İnqilabın Ali Rəhbəri bu gün səhər İslam Şurası Məclisinin sədri və nümayəndələri ilə görüşdə dünyanın qanunverici məclislərininin hüquqi çəki baxımından bənzər olduğunu qeyd edərək vurğuladı: “Dünyada mövcud olan parlamentlərlə bağlı əsas mühakimə meyarı həqiqi çəki, yəni parlamentlərin məqsədləri, hərəkət və mövqelərinin istiqamətidir. Bu aspektdən İslam Şurası Məclisinin dünya miqyasında tutduğu mövqe və məqam misilsizdir. Əlbəttə, bu yüksək və şərəfli mövqeyin davamlılığı və qorunub saxlanması müəyyən zəruri şərtlərə və olar-olmaz prinsiplərinə bağlıdır. Məclis nümayəndələri onlara sadiq olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində mübarək Qədir-Xum bayramının İslam dünyası üçün, həqiqətən, böyük və geniş islami məzmunlara malik bir gün olduğunu qeyd edərək bu mübarək gün, habelə İmam Hadinin (ə) mövludu münasibətilə əzəmətli və şərəfli İran xalqını təbrik etdi.
O, dünyanın qanunverici məclislərinin hüquqi statuslarının bir-birinə bənzədiyini və bu statusun da qanun anlayışının uca mövqeyindən qaynaqlandığını bildirdi: “Qanun insan cəmiyyətinin həyatının əsas şərtidir və rasionallıq baxımından xalqın nümayəndələrinin iştirakı ilə və kollektiv zəka əsasında tənzimlənən qanunlar daha mötəbər və daha yüksək dəyərə malikdir”.
İnqilabın Rəhbəri dünyanın qanunverici orqanlarının həqiqi çəkisinin onların hüquqi statusundan fərqli olaraq bir-birindən çox fərqləndiyini dedi: “Dinə əsaslanan, təqvalı və təmiz əqidəli insanlardan təşkil olunan, qarşısına ədaləti bərqərar, zəifləri müdafiə etmək, hegemonlar qarşısında dayanmaq məqsədi qoyan bir məclisin mövqe və etibarı ilə məsuliyyətsiz və laqeyd insanlardan təşkil olunan, işi zülm, ayrıseçkilik, sosial təbəqələşməyə kömək etmək, Qəzza qatilləri kimi cinayətkarlara dəstək vermək olan bir məclisin etibar və mövqeyi arasında yerdən göyə qədər fərq var”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu əsas meyarla İslam Şurası Məclisinin mövqeyi və İran xalqının seçdiyi nümayəndələrin məqamı dünya məclisləri arasında misilsizdir. Məhz bu üstünlüklərə görə, İmam (r) məclisi xalqın fəzilətlərinin cövhəri adlandırırdı”.
O, parlamentin müxtəlif dövrlərdəki fərqli siyasi meyilləri və fəaliyyətlərinə işarə edərək dedi: “Bütün bu müxtəlifliyə baxmayaraq, İslam Şurası Məclisinin ümumi olaraq tutduğu yüksək və üstün mövqe digər dünya məclislərindən fərqlənir və bu məclisə ehtiram göstərmək hər kəsin vəzifəsidir.
İslam İnqilabının Rəhbəri İslam Şurası Məclisinin mahiyyətcə bir ibadət məkanı, təqva əsasında ucaldılmış bir məscid olduğunu dedi: “İslam Şurası Məclisinin şərəfli və pak mahiyyəti sayəsində orada irəli sürülən hər bir fikir, görülən hər bir iş, göstərilən hər bir səy və qəbul edilən hər bir qanun ibadətdir”.
Həzrət Ayətullah Xamenei habelə mühüm bir nüansa toxunaraq vurğuladı: “Bu şərəfli, pak və misilsiz mövqe özü-özlüyündə qalıcı və daimi deyil. Onu zəruri prinsiplərə və vəzifələrə əməl etməklə qorumaq və idarə etmək lazımdır. Bu çox mühüm işin məsuliyyəti Məclisin nümayəndələri üzərindədir”.
İnqilab Rəhbəri cənab Qalibafı yenidən parlament sədri seçilməsi münasibətilə təbrik etdikdən sonra Məclisin həqiqi məqamını qorumağın vacib şərtləri və məhdudiyyətlərindən danışdı: “Nümayəndə özünü Allah və qanun qarşısında cavadeh görməlidir. Onun əsas məqsədi Rəbbin razılığını qazanmaq, ölkənin mənafeyini təmin etmək olmalıdır. O, maraqların toqquşması qarşısında təslim olmamalıdır”.
O, nümayəndələrin çıxışlarının əhəmiyyəti və effektivliyinə işarə edərək onları sözlərinin təsiri, sosial şəbəkələrdəki səsləndirdikləri fikirlərdən ölkə, dövlət və milli maraqlara qarşı sui-istifadə edilməməsində diqqətli olmağa çağıraraq əlavə etdi: “Parlamentin tribunasından səsləndirdiyiniz hər bir fikir ümidverici və aramlıq gətirən olmalıdır.
Halbuki bir vaxt var idi, parlamentin mikrafonundan mübahisə və dava-dalaş səsləsi yüksəlirdi. Bu gün isə Məclis ixtilaf yaradan deyil, əksinə həddən artıq sakitləşdiricidir”.
Həzrət Ayətullah Xamenei Məclisin həqiqi məqamının qorunması istiqamətində tələb olunan başqa bir nüansa işarə edərək nümayəndələrin sözlərinin rasionallıqdan xəbər verməsi və İnqilabın prinsiplərinə bağlı olmasının zəruriliyini vurğuladı: “Dünyanın filan guşəsində kimlərinsə xoşuna gəlib-gəlməmək çıxışlarımıza təsir göstərməməli, prinsip və ideyalara bağlılıq nümayəndələrin çıxışlarında daha qabarıq olmalı, milli qətiyyət, iradə və iqtidarı nümayiş etdirməlidir”.
O qeyd etdi ki, İran xalqının böyük güclərin cəfəngiyatları və təzyiqləri qarşısındakı misilsiz müqaviməti və şəffaflığı, habelə İmama və İnqilaba qarşı aparılan çoxsaylı təbliğatlara baxmayaraq, xalqın böyük İmamın vəfatının ildönümü və 22 Bəhmən yürüşündəki izdihamlı və kütləvi iştirakı milli iqtidarın və sarsılmaz əzmin aşkar əlamətləridir: “Bu iqtidar millət vəkillərinin mövqelərində, qanunların və şəxslərin qəbul edilib-edilməməsində müşahidə edilməlidir. Təbii ki, bu xüsusiyyətlər parlamentdə yüksək səviyyədə mövcuddur”.
İnqilabın Rəhbəri vurğuladı ki, bu gün milli həmrəyliyin qorunması hər zamankindən daha vacib, baxış bucaqları, siyasi və əməli ixtilafların dava-dalaşlar və yaxalaşmalar şəklində ortaya çıxması hər zamankindən daha zərərlidir: “Dəfələrlə qeyd etdiyimiz kimi, əsas məsələlərdə ölkədən vahid bir səs eşidilməli, xalq və ölkənin siyasi və idarəetmə qurumları bir yumruq kimi birləşməlidir”.
O, qüvvələrin rəhbərləri arasındakı koordinasiya və müşətərək iclasların ölkənin problemlərinin həlli üçün əlverişli bir zəmin olduğunu dedi: “Problemlərin iclaslarda həll edilməsi, ixtilafların ictimaiyyətə çıxarılmaması ilə bağlı tövsiyələrin yaxşı qarşılanmadığı bəzi dövrlərdən fərqli olaraq bu gün qüvvələr arasında həmrəylik var. Bu həmrəyliyi qorumaqla cəbhələşmə və parlamentin tribunasının ixtilafların inikasının təzahürü vasitəsinə çevrilməsinin qarşısı alınmalıdır”.
Həzrət Ayətullah Xamenei konkret tövsiyələrini ifadə edərkən on ikinci məclisin işə başlamasının Yeddinci İnkişaf Proqramının başlaması ilə eyni vaxta təsadüf etməsinin bu proqramın ciddi şəkildə izlənməsi üçün bir fürsət olduğunu dedi.
O, əvvəlki proqramların arzuolunan şəkildə həyata keçməməsindən narahatlığını ifadə edərək bildirdi: “Yeddinci proqramın gerçəkləşmə səviyyəsi ən azı 90 faiz olmalıdır. Əlbəttə, proqramın hər bir maddəsinin icrası üçün qanun və qaydalara ehtiyac var. Bu ehtiyac parlament tərəfindən təmin edilməlidir”.
O həzrət qanunların təkmilləşdirilməsi məsələsinin ciddi şəkildə izlənilməsinin vacibliyini vurğulayaraq millət vəkillərinə parlamentin açıq və komisiyalardakı iclaslarında fəal, hazırlıqlı və məlumatlı şəkildə iştirak etməyi tövsiyə etdi: “Digər bir tövsiyəmiz hökumətlə əməkdaşlıqdır. Bu əməkdaşlıq növlərindən biri də hökumətin məsul şəxslərini çoxsaylı sual və çağırışlarla məşğul etməkdən çəkinməkdir. Bu məsələ keçmiş və indiki hökumətlərin əsas şikayətlərindəndir”.
İnqilabın Rəhbəri parlamentin nazirləri sorğu-sual etmək, onları çağırmaq və ya rəsmi və etibarlı hesabatlara əsaslanaraq dövlət qurumlarında araşdırma aparmaq hüququnu təsdiqləyərək əlavə etdi: “Nəzarət tədbirlərində yalnız zəruri və vacib hallarla kifayətlənin”.
O, parlamentdə iqtisadi layihələrə həddən artıq düzəlişlər edilməsinin onların əsas strukturunun pozulmasına səbəb olduğunu bildirdi: “Büdcə layihəsinin əsas strukturu da qorunmalıdır. Bu, parlamentin hökumət layihəsindəki qüsurları düzəltmək hüququnu nəzərə almamaq demək deyil. Amma layihənin əsas strukturu qorunub saxlanmalıdır. Büdcəyə qeyri-real və reallaşması mümkün olmayan mənbələrin və gəlirlərin daxil edilməsindən çəkinmək lazımdır”.
Həzrət Ayətullah Xamenei İslam Şurası Məclisinin yüksək məqam və nüfuzunun qorunmasında lazım olan başqa bir zəruri şərtin olduğunu qeyd edərək inqilab xəttinin zəruriliyi ilə bağlı verdiyi həmişəki tövsiyəsinə əməl edilməsinin vacibliyini vurğuladı: “Məclis İnqilabın məclisidir, amma inqilabçı olmaq yalnız hay-küy qaldırmaq deyil. İnqilabçılığı düzgün anlamaqda diqqətli olun ki, xəta baş verməsin”.
O bildirdi ki, inqilabçılıq inqilabın idealları xəttində hərəkət etmək, bu ideallardan yayınmağın qarşısını almaq, düşüncəni dürüst, hörmətlə və təhqirsiz şəkildə ifadə etməkdə cəsarət və şəffaflıq, eləcə də şəxsi maraq və siyasi görüşləri işə qətiyyən qarışdırmamaqdır: “Böyük İmamımız buyurduğu kimi, bütün dünya Allahın hüzurudur. Bu baxışla biz yalnız Allahın razılığını qazanmağa çalışmalı, İnqilabın mövqelərini cəsarətlə və qətiyyətlə izhar edib, qərarlarımızda da həmin istiqaməti izləməliyik”.
İnqilabın Rəhbəri İslam Respublikasına qarşı səsləndirilən ağılsız və ya ittiham xarakterli fikirlərə qarşı güclü, möhkəm və yekdil reaksiya verməyi də nümayəndələrin vəzifələrindən və inqilabçılığın bariz nümunələrindən olduğunu bildirdi.
Görüşün əvvəlində çıxış edən on ikinci məclisin sədri cənab Qalibaf millət vəkillərinin ötən il ərzində gördükləri mühüm işlər və qanunverici orqanın gələcək proqramları barədə məlumat verdi: “Bizim hökumətlə məsuliyyətli əməkdaşlıq məsələsindəki prinsipimiz dövlətin ümumi siyasətləri və Yeddinci İnkişaf Proqramının reallaşdırılmasına səy göstərməkdir”.
Cənab Qalibaf parlamentin bazar tənzimlənməsi sahəsinə nəzarətin ölkənin idarəçiliyinin yaxşılaşdırılması üçün bir vasitə olduğunu dedi: “Alıcılıq qabiliyyətinin qorunması məqsədilə ərzaq kartı layihəsinin davam etdirilməsi, valyuta məzənnəsinin nəzarətdə saxlanılması və istehsal üçün valyuta təminatı, enerji balanssızlığı probleminin həlli və mənzil xərcləri təzyiqini azaltmaq üçün çıxış yolları tapılması hökumət və parlamentin xalqın problemlərinin həlli istiqamətindəki dörd əsas işi və ortaq prioritetidir”.
Parlamentin sədri habelə milli maraqların qorunması məsələsində Strateji Fəaliyyət Qanununun və Omanın paytaxtı Məsqətdə keçirilən danışıqlar zamanı ölkənin diplomatik qurumunun ləyaqətli mövqelərinə parlament tərəfindən verilən dəstəyin əhəmiyyətinə işarə edərək dedi: “Spekulyativ ticarətə vergi qoyulması haqqında qanunun təsdiqi, Milli Süni İntellekt Layihəsinin ümumi müddəalarının qəbul edilməsi, qanunların təkmilləşdirilməsi üçün “QanunYar” sistemindən və intellektual vasitələrdən istifadə, millət vəkillərinin davranışlarına nəzarət qanununa düzəlişlər və ölkənin büdcə planlaşdırması və maliyyə nəzarətinin ağıllı şəkildə tənzimlənməsi on ikinci parlamentin həyata keçirdiyi işlərdəndir”.
Dövlət şirkətlərinin tam auditinin Dövlət Audit Təşkilatı tərəfindən aparılması, millət vəkillərinin parlament diplomatiyasında fəal iştirakı və ölkənin müxtəlif bölgələrində xalqla birbaşa və davamlı əlaqənin saxlanması da cənab Qalibafın təqdim etdiyi hesabatın əsas mövzuları arasında idi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir