Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 36-cı ildönümü münasibətilə dedi:

İnkişaf və təhlükəsizlik İmamın (r) yolunun davam etdirilməsi ilə mümkündür

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər İmam Xomeyninin (r.ə) pak hərəminə toplaşmış böyük və izdihamlı xalq kütləsi qarşısında çıxış edərək İslam İnqilabının bu gün dünyada gedən proseslərə hiss olunan şəkildə təsir göstərdiyini vurğulayaraq dedi: “Əzəmətli İmam (r.ə) imanından qaynaqlanan dərin düşüncəsi və rasionallığı sayəsində İnqilabın və ölkənin izzətli və müqtədir hərəkətinin davamlılığının əsas prinsiplərini “milli müstəqillik” anlayışının əsas məzmununa sığışdırdı. Bu prinsiplər sayəsində əziz İran inkişaf, ümumi rifah, sabit təhlükəsizlik, beynəlxalq aləmdəki mövqeyinin yüksəlişinə və özünün parlaq gələcəyinə nail olacaq”.

Həzrət Ayətullah Xamenei habelə milli nüvə məsələsinə aydınlıq gətirərkən bildirdi ki, İranın qürurverici tam nüvə yanacağı dövriyyəsinə sahib olması xalqın və gənc alimlərin “Biz bacararıq” inancının nəticəsidir. O bu sənaye sahəsinin digər elm və sənaye sahələrinin inkişafına göstərdiyi mühüm təsirlərə işarə edərək vurğuladı ki, ABŞ tərəfindən təqdim edilən nüvə planı həlledici “Biz bacararıq” prinsipinə tamamilə ziddir: “Böyük nüvə sənayesi zənginləşdirmə olmadan praktiki olaraq faydasızdır. ABŞ və sionist rejim bilməlidir ki, əsl məqsədlərini gerçəkləşdirmək, yəni İranın nüvə sənayesinə tamamilə son qoymaq üçün heç nə edə bilməyəcəklər”.

O, İmam Xomeyninin inkişaf edən, stabil və qüdrətli İslam Respublikasının böyük memarı olduğunu dedi: “O əzəmətli insanın vəfatından 36 il sonra onun varlığı və inqilabı böyük dövlətlərin zəifləməsi, çoxqütblü dünya sisteminin formalaşması, ABŞ-nin mövqeyi və nüfuzunun ciddi şəkildə azalması, hətta Avropa və ABŞ-də sionizmə qarşı nifrətin yüksək həddə qalxması, eləcə də bir çox xalqların oyanışı və Qərbin dəyərlərinə etirazlar kimi məsələlərə təsiri açıq şəkildə hiss olunur”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Qərb dünyası İran xalqının bir din alimi vasitəsilə səfərbər ediləcəyini, İmam və xalqının boş əllə təpədən dırnağadək silahlanmış asılı pəhləvi rejiminə qalib gələcəyini, müftəxor və qarətçi amerikalar və sionistlərin İrandan süpürülüb çıxarılacağını gözləmirdi: “Qərblilərin gözləmədikləri ikinci hadisə İmamın tədbiri və qətiyyətli fəaliyyətləri sayəsində İslam Respublikasının qurulması oldu”.

Həzrət Ayətullah Xamenei amerikalıların İranda təslimçi və kompromisçi hökumətin hakimiyyətə gələcəyinə və onların qeyri-qanuni maraqlarının yenidən təmin olunacağına ümid bəslədiklərini vurğulayaraq dedi: “İmam İranda islami və dini bir dövlətin yaradılacağı ilə bağlı açıq mövqeyini elan etməklə ABŞ-nin bu ümidlərini puça çıxardı və düşmənlərin dağıdıcı planları məhz buradan başladı”.

O, qərblilərin, xüsusilə ABŞ-nin İslam İnqilabına qarşı həyata keçirdiyi dağıdıcı planların miqyası, müxtəlifliyi və şiddətinin müasir inqilablar tarixində misilsiz olduğunu dedi: “Etnik təxribatlar, anti-inqilabi qrupların və solçuların silahlandırılması, İrana hücum etməsi üçün Səddam adlı yırtıcı canavarın təhrik edilməsi və dəstəklənməsi, eləcə də İmamın tərəfdarlarına qarşı terror təşkil edilməsi düşmənlərin düşməncəsinə tədbirlərindən olmuşdur. Nüfuzlu şəxsiyyətlərə qarşı təşkil edilən terror xətti sonrakı onilliklərdə nüvə alimlərinin terror edilməsi ilə davam etdirildi”.

İnqilab Rəhbəri bildirdi ki, hələ də davam edən hərtərəfli sanksiyalar, ABŞ-nin Təbəs şəhərinə hərbi hücumu və Fars körfəzi üzərində İranın sərnişin təyyarəsinə edilən hücum xalqın və İnqilabın düşmənlərinin mənfur addımlarındandır: “Bütün bu məkrli planların arxasında imperialist dövlətlər, xüsusilə ABŞ və sionist rejim, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), İngiltərənin MI6 və işğalçı rejimin Mossad kimi kəşfiyyat təşkilatları dayanır”.

O, bu alçaq və dağıdıcı tədbirlərin məqsədinin İslam Respublikasını zəiflətmək olduğunu vurğuladı: “Xalq və dövlət bütün bu planlar qarşısında tab gətirib, mindən artıq planı məhv edib. İslam Respublikası zəifləməmiş, əksinə güclənərək yoluna davam etmiş və bundan sonra da qüdrətlə irəliləyəcək”.

Ayətullah Xamenei hisslərin ağıla üstün gəlməsini böyük bəla, inqilabların, o cümlədən Fransa inqilabının əsas yoldan sapmasının əsas amili olduğunu dedi: “Əzəmətli İmam ilahi tədbir və qeybə imandan doğan rasionallığı ilə İslam İnqilabını bu məhvedici bəladan qoruyub, toxunulmaz etmiş, hisslərin ağıl üzərində hökmran olmasına, inqilabın və xalq hərəkatının ilkin yolundan sapmasına imkan verməmişdir”.

O, vilayət-fəqihin və milli müstəqilliyin İmamın rasionallığının iki sütunu olduğunu dedi: “Vilayət-fəqih sütunu dini yönü qoruyur və imanlı xalqın motivasiyası və fədakarlığından doğan İnqilabın öz yolundan sapmasının qarşısını alır. Milli müstəqillik isə İmamın düşüncələri və məqsədlərinin bir çoxunu ehtiva edir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /