Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri İmam Sadiqin (ə) şəhadəti münasibətilə keçirilən matəm mərasimində:

İmamların xətti müqavimət və qətiyyət xətti, dərsləri məntiq dərsidir

İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümünə həsr edilmiş əzadarlıq məclisi bu gün 4 ordibehişt 1404-cü il tarixində, cümə axşamı günü günortadan əvvəl İslam İnqilabının Rəhbərinin iştirakı ilə keçirildi.

İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümünə həsr olunmuş əzadarlıq məclisinin sonunda İnqilabın Rəhbərinin verdiyi bəyanatın xülasəsi

* İmam Sadiqin (ə) dövründə ilahi təqdirə əsasən — bu, qəti və mütləq təqdir olmayıb — hidayət imamlarının (ə) xeyrinə bir dəyişikliyin baş verməsi nəzərdə tutulmuşdu. Bu, bir çox hədislərdə qeyd olunub və insan bunu həmin hədislərdən anlayır. Bir hədisində İmam Sadiq (ə) belə buyurur: “Həqiqətən, Allah öz təqdirində bu işi – həqiqi imamət məsələsini – hicrətin 70-ci ilinə təyin etmişdi”(1).

Baxın, İmam Həsən Müctəba (ə) Müaviyə ilə sülh bağlayanda bir qrup insan gəlib gileylənir, etiraz edir. Həzrət buyurur: “Siz bilmirsiniz, bəlkə bu sizin üçün bir imtahandır və müəyyən bir müddətə qədər faydalıdır”. Yəni bu, müəyyən bir vaxta qədərdir, müvəqqətidir. İmam Həsən Müctəbanın (ə) sözlərində bu küfr və nifaqın hakimiyyətinin əbədi olmayacağına; Allahın təqdirində bunun müvəqqəti olacağına işarə edilir. Nə vaxta qədər? Hicrətin 70-ci ilinə qədər. Yəni həmin hədisə əsasən, 70-ci ildə Əhli-beyt nümayəndələrindən həyatda olan bir nəfərin qiyam etməsi, hakimiyyəti ələ alması və həqiqi imamətin gerçəkləşməsi nəzərdə tutulmuşdu.

Sonra Həzrət buyurur: “Hüseyn (ə) şəhid ediləndə Allahın yer üzünün sakinlərinə olan qəzəbi şiddətləndi və Allah bunu (bu təqdir edilmiş işi) 140-cı ilə qədər təxirə saldı”. Yəni Kərbəla hadisəsi, xalqın dini prinsiplərə qarşı biganəliyi və üz çevirməsi bu ilahi təqdirin 140-cı ilə qədər təxirə düşməsi ilə nəticələndi. 140-cı il isə İmam Sadiqin (ə) dövrüdür. İmam 148-ci ildə vəfat edib. Bu məsələni şiələr bilirdilər. Yəni şiələrin seçilmiş simaları bunu bilirdi. Məsələn, bir rəvayətdə var ki, Zürarə (yaxınlardan biridir) öz dostlarına deyir: “Mən mənbərin pillələri üzərində yalnız Cəfəri (yəni İmam Sadiqi) görürəm”(2). Mənbərin pillələri, yəni xilafət mənbəri. Yəni mən Cəfərin bu mənbərin üzərində oturduğunu görürəm. Bu, belədir.

Başqa bir rəvayətdə də yenə Zürarə (Zürarə Kufədə yaşayırdı) İmam Sadiqə (ə) xəbər göndərib bildirir ki, şiə dostlarımızdan biri borca düşüb və borc sahibləri onu axtarır. O da pulu olmadığı üçün şəhəri tərk edib, didərgin düşüb. Əgər bu məsələ, yəni xilafət məsələsi, bu bir-iki il içində baş tutacaqsa (rəvayətdə “həzəl-əmr” ifadəsi işlənib) yəni bu məsələ bu bir-iki ilə baş verəcəksə – yaxşı olar ki, o şəxs siz iş başına keçənə və məsələlər öz həllini tapana qədər gözləsin. Yox, əgər bu məsələ uzanacaqsa, dostlar pul toplayıb onun borcunu ödəsinlər(3).

Yəni Zürarə kimi bir adam gözləyirmiş ki, məsələ elə bu bir-iki ildə tamamlanacaq. Bildiyiniz kimi, camaat İmam Sadiqin (ə) hüzuruna gəlib davamlı olaraq: "Ağa, nə üçün qiyam etmirsiniz, nə üçün qiyam etmirsiniz?" – deyə soruşurdularsa, bu, onların gözləmə halında olmasından qaynaqlanırdı; yəni nəsə eşidiblər, bir xəbər onların qulağına çatıb.

Sonra 140-cı il məsələsinin müəyyən edildiyi həmin hədisin davamında buyurur: “Siz bu məsələnin üstünü açdınız, Allah da işi təxirə saldı”. Yəni şiələr ağızlarına sahib olsaydılar və bu işin üstünü açmasaydılar, bəlkə də o vaxt məsələ tamamlanardı. Görün, tarix nə qədər dəyişə bilərdi! Ümumiyyətlə, bəşəriyyətin yolu tamam başqa bir yol olardı və bu gün dünya başqa bir dünya olardı.

Yəni bizim səhlənkarlıqlarımız – bir yerdə boşboğazlığımız, bir yerdə kömək etməməyimiz, bir yerdə yerli-yersiz etirazımız, bir yerdə səbirsizliyimiz, bir yerdə vəziyyəti səhv təhlil etməyimiz –  bəzən təsir göstərir  (özü də tarixi təsirlər), yəni bu cür istiqaməti dəyişir. Buna görə də çox diqqətli olmaq lazımdır.

Və əlbəttə, İmam Sadiqin (ə) həyatı ilahi hökmlərin yayılması baxımından və bizə çatmış çoxsaylı rəvayətlərə əsasən, qeyri-adi bir həyatdır, qəribə bir həyatdır, uğurlu bir həyatdır. Təbii ki, bu dörd min tələbə haqqında deyilənlər bəzən dinləyicidə belə bir təsəvvür yaradır ki, sanki həzrət bir dərs başlayırdı və dörd min nəfər orada oturub dərs dinləyirdi. Bu, belə deyil. Bütün ömrü boyu dörd min nəfər o həzrətdən hədis nəql etmişdir – o kitabda yazıldığı kimi – yəni həzrətin dörd min rəvayətçisi olub. "Dörd min tələbə" deyildikdə bu nəzərdə tutulur; yoxsa dörd min nəfər bir yerdə dərsdə oturmurdu və o, onların hamısına dərs demirdi.

Biz imamların həyatından uzağıq; məlumatımız azdır — həm onların kəlamlarından, həm buyurduqları sözlərdən, rəvayətlərdən və həyat tərzlərindən.

Rəvayətlərimizdə bu hadisələr də var: guya onu Mənsurun yanına apardılar və Mənsur ona qarşı qəzəb nümayiş etdirdi. O isə dedi: “Ey əmioğlu! Böyüklər, peyğəmbərlər zülmə məruz qalıblar. Onlar bağışlayıblar, sən də bizi bağışla”. Mən qəti şəkildə deyirəm ki, bunlar yalandır; tam qətiyyətlə deyirəm ki, bu hadisələrin heç bir əsası yoxdur.

İmam heç kimlə bu cür danışmayıb - istər öldürülmə təhlükəsi olsun, istər olmasın. Hər nə olursa olsun, İmam, ümumiyyətlə, bu şəkildə danışmayıb.

Bu sözlərin ravisi kimdir? Rəbi. Ravi xidmətçi Rəbidir! Rəbi Mənsurun xidmətçisidir, yəni onun hər işini görən adamıdır; sarayda olan belə bir yalançı adam.

Bu şəxs gəlib deyir ki, guya İmam Sadiq belə deyib. Bu da, təbii ki, şiənin ruhunu sarsıtmaq üçün yaxşı bir vasitədir. Ona görə də belə rəvayətlərin nəqlindən tamamilə çəkinmək lazımdır.

Bəziləri əbəs yerə bu rəvayətləri nəql edirlər, halbuki bu rəvayətlər düzgün deyil.

İmamlar müqavimət, dözüm və məntiq öyrədiblər; məntiq və arqumentlərlə danışıb qarşı tərəfi aciz qoyublar.

Baxın, Həzrət Zeynəb (s.ə) İbn Ziyad və Yezidin məclisində necə danışır! Bax, bu doğrudur; bu yol — İmamların doğru yoludur. Kim müqavimət göstərirsə, o bu böyüklərin yolu ilə hərəkət edir.

Bu gün də Qəzzada, Livanda müqavimət göstərənlər, əslində, elə din rəhbərlərinin, hidayət imamlarının yolu ilə addımlayırlar.

 

(1) Kafi, c.1, s.368 (azacıq fərqlə)
(2) Ricali-Kəşşi, s.156
(3) Ricali-Kəşşi, s.157

İnqilabın Ali Rəhbəri Mübarək Ramazan ayının Quran proqramlarını yüksək qiymətləndirdi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneyi Quran fəalları və Milli Medianın Mübarək Ramazan ayı proqramlarının təşkilatçılarından bir qrupunun iştirak etdiyi bu tədbirin sonunda dedi: "Allaha şükürlər olsun ki, bu gün tədbirimizə Quranla məşğul olan insanlar toplaşıblar. Allaha şükür olsun ki, bu il Ramazan ayı Quranla müşayiət olunan bir Ramazan oldu; Allaha şükür. Və ölkənin hər yerində, siz qardaşlarımızın təşəbbüsü ilə, hər bir rayonda, tele-radioda və ondan kənarda xalqın ürəyi Quranla bir döyündü. Bizim buna ehtiyacımız var. Bu, ölkəmizin və gənclərimizin ehtiyacı olan bir şeydir; Quran oxumaq, Quranı əzbərləmək. Mən orada gənclərin oturub Quranı tərtil ilə oxuduqlarını, hafizlərin Quranı əzbər danışdıqlarını görəndə, həqiqətən, çox sevinir və məmnun oluram; Allaha şükür. Davam edin. Amma biz hələ Quran sahəsində çox işlər görməliyik; görməli işlərimiz çoxdur. Biz Quranın çox böyük və dərin bir dəniz olan mənalarını xalqımız və Quran oxuyanlar arasında daha çox yaymalıyıq. Allaha şükür, çox yaxşı idi. Allaha şükür".

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /