Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

HBFP-na qayıdışın şərti ABŞ-ın sanksiyaları əməldə ləğv etməsidir

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşdə Həmafəranın (İranın şahənşahlıq dövrünün hərbi hava qüvvələri) 19 bəhmən 1357-ci il tarixində İmam Xomeyni (r.ə) ilə etdikləri tarixi beyəti hər kəsdə çaşqınlıq yaradan mühüm hadisələrdən və İnqilabın qələbəsinin əsas amillərindən, habelə amerikalıların hesablamalarının yanlışlığından xəbər verən əlamətlərdən olduğunu dedi: “İnqilabın sürətli hərəkətinin davamlılığının şərti xalqın meydanda olması, fasiləsiz iş və çalışma, xüsusilə məsul şəxslər arasında söz birliyi, ilahi vədə etimad, milli güc komponentlərinin əməldə artırılmasıdır”.

İslam İnqilabının Rəhbəri ABŞ-da baş verən son qalmaqalların və Trampın süqutunun ABŞ-ın siyasi və ictimai heysiyyəti, gücü və daxili strukturunun tənəzzülü olduğunu dedi.

O, amerikalı və avropalı rəsmilərin HBFP və sanksiyalarla bağlı açıqlamalarına işarə edərək vurğuladı: “Amerikalılar və avropalıların şərt qoymağa qətiyyən haqları yoxdur. Çünki HBFP-nın öhdəliklərini onlar özləri pozdular. Şərt qoymaq haqqına sahib olan bir tərəf varsa, o da İslam Respublikasıdır. Çünki öz öhdəliklərinə sadiq idi. Buna görə də İran HBFP-na yalnız ABŞ sanksiyaları sözdə və ya kağız üzərində yox, əməldə ləğv etdiyi və bu ləğvetmə İranın həqiqi sınağından keçdiyi zaman qayıdacaq. Bu, İran İslam Respublikasının qəti və dönüşü olmayan, bütün məsul şəxslərin yekdilliklə qəbul etdiyi və heç kəsin imtina etməyəcəyi siyasətidir”.

Ali Baş Komandan bu görüşdə 19 bəhmən 1357-ci il hadisəsinin Allahın günləri olduğunu dedi: “Ordunun mühüm bir hissəsinin ayrılıb İmama və xalqa qoşulması möcüzəyə bənzəyirdi. Çünki tağut rejimin əsas söykənəcəyi ordu və SAVAK idi. Sonda təsəvvür etmədikləri bir yerdən zərbə aldılar”.

Həzrət Ayətullah Xamenei İranın şəraiti və əhalinin qiymətləndirilməsində o dövrün Amerikasının demokrat hökumətinin təəccüb doğuran hesablama yanlışlığına da işarə edərək dedi: “Amerikalılar şahənşahlıq ordusuna çox ümidvar idilər. Qəti xəbərlərə əsaslanaraq çevriliş planı hazırlamış, bununla da inqilabın başçıları və qabaqcıl nümayəndələrini ələ keçirib xalqa qarşı genişmiqyaslı aqressiya tətbiq edərək rejimin tənəzzülünə mane olmağı planlaşdırırdılar. Şeytan xislətli planı puça çıxaran amillərdən biri Hava Qüvvələrinin 19 bəhmən tarixli hərəkəti oldu”.

O vurğuladı ki, amerikalıların İranla bağlı yol verdikləri hesablama səhvləri davam edir və onlar hələ də İran xalqını doğru-düzgün tanıyıb başa düşə bilməyiblər: “Bu hesablama yanlışlarından biri 88-ci il fitnəsi idi. ABŞ-ın demokrat prezidenti işini tamamlayacağı xəyalı ilə fitnəyə rəsmən dəstək verdi”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İranı diz çökdürmək məqsədilə həyata keçirilən misli görülməmiş sanksiyalar ABŞ-ın hesablama səhvlərinin başqa bir nümunəsidir: “Bir nömrəli axmaqlardan biri iki il bundan əvvəl demişdi ki, 2019-cu ilin yanvar bayramını Tehranda qeyd edəcəyik. İndi o adamın özü tarixin zibilliyinə atılıb, rəisi də təpiklə vurularaq rüsvayçı bir şəkildə Ağ evdən çıxarılmışdır. Ancaq İran İslam Respublikası Allahın lütfü ilə başıuca dayanmışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşmənin özü və hesablama orqanının qüsuru qarşısında sadəlövhlük etmək olmaz: “İslam İnqilabının 42 illik hərəkətinin uğur qazanmasında rol oynayan digər amillər xalqın meydanda olması, iş görüb çalışması, bu iştirakın zəruriliyinə iman, ilahi vədə etimad və əks layihələr olmuşdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Oturub tamaşa etməklə heç bir iş yürüməz. Məsul şəxslər iş və əməl meydanında olmaqla və Allaha etimad etməklə milli güc komponentlərini daim artırsınlar və əməldə də güc istehsal etsinlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, güc istehsalının təzahürlərindən biri Silahlı Qüvvələri regional və beynəlxalq tələblərə uyğun şəkildə gücləndirməkdir. O, son hərbi təlimləri yüksək qiymətləndirərək əlavə etdi: “Xüsusilə sanksiya şəraitində belə böyük və heyrətamiz təlimlərin keçirilməsi, milli təhlükəsizliyin Silahlı Qüvvələrdə xidmət edən vətən övladlarının əli ilə təmin edilməsi çox qürurvericidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Silahlı Qüvvələrdə güc istehsal edilməsi təchizatı gücləndirməklə yanaşı, əhval-ruhiyyənin qorunması və artırılması, qüvvələrin imanı və mənəvi gücünün artırılması ilə şərtlənir: “Regionun bəzi dövlətlərinin böyük səhvi ondadır ki, milli təhlükəsizliklərinin qorunmasını yadlardan istəyir, milyardlarla dollar xərcləmələrinə, təhqir olunmalarına və alçaldılmalarına baxmayaraq, sonda həssas məqamlarda təhlükəsizlikləri qorunmur. Bu gerçəyə bir neçə ilə əvvəl Misir və Tunis hadisələrində, Məhəmmədrza Pəhləvinin aqibətində şahid olduq”.

O, çıxışının davamında daxildə də səhv və xətaının meydana gəlməsinə imkan verilməməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “Böyük səhvlərdən biri düşmənin gücündən qorxmağımız və ya siyasi və iqtisadi məsələlərdə düşmənə ümid bəsləməyimiz olar”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, daxili güc və qüvvə ilə bağlı mübaliğəyə yol verilməməlidir: “Ancaq daxili gerçəkləri görməli, onu yüksəltməli və bilməliyik ki, istənilən gücdə olsaq belə, düşməndən qorxsaq, işdən qalacağıq”.

Həzrət Ayətullah Xamenei dedi ki, ABŞ və bəzi güclərin imkanları ilə bağlı reallığı əks etdirməyən qiymətləndirmələri olan şəxslər ABŞ-da baş verən son hadisələrə baxsınlar: “ABŞ-da baş verən son rüsvayçı hadisələr kiçik məsələlər deyil və bu, ədəbdən kənar bir prezidentin məğlubiyyəti çərçivəsində qiymətləndirilməməlidir. Əslində, bu hadisələr ABŞ-ın sosial abrı, gücü və sisteminin tənəzzülüdür”.

O, ABŞ-ın görkəmli politoloqlarının açıqlamalarına istinadən dedi: “Onlar özləri deyirlər ki, ABŞ-ın mövcud sistemi içəridən çürüyüb. Bəziləri post Amerika dövrlərindən danışır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər ABŞ-da baş verən bənzər hadisələr dünyanın başqa bir yerində, xüsusilə ABŞ-la problemi olan ölkələrdə baş versəydi, onun yaxasından əl çəkməzdilər. Amma xəbər imperiyası onların əlindədir və hadisənin başa çatdığını göstərməyə çalışırlar. Halbuki hadisə bitməyib və davamlıdır”.

O dedi ki, regionun ABŞ-dan asılı olan rejimlərinin, xüsusilə sionist rejimin əl-ayağa düşməsinin, sərəsimə olmasının və son həzyanlarının səbəbi ABŞ-ın beynəlxalq və daxili arenada süquta uğrayacağı reallığından qorxmalarıdır.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində ABŞ və Avropa rəsmilərinin sanksiyalarla bağlı açıqlamalarına işarə edərək dedi: “Birincisi, İslam Respublikasında heç kəs ABŞ və Avropada dəyəri olmayan adamların mənasız sözlərinə qulaq asmağa borclu deyil”.

O əlavə etdi: “İkincisi, məntiqlə ABŞ və HBFP-nının öhdəliklərini ayaq altına atmış üç Avropa ölkəsinin HBFP üçün şərtlər müəyyən etməyə haqqı yoxdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Onlar işin lap əvvəlində çox qısa sürən bir mərhələdə bəzi sanksiyaları müvəqqəti olaraq dayandırdılar. Ancaq sonradan sanksiyaları bərpa etdilər, hətta artırdılar da. Buna görə də şərt qoymağa haqları yoxdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “HBFP-nının işini davam etdirməsi üçün şərt qoymağa haqqı olan yeganə tərəf İran İslam Respublikasıdır. Çünki lap əvvəldən HBFP-dakı bütün öhdəliklərinə əməl etdi. Lakin onlar öz öhdəliklərini pozdular”.

O, ölkənin bütün məsul şəxsləri tərəfindən HBFP ilə bağlı yekdilliklə qəbul edilmiş qəti, dönüşü olmayan və dəyişilməz siyasəti bu şəkildə açıqladı: “Əgər İranın HBFP-dakı öhdəliklərinə qayıtmasını istəyirlərsə, onda ABŞ sanksiyaları dildə və ya kağız üzərində yox, əməldə tamamilə ləğv etməlidir. Yalnız sanksiyaların ləğvinin düzgünlüyü sınaqdan çıxdıqdan sonra İslam Respublikası HBFP-dakı öhdəliklərinə geri dönəcək”.

İslam İnqilabının Rəhbəri ölkə rəhbərləri və məsul şəxslərinə sözdə bir olmağı israrla tövsiyə etdi: “Xalqın, habelə məsul şəxslərin sözünün bir olması 42 il ərzində problemlərin çoxunun həlinin əsl səbəbi olmuşdur. Bu vəhdət və söz birliyi davam etdirilməlidir”.

Ali Baş Komandan Silahlı Qüvvələrə güc istehsalını davam etdirməyi tövsiyə edərək sonda vurğuladı: “Allahın lütfü və Həzrət Vəliyyi-əsrin (ə.f) duası ilə İran xalqı və dövlətinin sabahı mütləq daha yaxşı və bü günkündən daha yüksək olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Nəsirzadə bu qüvvələrin keçən ilki proqramları haqqında hesabat verdi: “Hərbi Hava Qüvvələri keçmişdə İnqilab və onun nailiyyətlərinin qorunması istiqamətində effektiv rola malik olmaqla yanaşı, bu gün də müqavimət təfəkkürü və şəhid Süleymani məktəbinin təlimlərindən qaynaqlanan nailiyyətlərlə əvvəlkindən daha böyük həvəs və motivasiya ilə ölkənin hava gücünün artırılması istiqamətində addım atmışdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /