Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbərin QETM-nin Yenidən Təsisinin Yüzüncü İldönümü Konfransına müraciəti

Qabaqcıl və nümunəvi teoloji mərkəzin tələbləri

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Qum Elmi-Teoloji Mərkəzinin yenidən təsis edilməsinin yüzüncü ildönümü münasibətilə təşkil edilmiş konfransa ünvanladığı müraciətində teoloji mərkəzin müxtəlif prinsipləri və funksiyalarına aydınlıq gətirərək novator, inkişaf edən, dövrün tələblərinə və yeni yaranan məsələlərə cavab verən, pak, mütərəqqi və mücahid ruhiyyəyə, inqilabçı kimliyə malik, habelə cəmiyyətin idarəetmə sistemlərini tənzimləmə potensialına malik olan qabaqcıl və nümunəvi teoloji mərkəzin gerçəkləşməsi üçün lazım olan şərtlərə aydınlıq gətirərək vurğuladı: “Elmi-Teoloji Mərkəzin ən mühüm vəzifəsi aydın təbliğat, onun da ən bariz nümunəsi yeni islami sivilizasiyanın əsas və ikinci dərəcəli istiqamətlərini müəyyənləşdirmək, izah etmək, yayamaq və cəmiyyətdə onu mədəniyyətə çevirməkdir”.

İslam İnqilabının Rəhbəri müraciətinin əvvəlində hicri-şəmsi təqvimi ilə on dördüncü əsrin əvvəllərində baş vermiş böyük və sarsıdıcı hadisələrin fonunda mübarək Qum Elmi-Teoloji Mərkəzinin yaranma tarixindən və Ayətullah Hacı Şeyx Əbdülkərim Hairinin bu mərkəzin təməlini qoyması, onun davamlılığı və inkişafındakı rolundan söz açaraq əlavə etdi: “Qum Elmi-Teoloji Mərkəzinin qürurverici cəhətlərindən biri Həzrət Ruhullah kimi bir günəşin oradan qalxmasıdır. Bu mərkəz altmış ildən az bir müddət ərzində mənəvi gücünü və xalq arasındakı nüfuzunu elə bir səviyyəyə çatdırdı ki, xalqın əli ilə xain, azğın və fasiq şahlıq rejimini kökündən qoparmağa müvəffəq oldu və uzun əsrlərdən sonra İslamı ölkənin siyasi hakimiyyət kürsüsünə qaldıra bildi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Qum Elmi-Teoloji Mərkəzi təkcə tədris edilən və dərs oxunan bir müəssisə deyil, elm, tərbiyə, habelə ictimai-siyasi funksiyalara malik bir qurumdur. O, teoloji mərkəzi sözün həqiqi mənasında qabaqcıl və nümunəvi edə bilən prinsiplərə aydınlıq gətirdi.

Həzrət Ayətullah Xamenei birinci prinsipə aydınlıq gətirərkən qeyd etdi ki, Qum Elmi-Teoloji Mərkəzi şiə dünyasının böyük elmi sərmayəsinə malik bir mərkəzdir. Bu sərmayə minlərlə din aliminin min il boyunca fiqh, kəlam, fəlsəfə, təfsir və hədis kimi elm sahələrində apardığı elmi araşdırmalarının və əldə etdiyi elmi nailiyyətlərin məhsuludur.

İnqilabın Rəhbəri insan həyatında baş verən mürəkkəb və çoxsaylı hadisələrə, müasir fiqh elminin cavab verməli olduğu misilsiz suallara işarə edərək dedi: “Bu gün İslamın siyasi sisteminin təşkili ilə ortaya çıxan əsas sual budur: Şəriətin fərdi və ictimai həyatın müxtəlif sahələrinə makro baxışı necədir və bu baxışın prinsipial əsaslarını nə təşkil edir? Fəqihin hər bir məsələ ilə bağlı verdiyi fətva bu makro baxışın bir hissəsini əks etdirməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, min illik elmi bazaya malik olan qiymətli bir elmi mərkəz kimi Elmi-Teoloji Mərkəzin mühüm vəzifələrindən biri İslam hakimiyyəti və cəmiyyətin idarəetmə formasına dair məsələlərə cavab verməkdir: “Dövlətin vətəndaşlarla, digər dövlətlər və xalqlarla münasibətləri, "nəfyi səbil" prinsipi (İslam nöqteyi-nəzərindən qeyri-müsəlmanların müsəlmanlar üzərində hökmranlığının rədd edilməsi), İslam dövlətinin iqtisadi sistemi və prisipial əsasları, İslam nöqteyi-nəzərindən hakimiyyətin mənşəyi, xalqın ondakı rolu, mühüm hadisələr və hegemon sistem qarşısında mövqe tutulması, ədalət anlayışı və onun məzmunu, onlarla digər əsaslı, bəzən də həyati əhəmiyyət daşıyan mövzular fiqhi baxımdan cavab verilməli olan məsələlərdəndir”.

İslam İnqilabının Rəhbəri qabaqcıl və nümunəvi teoloji mərkəzin ikinci prinsipini izah edərkən vurğuladı ki, teoloji mərkəz ictimaiyyətə açıq bir qurumdur və onun ekstravert fəaliyyəti bütün səviyyələrdə cəmiyyətin və insanların düşüncə və mədəniyyətinə xidmət edir. Bu cəhətdən o, hövzənin ən əsas vəzifəsinin aydın və izahedici təbliğat olduğunu bildirdi: “Bu vəzifənin icrası mənəvi tərbiyəyə malik səmərəli kadrların yetişdirilməsi ilə şərtlənir”.

İnqilabın Rəhbəri aydın təbliğatın uca tövhid maarifindən tutmuş şəxsi dini vəzifələrə qədər, İslam dövləti, onun strukturu və vəzifələrindən tutmuş həyat tərzi, ətraf mühit, təbiətin qorunması, insan həyatının digər sahələri və yönlərinə qədər uzanan geniş bir miqyası əhatə etdiyini dedi.

O vurğuladı ki, teoloji mərkəzin əsas problemlərindən biri mərkəzin təqdim etdiyi təbliğat metodları ilə xalqın, xüsusilə gənclərin intellektual və mədəni reallıqları arasında uyğunluğun olmamasıdır: “Teoloji Mərkəzdə nəşr edilən yüzlərlə məqalə, jurnal, məclis çıxışları, televiziya proqramı və s. səfsətəçi təlqinlər seli qarşısında aydınlıq gətirən təbliğat vəzifəsini layiqli və tələb olunan şəkildə yerinə yetirə bilmir”.

Həzrət Ayətullah Xamenei teoloji mərkəzin aydınladıcı təbliğat vəzifəsinin düzgün şəkildə yerinə yetirilməsinin iki açar prinsiplə - elm öyrətmək və mənəvi tərbiyə prinsipləri ilə şərtləndiyini dedi: “Dinin məqsədlərini gerçəkləşdirən, günümüzün ehtiyaclarını qarşılayan və mövcud boşluqları dolduran mesajı insanlara çatdırmaq mütləq şəkildə elmi təlim və dərindən öyrənmə tələb edir. Güclü qaneedici metodlar, dialoq metodu ilə tanışlıq, ictimai rəylə düzgün ünsiyyət forması, media və virtual məkandan xəbərdar olmaq, müxalif ünsürlərlə qarşılaşma qaydalarının tələbəyə öyrədilməli və paraktiki məşq və davamlı çalışmalarla o bu meydana atılmağa hazır olmalıdır”.

O, təbliğat fəaliyyətində aktiv, hətta hücumçu mövqeyinin müdafiə mövqeyindən daha mühüm əhəmiyyət daşıdığımı vurğuladı: “Bu məqsədin reallaşması üçün teoloji mərkəz mədəni mücahid yetişdirməlidir. Belə qüvvələrin yetişdirilməsi ilə yanaşı, dövlət və ölkənin idarə edilməsində xüsusi vəzifələri yerinə yetirəcək kadrların hazırlanması, eləcə də elmi-teoloji mərkəzin daxili strukturunun tənzimləndirilməsi diqqət mərkəzində saxlanmalıdır”.

İnqilabın Rəhbəri teoloji mərkəzin mücahid kimliyinin tanınması, qorunması və gücləndirilməsinin qabaqcıl və nümunəvi teoloji mərkəzin üçüncü əsas prinsipi olduğunu dedi. O, İmam Xomeyninin (r.ə) 1989-cu ilin sonlarında ruhaniyyətə ünvanladığı təkanverici və dərin məzmunlu müraciətinə işarə edərək dedi: “İmam Rahil bu müraciətdə alimləri cihad, vətənə və zülmə məruz qalanlara dəstək olan öncüllər kimi xarakterizə etmişdir. Eyni zamanda o, elmi-teoloji mərkəzlərin müqəddəslik adı altında geriliyi təbliğ edən düşüncə tərzinin dini siyasət və ictimai fəaliyyətlərdən ayırmağa sövq edəcəyindən, düzgün inkişaf yolunu bağlaya biləcəyindən narahatlıq keçirdiyini bildirmişdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, böyük İmamın bu narahatlığı teoloji mərkəzin xalqın əsas məsələlərinə müdaxiləsini, ictimai və siyasi fəaliyyətlərə qatılmasını, zülm və fəsadla mübarizəsini dinin müqəddəsliyi ilə ziddiyyət təşkil edən bir davranış hesab edən, ruhaniyyəti ümumi sülh tərəfdarı olmağa, siyasətə qarışma təhlükələrindən uzaq durmağa çağıran təhlükəli bir cərəyandan qaynaqlanırdı.

O vurğuladı: “Dinin müqəddəsliyi özünü hər yerdən çox fikir, siyasi və hərbi cihad meydanlarında büruzə verir və bu müqəddəslik dini maarifin daşıyıcılarının fədakarlığı və cihadı, eləcə də onların tökülən pak qanı vasitəsilə təsbit olur. Bu səbəbdən də elmi-teoloji mərkəz mənəvi etibarını qorumaq və mövcudluğunun fəlsəfəsinə sadiq qalmaq üçün xalqdan, cəmiyyətdən və onun əsas məsələlərindən heç vaxt uzaqlaşmamalı, ehtiyac duyulanda cihadın bütün formalarını öz qəti vəzifəsi hesab etməlidir.

İnqilabın Rəhbəri cəmiyyətin idarə sistemlərinin formalaşdırılması və izahında iştirakın elmi-teoloji mərkəzin qabaqcıl və nümunəvi prinsiplərindən dördüncüsü olduğunu bildirdi: “Bu boşluğu teoloji mərkəz doldurmalıdır. Bu, elmi-teoloji mərkəzin qəti vəzifələri sırasındadır. Bu gün bəsirətsiz insanlar kimi fəqihliyin fərdi və ibadi hökmlərlə məhdudlaşdığını hesab etmək olmaz. Çünki ümmət formalaşdıran fiqh ibadət hökmləri və fərdi vəzifələrlə məhdudlaşmır.

Həzrət Ayətullah Xamenei teoloji mərkəzin dünyanın müasir tapıntıları ilə tanış olmasının və universitetlərlə əməkdaşlıq etməsinin ictimai sistemlərin layihələndirilməsi və tənzimlənməsi üçün zəruri şərtlər olduğunu dedi.

Ayətullah Xamenei qabaqcıl və nümunəvi teoloji mərkəzin beşinci prinsipinin İslamın qlobal mesajı çərçivəsində sivilizasiya innovasiyaları olduğunu dedi: “Elmi-Teoloji mərkəzdən ən mühüm gözlənti İslam sivilizasiyasının bərqərar olunmasına zəmin yaratmaqdır. Belə bir sivilizasiyada elm və texnologiya, insan resursları və təbii sərvətlər, insanın malik olduğu bütün imkan və nailiyyətlər, dövlət, siyasət və hərbi güc, insanın ixtiyarında olan hər şey sosial ədalətə, ümumi rifaha, təbəqələrarası məsafələrin azaldılmasına, mənəvi tərbiyənin gücləndirilməsinə, elmi tərəqqiyə, təbiətin daha da dərindən öyrənilməsinə və imanın möhkəmləndirilməsinə xidmət edir”.

İnqilabın Rəhbəri İslam sivilizasiyasının hal-hazırkı çirkin materialist sivilizasiyanın tam əks tərəfi olduğunu vurğuladı: “Bu batil və azğın sivilizasiya mütləq yaradılış qanununa əsasən, məhvə məhkumdur. Bizim vəzifəmiz bu batili aradan qaldırmağa, həm nəzəri, həm də əməli müstəvidə onun yerinə keçəcək mədəniyyət formalaşdırmağa kömək etməkdir. Bu sahədə elmi-teoloji mərkəzin üzərinə çox böyük bir vəzifə düşür. Teoloji Mərkəzin birinci dərəcəli vəzifəsi İslamın yeni sivilizasiyasının əsas və ikinci dərəcəli xətlərinin təsvirini vermək, daha sonra onu izah etmək, təbliğ etmək və cəmiyyət daxilində mədəniyyətə çevirməkdir. Bu, aydın təbliğatın ən bariz nümunələrindən biridir.

Həzrət Ayətullah Xamenei ictihadda zaman və məkan amillərinə diqqət yetirilməsi və yenilikçi qavrama adı altında şəriətin mahiyyətinin dəyişdirilməsindən ehtiyatlı olmağın zəruriliyini vurğulayaraq Qum Elmi-Teoloji Mərkəzinin bugünkü şəraiti ilə bağlı xatırlatma etdi: “İslam maarifi sahəsində fəaliyyət göstərən minlərlə müəllim, müəllif, tədqiqatçı, yazar, natiq və mütəfəkirlərin mövcudluğu, elmi və tədqiqat jurnallarının nəşri, ixtisaslaşmış və ümumi məqalələrin yazılması, fikir və düşüncə sahibi olan tələbə və alimlərin çoxluğu, inqilabın bütün sahələrində, hətta hərbi sahədə belə aktiv iştirakın olması, qlobal təbliğat meydanlarına çıxış yollarının açılması, müxtəlif millətlərdən olan minlərlə tələbənin yetişdirilməsi, fiqh alimlərinin müasir dövrə xas olan mövzulara yeni baxış bucaqlarından diqqət yetirməsi, gənc alimlərin xüsusilə Qurani-Kərim başda olmaqla İslamın mötəbər mətnlərindəki elmi məqamlarını tanıtdıran nüanslara diqqət yetirilməsi, habelə qadınlar üçün elmi-teoloji mərkəzlərin yaradılmasına ə
həmiyyətli şəkildə təşəbbüs göstərilməsi – hamısı  Qum Elmi-Teoloji Mərkəzinin diri və dinamik bir qurum olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei müraciətinin son hissəsində qabaqcıl və nümunəvi teoloji mərkəzin gerçəkləşdirilməsi istiqamətində lazım olan tövsiyələr verdi. İnqilabın Rəhbərinin bu hissədə qeyd etdiyi mühüm tövsiyələrdən bəziləri aşağıdakılardır:

Teoloji mərkəzin zamanla ayaqlaşmasının zəruriliyi, bütün sahələrdə kadr hazırlığına əhəmiyyət verilməsi, din tələbələrinin xalqla əlaqələrinin artırılması, teoloji mərkəzin rəhbərlərinin tələbələrdə gələcəyə ümidszilik yaradan qərəzli təlqinlərə qarşı müdrik şəkildə mübarizə aparması, gənc nəslə nikbin baxış, onlarla qarşılıqlı ünsiyyət qurmaq, teoloji mərkəzin dərslərinin aydın və günümüzün reallıqlarına cavab verən fiqh, sosial yönümlü aydın fəlsəfə, aydın, möhkəm və qaneedici kəlam elmi əsasında hazırlanması, eləcə də zöhd, təqva, qənaət, Allahdan qeyrisindən ehtiyacsız olmaq, təvəkkül, tərəqqi və cihada hazırlıq ruhiyyəsinin gücləndirilməsi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /