İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında məhkəmə sisteminin rəhbəri, yüksək vəzifəli şəxsləri və ölkənin bütün bölgələrinin məhkəmə sədrləri ilə görüşdə İran xalqının sonuncu məcburi müharibədə imza atdığı böyük işi və təcavüzkarların hesablarının alt-üst olması məsələsini təhlil edərkən xalqın fərqli siyasi baxışlara və dini mövqelərə baxmayaraq, əziz İranı müdafiəsi istiqamətində sərgilədiyi böyük vəhdət və birliyə işarə edərək dedi: “Bu milli vəhdəti qorumaq hər kəsin vəzifəsidir”.
Həzrət Ayətullah Xamenei dedi: “Xalqın 12 günlük müharibədəki böyük işi milli iradə, qətiyyət və özgüvən olmuşdur. Belə ki, ABŞ kimi gücə və onun zəncirli iti olan sionist rejimə qarşı mübarizə ruhiyyəsi və hazırlığı özü-özlüyündə çox qiymətlidir”.
O, pəhləvi rejiminin məmurlarının nəşr edilmiş xatirələrinə işarə edərək onların hətta gizli və xüsusi toplantılarda belə Amerikaya etiraz etməyə cürət etmədiklərini dedi: “İran o dövrlərdən bu günə qədər elə bir səviyyəyə çatıb ki, artıq nəinki Amerikadan qorxmur, üstəlik, onu qorxuya salır. Bu milli ruhiyyə və iradə İranı başıuca edən, böyük arzularına çatdıran əsas amildir”.
İnqilabın Rəhbəri vurğuladı ki, həm dostlar, həm də düşmənlər İran xalqının heç bir sahədə zəif tərəf kimi çıxış etməyəcəyini bilməlidirlər. O əlavə etdi: “Biz məntiq və hərbi güc kimi bütün zəruri vasitələrə malikik. Buna görə də istər diplomatik meydan olsun, istərsə də hərbi, Allahın köməkliyi ilə meydana əlidolu daxil olacağıq”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Sionist rejimi xərçəng, ABŞ-ni isə ona dəstək verdiyi üçün cinayətkar hesab etməyimizə baxmayaraq, ilk addım atan, müharibəni başladan biz olmadıq. Ancaq düşmən nə zaman hücum etdisə, cavabımız sarsıdıcı və möhkəm oldu”.
O qeyd etdi ki, İranın sionist rejimə güclü və möhkəm cavab verməsinin ən bariz sübutu onun ABŞ-dən kömək istəmək məcburiyyətində qalmasıdır: “Əgər sionist rejim əyilib yerə yapışmasaydı, özünü müdafiə etmək iqtidarında olsaydı, bu şəkildə ABŞ-dən kömək diləməzdi. Anladı ki, İslam Respublikasının qarşısında duruş gətirə bilməz”.
İnqilabın Rəhbəri bildirdi ki, ABŞ-nin hücumuna cavab olaraq İranın endirdiyi zərbə çox həssas bir zərbə idi: “İranın hücum etdiyi obyekt ABŞ-nin bölgədəki həddən artıq əhəmiyyətli bir mərkəzi idi. İnformasiya senzuraları aradan qalxanda İranın nə qədər böyük bir zərbə vurduğu bəlli olacaq. Əlbəttə ki, ABŞ və başqalarına bundan da böyük bir zərbə vurmaq olar”.
Həzrət Ayətullah Xamenei son müharibədə milli iradənin təzahür etməsinin düşmənin planının reallaşmasına mane olan çox mühüm bir hadisə olduğunu dedi: “Təcavüzkarların hesablaması və planı belə idi: İranın bəzi mühüm şəxsiyyətlərinə və mərkəzlərinə hücum etməklə dövlət zəifləyəcək, sonra da özlərinin münafiqlər və şahlıq tərəfdarlarından tutmuş təxribatçı və mafia dəstələrinə qədər yatmış muzdlu mərkəzlərini hərəkətə gətirəcək, xalqı təhrik edərək küçələrə çıxarmaqla dövlətin işini bitirə biləcəklər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əməldə düşmənin planının tam əksi baş verdi və məlum oldu ki, bəzi şəxslərin siyasi və digər sahələrdəki hesablamalarının da çoxu düzgün deyil”.
O, təcavüzkar düşmənin gizli siması, planları və məqsədlərinin üzə çıxmasına işarə edərək dedi: “Allah onların planlarını puça çıxararaq xalqı hökumətə və dövlətə dəstək vermək üçün səhnəyə gətirdi. Xalq da düşmənin düşündüyünün əksinə olaraq, canı və malı ilə dövlətə dəstək və yardım göstərdi”.
İnqilabın Rəhbəri qeyd etdi ki, dini çəkiləri tamamilə fərqli, siyasi baxışları müxtəlif, hətta ziddiyyətli olan şəxslərin çiyin-çiyinə dayanıb eyni sözü danışması böyük milli birliyin yaranmasına səbəb oldu. O bu böyük birliyin qorunmasının zəruriliyini vurğulayaraq dedi: “Milli birliyin qorunması və müdafiəsi jurnalist, hakim, dövlət məmuru, ruhani və imam-cümə olmasından asılı olmyaraq hər kəsin vəzifəsidir”.
O, siyasi baxış və dini çəki fərqinin "əziz İran" və "İslam dövləti"nin müdafiəsi adlı ortaq bir həqiqətin müdafiəsi üçün çiyin-çiyinə dayanmaqla heç bir ziddiyyət təşkil etmədiyini vurğulayaraq milli birliyin qorunması üçün zəruri olan şərtləri açıqladı: “Məsələlərə aydınlıq gətirilməsi və səfsətələrin ortadan qaldırılması zəruridir, ancaq lazımsız iradların gündəmə gətirilməsi, onların ətrafında mübahisə aparmaq və kiçik məsələlər üzərindən hay-küy yaratmaq zərərlidir. Hətta səfsətənin puça çıxarılması belə ölkəyə problem yaratmayacaq şəkildə həyata keçirilməlidir”.
Həzrət Ayətullah Xamenei dövlətə vəfa nümayiş etdirilməsinin, ümumi siyasətlərin təsdiqlənib dəstəklənməsinin zəruri və faydalı olduğunu vurğulayaraq əlavə etdi: “Amma mövcud fikir ayrılıqlarını və zərərli olan siyasi qütbləşmələri qabartmaq olmaz”.
O, xalqın, xüsusilə də gənclərin coşqu və həyəcanının yaxşı və lazımlı olduğunu qeyd edərək dedi: “Lakin səbirsizlik etmək, yerə ayaq döymək və “Nə üçün filan iş görülmədi?” - deyə etiraz etmək zərərlidir”.
İnqilabın Rəhbəri son tövsiyəsində vurğuladı ki, dövlətin hərbi və diplomatik qurumlarının fəaliyyəti güclü və düzgün istiqamətlə davam etdirilməlidir. O dedi: “Təbii ki, istiqamətlərə xüsusi diqqət yetirilməlidir, çünki xüsusilə diplomatiya sahəsində istiqamət çox önəmlidir və bu sahədə işlər diqqətlə və ehtiyatla görülməlidir”.
O, hər hansı hərbi və diplomatik məsələdə bir nəfərin məsul şəxsə etiraz edə bilməsi məsələsinə işarə edərək dedi: “Demirik ki, etirazlarını bildirməsinlər. Sadəcə etiraz və tənqid məqbul üslubla, araşdırma aparıldıqdan və məlumat toplandıqdan sonra edilməlidir. Çünki bəzən media vasitələrində öz əksini tapmış bəzi fikirlər və etirazlar məlumatsızlıqdan qaynaqlanır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, məsul şəxslər öz işlərini tam güc və ruh yüksəkliyi ilə davam etdirməlidirlər. O dedi: “Hamı bilməlidir ki, Qurani-Kərimin “Allah Ona kömək edənlərə mütləq kömək edəcəkdir” ayəsinə əsasən, Allah İslam dövləti, Quran və İslam çətri altında İran xalqının qələbəsinə zəmanətçidir və bu xalq mütləq qələbə çalacaq”.
İnqilabın Rəhbəri bu görüşdə məhkəmə sisteminin rəhbəri və bütün fəal əməkdaşlara təşəkkür edərək bu qurum tərəfindən həyata keçirilmiş işlərin yaxşı və sevindirici olduğunu dedi: “Təbii ki, görülmüş işlərlə yanaşı, hələ görülməmiş, lakin zəruri olan işlər də daim diqqət mərkəzində olmalı və onların yerinə yetirilməsinə səy göstərilməlidir”.
O, son müharibədə sionist rejimin törətdiyi cinayətlərin hüquqi şəkildə araşdırılmasının vacibliyini qeyd etdi: “Əvvəlki hadisələrdə də hüquqi araşdırmalar aparılmalı idi, amma bəzi səhlənkarlıqlara yol verildi. Lakin məhkəmə sistemi son cinayətləri daxili və beynəlxalq məhkəmələr vasitəsilə ciddi, diqqətli və bütün aspektləri nəzərə alaraq tam ayıq şəkildə izləməlidir”.
İnqilabın Rəhbəri vurğuladı ki, məhkəmə sisteminə verilən bütün tövsiyələrin nəticəsi xalqın bu quruma olan etimadında təzahür etməlidir. O dedi: “Biz məhkəmə sisteminin məsul şəxsləri ilə görüşlərdə dəfələrlə demişik: - elə fəaliyyət göstərilməlidir ki, ölkənin hər hansı guşəsində bir şəxs zülmə və haqsızlığa məruz qalarsa, bilməlidir ki, onun problemi ədliyyə orqanına müraciət etməklə həll olunacaq”.
O qeyd etdi ki, bu arzuolunan hədəfin gerçəkləşməsi məhkəmə sisteminin daxilində və xaricindəki korrupsiyaya qarşı mübarizə ilə şərtlənir: “Korrupsiya ilə mübarizə xalqda ümid və etimad yaradır.”
Görüşün əvvəlində çıxış edən məhkəmə sisteminin rəhbəri Höccətül-İslam vəl-müslimin Mohsini Ejei qeyd etdi ki, düşmənin öz məqsədlərinə çatmamasının səbəbi xalqın ayıqlığı və İnqilabın Ali Rəhbərinin komandanlığı oldu: “Milli iftixarlar kitabına daha bir qızıl səhifə əlavə olundu və bütün dünya da tərəf müqabillərimizin güvənilməz olduğunu gördü”.
Məhkəmə sisteminin rəhbəri islahat sənədinin yenilənməsi və sənəddə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində əldə olunan mühüm nailiyyətlər, qeyri-əmlak sənədləri haqqında qanunun icrası üçün zəruri tədbirlərin görülməsi, qanunların düzgün şəkildə icrasına nəzarət etmək üçün icra orqanları ilə daha yaxşı əməkdaşlığın qurulması, iddialara baxılma müddətinin azaldılması, mübahisələrin barış və razılaşma yolu ilə həll edilməsinin artırılması, məhkəmələrin rəhbər şəxlsərinin xalqın arasında olması və məscidlərdəki fəal iştirakı, iki milyondan çox insana pulsuz hüquqi məsləhətin təqdim edilməsi məsələlərinin məhkəmə sisteminin keçən il həyata keçirdiyi tədbirlərdən olduğunu dedi: “Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin əməkdaşlığı ilə Beynəlxalq Cinayət Məhkəməsində cinayətkarlar və mənfur sionist rejimə qarşı hüquqi tədbirlər görülməsi istiqamətində effektiv iş aparılır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir