İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Pakistanın baş naziri cənab Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Pakistanın İslam dünyasındakı xüsusi mövqeyinə toxunaraq, sionist rejimin Qəzzada törətdiyi cinayətlərin qarşısını almaq üçün İran və Pakistanın ortaq və effektiv fəaliyyətlərinin zəruriliyini vurğuladı.
İnqilabın Rəhbəri bu görüşün əvvəlində Pakistan ilə Hindistan arasındakı münaqişənin başa çatmasından məmnun olduğunu ifadə edərək, iki ölkə arasındakı konfliktlərin həllini tapacağına ümidvar olduğunu bildirdi. O, Pakistanın son illər Fələstin məsələsi ilə bağlı nümayiş etdirdiyi çox yaxşı və qətiyyətli mövqeyə işarə edərək dedi: “Son illər bəzi İslam ölkələrinin sionist rejimlə əlaqələr qurması istiqamətində daim vəsvəsələr olduğu halda, Pakistan bu vəsvəsələrin təsiri altına düşməmişdir”.
Həzrət Ayətullah Xamenei İslam ümmətinin bu günkü dünyada daha böyük gücə sahib olmaq üçün geniş imkanlara malik olduğunu vurğulayaraq əlavə etdi: “Müharibə tərəfdarları dünyada konflikt və müharibə yaratmaq üçün çoxlu motivasiyalara malik olduqları bir şəraitdə İslam ümmətinin təhlükəsizliyini təmin edə biləcək yeganə amil İslam ölkələri arasında bilrik və əlaqələrin inkişaf etdirilməsidir”.
Fələstin məsələsinin İslam dünyasının birinci dərəcəli məsələsi olduğunu vurğulayan Ali Rəhbər Qəzzadakı acınacaqlı vəziyyətə işarə edərək dedi: “Qəzzadakı vəziyyət elə bir həddə çatıb ki, artıq Avropa və Amerikada sadə insanlar belə nümayişlər keçirərək öz hökumətlərinə etiraz edirlər. Amma təəssüflər olsun ki, belə bir şəraitdə bəzi İslam ölkələrinin hökumətləri sionist rejimin yanında yer alır”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran İslam Respublikası və Pakistan qarşılıqlı əməkdaşlıq sayəsində İslam dünyasında effektiv rol oynaya və Fələstin məsələsini bu yanlış istiqamətdən çıxara bilərlər. O əlavə etdi: “Biz İslam dünyasının gələcəyinə nikbin baxırıq və bir çox hadisələr nikbinliyimizi təsdiq edir”.
Ayətullah Xamenei habelə İran və Pakistan arasındakı münasibətlərin daim isti və qardaşcasına olduğunu vurğuladı. O, bu qardaşlıq əlaqələrinin bir nümunəsi kimi Pakistanın məcburi müharibə zamanı nümayiş etdirdiyi yaxşı mövqelərə işarə edərək iki ölkənin ayrı-ayrı sahələrdəki əməkdaşlıqlarının gözlənilən səviyyədən aşağı olduğunu dedi: “Hər iki ölkə bir çox sahələrdə bir-birinə yardım edə bilər. Ümid edirik ki, bu səfər müxtəlif sahələrdə, xüsusilə iqtisadi, siyasi və mədəni sahələrdəki əlaqələrin hərtərəfli inkişafına kömək edəcək”.
İnqilabın Rəhbəri habelə İqtisadi Əməkdaşlıq Təşkilatının daha da fəal olması üçün İran və Pakistan arasındakı əməkdaşlığın vacibliyini vurğuladı.
Prezident cənab Pezeşkiyanın da iştirak etdiyi bu görüşdə Pakistanın baş naziri cənab Şahbaz Şərif İnqilabın Rəhbəri ilə görüşdən çox məmnun olduğunu vurğulayaraq Pakistan və Hindistan arasında baş vermiş böhranın yatırılmasında İran İslam Respublikasının oynadığı müsbət rola görə təşəkkürünü bildirdi. O, həmçinin son qarşıdurmalarla bağlı dəyişikliklərdən danışarkən Qəzza məsələsinə toxundu: “Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Qəzza faciəsinə son qoyulması istiqamətində heç bir effektiv tədbir görmür.”
Pakistanın baş naziri Tehranda baş tutmuş yaxşı və konstruktiv danışıqlara da işarə edərək bu səfərin iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə zəmin yaradacağına ümidvar olduğunu dedi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir