Rəhman və Rəhim Allahın adı ilə.
Əzəmətli İran xalqını salamlayıram. Diqqətinizə çatdırmaq istədiyim birinci məsələ, düşmənlərimizin ölkəmizə etdikləri bu son hücum zamanı xalqımızın göstərdiyi təqdirəlayiq davranışı haqqındadır. İran xalqı həm mətanətli, həm cəsarətli, həm də vəziyyəti düzgün qiymətləndirməyi bacaran xalqdır. “Qədir-Xum” bayramında xalqın dünyaya nümayiş etdirdiyi yürüş möhtəşəm bir yürüş idi; habelə müxtəlif toplantılardakı iştirakı – son günlərdə keçirilən yürüşlərdə, cümə namazlarında və namazlardan sonra yürüşlərdəki iştirakı əziz xalqımızın yetkinliyinin, rasionallıq və mənəviyyatındakı dəyanətinin, cəsarətinin və vəziyyəti düzgün qiymətləndirməsinin göstəricisidir. Bu mömin xalqı mənəvi və maddi bacarıq, imkan baxımından belə bir yüksək səviyyəyə ucaltdığına görə Allaha şükr edirəm.
Burada teleaparıcı xanımın (1) düşmən qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışına toxunmağı zəruri hesab edirəm: onun təkbir deməsi, əslində İran xalqının qüdrətini bütün dünyaya nümayiş etdirməsi idi; bu, tarixi əhəmiyyətli bir hadisə idi, olduqca dəyərli bir davranış idi.
Qeyd edəcəyim ikinci məsələ budur ki, bu hadisə – sionist rejimin ölkəmizə axmaq və mənfurcasına etdiyi bu hücum – dövlət rəsmilərimizin Amerika həmkarları ilə dolayı danışıqlar apardığı bir vaxtda baş verdi; bu, İran tərəfindən heç bir hərbi, sərt, aqressiv bir hərəkət və ya söhbətin göstəricisi olmadığı bir vaxtda baş verdi. Əlbəttə, sionistlərin bu mənfur hücumunda Amerikanın da əlinin olacağı əvvəlcədən ehtimal olunurdu. Amma onların son bəyanatları bu ehtimalı gündən-günə daha da gücləndirirdi. İran xalqı məcburi müharibə qarşısında möhkəm dayandığı kimi – necə ki, indiyə kimi də dayanır – məcburi sülh qarşısında da möhkəm şəkildə dayanacaqdır. İran xalqı məcburiyyət qarşısında heç kimə təslim olmayacaqdır. Söz və qələm sahibləri, xüsusilə də beynəlxalq ictimaiyyətə təsir imkanı ola biləcək hər kəsdən mənim gözləntim budur ki, bu anlayışları müxatiblərinə bəyan etsin, işıqlandırsın və düşmənin öz yalan təbliğatları ilə həqiqəti təhrif etməsinə imkan verməsinlər. Sionist düşmən böyük bir səhvə, böyük bir cinayətə yol verdi, ona görə də cəzalandırılmalıdır; hal-hazırda da cəzalandırılır. İran xalqının və Silahlı Qüvvələrimizin bu mənfur düşmənə qarşı tətbiq etdikləri və hal-hazırda da həyata keçirdikləri və gələcək üçün də planlaşdırdıqları cəza tədbirləri çox sərtdir və onları zəiflətmişdir. Sionistlərin amerikalı dostlarının səhnəyə daxil olub danışmalarının özü də düşmənin acizliyinin göstəricisidir.
Sonda toxunmaq istədiyim məsələ Amerika prezidentinin (2) təhdid yağdırması, bizi təhdid etməsi ilə bağlıdır. Həm bizi təhdid edir, həm də səviyyəsiz və qəbuledilməz bəyanatları ilə İran xalqından açıq-aşkar tələb edir ki, mənə təslim olun! İnsan bu hərəkətləri gördükdə həqiqətən də təəccüblənir. Əvvəla, onlar o adamları təhdid etsinlər ki, onların təhdidindən qorxurlar. İran xalqı təhdid yağdıranların qarşısında qorxu hissi keçirmədiyini həmişə nümayiş etdirmişdir:
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ
“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (3)
İran xalqı belə bir düşüncəyə inam bəsləyir. Təhdid İran xalqının davranış və düşüncəsinə əsla təsir edə bilməz.
İkincisi, İran xalqına: “Gəlin təslim olun” – deməyiniz, məntiqli və ağıllı bir addım deyil. İranı, İran xalqını tanıyan, İran tarixindən xəbəri olan ağıllı insanlar heç vaxt belə sözlər deməzlər. Nəyə təslim olsun? İran xalqı təslim olan xalq deyil. Biz heç vaxt heç kimə təcavüz etməmişik və heç kimin təcavüzünü də əsla qəbul etməyəcəyik və təslim də olmayacağıq. Bu, İran xalqının məntiqidir; bu, İran xalqının ruhiyyəsidir.
Əlbəttə, bu regionun siyasi reallıqları ilə tanış olan amerikalılar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi tamamilə onun zərərinə nəticələnəcəkdir. Onun bu məsələdə alacağı zərər, İranın ala biləcəyi zərərdən qat-qat çox olacaqdır. Əgər Amerika hərbi müdaxilyə yol verərsə, şübhəsiz ki, bu, onun üçün bərpası mümkün olmayan zərərlərlə nəticələnəcəkdir.
Əziz xalqımızdan qeyd etdiyim bu ayəni həmişə diqqətdə saxlamasını istəyirəm. Allaha şükürlər olsun ki, həyat öz axarı ilə davam edir. İmkan verməyin ki, düşmən ondan qorxduğunuzu, sizin zəiflədiyinizi hiss etsin. Əgər düşmən ondan qorxduğunuzu hiss etsə, heç vaxt yaxanızı buraxmayacaqdır. Bu günə qədər göstərdiyiniz hərəkəti, davranışı bundan sonra da möhkəm şəkildə davam etdirin. Səlahiyyətli şəxslər, xalqla birbaşa təmasda olanlar, təbliğatla və reallıqları çatdırmaqla məşğul olan insanlar var gücləri ilə öz vəzifələrinə davam etsinlər və Uca Allahın yardımına arxalansınlar:
وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ
“Qələbə, ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır”. (4)
Allah-Taala İran xalqını, haqq və ədaləti mütləq qalib edəcəkdir, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_________________________
1) Xanım Səhər Emami
2) Donald Tramp
3) “Ali-İmran” surəsi, 139-cu ayədən
4) “Ali-İmran” surəsi, 126-cı ayədən
