Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri son məcburi müharibə şəhidlərinin anım mərasimində:

İslam Respublikası dövlətin sütunlarının misilsiz möhkəmliyini dünyaya göstərdi

Bu gün İslam İnqilabının Rəhbəri 12 günlük məcburi müharibə şəhidlərinin ailələri, ayrı-ayrı təbəqələrdən olan xalq nümayəndələri, habelə məsul şəxslərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə sionist rejimin İran xalqına qarşı başlatdığı 12 günlük təcavüzkar müharibənin şəhidlərinin qırxıncı gününə həsr edilmiş anım mərasimi keçirildi.

Mərasimdə çıxış edən İslam İnqilabının Ali Rəhbəri bu müharibənin İslam Respublikasının iradə və gücünün üzə çıxmasına, dövlətin təməl sütunlarının misilsiz möhkəmliyinin nümayiş etdirilməsinə səbəb olduğunu dedi. O vurğuladı ki, düşmənçiliklərin əsl səbəbi bədxahların imana, elmə və İran xalqının birliyinə qarşı olmasıdır: “Xalqımız Allahın köməyi ilə imanın gücləndirilməsi və müxtəlif elm sahələrinin inkişaf etdirilməsi yolunu tərk etməyəcək, düşmənin acığına İranı tərəqqi və fəxarətin zirvəsinə çatdıra biləcəyik”.

Həzrət Ayətullah Xamenei son müharibədə şəhid olmuş hərbi komandirlər, alimlər və əziz xalqın övladlarının ailələrinə bir daha başsağlığı verərək qeyd etdi: "İran xalqı bu 12 gün ərzində qazandığı və bu gün bütün dünyanın da etiraf etdiyi böyük iftixarlardan əlavə, öz gücünü, dözümünü, qətiyyətini, iradəsini və əlinin dolu olmasını dünyaya nümayiş etdirdi. Belə ki, hər kəs İran İslam Respublikasının gücünü yaxından hiss etdi".

Ayətullah Xamenei bildirdi ki, son müharibənin digər üstünlüklərindən biri İran İslam Respublikasının təməl sütunlarının misilsiz möhkəmliyinin aydın şəkildə təzahür etməsidir: “Bu hadisələr bizim üçün yeni deyildi. İran İslam Respublikası keçən 46 il ərzində səkkiz illik Məcburi Müharibədən əlavə, dəfələrlə çevriliş cəhdləri, müxtəlif hərbi, siyasi və təhlükəsizlik fitnələrinə, zəif iradəli şəxslərin xalqla üz-üzə qoyulması cəhdlərinə məruz qalıb və düşmən bütün məkrli planlarını iflasa uğradıb”.

İnqilabın Rəhbəri İslam Respublikasının din və elm təməlləri üzərində inşa edildiyini bildirdi: “İran xalqı və gəncləri bu iki təməl prinsipə əsaslanaraq düşməni müxtəlif meydanlarda geri çəkilməyə məcbur etdi və bundan sonra da eyni şəkildə hərəkət edəcəklər”.

Həzrət Ayətullah Xamenei başda ABŞ olmaqla beynəlxalq imperializmin İran İslam Respublikası ilə düşmənçiliyinin əsas səbəbinin din, elm və iranlıların Quran və İslam kölgəsi altındakı birliyi olduğunu dedi: "Onların nüvə proqramı, uranın zənginləşdirilməsi və insan haqları adı altında irəli sürdükləri məsələlər sadəcə bəhanədir. Onların əsl narahatlıqları və etirazlarının səbəbi İran İslam Respublikasının müxtəlif elmi, humanitar, texniki və dini sahələrdə yeni söz və bacarıqlar ortaya qoymasıdır".

Ayətullah Xamenei vurğuladı ki, İran xalqı Allahın köməkliyi ilə dinindən və elmindən əl çəkməyəcək: "Biz dinimizi gücləndirmək, müxtəlif elmləri inkişaf etdirmək və dərinləşdirmək yolunda böyük addımlar atacağıq və düşmənin acığına İranı tərəqqi və fəxarətin zirvəsinə çatdıra biləcəyik".

Mərasimdə bir neçə Quran qarisi Allahın mübarək kitabından ayələr tilavət etdi. Mərasimdə çıxış edən Höccətül-İslam Rəfii "Nəhcül-Bəlağə"nin 182-ci xütbəsinə istinad edərək Siffeyn döyüşünün şəhidlərinin xüsusiyyətlərinə işarə edərək bu xüsusiyyətlərin sonuncu 12 günlük məcburi müharibə şəhidlərinə uyğun olduğunu dedi. Haqq yolunda sabitqədəm olmaq, Haqq yolda hərəkət etmək, Quran oxumaq və ona əməl etmək, vacib ibadətləri yerinə yetirmək, İlahi sünnələri diriltmək, bidətlərlə mübarizə, cihadda iştirak, rəhbərliyə itaət Höccətül-İslam Rəfiinin qeyd etdiyi səkkiz xüsusiyyət oldu. O dedi: “Qurani-Kərimində açıq şəkildə bildirilir ki, iman və təvəkkül ilahi yardıma səbəb olan iki əsas amildir. Bu iki amil 12 günlük müharibədə tam şəkildə özünü göstərdi və İran xalqının müqaviməti və qələbəsinə zəmin yaratdı”.

Mərasimdə habelə cənab Məhəmmədrza Bəzri sionist düşmənə qarşı müharibədə şəhidlərin qəhrəmanlığını tərənnüm edən şeirlər oxuyub Alullaha (ə) həsr edilmiş mərsiyələr dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /