Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbəri:

Fələstinin əsl sahibləri hökumətlərini seçə bilməlidirlər

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər dövlət rəsmiləri, “İslami vəhdət” konrfansının iştirakçıları, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı siniflərdən olan bir qrup nümayəndəsi ilə görüşdə bildirdi ki, İslam dünyasının hal-hazırki müsibətləri, xüsusilə Fələstinin təəssüf doğuran vəziyyətinin səbəbi islami vəhdətin zəifliyidir. O vurğuladı ki, İsrailin məhv olması deyilərkən qondarma sionist rejimin məhvi, müsəlman, xristian və yəhudi olmasından asılı olmayaraq, Fələstinin əsl sahiblərinin seçdiyi hökumətin hakimiyyətdə olması nəzərdə tutulur: “Başda ABŞ olmaqla bütün İslam düşmənləri İslamın özünə və bütün İslam ölkələrinə qarşıdırlar. Onların bizim regiondakı əsas silahları həssas və qərar qəbul edən mərkəzlərə nüfuz etmək, xalqlar arasına təfriqə salmaq, problemlərin həlli kimi ABŞ qarşısında təslim olmağın təqlin edilməsidir. Bu planların əlacının resepti aydınlaşdırma və haqq yolda qətiyyətlə dayanmaqdır”.

Əziz İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günü münasibətilə hər kəsi təbrik edən Həzrət Ayətullah Xamenei Böyük İslam Peyğəmbərinin Quran mücəssəməsi, Allahın ən üstün və əzəmətli məxluqu, həyat işığı və insan cəmiyyətlərinin aydınlandırıcısı olduğunu dedi: “Bəşəriyyət tədricən bu həqiqətləri dərk edəcək. Ümidvarıq ki, bu Müqəddəs varlığın mövlud günlərində İslam dünyasının təbəssüm edəcəyi, dodaqlarında qəm-qüssənin olmayacağı günü görəcəyik”.

İslam İnqilabının Rəhbəri İslam Respublikasında Rəbiül-əvvəl ayının 12-dən 17-nə qədər olan vaxtın “Vəhdət həftəsi” kimi adlandırılmasına işarə edərək bildirdi ki, vəhdət siyasi və taktiki bir hərəkət yox, İslam ümməti arasında vəhdətin zəruriliyinə etiqad və qəlbdən gələn bir imandır: “Bu köklü etiqadın, hətta İslam Respublikası qurulmazdan əvvəl də bütün şiə dünyasının böyük təqlid mərcəi olan Ayətullah Bürucerdi kimi mühüm tərəfdarları olmuşdur”.

O, vəhdətin dərəcələrindən danışarkən bildirdi ki, İslam dünyasının vəhdətinin birinci addımının və ən aşağı dərəcəsinin İslam cəmiyyətləri, hökumətləri, xalq və məzhəblərinin bir-birinə təcavüz etmək və zərbə endirməkdən çəkinmək və ortaq düşmən qarşısında birlik və vəhdətdən ibarət olduğunu dedi: “Ən yüksək dərəcələrə gəldikdə isə yeni İslam mədəniyyətinə nail olmaq istiqamətində siyasi güc, elm, sərvət əldə etmək üçün İslam ölkələri bir-birlərinə qarşılıqlı kömək etməlidirlər. İslam Respublikası da bu cəhəti, yəni Yeni İslam mədəniyyətinə nail olmağı son məqsəd seçmişdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam dünyasında mövcud olan müsibətlər, o cümlədən Fələstin problemi, Yəmən, Qərbi-Asiya, Şimali-Afrikada baş verən qanlı müharibələrin səbəbi münaqişədən çəkinmək və ortaq düşmən qarşısında birləşmək prinsipinə bağlı olmamaqdır: “Bu gün İslam dünyasının ən böyük müsibəti Fələstin problemidir – milləti öz evindən və vətənindən didərgin salıblar”.

İslam İnqilabının Rəhbəri İslam İnqilabının ilk günündən başlayaraq sionizmin nüfuzu, müdaxilə və zülmünə qarşı təhlükə xəbərdarlığının edilmsi istiqamətində dahi İmamın tutduğu aydın mövqelərə işarə edərək qeyd etdi ki, İran İslam Respublikasının Fələstin problemi ilə bağlı mövqeyi qəti və fundamental bir mövqedir: “İslam İnqilabının ilk günündən bu günə qədər də bu mövqedə qalmışıq. Yəni düşünmədən və çəkinmədən Fələstin və fələstinlilərə kömək etmiş və edəcəyik. Bu işin bütün İslam dünyasının vəzifəsi olduğunu hesab edirik”.

O, düşmənlərin İmam Rahil və İslam dövlətinin rəhbərlərinin tez-tez vurğuladıqları “İsrailin məhvi” məsələsinin tərif edilməsinə çalışdıqlarını dedi: “Biz Fələstin, onun müstəqilliyi və nicatının tərəfdarıyıq. İsrailin məhvi yəhudi xalqının məhvi demək deyil. Çünki bizim onlarla qətiyyən işimiz yoxdur. Ölkəmizdə də bir qrup yəhudi tam əmin-amanlıq içərisində yaşayır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İsrailin məhvi deyilərkən zorakı sionist hökuməti və rejiminin məhvi nəzərdə tutulur: “Fələstinin əsl sahibləri olan müsəlman, xristian və yəhudilər öz hökumətlərini özləri seçə bilməli, Netanyahu kimi xuliqan, fasiq və yad ünsürləri ölkədən çıxara və öz dövlətlərini idarə edə bilməlidirlər. Bu, əlbəttə, baş verəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında ABŞ, sionist rejim və İslami vəhdətin düşmənlərinin bütün İslam ölkələrinə düşmən olduqlarını dedi: “İslamın mahiyyəti zülm, imperializm və hegemonluği inkar edir. Buna görə də onlar İslamın əsası və İslam ölkələrinə qarşıdırlar. Onların təkcə İslam Respublikası ilə düşmənçilik etməsi təsəvvürü doğru deyil”.

O, amerikalıların Səudiyyə ilə bağlı işlətdikləri təhqiramiz ifadələrə işarə edərək dedi: “Onlar açıq şəkildə deyirlər ki, səudiyyəlilərin puldan başqa heç nələri yoxdur. Yəni deyirlər ki, gedək onları qarət edək. Bu, bir dövlətə və bir xalqa qarşı aşkar düşmənçilikdir. Onlar başa düşməlidirlər ki, ərəb qeyrəti və İslam şərəfinin bu cür təhqir edilməsi qarşısında hansı vəzifəni daşıyırlar”.

ABŞ-ın regiondakı varlığının şər, fəsad, təhlükə və İŞİD kimi qruplaşmaların yaranma səbəbi olduğunu deyən Həzrət Ayətullah Xamenei vurğuladı ki, müsəlman xalqların ABŞ-ın əsl münafiq üzü ilə tanış olması zəruridir: “Bu gün ABŞ-ın bizim regiondakı əsl silahı həssas və qərar qəbul edən mərkəzlərə nüfuz etmək, xalqlar arasına təfriqə salmaq və onların qətiyyətlərini laxlatmaq, xalqlar və hökumətlər arasında inamsızlıq yaratmaq, qərar qəbul edən subyektlərin hesablamalarını saxtalaşdırmaq və problemlərin həllinin ABŞ-ın bayrağı altına keçib ona təslim olmaq məzmununu təlqin etməkdir. Bu silah hərbi və sərt silahdan da təhlükəlidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, düşmənlərlə mübarizə yolu Allahın göstərişinə əməl etmək, yəni haqq yoldan qətiyyətlə dayanmaqdır: “Təbii ki, bu müqavimətin çətinlikləri də olacaqdır. Amma bu çətinliklərə sinə gərmək saleh əməldir və Allah yanında da mükafatı olacaqdır. Düşmənə təslim olmağa gəldikdə isə, onun daha böyük çətinlikləri var. Allah zülmə boyun əyənləri cəzalandıracaqdır”.

O, çıxışının son hissəsində qeyd etdi ki, İslam dünyasında müsəlman xalqların siyasi, mədəni və iqtisadi müstəqilliyi, İslam ümmətinin vəhdəti və iqtidarı, xalqa və zəiflərə kömək, həqiqətlərin təbliği, mövhumatla mübarizə, elm və tədqiqatlara, o cümlədən nüvə enerjisinə rəvac verilməsi istiqamətində deyilmiş hər bir söz, edilmiş hər bir hərəkət və atılmış hər bir addım yaxşı və saleh əməldir: “Sülh məqsədli atom enerjisi xalqların tələbatıdır. Lakin Qərbin inhisarçıları bu enerjini öz monopoliyalarında saxlamaq, xalqların şərəf və istiqlalına qarşılıq olaraq bunu onlara damcı-damcı vermək niyyətindədirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qərblilər bilirlər ki, biz prinsip və etiqad baxımından nüvə silahı düzəltmək istəyində deyilik. Buna görə də onların İslam Respublikasının nüvə fəaliyyətinə qarşı çıxmasının səbəbi İranı nüvə elmi, sənayesi və imkanından məhrum etməkdir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, İslam dünyasının ziyalı və alimlərinin üzərinə çox mühüm bir vəzifə düşür: “Haqqı qüdrətlə müdafiə edin, düşməndən qorxmayın və bilin ki, İslam dünyası Allahın lütfü ilə yaxın gələcəkdə öz parlaq arzularının gerçəkləşdiyini görəcəkdir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident Höccətül-İslam vəl-müslimin Ruhani dedi: “Böyük İslam Peyğəmbəri elə bir şəraitdə dünyaya gəldi ki, bütün dünya ayrı-seçkilik, müharibə və qan içindəydi”.

Cənab Ruhani əlavə etdi: “Əziz Peyğəmbər özü ilə birlikdə səmavi kitab, mizan, sədaqət, elm, iman, vəhdət və birliyi hədiyyə gətirdi, ən gözəl nümunəni dünya və cəmiyyətə təqdim etdi”.

Prezident bildirdi ki, İslam Respublikasının regiondakı nüfuzunun səbəbi İslam İnqailbının dəvətidir: “Ürəkləri cəzb edən səbəb İnqilabın nüfuzudur. Bu gün Suriya, Livan, Yəmən, İraq və Bəhreyn xalqlarının İslam Respublikası ilə yaxınlıq hiss etməsinin səbəbi İnqilabın mesajıdır”.

Cənab Ruhani bildirdi ki, İran İslam dövlətinin övladları Suriya və İraq xalqlarının müdafiəsi yolunda canlarını ilxlasla qurban verdilər: “Övladlarımızın Suriya, İraq və Livana yollanmasının səbəbi onların insanların azadlığı, Allah Rəsuluna itaət yolundan addımlamağı özlərinə meyar seçmələri olmuşdur. Bu gün də istədiyimiz vəhdət, qardaşlıq və Əziz İslam Peyğəməbrinin yolunu getməkdir”.

Prezident vurğuladı ki, bu günkü dünyada təfriqə, irtica, ABŞ və sionizmin təcavüzündən xilas olmağın yeganə yolu Allah Rəsuluna (s) tabe olmaqdır: “Əziz İslam Peyğəmbərinin mövlud günü istəyirik ki, İslam dünyası birlikdə və qardaşcasına zülm və təcavüz qarşısında dayanıb qələbə qazansınlar”.

Görüşün sonunda “İslami vəhdət” konfransının qonaqlarından bir qrupu İslam İnqilabının Rəhbəri ilə yaxından görüşüb söhbət etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /