Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 36-cı ildönümü münasibətilə dedi:

İnkişaf və təhlükəsizlik İmamın (r) yolunun davam etdirilməsi ilə mümkündür

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər İmam Xomeyninin (r.ə) pak hərəminə toplaşmış böyük və izdihamlı xalq kütləsi qarşısında çıxış edərək İslam İnqilabının bu gün dünyada gedən proseslərə hiss olunan şəkildə təsir göstərdiyini vurğulayaraq dedi: “Əzəmətli İmam (r.ə) imanından qaynaqlanan dərin düşüncəsi və rasionallığı sayəsində İnqilabın və ölkənin izzətli və müqtədir hərəkətinin davamlılığının əsas prinsiplərini “milli müstəqillik” anlayışının əsas məzmununa sığışdırdı. Bu prinsiplər sayəsində əziz İran inkişaf, ümumi rifah, sabit təhlükəsizlik, beynəlxalq aləmdəki mövqeyinin yüksəlişinə və özünün parlaq gələcəyinə nail olacaq”.

Həzrət Ayətullah Xamenei habelə milli nüvə məsələsinə aydınlıq gətirərkən bildirdi ki, İranın qürurverici tam nüvə yanacağı dövriyyəsinə sahib olması xalqın və gənc alimlərin “Biz bacararıq” inancının nəticəsidir. O bu sənaye sahəsinin digər elm və sənaye sahələrinin inkişafına göstərdiyi mühüm təsirlərə işarə edərək vurğuladı ki, ABŞ tərəfindən təqdim edilən nüvə planı həlledici “Biz bacararıq” prinsipinə tamamilə ziddir: “Böyük nüvə sənayesi zənginləşdirmə olmadan praktiki olaraq faydasızdır. ABŞ və sionist rejim bilməlidir ki, əsl məqsədlərini gerçəkləşdirmək, yəni İranın nüvə sənayesinə tamamilə son qoymaq üçün heç nə edə bilməyəcəklər”.

O, İmam Xomeyninin inkişaf edən, stabil və qüdrətli İslam Respublikasının böyük memarı olduğunu dedi: “O əzəmətli insanın vəfatından 36 il sonra onun varlığı və inqilabı böyük dövlətlərin zəifləməsi, çoxqütblü dünya sisteminin formalaşması, ABŞ-nin mövqeyi və nüfuzunun ciddi şəkildə azalması, hətta Avropa və ABŞ-də sionizmə qarşı nifrətin yüksək həddə qalxması, eləcə də bir çox xalqların oyanışı və Qərbin dəyərlərinə etirazlar kimi məsələlərə təsiri açıq şəkildə hiss olunur”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Qərb dünyası İran xalqının bir din alimi vasitəsilə səfərbər ediləcəyini, İmam və xalqının boş əllə təpədən dırnağadək silahlanmış asılı pəhləvi rejiminə qalib gələcəyini, müftəxor və qarətçi amerikalar və sionistlərin İrandan süpürülüb çıxarılacağını gözləmirdi: “Qərblilərin gözləmədikləri ikinci hadisə İmamın tədbiri və qətiyyətli fəaliyyətləri sayəsində İslam Respublikasının qurulması oldu”.

Həzrət Ayətullah Xamenei amerikalıların İranda təslimçi və kompromisçi hökumətin hakimiyyətə gələcəyinə və onların qeyri-qanuni maraqlarının yenidən təmin olunacağına ümid bəslədiklərini vurğulayaraq dedi: “İmam İranda islami və dini bir dövlətin yaradılacağı ilə bağlı açıq mövqeyini elan etməklə ABŞ-nin bu ümidlərini puça çıxardı və düşmənlərin dağıdıcı planları məhz buradan başladı”.

O, qərblilərin, xüsusilə ABŞ-nin İslam İnqilabına qarşı həyata keçirdiyi dağıdıcı planların miqyası, müxtəlifliyi və şiddətinin müasir inqilablar tarixində misilsiz olduğunu dedi: “Etnik təxribatlar, anti-inqilabi qrupların və solçuların silahlandırılması, İrana hücum etməsi üçün Səddam adlı yırtıcı canavarın təhrik edilməsi və dəstəklənməsi, eləcə də İmamın tərəfdarlarına qarşı terror təşkil edilməsi düşmənlərin düşməncəsinə tədbirlərindən olmuşdur. Nüfuzlu şəxsiyyətlərə qarşı təşkil edilən terror xətti sonrakı onilliklərdə nüvə alimlərinin terror edilməsi ilə davam etdirildi”.

İnqilab Rəhbəri bildirdi ki, hələ də davam edən hərtərəfli sanksiyalar, ABŞ-nin Təbəs şəhərinə hərbi hücumu və Fars körfəzi üzərində İranın sərnişin təyyarəsinə edilən hücum xalqın və İnqilabın düşmənlərinin mənfur addımlarındandır: “Bütün bu məkrli planların arxasında imperialist dövlətlər, xüsusilə ABŞ və sionist rejim, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), İngiltərənin MI6 və işğalçı rejimin Mossad kimi kəşfiyyat təşkilatları dayanır”.

O, bu alçaq və dağıdıcı tədbirlərin məqsədinin İslam Respublikasını zəiflətmək olduğunu vurğuladı: “Xalq və dövlət bütün bu planlar qarşısında tab gətirib, mindən artıq planı məhv edib. İslam Respublikası zəifləməmiş, əksinə güclənərək yoluna davam etmiş və bundan sonra da qüdrətlə irəliləyəcək”.

Ayətullah Xamenei hisslərin ağıla üstün gəlməsini böyük bəla, inqilabların, o cümlədən Fransa inqilabının əsas yoldan sapmasının əsas amili olduğunu dedi: “Əzəmətli İmam ilahi tədbir və qeybə imandan doğan rasionallığı ilə İslam İnqilabını bu məhvedici bəladan qoruyub, toxunulmaz etmiş, hisslərin ağıl üzərində hökmran olmasına, inqilabın və xalq hərəkatının ilkin yolundan sapmasına imkan verməmişdir”.

O, vilayət-fəqihin və milli müstəqilliyin İmamın rasionallığının iki sütunu olduğunu dedi: “Vilayət-fəqih sütunu dini yönü qoruyur və imanlı xalqın motivasiyası və fədakarlığından doğan İnqilabın öz yolundan sapmasının qarşısını alır. Milli müstəqillik isə İmamın düşüncələri və məqsədlərinin bir çoxunu ehtiva edir”.

Həzrət Ayətullah Xamenei milli müstəqilliyin təcrid olunma və dünya ilə əlaqənin kəsilməsi kimi təqdim olunmasının yanlış və bir növ səfsətə olduğunu bildirdi: “Milli müstəqillik o deməkdir ki, İran dövləti və xalqı öz ayaqları üzərində duraraq, heç bir xarici gücə söykənmədən ABŞ və onun kimilərin yaşıl işığını gözləmir və ya onun qırmızı işığına görə narahat deyil, öz qərarlarını müstəqil şəkildə, dövlətlərin razılığı və ya narazılığına baxmadan verir və lazım olan addımları atır”.

O, İmam Xomeyninin (r.ə) milli müstəqillik mövzusunda verdiyi bəyanatlardan qaynaqlanan birinci prinsipi, yəni “Biz bacararıq” prinsipini xüsusilə vurğulayaraq dedi: “Xalqı “Biz bacarmarıq” prinsipinə inandırmış diktator rejimdən fərqli olaraq İmam İranın milli kimliyində, gəncləri və siyasətçilərində özgüvən və “Biz bacararıq” inancını diriltdi. Ölkənin elmi, texnoloji, müdafiə, abadlıq və inşaat sahələrində əlda edilmiş heyrətamiz nailiyyətlər bu inanc və ruhiyyə sayəsində əldə edilmişdir”.

İnqilab Rəhbəri bildirdi ki, İran xalqının “Biz bacararıq” ruhiyyəsini öldürmək üçün bədxahların həyata keçirdikləri planlar bu kimlik ünsürünün misilsiz dərəcədə əhəmiyyətli olduğunu göstərir: “Bu gün nüvə məsələsi və Omanın vasitəçiliyi ilə davam edən danışıqlarda ABŞ-nin təqdim etdiyi plan “Biz bacararıq” prinsipinə tamamilə ziddir”.

O qeyd etdi ki, etiqad və inanclara uyğun davranmaq, böyük güclərin iradəsi, təzyiqi və zorakılığı qarşısında baş əyməmək mənasını ifadə edən müqavimət prinsipi milli müstəqilliyin digər komponentidir.

O, milli müstəqilliyin başqa bir prinsipi kimi müdafiə gücünün artırılmasınının zəruriliyini vurğuladı: “İnqilabın əvvəllərində müdafiə sahəsindəki istehsal imkanlarımız çox zəif, demək olar ki, sıfra bərabər idi. Lakin İmam Xomeyninin təşviqi və israrı ilə müdafiə gücünün artırılması istiqamətində işlər başlandı. Bu gün isə dünyanın müdafiə güclərini qiymətləndirən qurumlar bəzi müdafiə kateqoriyalarında İranın bölgə üzrə birinci sırada olduğunu etiraf edir, ya da sanksiyaların olmasına baxmayaraq, İranın əldə etdiyi bəzi imkanların onları heyrətləndirdiyini deyirlər”.

İnqilabın Rəhbəri milli müstəqilliyin təmin olunmasında dahi İmamın düşüncə və fəaliyyət sistemində yer alan izah etmə prinsipinə işarə edərək dedi: “İmam Xomeyni 1341-ci (1962) ildə başlatdığı hərəkatın ilk günündən ömrünün son ilinə qədər mühüm məsələləri xalqa izah etdi. Ömrünün son ilində xalqa, elmi-teoloji mərkəzlərə və universitetlərə ünvanladığı məktublar onun ən üstün əsərləri sırasındadır. İmamın izahı təkcə emosiyalara əsaslanmırdı, o dəlil və arqumentlərlə ağılları qane edir, eyni zamanda ürək və beyinlər üçün danışırdı”.

O qeyd etdi ki, bəziləri "rasionallığ"a çağırış edərkən ABŞ və hegemon qüvvələr qarşısında baş əyməyi və təslim olmağı nəzərdə tuturlar: “Bu, rasionallıq deyil. Həqiqi rasionallıq odur ki, İmam xalqı və ölkəni güclü və qüdrətli etməklə dünyada İrana izzət qazandırdı, xalqa parlaq bir gələcək bəxş etdi. İnşallah, İmamın rasionallığı sayəsində əsası qoyulmuş bu milli hərəkatın davamlılığı ilə xalq sabit təhlükəsizlik, inkişaf, ümumi rifah və daha böyük beynəlxalq nüfuza nail olacaq”.

İnqilabın Rəhbəri çıxışının başqa bir hissəsini milli nüvə məsələsinin izahına və xalqın maariflənməsinə xidmət edən bəzi nüanslara həsr etdi: “İran xalqı öz gənclərinin zəkası və zəhmətkeş alimlərinin əzmi sayəsində tam nüvə yanacağı dövriyyəsinə nail ola bilmişdir. Halbuki dünyada bu imkana malik olan ölkələrin sayı tamamilə azdır”.

O, nüvə sənayesinin faydalarının yalnız ucuz və təmiz elektrik enerjisi istehsalı ilə məhdudlaşmadığını dedi: “Nüvə sənayesi əsas və strateji bir sənayedir. Mütəxəssislər və alimlərin hesabatlarına əsasən, (bu hesabatlar xalqa da təqdim olunmalıdır) nüvə sənayesi bir çox baza elmlər, nüvə fizikası, enerji mühəndisliyi, materiallar mühəndisliyi, eləcə də dəqiq və həssas texnologiyalara malik tibbi avadanlıqlar, aerokosmik sahə və yüksək dəqiqliyə malik elektron sensorlar kimi mühəndislik sahələri nüvə sənayesindən asılıdır və ya onun təsir dairəsindədir”.

Həzrət Ayətullah Xamenei nüvə sənayesinin ağır xəstəlikləri təyin və müalicə etmək məqsədilə müalicə və dərman sahələrində, habelə kənd təsərrüfatı və ətraf mühitlə bağlı sənayelərdə tətbiq edilə bilmə imkanlarına malik olmasının da bu sənayenin digər əhəmiyyətli faydalarından olduğunu vurğuladı: “Nüvə sənayesi sahəsində uranın zənginləşdirilməsi əsas və açar məsələdir. Düşmənlərimiz də israrla məhz bu nöqtə üzərində dayanıblar”.

O, uranın zənginləşdirilməsi imkanı olmadan böyük nüvə sənayesinin faydasızlığının səbəbini belə izah etdi: “Əgər zənginləşdirmə olmasa, enerji stansiyalarını yanacaqla təmin etmək üçün həmin yanacağa sahib olan ölkələrə əl açmalı olacağıq. Bu, elə bir vəziyyətdir ki, sanki bizə deyirlər: “Neftiniz var, amma neftayırma zavodu tikmək və benzin istehsal etmək hüququnuz yoxdur; benzin almaq və benzin təminatı üçün başqa ölkələrin istəklərinə tabe olmalısınız”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər zənginləşdirmə və yanacaq istehsalı imkanı olmasa, hətta 100 nüvə elektrik stansiyasına sahib olmaq belə faydasızdır. Çünki bu stansiyaları yanacaqla təmin etmək üçün ABŞ-yə əl açmalı olacağıq. Onlar isə bunun müqabilində onlarla şərt qoya bilərlər. 1380-ci illərdə (2000–2010-cu illər) 20 faiz yanacaq təminatı məsələsində bu təcrübəni yaşamışıq”.

O, ABŞ-nin o vaxtkı prezidentinin istəyi ilə İranın iki dost dövlətinin vasitəçiliyi və daxili ehtiyacın təmin edilməsi üçün 20% yanacağın 3.5% zənginləşdirilmiş maddələrlə dəyişdirilməsi hadisəsinə işarə edərək dedi: “Həmin vaxt məsul şəxslər bu mübadiləni qəbul etdilər. Mən də dedim ki, qarşı tərəf əvvəlcə 20% yanacağı Bəndər-Abbasa çatdırmalıdır. Biz onu yoxladıqdan sonra mübadilə baş tuta bilər. Amma onlar bizim diqqət və israrımızı görəndə sözlərindən dönüb, 20 faizli yanacağı vermədilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amma həmin siyasi çəkişmələr zamanı alimlərimiz 20%-lik yanacağı ölkə daxilində istehsal etdilər”.

İnqilabın Rəhbəri vurğuladı ki, ABŞ-nin nüvə məsələsindəki əsas və başlıca tələbi İranın bu sənaye və onun müxtəlif faydalarından tamamilə məhrum edilməsi, minlərlə gənc nüvə alimi və tədqiqatçısının işsiz qalması və məyus edilməsidir: “Amerikanın tərbiyəsiz və həyasız rəhbərləri bu tələbi müxtəlif formalarda təkrar-təkrar səsləndirirlər”.

O, ABŞ-nin zorakı tələblərinin arxasında İran xalqının inkişaf və ehtiyacsızlığını istəməməsinin dayandığını dedi: “Bu həqiqətləri ona görə dedik ki, İran xalqı az da olsa baş verənlərdən xəbərdar olsun. Məsul şəxslər bu barədə daha ətraflı açıqlamalar verməlidirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Amerika hökumətinin hay-küyçü və düşüncəsiz davranışlarına cavabımız aydındır.

O, ABŞ prezidentlərindən birinin bir neçə il bundan əvvəlki acizlik etirafını xatırlatdı. O: “Əgər bacarsaydım, İranın nüvə sənayesinin bütün vintlərini və boltlarını açardım”, -deyə açıqlama vermişdi: “Bu gün bizim nüvə sənayemizin "vint və boltları" qat-qat möhkəmdir. O prezident heç bir iş görə bilmədiyini etiraf etdiyi kimi, bu günkü sionist və amerikalı rəhbərlər də bilməlidirlər ki, bu məsələdə heç bir nəticə əldə edə bilməyəcəklər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İslam Respublikasının ABŞ və digər nüvə sənayesinin əleyhdarlarına qarşı deyəcək birinci sözü onların iddialarının hüquqi əsaslarını sorğulamaqdır: “Bizim onlara sözümüz budur ki, İran xalqının ixtiyarı öz əlindədir. Siz kimsiniz və hansı haqla bizim zənginləşdirməyə malik olub-olmamağımıza müdaxilə edirsiniz?”

Həzrət Ayətullah Xamenei çıxışının son hissəsində sionist rejimin Qəzzada törətdiyi heyrətamiz və inanılmaz cinayətlərə, yemək paylamaq adı altında bir mərkəz yaradıb insanları güllə-baran etməsi hadisəsinə işarə edərək dedi: “Bu qədər alçaqlıq, xəbislik, bədbəxtlik və şər, doğrudan da, heyrətamizdir”.

O qeyd etdi ki, ABŞ sionist rejimin cinayətlərinə şərikdir: “Məhz bu səbəbdən Ameriknın bu bölgədən çıxmasında israrlıyıq”.

İslam ölkələri rəhbərlərinin üzərinə ağır məsuliyyətin düşdüyünü vurğulayan Həzrət Ayətullah Xamenei bildirdi ki, bu gün düşünmək, mühafizəkarlıq, tərəfsizlik və sükut vaxtı deyil: “Əgər bir islam dövləti hər hansı forma və bəhanə ilə – istər münasibətləri normallaşdırılmaqla, istər Fələstin xalqına yardım yollarını bağlamaqla, istərsə də sionist cinayətlərinə haqq qazandırmaqla bu rejimi dəstəkləyərsə, əmin olsun ki, alnında əbədi rüsvayçılıq damğası qalacaq”.

İslam İnqilabının sionistlərlə əməkdaşlığın axirət əzabının çox ağır və dözülməz olacağını dedi: “Əlbəttə, bu dünyada da xalqlar bu xəyanətləri unutmayacaq. Yeri gəlmişkən, sionist rejimə arxalanmaq da heç bir hökumət üçün təhlükəsizlik yaratmayacaq. Çünki bu rejim Allahın qəti hökmünə əsasən, dağılmaqdadır və inşallah bu reallığın gerçəkləşməsi çox da uzaqda deyil”.

Ərəfə gününün dua, təvazökarlıq, diqqət və təvəssülün baharı olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei xalqa, xüsusilə də gənclərə bu fürsətdən maksimum dərəcədə istifadə etməyi, bu gündə İmam Hüseynin (ə) eşq dolu Ərəfə duasını və “Səhifəyi-Səccadiyyə”nin 47-ci duasını imkanları çatdığı qədər oxuyub Allahla razü-niyaz etməyi tövsiyə etdi.

Mərasimin əvvəlində çıxış edən Höccətül-İslam vəl-muslimin Seyid Həsən Xomeyni qeyd etdi ki, İslam İnqilabı tarixin ən çox xalq əsaslı inqilabıdır: “İzzət bir xalqın kimliyini formalaşdırır. Hər zaman diqqətli olmalıyıq ki, böyük İmam və Ali Məqamlı Rəhbərin dəfələrlə vurğuladıqları İslam və milli izzətimiz heç bir halda zədələnməsin”.

İmam Xomeyninin zityartəgah kompleksinin rəhbəri Livan, İraq, Yəmən və Fələstində İslam İnqilabından qaynaqlanan oyanış və müqavimətin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. O, bəzi ölkələrin sionist rejimin Qəzzada törətdiyi cinayətləri qarşısında susqun qalmasını tənqid edərək dedi: “Bu gün İmamın “İsrail xərçəng vəzisi olduğu üçün məhv edilməli və ortadan qalxmalıdır” sözləri hələ də qulaqlardadır”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /