Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin məsələsi mütləq Fələstin xalqının xeyrinə tamamlanacaq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) yüksək idarə heyəti ilə görüşdə Fələstin məsələsinin İslam dünyasının ən mühüm və birinci dərəcəli məsələsi olduğunu dedi. O, Fələstin xalqı və müqavimət qruplarının, o cümlədən Həmasın müqavimətini yüksək qiymətləndirərək vurğuladı: “Qələbə müqavimətsiz və mübarizəsiz əldə edilmir. Biz Allahın dəyişməz vədinə əsasən, inanırıq ki, Fələstin problemi mütləq Fələstin xalqının və İslam dünyasının xeyrinə tamamlanacaq”.

Görüşün əvvəlində Həmasın siyasi bürosunun sədrinin müavini Saleh Əl-Aruri Həmasın siyasi bürosunun sədri cənab İsmail Həniənin məktubunu İnqilabın Rəhbərinə təqdim etdi.

Həzrət Ayətullah Xamenei cənab İsmail Həniəyə bu məktubda qeyd etdiyi çox yaxşı və mühüm mövqelərinə görə təşəkkürünü bildirərək dedi: “Fələstin İslam dünyasının hərəkətinin mərkəzində yer aldığı kimi, Həmas da Fələstin hərəkətinin mərkəzində yer alır”.

O bildirdi ki, Qəzza əhalisi və İordan çayının qərb sahilinin sakinlərinin müqaviməti fəth və qələbənin müjdəçisidir: “Allah, Onun yolunda möhkəm və qətiyyətli dayananlara yardım və qələbə vədi vermişdir. Təbii ki, bu vədin gerçəkləşməsinin öz şərtləri vardır. Onların ən önəmlisi müxtəlif siyasi, mədəni, fikri, iqtisadi və hərbi sahələrdə yorulmaq bilmədən çalışmaq və mübarizə aparmaqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran İslam Respublikası Fələstin məsələsində dünyanın heç bir ölkəsindən çəkinmir: “Biz Fələstinlə bağlı fikrimizi həmişə açıq və şəffaf şəkildə elan etmişik. Hətta beynəlxalq aləmdə bizimlə dost olduqları halda, bu məsələdə fikir ayrılığında olduğumuz dövlətlər də bilirlər ki, İslam Respublikası Fələstin məsələsində tamamilə ciddidir” .

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası ilə düşmənçiliyin mühüm səbəblərindən biri Fələstin məsələsidir. Ancaq bu düşmənçiliklər və təzyiqlər İranın Fələstin məsələsi ilə bağlı mövqelərdən geri çəkilməsinə səbəb olmayacaq. Çünki Fələstinə dəstək dini və etiqadi bir məsələdir”.

O vurğuladı: “Əgər İslam dünyası Fələstin məsələsində bir olub müqavimət göstərsəydi, indi şərait daha yaxşı olardı. ABŞ-ın quyruğu olan Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrin Fələstin məsələsindən uzaq durması bir axmaqlıq idi. Çünki Fələstini dəstəkləsəydilər, ABŞ qarşısında imtiyaz əldə edə bilərdilər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, ilahi sünnəyə əsasən, Fələstin xalqının qələbəsi və bu müqəddəs torpağın İslam dünyasına qayıtması qəribə və reallaşmayacaq bir məsələ deyil: “40 il bundan əvvəl heç kəs inanmazdı ki, amerikalıların nüfuz və ümid mərkəzi olan İranda bir dini hökumət qurulacaq və Tehrandakı İsrail səfirliyi Fəlsətin səfirliyinə çevriləcək. Bu inanılmaz məsələ reallaşdı. Buna görə də üzdə qəribə görünən məsələlərin reallaşması mümkündür”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seyid Hüseyn Nəsrullah deyəndə ki, “Mən, inşallah, Əqsa məscidində namaz qılacağam”, bu bizim üçün tamamilə əməli və reallaşa biləcək bir ümiddir”.

O vurğuladı ki, bu ümidin reallaşmasının vacib şərltərindən biri cənab Həniənin öz məktubunda vurğuladığı möhkəm mövqelər və müqavimətdir: “Əgər biz hamımız öz vəzifələrimizə əməl etsək, ilahi vəd mütləq reallaşacaq”.

İslam İnqilabının Rəhbəri “Əsrin müqaviləsi” adlı xəyanətkar layihədən söz açaraq dedi: “Bu təhlükəli planın məqsədi Fələstin xalqı və gəncləri arasında fələstinli kimliyini məhv etməkdir. Məhz bu məsələyə qarşı mübarizə aparmaq lazımdır və onların puldan isitfadə edərək fələstinli kimliyini məhv etməsinə imkan vermək olmaz”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu layihəyə qarşı mübarizə aparmaq üçün təbliğata, mədəni və intellektual fəaliyyətlərə ehtiyac var: “Bu məkrli plana qarşı mübarizə aparmağın başqa bir yolu da budur ki, Fələstin xalqı inkişaf etdiyini hiss etməlidir. Bu məsələ Allahın lütfü ilə bu vaxta qədər baş vermişdir”.

O dedi: “Yaxın keçmişdə fələstinlilər daşla mübarizə aparırdılar. Lakin bu gün daş yerinə dəqiq hədəfi vuran raketlərlə təchiz olunublar. Bunun adı inkişaf hissidir”.

Bu görüşdə Həmasın siyasi bürosunun sədrinin müavini cənab Saleh Əl-Aruri cənab İsmail Həniənin və Fələstin xalqının salamlarını İslam İnqilabının Rəhbərinə çatdırdıqdan sonra dedi: “Zat aliləri qeyd etdiyi kimi, biz ilahi vədə əsasən, Qüds və Fələstinin sionistlərin caynağından azad ediləcəyinə, bütün mücahidlər və İslam ümmətinin Əqa məscidində namaz qılacağına inanırıq”.

Həmasın siyasi bürosunun sədrinin müavini İmam Xomeyninin (r.ə) İnqilabdan əvvəl və sonra Fələstinə dəstək məsələsində sərgilədiyi qətiyyətli mövqelərinə, habelə İnqilabın Rəhbərinin açıq mövqelərinə işarə edərək dedi: “Fələstin xalqına daimi və dəyişməz dəstəyinə görə, biz həmişə İslam Respublikasına təşəkkür etmiş və edirik”.

Cənab Saleh Əl-Aruri ABŞ və sionist rejimin İslam Respublikası ilə düşmənçiliklərinə, sanksiya və təhdidlərinə işarə edərək dedi: “Biz Həmas Müqavimət Hərəkatı kimi İran İslam Respublikası ilə olan həmrəyliyimizi elan edir və bildiririk ki, İrana qarşı atılmış istənilən növ düşməncəsinə addım, əslində, Fələstin və Müqavimət Hərəkatına qarşı atılmış düşməncəsinə addımdır. Biz özümüzü İrana dəstəyin ön sırasında görürük”.

O, Müqavimət Hərəkatının Fələstindəki müdafiə imkanlarına işarə edərək dedi: “Həmas və digər müqavimət qruplarının müdafiə imkanları keçən illərlə müqayisə edilməyəcək həddədir. Bu gün işğal altında olan ərazilər, sionistlərin əsas və həssas mərkəzləri Fələstin Müqavimət Hərəkatının raketlərinin vuruş mənzillərindədir”.

Həmasın siyasi bürosunun sədrinin müavini “Əsrin müqaviləsi” layihəsinə işarə edərək onun fələstinli kimliyini məhv etmək üçün hazırlanmış ən təhlükəli plan olduğunu qeyd edərək Qəzza və İordan çayının qərb sahilindəki ərazilərin son vəziyyəti və buradakı son dəyişiklər haqqında məlumat verdi.

Görüşün sonunda Həmasın nümayəndə heyəti üzərində Əqsa məscidinin şəkli olan tablonu İslam İnqilabının Rəhbərinə təqdim etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /