləcə də İslam dövlətinin yürütdüyü siyasətin imkanlarından xaric deyil”.

Müraciətinin ardında Ali Məqamlı Rəhbər bu arzuların reallaşmasının xalqla dövlət arasında qarşılıqlı həmrəylik, həmkarlıq və səmimiyyətə bağlı olduğunu qeyd edərək deyir: “Hökumət xalqın qulluqçusu, xalq isə hökumətin buyruqçusudur. Hökumətlə xalq arasında əməkdaşlıq nə qədər geniş olsa, işlər daha yaxşı irəliləyər. Odur ki hökumət xalqı, həqiqətən də, qəbul etməli, camaatın dəyərini, əhəmiyyətini və imkanlarını düzgün qiymətləndirməli, xalq da hökumətinə sözün əsl mənasında etimad etməlidir”.

1393-cü ilin şüarının nə dərəcədə reallaşdığını dəyərləndirən Ali Məqamlı Rəhbər ötən ilin ölkə üçün paralel olaraq uğur və problemlərlə müşayiət olunduğunu bildirərək dedi: “1393-cü il üçün “Milli əzm və cihad ruhlu idarəetmə” şüarı məhz həmin problemlərə nəzərən seçilmişdi. Xalqımız da həm bəzi problemlərə sinə gərməklə, həm də 22 bəhmən və Qüds günü yürüşləri, eləcə də möhtəşəm Ərbəin yürüşü kimi mühüm və əlamətdar hadisələrdə fəal iştirakı ilə öz güclü əzmini və yenilməz təpərini nümayiş etdirdi”.

Bəzi sferalarda cihad ruhlu idarəetmənin də reallaşdığını bildirən Həzrət Ayətullah Xamenei dedi: “Cihad ruhlu idarəetmə harada özünü göstərirdisə, o yerdə uğurlar da açıq-aydın müşahidə olunurdu. Onu da deyim ki, milli əzm və cihad ruhlu idarəetmə şüarları yalnız 1393-cü ilə aid deyil. Əziz xalqımızın bu şüarlara bu il də, qarşıdakı bütün illərdə də ehtiyacı var”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /