İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında televiziya vasitəsilə etdiyi müraciətdə sionist düşmənin sonuncu əbləh və alçaqcasına hücumu zamanı İran xalqının vaxtında nümayiş etdirdiyi təmkinli və cəsarətli davranışı yüksək qiymətləndirərək bunu xalqın yetişkənliyinin, rasionallığın və mənəviyyatın möhkəmlənməsinin göstəricisi olduğunu dedi: "İran xalqı məcburi müharibə qarşısında möhkəm dayandığı kimi məcburi sülh qarşısında da eyni şəkildə möhkəm dayanacaq. Bu xalq məcburiyyət qarşısında heç kimə təslim olmayacaq".
Həzrət Ayətullah Xamenei habelə ABŞ prezidentinin təhdid dolu səviyyəsiz açıqlamalarına işarə edərək bildirdi: "İranı və İran xalqını tanıyan, İran tarixindən xəbəri olan ağıllı adamlar heç vaxt bu xalqla təhdid dili ilə danışmazlar. Çünki İran xalqı təslim olan bir xalq deyil. Amerikalılar bilməlidirlər ki, onların hər hansı hərbi müdaxiləsi, heç şübhəsiz ki, onlar üçün bərpaolunmaz zərərlərlə nəticələnəcək".
Çıxışının əvvəlində İran xalqının Qədir günü yürüşü, habelə son günlər təşkil edilən toplantılar, xüsusilə cümə namazından sonra keçirilən yürüşlərdəki möhtəşəm iştirakını yüksək qiymətləndirən İnqilabın Rəhbəri teleaparıcı xanımın düşmənin hücumu qarşısında nümayiş etdirdiyi gözəl və məzmunlu davranışa işarə edərək dedi: “Allahu Əkbər demək və xalqın qüdrətini dünyaya nümayiş etdirmək çox qiymətli bir tarixi hadisə idi”.
Həzrət Ayətullah Xamenei sionist rejimin əbləh və alçaqcasına hücumunun baş verdiyi şəraitinə işarə edərək əlavə etdi: “Bu hadisə bizim məsul rəhbərlərin ABŞ ilə dolayı danışıqlar apardıqları, İran tərəfindən heç bir sərt, hərbi və ya aqressiv hərəkət əlaməti olmadığı bir vaxtda baş verdi”.
O vurğuladı: “Əlbəttə, bu mənfur hücumda ABŞ-nin əlinin ola biləcəyi əvvəlcədən ehtimal edilirdi. Amerikalı rəsmilərin son bəyanatları ilə bu ehtimal gündən-günə daha da güclənir”.
İnqilabın Rəhbəri bir daha vurğuladı ki, İran xalqı məcburi müharibə, məcburi sülh və ümumiyyətlə, istənilən məcburiyyət qarşısında möhkəm dayanır: “Fikir, söz və qələm sahiblərindən, xüsusilə beynəlxalq ictimaiyyət arasında söz sahibi olan hər kəsdən bu anlayışları izah etmələrini, düşmənin hiyləgər təbliğatlarla həqiqəti təhrif etməsinə imkan verməmələrini gözləyirəm”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, sionist düşmən böyük bir səhv və cinayətə yol verib: “Sionist düşmən cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrin bu murdar düşmənə qarşı həyata keçirdikləri və keçirməkdə olduqları, habelə gələcək üçün planlaşdırdıqları cəza tədbirləri çox sərt bir cəzadır və bu onu zəiflədib”.
O vurğuladı: “Onların amerikalı dostlarının səhnəyə daxil olması bu rejimin zəifliyinin və acizliyinin göstəricisidir”.
İnqilabın Rəhbəri ABŞ prezidentinin səviyyəsiz və təhdid dolu açıqlamalarına toxunaraq əlavə etdi: “ABŞ prezidenti qəbulolunmaz açıqlamalarında açıq şəkildə İran xalqından təslim olmasını istəyir. Onlara sözümüz budur ki, birincisi, o adamları təhdid edin ki, təhdiddən qorxurlar. İran xalqı Qurani-Kərimin “وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ” (Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz!) ayəsinə inanır və təhdid İran xalqının davranış və düşüncəsinə əsla təsir edə bilməz”.
Həzrət Ayətullah Xamenei dedi: “İkincisi, İran xalqına: “Gəlin, təslim olun”, - demək ağıllı söz deyil. İran xalqını tanıyan, onun tarixindən xəbəri olan ağıllı adamlar heç vaxt belə bir söz deməzlər. Çünki İran xalqı təslim olan xalq deyil və heç bir təcavüz qarşısında təslim olmayacaq”.
O bildirdi: “Amerikalılar və bu bölgənin siyasi reallıqları ilə tanışlığı olan adamlar bilirlər ki, ABŞ-nin bu məsələyə hərbi müdaxiləsi yüz faiz onun ziyanına olacaq və o, zərbə alacaq. Bu zərbənin zərəri İranın alacağı zərbənin zərərindən qat-qat ağır olacaq”.
İnqilabın Rəhbəri açıq şəkildə bəyan etdi: “ABŞ-nin bu məsələyə hərbi müdaxiləsi, heç şübhəsiz ki, onlar üçün bərpası mümkün olmayan zərərlə nəticələnəcək”.
Həzrət Ayətullah Xamenei İran xalqına Qurani-Kərimin “وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ” (Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz!) ayəsini diqqətdə saxlamağı bir daha tövsiyə edərək dedi: “Həyatınızı əzmlə davam etdirin, xüsusilə xidmət sahəsində çalışan, xalqla birbaşa təmasda olan, təbliğatla və həqiqətləri çatdırmaqla məşğul olan insanlar öz işlərini əzmlə davam etdirməli, Allah-taalaya təvəkkül etməlidirlər. Çünki: “وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ” (Qələbə yalnız yenilməz güc və hikmət sahibi olan Allahdandır).
Sonda o vurğuladı: “Allah İran xalqını, haqqı və həqiqəti mütləq və heç şübhəsiz qalib edəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir