Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri daxili işlər naziri və valilərlə görüşdə:

Bu gün xalqa xidmət etmək üçün ölkənin ümumi mühiti münasibdir

İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında daxili işlər naziri və valilərlə görüşdə valilərin vilayətlərin hərtərəfli rəhbərləri olduğunu vurğulayaraq ölkənin ümumi mühitinin xidmət üçün münasib, fürsətlərin isə çox olduğunu bildirdi. O, müəyyən tövsiyələr verərək dedi: “Mühüm məsələlərdən biri xalqdır. Xalqın arasına çıxmaq, sosial tədbirlərində iştirak etmək, hətta sərt olsa belə fikirlərini səbirlə dinləmək və lazımi izahlar vermək lazımdır”.

Həzrət Ayətullah Xamenei bu görüşdə valilərin vilayətlərdəki bütün məsələlər, o cümlədən istehsal, ətraf mühit, şəhər xidmətləri, sərhəd bazarları və regional diplomatiya üzrə məsuliyyət daşıdıqlarını bildirdi: "Ayrı-ayrı hökumətlərin vaxtında bu prinsipin zərurliyi vurğulansa da, bəzi nazirlərin etirazı səbəbindən prezidentlər onu tam şəkildə həyata keçirə bilmədilər. Valilərə səlahiyyət verilməlidir ki, mövcud məsələlər barəsində qərar qəbul edib tədbir görə bilsinlər".

O, habelə qeyd etdi ki, ölkə imkanlarla zəngindir, müharibə, koronavirus kimi epidemiyalar, ciddi təhlükəsizlik və güclü qütbləşmiş siyasi münaqişələr kimi problemlər yoxdur: “Bundan əlavə, ölkənin gənc, təhsilli və bacarıqlı insan resursları çox yüksəkdir. Bu potensialı tanıyıb ondan istifadə edən hər bir qurum nəzərə çarpacaq dərəcədə inkişaf və nailiyyətlər əldə edib”.

İnqilabın Rəhbəri İranın Şanxay və BRİKS kimi mühüm regional və beynəlxalq təşkilatlara üzvlüyünün, eləcə də Daxili İşlər Nazirliyinə ölkənin ayrı-ayrı bölgələrini yaxşı tanıyan bir nazirin rəhbərlik etməsinin digər fürsətlər olduğunu vurğulayaraq işlərin irəliləməsi üçün xidmət ruhiyyəsinə və mənəvi sağlamlığa malik rəhbərlərin seçilməsini tövsiyə etdi: “Əgər əyalətlərə bu xüsusiyyətlərə malik rəhbərlər seçsəniz, heç bir iş və inkişaf fürsəti əldən çıxmaz”.

O, qısamüddətli xidmət dövrü ərzində valilərin şəxsi ticarət kimi maraq toqquşmasına səbəb olan fəaliyyətlərdən uzaq durmasının, ölkənin sağlamlığının qorunmasının və korrupsiyaya qarşı mübarizə aparılmasının zəruriliyini vurğuladı: “Bəziləri İran İslam Respublikasında korrupsiyanın, öz təbirləri ilə desək, sistematik xarakter daşıdığını sübuta yetirməyə çalışdılar. Halbuki bu, tamamilə yalandır. Sistem sağlamdır. Amma bəzi sahələrdə zəif və ya güclü korrupsiya halları mövcuddur. Həmin hallara qarşı qətiyyətlə mübarizə aparmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei korrupsiyaya qarşı mübarizənin yüksək səviyyəli rəhbərlərin qəti vəzifələrindən biri olduğunu qeyd edərək vurğuladı ki, korrupsiya ilə mübarizənin birinci dərəcəli zəruri şərti məsul şəxslərin və onların ailələrinin korrupsiyaya yol açan amillərdən uzaq olmasıdır: “Bir məsul şəxsin korrupsiyaya bulaşmasının vurduğu zərər və ziyan tutduğu həssas vəzifə səbəbindən ikiqat artıq olur. Onun Allah qarşısındakı əzabı da ikiqat olacaq. Bundan bir neçə ilə əvvəl etdiyim mühüm və müfəssəl bir müraciətdə də vurğuladığım kimi, korrupsiya yeddibaşlı əjdaha kimidir, asanlıqla yox olmur, onunla mübarizə davam etdirilməlidir”.

O, digər bir tövsiyəsində məsul şəxslər və valilərə xalqın arasına çıxmağı, xalqla səmimi davranmağı, hətta sərt olsa belə xalqın sözlərini səbir və hövsələ ilə dinləməyi göstəriş verdi: “Bu davranış xalqda sizə qarşı sevgi yaranmasına və həssas məqamlarda onların sizə dəstək verməsinə səbəb olacaq”.

İnqilabın Rəhbəri həmçinin valilərə dindarlığı, haramlardan çəkinməyi və dini mərasimlərə əhəmiyyət verməyi, ilin şüarının həyata keçirilməsinə diqqət göstərməyi, qaçaqmalçılığa qarşı ciddi və birlikdə mübarizə aparmağı tövsiyə etdi.

Görüşün əvvəlində daxili işlər naziri cənab İskəndər Mömini həyata keçirilməkdə olan proqramlar barədə hesabat verərək bildirdi: “İstehsala investisiya, yoxsulluğun aradan qaldırılması, məşğulluğun artırılması, xalqla səmimi davranış və mərhəmət, müxtəlif təbəqələrlə əlaqə, gənclərə üstünlük verilməsi, iqtisadi diplomatiya və qonşularla əlaqələr, əcnəbi vətəndaşlarla bağlı işlərin nizama salınması və stabil təhlükəsizliyin təmin olunması Daxili İşlər Nazirliyinin proqramları və prioritetlərindəndir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /