Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmən proqramına qarşı xalqla olan bağlılığımızı artıracağıq

Bu gün (şənbə) Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının müdavimlərinin illik buraxılış mərasimi keçirildi.

İslam İnqilabının Rəhbəri meydana daxil olduqdan sonra əvvəlcə naməlum şəhid məzarları üzərində “Fatihə” oxuyaraq Müqəddəs Müdafiə şəhidlərinin xatirəsini əziz tutdu.

Ali Baş Komandan daha sonra meydanda düzülmüş hərbi birləşmələri salamladı.

Meydanda olan əlil və veteranlarla salamlaşan Həzrət Ayətullah Xamenei bir neçə şəhid ailəsi ilə də görüşərək hal-əhval tutdu.

Bu görüşdə İslam dövləti ilə xalq arasına ayrılıq salmaq istəyən düşmən planından söz açan Həzrət Ayətullah Xamenei hər kəsi, xüsusilə məsul şəxsləri ayıq, mətin və tədbirli olmağa, milli birliyə və aristokratik həyat tərzindən uzaq durmağa çağırdı: “Əgər milli güc komponentləri gücləndirilsə və düşmən qarşısında süstlük və təslimçilik nümayiş etdirilməsə, bədxahlar növbəti dəfə də öz məqsədlərinə çata bilməyəcəklər”.

İslam İnqilabının Rəhbəri Qurani-Kərimin ayələrinə istinad edərək düşmənlərin planlarının nəticəsiz qalması üçün səbr və təqvanın zəruri şərt olduğunu dedi: “İslam İnqilabı kökü və gələcəyi olan bir inqilabdır. Onun üstün ideyalarına nail olmaq üçün səbr və dözümə ehtiyac var”.

O, habelə dedi: “Təqvanın mənası düşmən qarşısında daim ayıq-sayıq olmaqdır. Bu sayıqlıq düşmənin hiyləsi qarşısında ayıq olmaq, ona güvənməmək, tədbirli və rasional olmaq, laqeydlik və süstülkdən uzaq durmaqla şərtlənir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər bütün əhali, gənclər, habelə siyasi, iqtisadi, təhlükəsizlik və hərbi sahənin məsul şəxsləri bu səbr və təqvadan istifadə etsələr, Allahın izni ilə heç bir zərbə və ziyan olmaz”.

İslam dövlətinin güc komponentləri mövzusuna toxunan İslam İnqilabının Rəhbəri 57 illik pəhləvi hakimiyyəti dövründə İngiltərə və Amerikanın İrana ağalıq etdiklərini vurğulayaraq dedi: “İslam İnqilabının qələbəsi ilə xalqın qolu və qıçında olan zəncirlər açıldı və əsl azadlıq və müstəqilliyin dadı hiss edildi”.

O bildirdi ki, İslam Respublikasının güc komponentlərindən biri də milli özgüvən və xalqın bütün ölkə işlərinə təsiridir: “Bu milli özgüvən ölkənin ümumi hərəkət bədənindəki ruh kimi cəmiyyətdə diriliş, ümid və fədakarlığa zəmin yaradan iman hissi ilə müşayiət olundu. Müqəddəs müdafiə dövründə bunun çox nümunələrinin şahidi olduq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, fəaliyyət cürəti iman və milli özgüvənin digər faydalarındandır: “Bu ruhiyyə və cürətlə sepah, quruculuq hərəkatı, bəsic və ümumxalq hərəkatlar formalaşdı, silahlı qüvvələrə yeni nəfəs gəldi, xidmətlər və quruculuq təşkilatları, habelə qürurverici elmi hərəkatlar yarandı”.

İslam İnqilabının Rəhbəri həqiqi güc və iqtidarın xalqın daxilindən qaynadığını, azadlıq və müstəqilliyə əsaslandığını dedi: “Bəzilərinin əcnəbilərə pul verib onlardan silah alması, anbarlara yığması, buna baxmayaraq, həmin silahlardan istifadə edə bilməməsi və ya bir sülalənin iqtidarını qorumaq üçün yadların dünyanın o başından gəlib hər hansısa ölkədə baza yerləşdirməsi və bu ölkənin əhalisinin qanını axıtması güc deyil ki. Bunlar güc yox, axmaqlıq və zillət nümunələridir”.

O vurğuladı ki, İran xalqı güc komponentlərini qoruyub gücləndirməklə yanaşı onlardan vaxtında istifadə etməlidir: “İslam İnqilabının Keşikçiləri Ordusu güc komponentlərindən biridir. Bu komponent keyfiyyət baxımından davamlı olaraq inkişaf etdirilməli və onun zəngin potensiallarından istifadə edilməlidir”.

İslam İnqilabının Rəhbəri dedi: “Bəziləri deyir ki, nə üçün İranın qüdrətindən danışarkən mübaliğəyə yol verirsiniz? Cavabında deyilməlidir ki, bu, mübaliğə yox, eyni həqiqətdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının güc və iqtidarının ən böyük sübutu dünyanın ən rəhimsiz və qana susamış güclərindən biri olan ABŞ-ın keçən qırx il ərzində İran xalqına qarşı mübarizədə heç bir səy və pisliyi əsirgəməməsinə baxmayaraq, heç nə edə bilməməsi, əvəzində İran xalqının daha da inkişaf etməsidir”.

O vurğuladı ki, xarici düşmənlə yanaşı, bu illər ərzində daxili düşmənlər də təhrik və məkrlə məşğul olmuşdur: “İslam İnqilabının qələbə çaldığı ilk vaxtdan ölkədə 3 əleyhdar cərəyan mövcud olmuşdur – ABŞ və Qərb vurğunu olan liberal cərəyan; istənilən addımı atmaqdan çəkinməyən əlisilahlı kommunistlər; üzdə müsəlman olub daxildə xəbis, kafir və şəxsiyyətsiz olan münafiqlər. Üçüncü dəstə hətta bədnam Səddamla da əməkdaşlığa hazır olmuşdu. Bu gün də Fransa, İngiltərə və ABŞ kimi dövlətlərə casusluq və agentlik xidmətləri təqdim etməklə məşğuldurlar”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, hər üç cərəyan İslam İnqilabı qarşısında məğlub və məyusdur: “Əlbəttə, daxildə qeyd etməyə lüzum görmədiyimiz mürtəce bir cərəyan da var ki, xalq onu geridə qoymuşdur”.

O qeyd etdi ki, İran xalqının güc və qüdrətini göstərən dəlillərdən biri İslam Respublikası ilə mübarizə aparmaq üçün ABŞ tərəfindən regional kualisiyaların yaradılmasıdır: “Əgər ABŞ təklikdə öz məqsədlərinə çata bilsəydi, regionun üzüqara mürtəce ölkələri ilə kualisiya yaratmağa ehtiyac duymazdı”.

Həzrət Ayətullah Xamenei dedi: “İslam Respublikasının gücü və inkişafı ABŞ-ın düşmənçiliyinin daha da artmasına səbəb olmuşdur. Təbii ki, İran xalqının ABŞ-a qarşı olan nifrəti də gündən-günə artmışdır”.

İslam İnqilabının Rəhbəri düşmənin mövcud şəraitlə bağlı planına işarə edərək dedi: “Düşmənin planı dövlətlə xalq arasına ayrılıq salmaqdır. Bu plan onların axmaqlığını göstərir. Çünki İslam Respublikasının yalnız xalqdan ibarət olduğunu və bu ikisinin ayrılmazlığını bilmir”.

İran İslam Respublikasının xalqın hər tək-tək fərdinə, onların imanı, sevgisi və məhəbbətinə əsaslanan bir dövlət olduğunu vurğulayan İnqilabın Rəhbəri ABŞ-ın əvvəlki prezidentlərinin İslam Respublikası ilə mübarizədə göstərdikləri səylərin fiaskoya uğradığını dedi: “Hal-hazırki iqtisadi təzyiqlərin məqsədi xalqı bezdirməkdir. Lakin Allahın yardımı ilə biz xalqla olan bağlılığımızı günbəgün daha da artıracaq, düşmən məğlub edən birliyimizi qorumaqla mömin, motivasiyalı və aktiv gəncləri gücləndirəcəyik”.

Həzrət Ayətullah Xamenei gənc və qeyrətli nəslə səslənərək dedi: “Düşmən sizin müstəqilliyiniz, izzətiniz, inkişafınız, ölkənin elm, siyasət və inkişaf meydanındakı iştirakınıza qarşıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, düşmən bacardıqca öz mənfur hərəkətlərini davam etdirəcək: “Əgər ayıqlıq, tədbir və milli birliklə müşayiət edilən səbr və təqva iqtidarla davam etdirilsə, əmin olun ki, mənfur hərəkətlər nəticə verməyəcək”.

O bəzilərinin düşmən qarşısında təslim olmağı rəva gördüklərini qeyd edərək dedi: “Təslim olmağın xərci müqavimət xərcindən daha çoxdur. Müqavimətin faydası və nəticələri təslim olmağın xarcindən yüzlərlə dəfə çoxdur”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İnadkar düşmən qarşısında təslim olmağın tapdalanmaq və şəxsiyyətsizləşməkdən başqa nəticəsi olmayacaq”.

İslam İnqilabının Rəhbəri Allahın dəyişməz bir qanununa işarə edərək dedi: “Əgər zəiflik göstərməsəniz və düşmənlə uzlaşmasanız, Allah-taala bu səbr və mübarizəni cavabsız qoymayacaq və onun mükafatını tam verəcək”.

O, çıxışının sonunda bütün İran xalqını və məsul şəxsləri ayıqlığa, öz işlərinə davamlı nəzarət etməyə çağırdı: “Məsul şəxslər diqqətli olsunlar, laqeydlik, tənbəllik, aristokratik həyat tərzi, xalqa qarşı təkəbbürlük göstərməkdən və bir neçə günlük rəhbərlik mövqeyinə arxalanmaqdan çəkinsinlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İran xalqının, düşmənlərin hərbi, iqtisadi, təhlükəsizlik və siyasi hücum cürəti etməyəcəyi mövqedə qərarlaşmasına çox qalmayıb və gənclər o günü görəcəklər”.

Mərasimdə çıxış edən İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı briqada generalı Məhəmmədəli Cəfər hücuma məruz qalmışlar düşərgəsi ilə imperialist düşərgəsinin qarşıdurmasına işarə edərək dedi: “İranın inqilabçı xalqı mühüm bir tarixi təcrübənin astanasındadır. Bu təcrübənin nəticəsi ABŞ-a güvənməmək və imperializmin müxtəlif hiylələrinə qarşı mübarizə aparmaq üçün güc və enerjinin toplanmasının yeni dövrünün formalaşması olacaq”.

General Cəfəri əlavə etdi: “Sepahın mömin və inqilabçı gəncləri düşmənin istənilən planına qarşı mübarizə aparmağa hazırdır. Hər kəs bu qeyrətli kişilərin dərin baxışı və hərəkəti əsasında üzdə güclü görünən imperiyaların tənəzzülünü proqnozlaşdıra bilər”.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandanı, briqada generalı Fəzli də akademiyanın fəaliyyətləri və proqramları, o cümlədən zəlzələyə məruz qalmışlara yardım göstərilməsində iştirak və hərbi gücün artırılması sahəsində aparılan işlər və proqramlar haqqında məlumat verdi.

Mərasim zamanı İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın nümunəvi komandirləri, müəllim və tədqiqatçılarından bir qrupu Ali Məqamlı Rəhbərdən hədiyyələr aldılar və akademiyanın iki tələbəsi epolet və rütbə ilə təltif edildi.

Bugünkü buraxılış mərasimi proqramına “Mən inqilabçıyam” adlı layihənin icrası və İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin keşikçi andı içməsi və meydan əməliyyatlarının nümayişi də daxil idi.

Mərasimin sonunda meydanda düzülmüş birləşmələr Ali Baş Komandanın önündən təntənəli keçid etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /