Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Elm və texnologiya sərhədlərini daha da genişləndirin

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər beynəlxalq elmi olimpiadalarda medal qazanmış və yüksək nəticələr göstərmiş bir qrup elit gənclə, habelə ölkənin dünya birincisi olmuş gənclərdən ibarət milli voleybol komandasının üzvləri ilə görüşdə istedadlı gənclərin dərin düşüncəsi, müdrikliyi və dərrakəsini yüksək qiymətləndirərək elit yolunun sonsuz olduğunu dedi: “Ölkə üçün faydalı olan elmi inkişaf inqilabçı baxış və İslam təfəkkürü əsasında mümkündür. Elit gənclər özlərini elm və texnologiya sərhədlərinə çatdırmağı və bu sərhədləri daha da irəliyə aparmağı qarşılarına məqsəd qoymalıdırlar”.

İslam İnqilabının Rəhbəri ölkənin və inqilabın gələcək ümidləri olan elit və idmançı gənclərlə görüşün çox şirin olduğunu dedi: “Elit gənclərin bu görüş zamanı etdikləri çıxışlar məsələlərə dərin, diqqətli və düşüncəli baxışın olmasından xəbər verir. Bu isə çox mühüm və sevindiricidir”.

Həzrət Ayətullah Xamenei elit gənclərin öz medallarını ona hədiyyə etdiklərinə görə onlara öz təşəkkürünü bildirdi: “Bu, bir şəxsə edilmiş hədiyyə deyil. Bu addım simvolik xarakter daşıyır. Mən bu medalları qəbul etdikdən sonra onları yenidən əziz və elit gənclərə qaytaracağam ki, özlərində saxlasınlar”.

O, elit gənclərə dedi: “Biz sizin fəxrinizlə fəxr edir, qürurunuzla qürur duyuruq. Sizin başınızın uca olması millətin və dövləti sevən hər kəsin başı ucalığıdır”.

İslam İnqilabının Rəhbəri elit gənclərin sözlərinə, onların toxunduqları bəzi məsələlərə və irəli sürdükləri təkliflərə işarə edərək bu təkliflərin araşdırılacağını vurğuladı: “Elit yolu səy və inkişafın sonsuz yoludur. Buna görə də medal qazanmaq bu yolun sonu kimi qəbul edilməməli və elit istedad və imkanların sona çatması kimi başa düşülməməlidir”.

Həzrət Ayətullah Xamenei son iki əsrin qacarlar və pəhləvilər dövrünə təsadüf edən hissəsində İran xalqının məruz qaldığı geriliyə işarə edərək dedi: “İslam İnqilabından sonra, xüsusilə son iyirmi il ərzində elm və texnologiya sahəsində göstərilmiş səylərə baxmayaraq, biz hələ də çox geridəyik. Elit gənc nəslin ən mühüm vəzifəsi uğurlu elm yolunu sürətlə davam etdirməklə yanaşı, elm və texnologiya sərhədlərini genişləndirməkdir”.

O, İranın nanotexnologiya sahəsində yüksək zirvələrdə qərarlaşması faktına işarə edərək dedi: “İndi gözləntimiz ondan ibarətdir ki, elit gənclər və gələcək nəsil nano və biotexnoologiyanın bilinməyən elmi fenomenləri kimi yüzlərlə məsələni kəşf etsinlər və elmi inkişaf yolunu davam etdirməklə kifayətlənməsinlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, bu mərhələyə çatmaq elitlik cövhərini qoruyub yüksəltmək və hal-hazırki şəraitlə kifayətlənməməklə şərtlənir: “Elit gənclər iş, faliyyət və problemləri geridə qoymaqla öz imkanlarını artırmalı dayanmadan inkişafı davam etdirməlidirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, elit gəncin dövlətə və millətə faydalı olması inqilabçı baxışın olması ilə şərtlənir: “İnqilab və İslam təfəkkürünü, bəsirəti özünüzdə gücləndirin. Çünki bu baxış olmadan ölkənin xeyrinə olan inkişaf olmayacaqdır. Habelə Allahla səmimi əlaqəni, Ona təvəkkülü və Ondan yardım istənilməsini unutmayın”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında ölkənin gənclərdən ibarət milli voleybol komandasının qələbəsinə işarə edərək dedi: “Allahın lütfü ilə bizim voleybolçu gənclər qürurverici hadisə yarada və voleybolda dünya birincisi ola bildirlər. Bu uğur çox qiymətlidir və insanların sevincinə səbəb olur. Mən də sevindim, üstəlik xalqın sevincinə də sevindim”.

Həzrət Ayətullah Xamenei bu böyük uğurun iranlı baş məşqçinin rəhbərliyi ilə əldə edilməsinin çox sevindirici və mühüm olduğunu dedi: “Mən həmişə hesab etmişəm ki, ölkənin idman komplekslərinin iranlı baş məşqçilərinin olması daha yaxşıdır”.

İslam İnqilabının Rəhbəri öz kiçik yaşlı uşağı ilə birlikdə medal qazanmış elit xanımlardan birinə işarə edərək dedi: “Bu möhtərəm xanımın həyat yoldaşı və övladı ilə birlikdə iştirakı onu göstərir ki, qadınlar ər və uşaqları olmasına rəğmən, böyük uğurlar əldə edə bilərlər”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində elitlərin yolu üzərində mövcud olan problemlərdən danışan və qurumların fəaliyyətlərindən gileylənən elit gənclərdən birinin səsləndirdiyi fikirlərə işarə edərək dedi: “Problemlər gənci dayandırmamalı və ümidsiz etməməlidir. Çünki ümidsizlik zəhərdir. Əgər əvvəlki nəsillər dayansaydılar və ümidsizliyə qapılsaydılar, onda biz elə fəsad və təzavüz dövründə qalacaqdıq. Ancaq indi əvvəlki nəsil gənclərin bərəkəti sayəsində ölkədə şərait yaxşılaşıb. İndi elit gəncin istedadları üzə çıxır və açıq şəkildə ayağa qalxıb öz sözlərini deyə bilir”.

İslam İnqilabının Rəhbəri habelə 44-cü maddənin uyğun olmayan icrası və ümumi siyasətlərdən qaynaqlanan özəlləşdirməni tənqid edən elit gənclərdən birinin fikirlərinə işarə edərək dedi: “44-cü maddə məsələsində uyğunsuz nəticənin səbəbi şərh yox, fəaliyyətlərdir. Mən həmişə bu fəaliyyətlərin ən böyük tənqidçisi olmuşam. Bir çox hallarda da yanlışların qarşısını alıb onları geri çevirmişəm”. Həzrət Ayətullah Xamenei vurğuladı: “O şərh ölkənin qəti bir ehtiyacı idi. O dövdə iqtisadi ekspertlər və mütəxəssislərin bir çoxu 44-cü maddə üçün belə bir şərhin olmasını zəruri hesab etmişdilər. Təəssüflər olsun ki, hökumətlər bu maddəyə yaxşı əməl etmədilər. Mən bu məsələni daim nəzarətdə saxlayıram”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən altı nəfər elmi olimpiada medalçısı və milli voleybol komandasının iki üzvü öz görüşlərini və nəzər nöqtələrini açıqladılar. Çıxış edənlər aşağıdakılardır:

- Əlirza Kərimi: Kimya Olimpiadasının gümüş mükafatçısı

- Yusif Şəllagə: Tibb ixtisası üzrə tələbə, Nano Olimpiadasının qızıl medalçısı

- Əlirza Şərif: Riyaziyyat ixtisasi üzrə tələbə, Fizika Üzrə Beynəlxalq Olimpiadanın qızıl medalçısı

- Rza Keyanipur: Tibb ixtisası üzrə tələbə, Biologiya Olimpiadasının mükafatçısı

- Nima Rəcəbi: Astronomiya Üzrə Olimpiadanın bürünc mükafatçısı

- Xanım Zəhra Hidayətimətin: Tələbə Ədəbiyyatı Olimpiadasının qızıl medalçısı

Çıxışçıların toxunduqları məsələlər:

- Elit Tədqiqatçılar Mərkəzinin məscidlər, xüsusilə diqqət və qayğıdan kənarda qalan regionların məscidlərində elmi fəaliyyətlərin artırılması sahəsində göstərilən fəaliyyətlərin hesabatı

- Problemləri elitlərin əli ilə həll etmək məqsədilə ölkə daxilindəki elitlərin qorunmasının vacibliyi

- Ölkənin əsas problemlərini həll etmək üçün elmi mühitlərdə vəzifə təyinatını nəzərdə tutan baxışın gücləndirilməsi zərurəti

- Elitlərdə öhdəlik və inqilabçı ruhiyyənin qorunması zərurəti

- Müxtəlif humanitar elmlər, o cümlədən fəlsəfə sahəsi üzrə olimpiadaların keçirilməsi zərurəti

- Elitlərin ehtiyaclarına az diqqət ayrılmasının tənqidi və onlarda ümidsizlik yaranmasının qarşısının alınmasının vacibliyi

- Növbətçi zabitə ödəniş edilməsi sahəsində ümumi vəzifə xidmətləri qanununun dəqiq icra edilməsinin vacibliyi

- Konstitusiyanın 44-cü maddəsinin doğru icra edilməməsinin tənqidi

Gənc voleybolçular komandasının baş məşqçisi Behruz Ətai və komandanın kapitanı Əmir Hüseyn İsfəndiyari İslam İnqilabının Rəhbərinin voleybol idmanına göstərdiyi diqqətə və təbrik mesajına görə təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, gənclərdən ibarət milli voleybol komandasının qəhrəmanlığı tarixi bir hadisə oldu. Belə bir qəhrəmanlığa tamamilə iranlı olan kadrla nail olmaq qürurvericidir.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /