Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dövlət və özəl sektorun iqtisadi inkişafla bağlı öhdəlikləri

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minə yaxın iqtisadi fəal və istehsalçı ilə görüşdə özəl sektorun makroiqtisadi məqsədlərin reallaşdırılması istiqamətində effektiv potensial və imkanlara malik olduğunu bildirərək dövlətin dəstəyi, xüsusilə biznes mühitindəki maneələrin ortadan qaldırılması və özəl sektorun məsuliyyətliliyi prinsiplərinin ölkənin vəziyyəti və inkişafına zəmin yaradan iki mühüm zərurət olduğunu dedi.

Həzrət Ayətullah Xamenei istehsal sahələrinin 12 fəalının çıxışını dinlədikdən sonra hökumətdən irəli sürülən tələblərin yerinə yetirilməsini, o cümlədən çoxşaxəli sənaye komplekslərinin təşkili, orta və kiçik həcmli şirkətlərin maliyyə təminatı və yeni suvarma sistemləri mövzularının ciddi şəkildə nəzarətə götürülməsini istədi.

O, dünən baxış keçirdiyi sərginin çox sevindirici və təqdirəlayiq olduğunu dedi: “Təəssüflər olsun ki, bu nailiyyətlər xalqa izah edilməyib. İnsanlarımızın çoxu Allahın nemətlərindən olan bu səylər, uğurlar və innovasiyalardan xəbərsizdir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, dünənki sərgi və bu günkü toplantı aydın və məzmunlu bir həqiqətdən xəbər verir: özəl sektorun böyük istehsal müəssisələri keçən illər ərzində böyük inkişaf yolu keçib. Bu həqiqət güclü və qüdrətli bir özəl sektorun mövcudluğundan xəbər verir.

Həzrət Ayətullah Xamenei sanksiyalar və keçmiş hökumətlərdən bəzisinin laqeydliliyi kimi məhdudlaşdırıcı məsələlərə işarə edərək dedi: “Belə maneələrin olmasına baxmayaraq, özəl sektorun səyləri və inkişafı insanda ümid yaradır. Bu sektor İranı yeddinci beşillik proqramın tələbinə uyğun olan 8%-lik inkişafa nail edə bilər”.

O qeyd etdi ki, innovasiya dünənki sərginin və bu günkü toplantının bariz həqiqətidir: “İnnovasiya elit işçi qüvvəsinin olduğundan xəbər verir. Böyük bir sərvət olan elit işçi qüvvəsinin olması makro problemlərin düyünlərinin açılması, çətin yolların qət edilməsi və İranın zirvələrə yüksəldilməsində etibarlı söykənəcək olacaq”.

İnqilabın Rəhbəri su, yanacaq, elektrik və digər sahələrdə çatışmazlıqların olmasının böyük işlərə maneə yaradacağını dedi: “Özəl sektorun elit işçi qüvvəsi bu sahələrdə, həqiqətən, həlledici ola bilər. Bu sahənin elmi və intellektual potensialından istifadə etmək üçün düzgün proqramlaşdırmaya ehtiyac var”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, neft, polad, qaz və s. kimi müxtəlif tipli yüksək sahələrdən tutmuş kustar sənaye sahələrinə qədər bütün istiqamətlərdə göstərilən fəaliyyət özəl sektorun çox geniş iştirak potensialına malik olduğunu göstərir: “Bu sahələrin fəallarının qüdrətli əlləri və təşəbbüskar barmaqları məşğulluğun artması və yoxsulluğun azalması ilə nəticələnəcək”.

İnqilabın Rəhbəri bildirdi ki, həm hökumətin, həm də iqtisadi fəalların məsuliyyəti xalq sərmayələrindən səmərəli istifadə edilməsində zəruri şərtdir: “Hökumətin məsuliyyəti, ümumilikdə maneələri aradan qaldırmaq və biznes mühitini yaxşılaşdırmaqdan ibarətdir”.

İnqilabın Rəhbəri dünən sərgidə olarkən bəzi istehsalçıların öz narazılıqlarını bildirməsinin keçən il hökumət işçilərinə verdiyi xəbərdarlıqlara əməl edilməməsindən irəli gəldiyini dedi.

İnqilabın Rəhbəri vurğuladı: “Hökumət rəhbərləri biznes mühitinin yaxşılaşdırılması və maneələrin ortadan qaldırılması məsələsini ciddi şəkildə diqqət mərkəzində saxlamalıdırlar”.

Həzrət Ayətullah Xamenei dövlətin nəzarətinin özəl sektora dəstəyin təkmilləşdiricisi olduğunu dedi: “Müdaxilədən fərqli olan bu nəzarət əsla gözardı edilməməlidir”.

İnqilabın Rəhbəri düzgün nəzarətin olmamasının nöqsanlarından danışarkən 44-cü maddənin əsas siyasətlərindən sui-istifadələr edildiyini dedi: “Bu səbəbdən də 44-cü maddənin siyasətlərinin icra prosesində həm müəssisələrə, həm ölkəyə, həm də xalqa zərbə vuran qeyri-qanuni işlər görüldü”.

O, biznes mühitində mövcud olan hökumət mənşəli maneələrdən danışarkən qərar qəbul edən çoxsaylı mərkəzlər, ayrı-ayrı dövlət sektorlarında qəbul edilən qərarların bir-biri ilə ziddiyyət təşkil etməsi, lisenziyaların verilməsində məntiqsiz süründürməçilik kimi problemlərə toxundu: “Hansı səbəbdən neft sənayesinin apstrim seqmentində fəaliyyət göstərmək istəyən özəl şirkətlərə lisenziya verilməsi üçün 3 il vaxt tələb olunur? Mədən və ekologiya sahələri nə üçün dağ-mədən sahələrinin fəaliyyəti ilə bağlı ziddiyyətli qərarlar qəbul edirlər?”

Həzrət Ayətullah Xamenei nümunə üçün qeyd etdi ki, hökumətin biznes sahəsində yaratdığı maneələrdən biri nağd pula nəzarət edilməsi nəticəsində maliyyə mənbələrində məhdudiyyətlər yaranmasına səbəb olmasıdır: “Nağd pulun azaldılması və artımının aşağı salınması düzgün siyasətdir. Hökumətin bu sahədə göstərdiyi səylər müəyyən həddə qədər effektiv olmuşdur. Amma bankların istehsal fəalları üçün nəzərdə tutduğu ixtisaslaşmış resurslarda məhdudiyyətlər yaradılması orta və kiçik müəssisələrə aid edilməməlidir. Sözügedən resurslar dövlət şirkətlərinə və ya əlaqələri geniş olan xüsusi və zirək şirkətlərə də verilməməlidir. Bu problemin həlli, əsasən, Mərkəzi Bankın vəzifəsidir”.

İnqilabın Rəhbəri vurğuladı: “Biznes mühitinin hökumətdaxili maneələri hökumətdaxili müzakirələr, prezidentin qərarı və vitse-prezidentin rəhbərliyi ilə ortadan qaldırılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, biznes mühitinin yaxşılaşmasına mane olan bəzi amillərin ortadan qaldırılması həm də hökumətdən kənar qurumlara, o cümlədən məhkəmə və Silahlı Qüvvələrə aid bir məsələdir: “Hökumət qüvvələrinin rəhbərləri lazımi səlahiyyətlər çərçivəsində təşkil edilən iclaslarda bu qəbildən olan maneələri ortadan qaldırmalıdırlar. Əgər hər hansı səbəbdən həll olmasa, rəhbərliyə ötürülməlidir”.

O, özəl sektorun öhdəliklərinin də bu sektorun potensialından səmərəli şəkildə istifadə edilməsi prosesində mühüm rola malik olduğunu dedi: “İnzibat, qaydalara riayət edilməsi, qanunlara tabe olmaq və sağlam iş özəl sektorun əsas vəzifələrindəndir. Dövlətin nəzarəti altında bu vəzifələrə əməl edilməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, dünya dövlətlərinin böyük şirkətlər və müəssisələrə dəstək verməsi bu şirkətlərin uğur amillərindəndir: “Dövlətin özəl sektora zəruri köməklərindən biri ixracatın inkişafına və xarici bazarlara köməkdir. Bu istiqamətdə iqtisadi diplomatiya dövlət və özəl sektorun birgə fəaliyyəti ilə gücləndirilməlidir”.

O, sanksiyalar və bədxahların düşmənçilikləri kimi xarici problemlərin mövcudluğuna işarə edərək dedi: “Bu amillər, şübhəsiz ki, zərbə vurur, ölkə üçün problemlər yaradır. Amma bu problemlərdən də fürsət yaratmaq olar. Gənclərimiz bu fürsətdən istifadə etdilər. Bu gün kosmos sahəsində Sürəyya kosmik peykinin kosmosa buraxılması kimi heyrətamiz elmi nailiyyətlər əldə etmişik. Əgər sanksiyalar olmasaydı, bu gün bu nailiyyətlər olmazdı”.

İnqilabın Rəhbəri çıxışını yekunlaşdırarkən dedi: “Əgər lazimi idarəçilik olarsa və özəl sektora düzgün şəkildə dəstək verilərsə, yüksək imkan və potensiala, zəngin təbii sərvətə, elit işçi qüvvəsinə, dövlət və xalq arasında yaxşı münasibətlərə malik olan ölkəmizin yüksək inkişafı hiss olunan bir gerçəkliyə çevrilər”.

Hökumətin bəzi məsul şəxslərinin də iştirak etdiyi bu görüşün əvvəlində 12 nəfər çıxış etdi:

- Tərəvəz və bostan məhsullarının hibrid toxumlarının istehsalçısı, elm təməlli “Negin” şirkətinin rəhbəri Məryəm Qolabadı;

- İranda ən qədim və böyük dərman istehsalçısı olan “Doktor Əbidi Farmokologiya Şirkəti”nin icraçı direktoru Əmir Rəzəviyan;

- “Rubika Messenger”in icraçı direktoru Hamid Baqiri Rəstqar;

- Hər növ paltar istehsalçısı olan “Celebon” şirkətinin icraçı direktoru Rza Məhəmmədcəfər;

- Ölkədə dəqiq ölçü aparatlarının istehsalı üzrə birinci yeri tutan “Par Cəhd” şirkətinin icraçı direktoru Hüseyn Müqəddəsi;

- Mədən Sənayesi üzrə istehsalçı və fəal “MİDHCO Holding”in icraçı direktoru Əliəsğər Purmənd;

- K/t sahəsində ağıllı suvarma texnologiyası üzrə layihəçi və istehsalçı, elm təməlli “Orta Şərq Paydar Keşt Huş” şirkətinin icraçı direktoru Mehdi Qeysəri;

- Maliyyə və İnvestisiya sahəsi üzrə fəal “Mənzil Sahəsi üzrə Bankı Maliyyə Təminatı Şirkəti”nin idarə heyətinin müdiri Məhəmmədəli Rəstqar;

- Günəş panelləri sənayesi üzrə istehsalçı “Mata Pak” şirkətinin icraçı direktoru Əli Pəjuhan;

- Məişət əşyaları istehsalçısı “Kilivər” şirkətinin idarə heyətinin müdiri Əli Cəlayi Muradzadə;

- Neft və qaz yataqlarının inkişafı sahəsi üzrə fəaliyyət göstərən “Pasqard Enerjinin Artırılması Holdinqi”nin icraçı direktoru Əlirza Sadiqabadi;

- Ölkə üzrə ən böyük dizel istehsalçısı olan “İsfahan Neftayırma Holdinqi”nin icraçı direktoru Muhsin Qədiri öz nailiyyətləri haqqında məlumat verib təkliflərini verdilər.

Dərman sənayesi infrastrukturlarında yenilənmə işlərinin aparılması və bu sahəyə investisiya qoyuluşunun zəruriliyi, istifadəçilərin məmnunluğunu təmin etmək məqsədilə daxili messengerlərə dəstək verilməsi, idari bürokratiyanın yeni biznes metodları ilə ayaqlaşması zərurəti, ölkənin özünütəmin və beynəlxalq rəqabətin gücünü artırmaq məqsədilə böyük və çoxşaxəli sənaye komplekslərinin təşkil edilməsinə ehtiyacı, əsas məişət əşyaları hissələrinin istehsalı üzrə yerli zavodların yaradılması zərurəti, investor bankların və sərvət yaradan şirkətlərin təsis edilməsi zərurəti, xüsusilə ixracat sahəsi ilə bağlı qanunların stabilliyinin təmin edilməsi, ölkə ərazisinin yeni suvarma sistemləri ilə təmin edilməsinin vacibliyi, Kənd Təsərrüfatı Universitetinin yekun təhsil mərhələlərində ixtisaslaşma məsələsinə yenidən baxış, neft-qaz sənayesi sahəsi ilə bağlı qanunlara yenidən baxış, zəncirvari maliyyə təminatı və kreditlərin istehsal zəncirinə yönəldilməsi metodlarına daha çox diqqət göstərilməsi, habelə vergi sistemləri və istiqrazların verilməsi sistemlərinin birləşdirilməsi - iqtisadi fəallar və istehsalçıların İnqilabın Rəhbəri ilə görüş zaman etdikləri çıxışlarda irəli sürdükləri əsas məsələlər oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /