Ali Məqamlı Rəhbərin informasiya bloku

Tələbələrlə görüşdə İslam İnqilabın Rəhbərinin tələbi:

Tərəqqiyə qürurlu baxışla yanaşı tənqidi baxış

İslam İnqilabının Ali Rəhbəri bu gün günortadan sonra 3000-ə yaxın tələbə və universitetlərin siyasi, ictimai, mədəni və elmi təşkilatlarının nümayəndələri ilə 2,5 saat davam edən görüşdə “bu gündən daha yaxşı sabah” prinsipinin ölkənin və dövlətin əsas məqsədi olduğunu dedi. O, tələbələri və tələbə təşkilatlarını bu əsas məqsədə çatmağa, ölkənin maddi və mənəvi geriləmələrsiz inkişafına nail olmaq üçün yeni həll yolları təqdim etməyə çağırdı: “Alim yetişdirmək, elm istehsal etmək və bu iki kateqoriyaya istiqamət vermək universitetin üç əsas vəzifəsidir”.

Tələbə mühitinin şən, canlı, həyəcanlı, tələbkar və şövq yaradan təbiətə malik olduğunu deyən Həzrət Ayətullah Xamenei bu görüşdə təşkilat nümayəndələrinin qaldırdıqları mövzuların izlənilməsinin vacibliyinə işarə edərək dedi: “Hər bir təklif analitik və intellektual dərinliyə malik olmaqla yanaşı real və qənaətbəxş olmalı, problemlərin həllinə kömək etməlidir”.

Həzrət Ayətullah Xamenei təşkilatların nümayəndələrindən birinin çıxışına cavab verərək onun “ədalət”ə baxışının 2001-ci ildəki baxışından fərqli olduğunu vurğuladı: “Fərq bundadır ki, mənim ədalətlə bağlı israrım daha da artıb”.

O, cəmiyyətdə mənəvi cəhətlərin təzahür etməsi, o cümlədən qiraət məclislərinin geniş vüsət alması baxımından builki Ramazan ayının xeyirli bir ay olduğunu vurğulayaraq tələbələrə bu ayda əldə etdikləri mərifət və paklığı qoruyub saxlamağı tövsiyə etdi: “Bu məqsədin gerçəkləşdirilməsinin əsas yolu günahdan çəkinməkdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bəzi işlərin günah olmasına göz yumulması onların törədilməsinə səbəb olur: “Virtual məkanda heç bir araşdırma aparmadan, diqqət göstərilmədən səsləndirilmiş və yazılmış bəzi sözlər diqqətsizlik səbəbindən yol verilən günahlardandır. Fərd buna görə Allah dərgahında mütləq cavab verəcək”.

O əlavə etdi: “Təbii ki, mühafizəkar olmağı, tənqid etməməyi, irad tutmamağı tövsiyə etmirik, amma hər sözümüzdə və hərəkətimizdə diqqətli olmalıyıq”.

Həzrət Ayətullah Xamenei tələbəni elm, fikir və düşüncə sahibi olan gənc, qüdrətli, motivasiyalı və perspektivli bir şəxs kimi xarakterizə etdi: “Bu xüsusiyyətlərinə əsasən, tələbələrin gələcəkdə fəal və həssas olacağı gözlənilir”.

O bildirdi ki, cəmiyyətdə və ölkədə mövcud olan problemlər tələbələrin bu görüşdə səsləndirdikləri problemlərdən daha çoxdur: “Əgər tələbə sinfi rasional və planlı şəkildə ölkənin gələcəyi ilə bağlı bir fəaliyyət və dəyər sistemi tənzimləyib ona doğru gedən yolu müəyyən edərsə, 5 ildən sonra mövcud problemlər mütləq azalacaqdır”.

İnqilabın Rəhbəri ötən illər ərzindəki görüşlərdə səsləndirdiyi fikirlərin yerinə yetirilməsi, o cümlədən rəhbərliyin təşkilatlardan olan gözləntilərindən danışdı: “Dəfələrlə qeyd edildiyi kimi, tələbənin əsas işi oxumaq olsa da, bununla yanaşı insanlara, cəmiyyətə baxmaq, problemlərin həlli yollarını tapmaq tələbələrin əsas vəzifələrindəndir.”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, “bu gündən daha yaxşı sabah” prinsipi ölkənin və dövlətin əsas məqsədidir: “Bu əsas məqsədi reallaşdırmaq üçün konkret hədəflər müəyyən etməliyik”.

İnqilabın Rəhbəri bildirdi ki, ölkənin və dövlətin indiki mövqeyi hədəflər və “bu gündən daha yaxşı sabah” prinsipinin reallaşdırılması istiqamətində atılan birinci addımdır: “Bəziləri bu əsas və təyinedici gerçəklikdən xəbərsizdirlər; inqilabın qaranlıq tağut dövrünə qarşı aparılmış çətin və mürəkkəb mübarizələrin nəticəsi olması gerçəyini bilmirlər”.

O əlavə etdi: “Əlbəttə, inqilabın hədəflərinin çoxu hələ də gerçəkləşməyib. Amma bu gün düzgün mühakimə yürütmək üçün dövlətin inqilabçı olması məsələsi və dünənin həqiqətlərinin dərk edilməsi tələbə cəmiyyətlərinin daim diqqət mərkəzində olmalıdır”.

İnqilabın Rəhbəri korrupsioner, xain və asılı Pəhləvi rejiminin gerçəkliklərindən danışarkən dedi: “O dövrdə xalqa İran kimi əzəmətli bir ölkəni idarə edən və hər növ fəsad və günaha bulaşmış rəzil bir ailə hökmranlıq edirdi. Bundan əlavə, cəmiyyət üzərində mütləq istibdad hökm sürürdü. İndikindən fərqli olaraq xalqın ölkə idarəçiliyində heç bir iştirakı və müdaxiləsi yox idi, xalq hesaba alınmırdı”.

Xalqa qarşı zülm və zorakılıq göstərilməsi ilə yanaşı, siyasi vassallıq və yadlara itaət, Qərb mədəniyyətinin artıq-urtuğunu yemək, ciddi sinfi uçurum, ədalətin mənasızlığı, son dərəcə kəskin ayrıseçkilik, bütün məmurların və sarayla əlaqəsi olan adamların imtiyazlı mövqeyi Həzrət Ayətullah Xamaneinin toxunduğu inqilaböncəsi gerçəkliklərdən oldu.

O əlavə etdi: “Universitetlərdə elmi cəhətdən yaxşı və səmərəli kadrlar olsa da, universitetlərdə elmi, sənayei və texnoloji baxımdan etibarlı məhsullar istehsal olunmurdu. İran ictimaiyyətinin qlobal elmin sərhədlərinə çata bilməyəcəyi ilə bağlı yanlış təsəvvürlər tağut dövrünün rəhbərliyinin qəti düşüncələrindən idi”.

Pəhləvi dövründəki İranın xarici ölkələrin siyasi, sosial, iqtisadi və mədəni vassalı olduğunu deyən Həzrət Ayətullah Xamenei həmin vəziyyətin utancverici olduğuu vurğuladı: “Bu çox acı gerçəkliyə qarşı mübarizə 20-ci onilliyin əvvələrində müxtəlif fikir sahiblərinin iştirakı ilə başladı. Mübarizənin zirvə nöqtəsi neftin milliləşdirilməsi hərəkatı oldu. Hərəkat ABŞ-İngiltərənin rəhbərliyi altında, onların rəzil və quldur əlaltıları tərəfindən həyata keçirlimiş 28 mordad tarixli çevriliş nəticəsinə məğlubiyyətə uğradı. Milli hərəkatın rəzil və quldur insanların çevrilişi ilə məğlubiyyətə uğraması, əslində, İran xalqını təhqirdir”.

Həzrət Ayətullah Xamenei bu mübarizələrin təkmilləşmiş formasının din alimləri və böyük İmamın rəhbərliyi ilə xalqın tağut rejimə qarşı apardığı mübarizə olduğunu dedi: “İmam xalqı dini və milli bir hərəkata səfərbər etdi. İnqilab belə yarandı. Bu, İran xalqının tarixi kimliyidir”.

İnqilabın mətninin cümhuriyyətçilik və islamçılıqdan ibarət olduğunu deyən Ayətullah Xamenei, demək olar ki, bütün insanların, hətta İslama inanmayanların da İslam Respublikasına səs verdiyini dildirdi: “Həmin dövrdə demokratiya və xalqın səsinin İslam çərçivəsi ilə uyğun gəlib-gəlməməsi ilə bağlı şübhələr mövcud idi. Hüquqşünaslar bu şübhələrə aydın cavablar verdilər”.

İnqilabın Rəhbəri dedi: “İslam Respublikasının hədəfləri iki ümumi başlıq altında konkretləşir: “Ölkənin islami prinsiplərlə idarə edilməsi” və “Dünya xalqlarına dövlətin yaxşı idarə olunması ilə bağlı bir model təqdim edilməsi”. Siz tələbələr elmi və intellektual toplantılarda, İnqilaba inanan mütəxəssislərlə görüşlərdə bu iki istiqamətin həyata keçirilməsi yollarının yenilənməsi üçün çalışmalı və səy göstərməlisiniz”.

O, ölkənin İslam meyarları ilə idarə edilməsi parametrlərinin “Nəhcül-bəlağə”də, o cümlədə Əmirəl-mömininin (ə) Malik Əştərə yazdığı məktubda öz əksini tapdığını dedi: “Ölkənin İslam prinsipləri ilə idarə edilməsi deyilərkən geriləməyə yol verilmədən fasiləsiz şəkildə maddi və mənəvi inkişaf xəttində olmaq nəzərdə tutulur”.

Həzrət Ayətullah Xamenei ümumi rifah, fiziki və əxlaqi təhlükəsizlik, elmi inkişaf, sağlamlığın miqyasının artırılması, cəmiyyətin gənc saxlanması, müxtəlif quruculuq işləri, innovasiyalar və ədalətin maddi inkişafın əsas sörlövhələri olduğunu dedi: “Ədalət düzgün başa düşülməlidir. Ədalət ümumi fürsətlərdən istifadə məsələsində sinfi təbəqələrin inkar edilməsi və xalqın fürsətlərdən bərabərsəviyyəli istifadəsi deməkdir. Fürsətlərdən istifadədə xüsusi imtiyaz yaradılması haqsızlıq və ədalətsizlikdir”.

O qeyd etdi ki, hər hansı səbəbdən cavab vermək imkanı olmayan şəxslərə qarşı virtual məkanda məlumat yaymaq bərabər fürsətin olmaması və bu səbəbdən də ədalətsizlikdir: “Ədalət təkcə maliyyə məsələlərinə aid deyil, vəzifə, abır, heysiyyət məsələlərində də ədalətə riayət edilməlidir”.

İnqilabın Rəhbəri əxlaq, dindarlıq, İslami həyat tərzi, fədakarlıq və cihadın mənəvi inkişafın sərlövhələrindən olduğunu dedi: “Bütün bu maddi və mənəvi sərlövhələrin gerçəkləşməsi üçün yeni və modern proqrama, düşüncəyə və nəzəriyyəyə ehtiyacı var. Tələbə sinfi öz narahatlıqları və tələblərilə yanaşı bu sahədə davamlı çalışıb iş görməlidir”.

O qeyd etdi ki, İslam Respublikasının ikinci hədəfi, yəni dövlət idarəçiliyi meyarının təqdim edilməsi, əslində, şəfqət və dünya xaqlının xeyrini istəməkdir: “Bu hədəf bəzi cəhətlərdən müəyyən qədər gerçəkləşib. Siz gəncləri həyəcanlandıran, regional və qlobal səviyyədə fəxr etdiyiniz bir çox hadisələr sizin ölkə, cəmiyyət və inqilaba məxsusdur”.

Həzrət Ayətullah Xamenei çıxışnın başqa bir yerində qeyd etdi ki, elm universitetin əsas sütunudur. O, vurğuladı ki, alim yetişdirmək, elm istehsal etmək və bu iki kateqoriyaya istiqamət vermək universitetin üç əsas vəzifəsidi: “Dünya universitetləri üçüncü vəzifə, yəni alim yetişirilməsi və elm istehsalına istiqamət verilməsi məsələsində problem yaşayır. Bu səbəbdən də onların məhsulları imperialist və sionist güclərin əlində alətə çevrilir”.

O, bu üç mühüm vəzifənin universitetin sütunlarının, o cümlədən müdirlər, müəllimlər, tələbələr və dərslərin mətninin diqqət mərkəzində olması zəruriliyini vurğulayaraq İranın beynəlxalq etibarının mühüm bir hissəsinin ölkənin elmi və texnoloji inkişafına borclu olduğunu dedi: “Bu etibarı qorumaqla ölkəni elmi cəhətdən zənginləşdirməliyik. Təbii ki, imperialist güclər İranın bu gücü və etibarını bəyənmirlər”.

İnqilabın Rəhbəri çıxışının son hissəsində tələbə təşkilatlarına bir neçə tövsiyə verərkən təşkilatlardan olan gözləntilərin çox-çox olduğunu dedi: “Tələbə təşkilatları xüsusilə tələbə mühitində və universitetin daxilində təsir gücünə malik olmalıdırlar. Halbuki bu təsir hal-hazırda görünmür, ya da azdır”.

O qeyd etdi ki, iranlı tələbə kimliyinin Qərb təqlidçiliyi əsasında formalaşdırılmasına səy göstərilir: “Tələbə təşkilatları bu səylər qarşıısnda fəal olmalıdırlar”.

İnqilabın Rəhbəri tələbə təşkilatlarının üzvlərinə intellektual və nəzəri dəstəkləri gücləndirməyi tövsiyə etdi: “İnqilabçı təfəkkür güclü intellektual dəstək olmadan yayıla bilməz. Üstəlik, bu zəiflik nəticəsində təşkilatlar özləri çökə bilər. Bəzi vaxtlarda bu baş vermişdir. Belə ki, İslam adı altında İslama zidd bir iş görülmüş və məlumat yayılmışdır”.

O, tələbələrin düşüncələri və mövqelərində ölkənin nailiyyətləri ilə bağlı zəif təsəvvürlərin olduğunu tənqid edərək vurğuladı: “Tənqidi baxışla yanaşı ölkənin müxtəlif sahələrində əldə edilmiş çoxsaylı nailiyyətlərə görə qürur hissi keçirin və bu nailiyyətlərlə fəxr edin”.

Həzrət Ayətullah Xamenei tələbə təşkilatlarının ölkənin böyük fürsətləri olduğunu dedi: “Təşkilatlar arasında fikir ayrılıqlarının və zahiri fərqlərin olmasında bir problem yoxdur, ancaq ilin əvvəlində vurğuladığım və təkrarladığım kimi, fikir və düşüncə fərqliliyi cəmiyyətin və qurumların heç bir səviyyəsində dava-dalaşa və çəkişmələrə səbəb olmamalıdır”.

Bu göprüşün əvvəlində tələbə təşkilatları nümayəndələrindən 6 nəfəri çıxış etdi. Çıxışçılar aşağıdakılardır:

- Hamid Əbdülhüseyn - İslam Azad Universitetinin Tələbələr İslami Birliyi;

- Əmirhüseyn Seyid Rəhimzadə - Tələbə Ədalət Hərəkatı;

- Hüseyn Qənəvati - Müstəqil Tələbələrin İslami Cəmiyyətlər Birliyi;

- Məhəmmədmehdi Əhmədi - Tələbələrin İslam Cəmiyyəti Birliyi;

- Burya Əssar - Tələbə Bəsic;

- Fatimə Sadat Huşmən Mirhüseyni - Vəhdətin Möhkəmləndirilməsi Bürosu Birliyi.

Çıxışçılar ölkənin gündəmində olan məsələlərlə bağlı görüşlərini, tənqidlərini və təkliflərini səsləndirdilər.

Məişət və rifahla bağlı narahatlıqların aradan qaldırılması üçün sosial investisiyaların artırılması, insanların rolunun asanlaşdırılması və dövlətin diktəsinin azaldılması zərurəti, milli valyutanın devalvasiya prosesinin tənqidi, iqtisadi dəyişiklik yaratmaq üçün xalqın üç qüvvədən gözləntiləri, ölkənin prioritetləri arasında ədalətin mövqeyinin yenidən müəyyənləşdirilməsi zərurəti, milli medianın mərkəzi rolu ilə sosial boşluqların bərpası zərurəti, milli iqtisadi meqalayihələrin, o cümlədən Makran sahillərinin inkişaf planının irəliləyişindəki ləngimənin tənqidi , iştirakın gücləndirilməsi üçün partiyaçılıq və təşkilati siyasətin gücləndirilməsi zərurəti, işçilərin əmək haqqının əlverişli artımının olmamasının tənqidi, bütün qurum və orqanların tənzimlənməsinin zəruriliyi, elitanın ciddi şəkildə himayə edilməsi və universitet müəllimlərinin işə qəbulu prosesində islahatların aparılması, siyasətçilər tərəfindən qadınların imkanlarının düzgün şəkildə başa düşülməsi və ölkənin müxtəlif məsələlərində iranlı müsəlman qadının böyük fəaliyyət imkanından istifadə edilməsi zərurəti, təhsildə ədalətin səylə davam etdirilməsi, Məzlum Qəzza əhalisinə dəstək və İslam - ərəb ölkələrinin rəhbərlərinin passiv mövqelərinin, İslam dünyasının Qəzzadakı soyqırıma qarşı arzuolunan vəhdət göstərməməsinin tənqid edilməsi zəruriliyi tələbə təşkilatlarının nümayəndələrinin Ayətullah Xamenei ilə görüşdə qaldırdıqları məsələlərdən oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /