Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1394-cü hicri-şəmsi ilinin təhvil olması münasibəti ilə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
 
  يا مقلّب القلوب و الابصار، يا مدبّر اللّيل والنّهار، يا محوّل الحول و الاحوال،حوّل حالنا الى احسن الحال

    السّلام على فاطمة و ابيها و بعلها و بنيها

Ey qəlbləri və gözləri haldan-hala salan, ey gündüz və gecələri dövr etdirib nizamlayan, ey insanın və təbiətin halını dəyişən, halımızı ən gözəl şəkildə dəyiş.

Salam olsun Fatiməyə, onun atasına, ərinə və övladlarına!

Yeni ilin başlanğıcı Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı günlərə təsadüf edir; xalqımızın Peyğəmbər (s) ailəsinə və əzəmətli Peyğəmbərimizin (s.ə) əziz qızına olan mənəvi bağlılığından irəli gələn müəyyən tələblər var ki, heç şübhəsiz, hər kəs onlara riayət etməlidir və sözsüz ki, edəcək də. Ümidvaram ki, bu günlər, bu yeni il Fatiməyə (s.ə) xas bərəkətlərlə dolu olacaq, o böyük xanımın mübarək adı, onun xatirəsini ehtiramla yad etməsi 1394-cü ildə xalqımızın həyatına öz dərin və qalıcı təsirini göstərəcək. Və ümidvaram ki, təbiətin yeni bir hicri-şəmsi ilinin başlanğıcı sayılan bu yeni baharı İran xalqı, eləcə də Novruzu bayram edən bütün xalqlar üçün mübarək olacaq. Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) hüzuruna acizanə salamlarımı yetirir, fürsətdən istifadə edib dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin də xatirəsini yad edirəm. Ümidvaram ki, Allah-taala bizə o əzizlərimizin pak nəfəsinin bərəkətindən, müqəddəs ruhlarının dualarından yararlanmağı nəsib edəcək.  1393-cü ilə, həmçinin bu saatlarda başlayan yeni ilə xülasə şəkildə bir nəzər salmaq istəyirəm. 1393-cü il həm daxildə, həm də xaricdə – beynəlxalq arenada ölkəmiz üçün mühüm olaylarla dolu bir il idi; problemlərimiz də oldu, uğurlarımız da. Mən məhz elə həmin problemlərə nəzərən ötən il bu vaxt yeni il üçün “Milli əzm və cihad ruhlu idarəetmə” şüarını seçmişdim. 1393-cü ildə gedən proseslərə nəzər saldıqda görürük ki, milli əzm, əlhəmdulillah, özünü göstərib, müşahidə olunub. Xalqımız həm üzləşdiyi müəyyən problemlərə sinə gərməklə, həm də 22 bəhmən və Qüds günlərində, eləcə də möhtəşəm Ərbəin yürüşündə fəal iştirakı ilə öz güclü əzmini, yenilməz təpərini nümayiş etdirib. Əlhəmdulillah, cihad ruhlu idarəetmə də bəzi sferalarda müşahidə olunurdu. Cihad əhval-ruhiyyəli idarəçiliyin mövcud olduğu həmin sferalarda uğur və nailiyyətlər də gözə dəyirdi. Əlbəttə ki, bu təkcə 1393-cü ilə aid olan bir tövsiyə deyil. Xalqımızın elə bu il də, üzümüzə gələn bütün illərdə də həm milli əzmə, həm də cihad ruhlu idarəetməyə ehtiyacı var.

1394-cü ilə gəlincə isə, bu ildə mənim əziz xalqımıza böyük və onu da deyim ki, hamısı əlçatan olan arzularım var. Bu yeni ildə mən xalqımıza iqtisadi inkişaf, regionda və dünyada nüfuz və iqtidar, sözün əsl mənasında elmi sıçrayışlar, hüquqi və iqtisadi sferada ədalət, ən əsası və bütün bu qeyd etdiklərimin dayağı olaraq isə iman və mənəviyyat  arzulayıram. Məncə, bütün bu arzu-diləklər realdır, əlçatandır. Bunların heç biri elə bir şey deyil ki, İran xalqının imkan və potensialından və ya İslam dövlətinin yürütdüyü siyasətlərin əhatəsindən kənar olsun. Bizim imkanlarımız çox genişdir; bu barədə deyiləsi sözlər çoxdur; inşallah, (şənbə günü) günortadan sonra  edəcəyim çıxışda ən mühüm olan məqamları qeyd edəcəyəm.

Hazırda isə əziz xalqıma onu demək istəyirəm ki,  bu böyük və mühüm potensial realdır, əlçatandır, amma müəyyən şərtləri var; ən vacib şərtlərindən biri xalqla dövlət arasında səmimi əməkdaşlıqdır. Hər iki tərəfdən bu səmimi əməkdaşlıq olsa, heç şübhəsiz, biz bütün arzularımıza çata bilərik və əziz xalqımız bunun nəticələrini açıq-aydın görər. Hökumət xalqın qulluqçusu, xalq isə hökumətin buyruqçusudur. Hökumətlə xalq arasında nə qədər çox səmimiyyət, əməkdaşlıq və həmrəylik olsa, işlər bir o qədər yaxşı irəliləyər. Xalq və hökumət bir-birinə inanmalıdır; həm dövlət xalqı sözün əsl mənasında qəbul etməli, onun dəyərini, əhəmiyyətini və imkanlarını düzgün qiymətləndirməlidir, həm də xalq onun işlərini yerinə yetirən hökumətə sözün həqiqi mənasında etimad göstərməlidir. Bu mövzuda da mənim demək istədiyim şeylər, müəyyən tövsiyələrim var ki, inşallah, çıxışımda qeyd edəcəyəm. Odur ki, məncə, bu ili xalqla hökumətin geniş əməkdaşlığı ili kimi qəbul etmək lazımdır. Mən yeni il üçün belə bir şüar seçmişəm: “Dövlət və xalq – birlik və həmrəylik”. Ümidvaram ki, bu şüar əməldə reallaşacaq və hər iki tərəf – yəni həm əziz, böyük, əzmli və şücaətli, müdrik və uzaqgörən xalqımız, həm də daim xalqının xidmətində duran dövlətimiz bu şüarı sözün əsl mənasında gerçəkləşdirə, onun nəticə və səmərəsini görə biləcək.

Uca Allahdan bütün böyük işlərdə ölkəmizə irəliləyişlər arzu edir, özümüzə də xalqa xidmətdə mənəvi dəstək olmasını diləyirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.