Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmən yalan və təhrif vasitəsilə zalımla məzlumun yerini əvəz edir

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər bir qrup tibb işçisi və sağlamlığın keşiyində duran şəhidlərin ailələri ilə görüşdə Həzrət Zeynəbi-Kubranın (s.ə) davranışı və sözlərinin qadın cinsinin ruhi, mənəvi və əqli gücü və əzəmətinin təcəllası və göstəricisi olduğunu dedi. Tibbi xidmətlərin dəyəri, bu peşənin çətinlikləri və acılarının müxtəlif yönlərindən danışan Ali Rəhbər tibb xidmətçiləri sinfinin müxtəlif cəhətlərdən gücləndirilməsinin tibb işçilərinin əsas tələbi olduğunu dedi və bildirdi ki, bu məntiqli tələb məsul şəxslərin vəzifəsi, ölkənin və cəmiyyətin bu günü və gələcəyinin zərurətidir.

O, Həzrət Zeynəbin (s.ə) mövludu və tibb işçisi günü münasibətilə tibb işçiləri, müalicə və səhiyyə sahəsinin işçilərinin hər tək təkini təbrik edərək dedi: “Kərbəlanın əzəmətli xanımı bütün tarixə və bəşəriyyətə sübut etdi ki, keçmiş və indiki zamanın dar düşüncəli insanlarının, o cümlədən despot qərblilərin bütün səylərinə baxmayaraq, qadın böyük bir səbir və dözüm okeanına, ağıl və tədbirin uca zirvəsinə malik ola bilər”.

İnqilabın Rəhbəri Həzrət Zeynəbin (s.ə) müsibətlər qarşısındakı səbir və dözümünün sözlə ifadə olnumaz dərəcədə olduğunu dedi: “Əzizlərindən 18 nəfərin, o cümlədən Allahın höccəti olan əzəmətli qardaşı Seyyidüşşühədanın, özünün də iki oğlunun şəhadətinə dözüb tab gətirmək, Allah Rəsulunun ailəsinin izzətli xanımına qarşı cürət edən rəzil və alçaq insanların təhqirlərinə qarşı dözüm nümayiş etdirmək, müsibət və faciə yaşamış onlarla qadın və uşağın toplanması və idarəçiliyi kimi ağır məsuliyyət yükünü daşımaq, İmam Səccada (ə) tibbi yardım göstərərkən gözəl səbir nümayiş etdirmək bir qadın kimi Həzrət Zeynəbin (s.ə) ruhi və mənəvi əzəmətinin cilvələrindəndir”.

Ayətullah Xamenei bu böyük qadının ağıllı davranışı və əqli gücündən danışarkən onun zalım hakimlər, İbn Ziyad və Yezid kimilərin həzyanları qarşısında göstərdiyi tədbirli davranışlara və dediyi heyrətamiz kəlamlara işarə edərək bildirdi: “Bu tarixi iqtidar insanlar qarşısında öz yerini qınayıcı etirazlara verdi. Bu da sonralar Kufədə “Təvvabin qiyamı” (tövbəkarlaırn qiyamı) ilə nəticələndi”.

İnqilabın Rəhbəri danışmaq və açıqlama vermək cihadının Həzrət Zeynəbin (s.ə) dərin tədbiri və dərrakəsinin bir başqa yönü olduğunu dedi: “O xanım Kərbəla həqiqətini təsirli və əbədiyaşar sözlərlə çatdıraraq düşmənin təbliğinin gerçəklik üzərində qələbə çalmasına imkan vermədi”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində tibbi xidmətlərin qiymətli cəhətlərindən danışaraq dedi: “Bu dəyərlərin əsasında ehtiyaclı insana, yəni xəstəyə yardım dayanır. Bütün məsələlərdə onun tibb işçisinin diqqət və qayğısına ehtiyacı vardır”.

İnqilabın Rəhbəri vurğuladı ki, tibbi xidmət Allah tərəfindən ikiqat mükafat verilməsinə səbəb olur: “Xəstə və onun yaxınlarında, habelə bütün insanlarda arxayınlıq yaratmaq tibbi xidmətin ən üstün dəyərlərindəndir. Tibb işçiləri sinfinin, əslində, bütün xalqın boynunda haqqı vardır”.

O qeyd etdi ki, dünya imperialistlərinin İranın sərhədyanı şəhərlərinin əhalisinə canlar yaxan dərin və ağır faciələr yaşatması, kimyəvi bombardmanlar etməsi üçün Səddama köməklik göstərilməsi, habelə İran xalqına dərman sanksiyasının qoyulması kimi hadisələr zamanı xalqımızın çəkdiyi acılara sevinməsi tam çılpaqlığı ilə aşkar oldu: “Bu gerçəkləri nəzər alsaq, tibb işçiləri öz səy və fədakarlıqları ilə xəstələr və onların yaxınlarının dodaqlarına təbəssüm qondurarkən, əslində, kinli imperializmə qarşı cihad edirlər. Bu da İran İslam Respublikasında tibb işçilərinin dəyərini ikiqat artırır”.

İnqilabın Rəhbəri çıxışının davamında dedi ki, tibbi xidmətin təbiəti, yəni xəstələrin ağrı-acılarını görmək, onlara gecə-gündüz nəzarət etmək acı və ağırdır: “Bəzi zamanlarda, o cümlədən müqəddəs müdafiə və korona dövründə bu çətinliklər bir neçə dəfə artmışdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məcburi müharibə dövründə həkimlər, tibb bacıları, tibb işçiləri, imdadçılar bomba yağışı altında işləyirdilər. Korona dövründə də tibb işçiləri iş saatını artırıb, ezamiyyətləri və tətil saatlarını azaldaraq Novruz tətili günlərində xəstəxanada olub xəstələr və həmkarların ağır ölümünü görmək məcburiyyətində qalır, ikiqat çətinliklərə qatlaşmalı olur, təhlükəli xəstəliklərə yoluxmaq təhlükəsini gözə alırdılar”.

Xalqın bu çətinlikləri dərk edib onları qiymətləndirməli olduğunu vurğulayan Ali Rəhbər korona dövründə tibb işçilərinə kömək etmək üçün gənclərin, universitet və mədrəsə tələbələrinin səfərbər olmasının parlaq həqiqətlərdən olduğunu dedi: “İnqilab və Müqəddəs Müdafiə vaxtı, habelə ayrı-ayrı dövrlədə diqqət çəkən bu cür məsuliyyət hissi İran xalqının vicdanlı, dinamik və yüksək əhval ruhiyyəli kimliyə malik olmasının göstəricisidir”.

İnqilabın Rəhbəri ölkənin böyük elmi hərəkətinin bu inkişaf yaradan kimliyinin əlamət və məhsulunun olduğunu dedi: “Şəhid Süleymani, şəhid Fəxrizadə və şəhid Şəhriyari kimi qəhrəmanlar bu həqiqətin və əzəmətli kimliyin içərisindən çıxmışlar”.

O, tibbi xidmətlər işinin çətinliklərindən bəhs edən məlumatların bədii şəkildə çatdırılması sahəsində boşluqların olduğuna və bu hadisələrin təsviri üçün çoxlu imkan və zəminlərin olduğuna işarə edərək dedi: “Məsuliyyətli sənət adamları meydana çıxaraq bu böyük mədəniyyət sərmayəsini müxtəlif incsənət qəliblərində nümayiş etdirsinlər”.

Həzrət Ayətullah Xamenei daha sonra tibb işçilərinin tələbləri mövzusunu xüsusilə vurğulayaraq bildirdi: “Tibb işçilərinin tələblərini bir cümlə ilə ifadə edərək deməliyik ki, tibb işçiləri sinfinin gücləndirilməsi ölkənin bu günü və gələcəyi üçün bir zərurət hesab edilir”.

O əlavə etdi: “Korona hadisəsi göstərdi ki, əgər tibb işçiləri sinfi güclənməsə, həssas məqamlarda zərbə alacağıq”.

İnqilabın Rəhbəri tibbi xidmətlərin taarifi qanununun icrasının tibb işçilərinin bəlli tələblərindən olduğunu dedi və özünün bu sahə ilə bağlı əvvəlki israrlarına işarə edərək bildirdi: “Bu qanun 14 il bundan əvvəl təsdiq edilib. Amma təəssüflər olsun ki, bundan öncəki hökumətin son günlərinə qədər, hətta onun icra nizamnaməsi də tənzimlənməmişdi. Bu hökumətdə Səhiyyə Nazirliyinin taarif məsələsini icraata götürməsində israrlıyam”.

Tibb işçilərinin tələblərindən biri tibb işçilərinin çatışmazlğı, tibb işçilərinin sayının xəstəxanalardakı çarpayıların sayı qədər olmasının vacibliyi və əmək təhlükəsizliyi məsələsi ilə bağlı oldu. İnqilabın Rəhbəri bu tələblərin həyata keçirilməsinin zəruri olduğunu bildirdi: “Bəzi dövrlərdə, o cümlədən korona dövründə tibbi xidmət işinə işçilər götürülmüş, lakin onlarla qısa müddətli müqavilələr bağlandığı üçün müddətləri başa çatdıqdan sonra xidmətlərinə xitam verilmişdir. Halbuki tibb işçisinin əmək təhlükəsizliyi olmalı, ona mövsümi işçi kimi baxılmamalıdır”.

Ölkənin səhiyyə şəbəkəsinin yenidən qurulması, həkimlərin ədalətli şəkildə bölgüsü İnqilabın Rəhbərinin səhiyyə sistemi ilə bağlı vurğuladığı məsələlərdən oldu.

O, 60 və 70-ci illərdə səhiyyə və profilaktika sahələrində mərkəzləşmə yaradılması ilə səhiyyə sistemində çox yaxşı nəticə və nailiyyətlər əldə edilməsinə işarə edərək dedi: “Təbii ki, müalicə lazımdır, ancaq qabaqlayıcı tədbirlər ondan da yaxşıdır. Səhiyyə şəbəkəsi yenidən qurulub gücləndirilməlidir ki, daha az xərclə daha çox insanın sağlamlığı təmin edilsin”.

Həzrət Ayətullah Xamenei həkimlərin müxtəlif regionlar üzrə bölünməsinin ədalətsiz olduğunu dedi: “Həkimlərin çatışmazlığı və ya yetərliliyi ilə bağlı bir söz demirəm, amma həkimlərin müxtəlif regionlar üzrə bölgüsü ədalətli deyil. Bu məsələyə diqqət yetirilməlidir”.

İnqilabın Rəhbəri çıxışının sonunda həyatın və ölkənin bütün sahələrində qüdrətli Allaha təvəkkülün, yəni Allahın yardım və bərəkət vədinə etimad etməklə yanaşı, işləməyin həlledici olduğuunu dedi. O, İran xalqının sabahının bu günündən daha yaxşı olacağına və xalqın bütün sahələrdə düşmənlərlə mübarizədən qalib və üzüağ çıxacağına ümidvar olduğunu dedi.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən səhiyyə, müalicə və tibb təhsili naziri doktor Eynullahi korona ilə 22 aylıq mübarizədə əzmkarlıq göstərmiş tibb işçiləri və müalicə kadrlarının fəaliyyətlərini yüksək qiymətləndirərək ölkənin 5 elm və tədqiqat mərkəzində korona vaksininin istehsalına, 110 milyon dozadan artıq vaksinin təmini və vurulmasına işarə edərək dedi: “Bu günə qədər əhalinin 74%-i hər iki dozanı, 86%-i isə bir dozanı qəbul etmişdir”.

Eynullahi tibb işçiləri sinfinin narahatlıqlarının aradan qaldırılması, müalicə xərclərinin azaldılması, ailə həkimi və müraciət sistemi layihəsinin gücləndirilməsi, daxili dərman və zəruri təchizatların istehsalına dəstək, sanatoriyaların inkişaf etdirilməsi, əhalinin artırılması siyasətlərinin düzgün icrası, Səhiyyə Müalicə və Tibb Təhsili Nazirliyinin prioritetlərindən olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /