Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hicabı zəif olanlar da bizim öz qızlarımızdır; onları ittiham etməməliyik

İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər mədəni, elmi və sosial sahələrdə aktiv olan yüzlərlə təhsilli qadınla görüşdə cinsi və insani, hüquq və vəzifələr, fərdi və ailə məsuliyyətləri, sosial rol və vəzifələr sahələrində İslamın qadına olan mütərəqqi və ədalətli baxışından söz açaraq müasir Qərbin qadına vurduğu zərbələrin əsaslı və xəyanətkarcasına olduğunu vurğuladı: “Qadın həyat yoldaşı rolunda eşq və mənəvi rahatlığın məzhəri, ana rolunda isə həyat haqqı kimidir. Təbii ki, evdarlıq deyilərkən evdə oturmaq nəzərdə tutulmur. Evdarlıq deyilərkən müxtəlif sosial sahələrdə fəaliyyət göstərməklə yanaşı, evin əsas götürülməsi nəzərdə tutulur”. 

Həzrət Ayətullah Xamenei qonaqlardan bir neçəsinin çıxışlarında irəli sürülən yüksək və ali məzmunların çoxluğundan məmnun qaldığını dedi: “Qərarların müəyyən edilməsi və qəbulu prosesinin müxtəlif mərhələlərində təhsilli, elmli, istedadlı və təcrübəli qadınlardan istifadə edilməsi mühüm bir məsələdir. Bu, uzun müddətdir məni də düşündürür. İnşallah bu istiqamətdə bir həll yolu tapacağıq”.

İslam İnqilabının Rəhbəri İslamın qadına, onun müxtəlif sahələrdəki roluna baxışını şərh etməzdən əvvəl vurğuladı: “Qadınlar məsələsində İslam Respublikasının Qərbin riyakar iddiaçılarına qarşı mövqeyi tələbkar və hücumçu mövqedir. Çünki müasir Qərb və onun çökmüş mədəniyyəti bu sahədə, həqiqətən, müqəssirdir. Qərb qadının heysiyyəti və şərəfinə qarşı cinayət etmişdir. Ümidvarıq ki, İslamın baxışları qadın alimlər və qələm sahiblərinin çıxışları və yazılarındakı uyğun izah və təkrarlar vasitəsilə, hətta Qərbin ümumi rəyinə də öz təsirini göstərəcəkdir”.

Həzrət Ayətullah Xamenei çoxlu sayda Quran ayəsinə istinadən qadın və kişinin cinsi və insani baxımdan bərabər olmasının İslamın aksiomlarından olduğunu dedi: “İslami və insani dəyərləndirmədə qadın və kişi cinsi arasında heç bir fərq yoxdur”.

O, İslamda qadın və kişinin hüquq və vəzifələrinin fərqli, amma ədalətli olduğunu bildirdi: “Qadın və kişi təbiətində fərqliliklər var və bu evdə, cəmiyyətdə fərdi məsuliyyətlərə təsir göstərir. Qadın və kişi təbii olaraq bu təbiətin ziddinə davranmamalıdır”.

İnqilabın Rəhbəri qadın və kişinin cəmiyyətdəki və sosial məsələlərdəki vəzifələrinin eyni olsa da, fərqli rollar və formada təzahür etdiyini bildirdi: “Məsələn, Müqəddəs müdafiədə qadın və kişi hər ikisi ayrı-ayrı rollarda müdafiə vəzifəsi daşıyırdı. Qadınlar kişilərdən daha yaxşı olmasa da, ən azı onlar kimi bu çətin vəzifəyə əməl edirdilər”.

İnqilabın Rəhbəri bir növ ümumiləşdirmə apararaq dedi: “Qərb kapitalizminin, əslində, kişimərkzəli sistemindən fərqli olaraq İslamda həm qadın, həm də kişi ayrı-ayrı məsələlərdə qanuni, intellektual, nəzəri və əməli imtiyazlardan yararlanır. Amma qərblilər özlərinin kişimərkəzli mahiyyətlərini yalandan İslama aid edirlər”.

O, kapitalizmin, yəni kapitalın insandan üstün olduğu sistemin əsas prinsipinə işarə edərək dedi: “Bu sistemdə daha çox sərvət toplayan adam daha böyük dəyərə malikdir. Kişilərin sərvət toplama xüsusiyyətini nəzərə alsaq, bu sistemin təbii olaraq kişimərkəzli bir sistem olduğunu görərik”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iş sahəsi və qadına ləzzət obyekti kimi baxılması Qərbin qadını iki əsaslı sui-istifadəyə məruz qoyduğunu göstərir: “Qərbdə qadınların azadlıq məsələsinin qabardılmasının əsas məqsədi qadınlardan ucuz işçi qüvvəsi kimi istifadə etmək üçün onların evdən çıxarılaraq iş yerlərinə çəkmək olmuşdur”.

O qeyd etdi ki, XIX əsrdə ABŞ-da baş vermiş qanlı müharibələr zamanı qaradərili qulların azadlığı ilə bağlı hay-küy kapitalist sistemin qiymətli məzmunlardan sui-istifadəsinin başqa bir nümunəsidir: “Həmin hadisədə də ABŞ-ın kapitalistləri cənub tarlalarında işləyən qaradərililəri azadlıq adı altında şimala apararaq az əməkdaqqı ilə işlətdilər”.

İnqilabın Rəhbəri zövq və ləzət obyekti kimi baxmağın Qərbin qadına vurduğu başqa bir əsaslı zərbə olduğunu dedi: “Bu kədərli prosesdə kapitalist sistem müxtəlif metodlardan istifadə edərək qadını inandırır ki, onun mənfəət və dəyəri öz qadınlıq cazibələrini küçə və prospetklərdəki kişilərə nümayiş etdirən davranışlardadır. Bu, qadının heysiyyətinə və mövqeyinə vurulmuş ən böyük zərbədir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qərbli qadınların kişilərin istəklərinin əsas götürülməsi və meyar seçilməsi üçün çalışması kapitalizm sisteminin kişimərkəzli baxışının nəticəsidir: “Bu çökməkdə olan baxışdan fərqli olaraq Allah Quranda qadının kişilər üçün nümunə olduğunu, Nuh və Lutun həyat yoldaşının kafir kişi və qadınlar üçün, Fironun həyat yoldaşı və Həzrət Məryəmin bütün mömin kişi və qadınlar üçün nümunə olduğunu buyurur”.

O, hətta Qərb dövlətlərinin rəsmi mərkəzlərinin elan etdiyi statistika və faktlara işarə edərək Qərbin qadın hüquqlarının müdafiəsi ilə bağlı iddiasını həyasızlığın son həddi hesab etdi: “Kapitalist sistemin iddia etdiyi azadlıq qadına təhqir və əsarətdir. İnsan Qərbdə gedən bəzi proseslərin hətta adını belə çəkməyə utanır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Qərbdə qadın və kişi münasibətlərinin azadlığının kişilərin gözü və qəlbinin doyması, qadınların problemlərinin azalmasına səbəb olduğunu ifadə edən baxış səhvdir: “Əslində, sözügedən azad münasibətlər qərbli kişilərin tamah və həvəsinin yüz dəfə artmasına səbəb olmuşdur. Özləri də etiraf edirlər ki, küçələrdə, iş yerləri və təhsil ocaqlarında qadın və qızlara olunan təcavüzlər dəmir kimi ciddi rejimlərə malik olan orduya da sirayət etmiş və günü-gündən artmaqdadır”.

İnqilabın Rəhbəri dedi: “Cinsi ticarət, istismar və köləlik, əxlaqi və ənənəvi sərhədlərin pozulması, bütün dinlərdə haram olan homoskesuallıq kimi məsələlərin qanuniləşdirilməsi və digər çirkinliklər Qərb mədəniyyəti və onun qadına baxışının nəticəsidir. Buna görə də qadın məsələsində qərb baxışından qorunmaq əməli vaciblərdəndir”.

İnqilabın Rəhbəri ölkənin alim, ziyalı və mömin qadınlarından ibarət çoxluğun bu məclisdə olmasından məmnunluq hissi keçirdiyini qeyd edərək Qərbin gender və qadın məsələsinə faciəli baxışının izah və ifşa edilməsinin zəruri olduğunu dedi: “Virtual şəbəkələrdən istifadə edərək İslamın qadın və kişiyə olan baxışını qısa və məzmunlu kommentlər və həştəqlər şəklində tənzimləyib, xüsusilə İslam ölkələrində bu həqiqətə susuz olan insanlara çatdırın”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində ailə və qadının ailədəki rolu məsələsinə toxunaraq dedi: “Ailə qurmaq yaradılışın ümumi bir qanunu olan cütləşmə qanununa əsaslanır. Bu baxış hərəkətin ziddiyyətdən doğduğunu iddia edən hegelizm və marksizmin ziddiyyət idiasının tam əksidir. İslam məntiqində hərəkət, o cümlədən nəslin davamlılığı cütlük və birgəyaşayışdan qaynaqlanır. Bu nəzəriyyənin ciddi və əsaslı işə ehtiyacı var”.

O qeyd etdi ki, İslamda və digər ilahi dinlərdə nikah və ailə qurulması ilə bağlı qanunlar müəyyən edilməsinin səbəbi iğtişaş və nizamsızlığın qarşısının alınmasıdır: “Bu qanunlara riayət edilməsi ailənin və cəmiyyətin sağlamlığına səbəb olur. Çünki ailə cəmiyyəti təşkil edən hüceyrədir”.

İnqilabın Rəhbəri qadının ailədəki roluna aydınlıq gətirərkən onu gülə, gözəl qoxulu ətrə, ev mühitinin nəfəslik havasına bənzətdi: “Qadının evdə könüllü olaraq iş görmək istəməsinin heç bir problemi yoxdur. Amma hədislərdə açıq şəkildə qeyd edilir ki, qadın evdə başqlarının işləməyə vadar edə biləcəkləri bir xidmətçi deyil”.

O, qadının evdəki iki əsas – analıq və həyat yoldaşı – rolunu qeyd edərək dedi: “Qadın həyat yoldaşı rolunda kişinin sevgisi və mənəvi rahatlığının mənbəyidir. Bu rolun parlaq nümunələrini şəhidlərin həyat yoldaşlarının bioqrafiyasından bəhs edən əsərlərdə görmək olar”.

Həzrət Ayətullah Xamenei qadının ana roluna xas olan xüsusiyyətlərini sadalayarkən dedi: “Ana rolunda qadın həyat haqqına sahibdir. Çünki övladlarını dünyaya gətirir, əvəzsiz sevgi ilə onları böyüdür. Bundan əlavə, analar hər şeydən çox milli kimliyi övladlarına ötürən, iman və əxlaq toxumlarını onlaırn qəlbinə səpən varlıqlardır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, qadının ən mühüm və ən əsas iki vəzifəsi analıq və həyat yoldaşı, yəni evdarlıq vəzifəsindən ibarətdir: “Təbii ki, evdarlıq deyilərkən evdə oturmaq, tədris, siyasi və ictimai fəaliyyətlərdən uzaq durmaq nəzərdə tutulmur. Qadın evdarlıqla yanaşı, imkanı çatan və ürəyi istədiyi işlə məşğul ola bilər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ailə qadının varlığı və vəzifə hissi olmadan idarə edilə bilməz. Bəzi düyünlər qadının zərif barmaqlarının başı olmadan açılmaz: “Heç bir qadın övladının canının qorunmasını hər hansı idari işdən üstün tutmaqda tərəddüd etməz. O, övladının əxlaqlı və imanlı bir adam kimi tərbiyə olunmasında da heç bir tərəddüd etməz. Əgər qadın iki seçimdən birini etmək məcburiyyətində qalsa, onun üçün ailə daha mühüm yerdə dayanır”.

O, bəzi ictimai məsələlərin, təbii olaraq, bütün digər işlərdən daha vacib olduğunu dedi: “Bəzən bir vacib işin əhəmiyyəti, övlad, həyat yoldaşı, ata və ananın canından da üstün olur”.

İnqilabın Rəhbəri Qərbdə ailə vəziyyətinin darmadağın olduğunu dedi: “Bu təhlükə Qərbin xeyirxah və islahatçı mütəfəkkirlərinin etiraz səsini ucaltmasına da səbəb olmuşdur. Amma Qərbdə ailənin tədricən çökməsi elə bir sürət alıb ki, artıq qarşısını almaq və islahat aparmaq mümkün deyil”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində hicab məsələsindən danışdı: “Hicab, şübhəsiz ki, şəri və toxunulmaz bir zərurətdir. Amma bu toxunulmaz zərurət hicaba kamil şəkildə riayət etməyən adamların dinsizlikdə və ya anti-inqilabçılıqda ittaham edilməsinə səbəb olmamalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir neçə müddət bundan əvvəl əyalət səfərlərinin birində həmin əyalətin alimləri ilə görüşdə dedim: “Saçları azacıq çöldə olan, dildə gəzən ifadə ilə desək, bədhicab, daha doğrusu, hicaba düzgün riayət etməyən bir xanımı ittiham etdiyiniz halda, xalqın qarşılama mərasimindəki qadınların bir çoxu ittiham etdiyinz hicabda idi?” Bunlar bizim dini və inqilabla bağlı olan mərasimlərdə iştirak edən öz qadın və qızlarımızdır”.

O, özünün müxtəlif görünüşlü qadınların Qədir gecələrində Allahla olan minacatları, dua və yalvarışları ilə bağlı analizini xatırladaraq dedi: “Mən o göz yaşlarına həsrətlə baxaraq deyirdim: Kaş o gənc qadın və qızlar kimi göz yaşı axıda biləydim”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Hicaba düzgün riayət etməmək düzgün iş deyil. Amma bu iş onu din və inqilab dairəsindən çıxdığını düşünməyimizə səbəb olmur. Hamımızın imkan daxilində aradan qaldırmalı olduğumuz nöqsanlarımız var”.

Həzrət Ayətullah Xamenei İslam Respublikasının qadınlara olan xidmətlərinin mühüm və unudulmaz bir məsələ olduğunu vurğuladı: “İnqilabdan əvvəl ziyalı, alim və tədqiqatçı qadınlar sayca azlıq təşkil edirdilər. Amma inqilab təhsilli qadınların sayının artmasına səbəb oldu. Belə ki, bəzi illərdə qız tələbələrin sayı oğlan tələbələrin sayından çox olmuşdur. Müxtəlif elm və texnologiya sahələrində çoxlu sayda qadın işlə məşğuldur”.

O qeyd etdi ki, iranlı qızların beynəlxalq idman arenlarındakı parlaq qələbələri qadınların inqilabdan sonrakı inkişaflarının göstəricisidir: “Hicabın ən yaxşı təbliği idmançı qızımızın qələbə çalması, qəhərmanlıq kürsüsü üzərində hicabla dayanıb ölkəmizin bayrağını beynəlxalq kameralar qarşısında qaldırmasıdır”.

Həzrət Ayətullah Xamenei son hadisələrdə hicaba qarşı göstərilən səylər çoxluğuna işarə edərk dedi: “Bu səylər və çağırışlar qarşısında kim dayandı? Qadınlar özləri dayandılar. Nəzərə alsaq ki, bədxahların ümidləri də məhz həmin bədhicab qadınlara, onların hicabı atacaqlarına idi. Amma qadınlar bunu etmədilər, təbliğatçıların və çağırış edən ötürücülərin ağızlarından vurdular”.

O, çıxışının sonunda bəzi ailələrdə qadınlara qarşı zorakılıq edilməsindən təəssüf hissi keçirdiyini dedi: “Bəzi kişilər fiziki güclərinə arxalanaraq qadınlara qarşı zorakılıq edirlər. Belə olan halda ailəni qorumağı nəzərdə tutan qanunlar elə möhkəm, elə güclü olmalı, məzlumu elə bir şəkildə himayə etməlidir ki, kişi qadına qarşı şiddət göstərə bilməsin. Əlbəttə, az və nadir də olsa, qadının də şiddət göstərdiyi məqamlar vardır”.

Bu görüşdə iştirak edən qadınlardan yeddisi İslam İnqilabının Rəhbərindən əvvəl çıxış etdi. Həmin xanımlar:

- Dövlət Mədəni və İctimai Şurasının üzvü, tədqiqatçı Atifə Xademi;

- Yazıçı və evdar xanım Pəriçehr Cənnəti;

- Almaniya məhkəmələrinin fəal hüquqşünası Məryəm Nəqqaşi;

- Sənədli filmlər üzrə Milli və Beynəlxalq mükafatlar qazanmış Mehdiyyə Sadatmehvər;

- Şəhid Behişti adına Tibb Elmləri Universitetinin dossenti Şəhrzad Zadəmodərres;

- Yeniyetmə Qızlar Mədrəsəsinin fəalı Negin Fərahani;

- Kommunikasiya elmləri üzrə doktor və Elmi-Teoloji Mərkəzin dördüncü səviyyəsi üzrə tələbə Sara Talibi.

Qadınlara xas ekosistemlərin inkişaf etdirilməsi zərurəti, düzgün mədəniyyətin inkişaf etdirilməsi üçün şəhərin uyğun meyarlarına rəvac verilməsi, qadın kooperativlərinin inkişaf etdirilməsi, müxtəlif qurumlarda, xüsusilə təhsil ocaqlarında evdarlıq mədəniyyətinə baxışın islah edilməsi, iranlı qadının parlaq təsvirinin Qərbə təqdim edilməsi, dövlətin idarəetmə sistemlərində uğurlu qadınlardan lazımi şəkildə istifadə edilməsinin zəruriliyi, təhsilli qadınların ali şuralar və qərarların müəyyən edilməsi mərkəzlərindəki iştirakının zəruriliyi, qadının İslam Respublikasına uyğun olan məziyyətininin açıqlanması zərurəti, media istehsalatında qadınların təmsilçiliyinin islahı, cəmiyyətin artım siyasətinin anaların gerçək ehtiyaclarına uyğun şəkildə stimullaşdırılması istiqamətində islahat aparılması zərurəti, anaların ehtiyac duyduğu imkanların, o cümlədən universitetlər və ümumi mərkəzlərdə otaqların yaradılması, qadınlardan ibarət media qərargahının yaradılması, qadınlara xas olan xəstəxanaların yaradılması və təchiz edilməsi, qadınlara xas müalicə kadrlarına dəstək verilməsi, yeniyetmə qızlara uyğun meyarların yaradılması və inkişaf etdirilməsi zərurəti, elmi-teoloji mərkəzlərin qadın müctəhdilərinin fəaliyyəti istiqamətində idarəetməyə zəmin yaradılması, qadınların elmi-teoloji mərkəzlərində təbliğat işinin inkişaf etdirilməsi zərurəti çıxışçıların bu görüşdə qabartdıqları məsələlərdən oldu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /