İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam televiziya vasitəsilə xalqa ünvanladığı müraciətində İran xalqının davamlı vəhdəti və birliyinin düşmənin başına endirilmiş polad bir yumruq olduğunu vurğuladı. O, qeyrətli İran xalqının çox böyük faydaları olan uranın zənginləşdirilməsi texnologiyasından imtina etməsi üçün düşmənin göstərdiyi təzyiq və hədələr qarşısında xalqın boyun əyməməsinin səbəbini izah edərək dedi: “ABŞ-nin əvvəlcədən nəticəsini müəyyən və diktə etdiyi danışıqlar mənasız və ziyanlıdır. Çünki bu cür danışıqlar hegemon düşməni növbəti məqsədlərini diktə etməyə tamahlandırır, eyni zamanda heç bir zərəri də bizdən dəf etmir. Belə danışıqları nə şərəfli bir xalq, nə ağıllı siyasətçi qəbul edər”.
İnqilabın Rəhbəri çıxışının əvvəlində milyonlarla gəncin, yeniyetmənin və uşağın bilik və bacarıqlara yiyələnmə istiqamətində hərəkətə başladığı elm və bilik ayı hesab edilən mehr ayının gəlişi münasibətilə təbrik edərək ölkənin məsul şəxslərinə, xüsusilə Təhsil Nazirliyi, Elmlər Nazirliyi, Səhiyyə və Müalicə Nazirliyinin məsul şəxslərinə İran gəncliyinin fövqəladə istedadını dərk etməyi və bu ilahi nemətdən səmərəli şəkildə faydalanmağı ciddi şəkildə tövsiyə etdi.
O, çıxışı zamanı son iki ayda keçirilmiş beynəlxalq olimpiadalarda İran məktəblilərinin qazandığı 40 müxtəlif medala, o cümlədən 11 qızıl medala işarə edərək dedi: “Məktəblilərimiz 12 günlük müharibə və onun yaratdığı çətinliklərə baxmayaraq, astronomiya sahəsində dünya birincisi olmuş, digər sahələrdə də yüksək nəticələr göstərmişlər. Elə həmin istedadın nəticəsidir ki, son günlərdə gənclərimiz güləş üzrə parlaq nəticələr əldə etmiş, daha öncə voleybol və digər idman növlərində də uğur qazanmışlar”.
İnqilabın Rəhbəri habelə şəhid Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümünə işarə edərək bu böyük mücahidin İslam dünyası, şiə aləmi və Livanın böyük sərvəti olduğunu qeyd etdi: “Seyid Həsən Nəsrullahın yaratdığı sərvət, o cümlədən Hizbullah hərəkatı qalıcılığı və davamlılığı ilə mühüm əhəmiyyət daşıyır. Bu sərvət Livanda və digər bölgələrdə nəzərdən qaçırılmamalıdır”.
Həzrət Ayətullah Xamenei 12 günlük müharibə zamanı şəhid olmuş sərkərdələrin, alimlərin və digər şəhidlərin əziz xatirəsini hörmətlə anaraq, onların ailələrinə səmimi qəlbdən və dərin hüznlə başsağlığı verdi. Sonra o, xalaqa ünvanladığı telemüraciətinin əsas məzmununu üç əsas istiqamətdə ümumiləşdirdi: “12 günlük müharibə dövründə, eləcə də ölkənin bu günü və gələcəyində İran xalqının vəhdəti və birliyinin əhəmiyyəti; uranın zənginləşdirilməsi texnologiyasının yüksək faydalarının izahı; Amerikanın təhdidləri qarşısında xalqın və dövlətin möhkəm və ağıllı mövqeyinin aydın şəkildə bəyan olunması”.
Ayətullah Xamenei birinci istiqaməti izah edərkən bildirdi ki, xalqın birliyi düşmənin 12 günlük müharibədə ümidsizliyə qapılmasının əsas amili oldu: “Düşmənin komandirləri və bəzi nüfuzlu şəxsləri hədəf alması onun ölkə daxilində, xüsusilə Tehranda öz tərəfdarlarının köməyi ilə iğtişaş və qarışıqlıq yaratmaq, əgər bacararsa, xalqı İslam Respublikasına qarşı küçələrə çıxarmaq, ölkənin işlərini pozaraq dövlətin özünü hədəfə almaq, sonrakı planları ilə İslamın kökünü bu torpaqdan tamamilə kəsmək üçün bir vasitə idi”.
Həzrət Ayətullah Xamenei çox tez bir zamanda şəhid komandirlərin varislərinin təyin edilməsi, silahlı qüvvələrin ruh yüksəkliyi və möhkəmliyi, ölkə idarəçiliyində nizam və intizamın qorunması kimi amillərin düşmənin uğursuzluğunda mühüm rol oynayan faktorlar olduğunu bildirdi. Ancaq o vurğuladı ki, xalq özü düşmənin məğlubiyyətə uğramasında ən önəmli faktor oldu. Xalq öz birliyi və həmrəyliyi ilə düşmənin istəklərinə qətiyyən boyun əymədi, İslam Respublikasını təcavüzkarlar qarşısında müdafiə etmək məqsədilə küçələrə axışdı”.
O, düşmənin ölkə daxilindəki əlaltılarını bacarıqsızlıqları və acizliklərinə görə sorğu-suala tutmasına işarə edərək dedi: “Sionizmə və ABŞ-yə bağlı qüvvələr cavab verərkən deyiblər ki, çox çalışdıq, lakin xalq bizə arxa çevirdi və ölkənin məsul şəxsləri işləri nəzarətdə saxladılar.
İnqilabın Rəhbəri xalqın birliyi və həmrəyliyinin təcavüzkarların planlarının iflasa uğramasının əsas amili olduğunu vurğuladı: “Ən mühüm məqam budur ki, həmin təyinedici birlik bu gün də mövcuddur və son dərəcə əhəmiyyətlidir”.
O, xaricdən göstəriş alaraq xalqın birliyinin yalnız müharibə dövrünə aid olduğu təsəvvürünü yaratmağa çalışanları tənqid edərək dedi: “Bəziləri iddia edirlər ki, siyasi fikir ayrılıqları tədricən özünü büruzə verəcək, buna görə də etnik və siyasi müxtəlifliklərdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmaq olar. Bu, tamamilə səhv fikirdir”.
Həzrət Ayətullah Xamenei ölkənin bütün etnik qruplarının iranlı olmaları ilə fəxr etdiklərini vurğulayaraq bildirdi: “Aramızda təbii olaraq siyasi fərqliliklər mövcuddur, lakin hegemonların qarşısında bütün xalq həm bu gün, həm də sabah polad bir yumruq kimi düşmənin başına enəcəkdir”.
O, bu günün İranının bu ilin 23 və 24 xordadındakı həmin İran olduğunu qeyd etdi: “Həmin günlər insan izdihamı ilə dolu olan küçələr və onların lənətə gəlmiş sionizmə və cinayətkar ABŞ əleyhinə səsləndirdikləri sarsıdıcı şüarlar xalqın vəhdəti və birliyinin göstəricisi idi. Bu birlik bu gün də mövcuddur və mövcud olacaqdır. Əlbəttə ki, onun qorunması və möhkəmləndirilməsində hər kəs məsuliyyət daşıyır”.
İnqilabın Rəhbəri xalqa müraciətinin ikinci hissəsində siyasi və xarici mühitdə “zənginləşdirmə” sözünün təkrarlanmasına işarə edərək dedi: “Bu məsələnin düşmənlər üçün niyə bu qədər əhəmiyyətli olduğunu anlamaq lazımdır”.
O, mütəxəssisləri zənginləşdirmənin yönlərini və faydalarını izah etməyə dəvət edərək bildirdi: “Zənginləşdirmə prosesində alimlər və mütəxəssislər ölkə mədənlərindən çıxarılan uranı texniki, mürəkkəb və mütərəqqi fəaliyyətləri ilə xalqın həyatının müxtəlif sahələrində istifadə edilən çoxsaylı funksiyalara malik olan çox qiymətli zənginləşdirilmiş urana çevirirlər”.
Həzrət Ayətullah Xamenei zənginləşdirilmiş uranın kənd təsərrüfatı, sənaye və xammal istehsalı üçün istifadə olunan kimyəvi və texniki materiallar, ətraf mühit və təbii sərvətlər, səhiyyə və müalicə, qidalanma, həmçinin tədqiqat və təhsil sahələrindəki müxtəlif tətbiqlərinə işarə edərək bildirdi: “Elektrik enerjisinin istehsalında da zənginləşdirilmiş urandan istifadə dəfələrlə ucuz başa gəlir və ətraf mühiti çirkəndirmir. Atom elektrik stansiyalarının ömrü çox uzun olur. Onlar bir sıra üstünlüklərə malikdir. Məhz buna görə də bir çox inkişaf etmiş ölkələr atom stansiyalarından istifadə edir. Halbuki bizim stansiyalarımızın yanacağı əsasən benzin və qazdır ki, bu da çox xərc aparır”.
İnqilabın Rəhbəri ölkədəki zənginləşdirmə sənayesinin formalaşmasını izah edərəkən dedi: “Biz bu texnologiyaya malik deyildik və ehtiyaclarımızı başqaları təmin etmirdi, lakin bir neçə qətiyyətli rəhbər və dəyərli məsul şəxslərin səyləri sayəsində təxminən otuz neçə il bundan əvvəl hərəkətə başladıq və hal-hazırda zənginləşdirmədə yüksək səviyyəyə çatmışıq”.
O, bəzi ölkələrin 90%-dək zənginləşdirmə məqsədinin nüvə silahı istehsal etmək olduğunu dedi: “Bizim nüvə silahımız olmadığı, onu düzəltməməkdə və ondan istifadə etməməkdə qərarlı olduğumuz üçün zənginləşdirməni 60 %-ə qədər yüksəltmişik ki, bu da çox yaxşıdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, İran dünyanın 200-dən çox ölkəsi arasında zənginləşdirmə sənayesi olan 10 ölkədən biridir: “Bu qabaqcıl texnologiyanı inkişaf etdirməklə yanaşı, alimlərimizin mühüm işi kadr yetişdirmək olmuşdur. Belə ki, bu gün onlarla nüfuzlu alim və mütəxəssis, nüvə sahəsi ilə əlaqədar ixtisaslarda təhsil almış yüzlərlə və minlərlə kadr fəaliyyət göstərir. Buna baxmayaraq, düşmən bəzi təsisatları bombalamaq və ya bombalayacağı ilə hədələməklə İranda bu texnologiyanı yox edəcəyini düşünür”.
O, hegemon güclərin İran xalqını təslim olmağa məcbur etmək və ölkəni zənginləşdirmədən çəkindirmək üçün onilliklər boyu göstərdikləri nəticəsiz təzyiqlərə işarə edərək vurğuladı: “Biz təslim olmadıq, olmayacağıq və başqa heç bir məsələdə də təzyiqlərə boyun əyməyəcəyik”.
İnqilabın Rəhbəri bildirdi: “Amerikalılar əvvəl deyirdilər ki, yüksək səviyyəli zənginləşdirməyə malik olmayın və zənginləşdirilmiş məhsulları İranın xaricinə çıxarın. Amm indi Amerika tərəfi ayağını bir başmağa dirəyib ki, ümumiyyətlə, zənginləşdirməyə malik olmamalısınız”.
O vurğuladı: “Bu zorakılığın mənası budur ki, dayanmadan göstərdiyiniz bu fəaliyyətləri və investisiyanı havaya sovurun. Amma qeyrətli İran xalqı bu fikri qəbul etmir və bunu deyənin ağzından vurur”.
İnqilabın Rəhbəri müraciətinin üçüncü istiqamətini izah edərkən siyasətçilər arasında “Amerika ilə danışıqlar” məsələsi ilə bağlı fərqli baxışların olduğuna işarə edərək dedi: “Bəzi adamlar danışıqları faydalı, bəziləri isə zərərli hesab edirlər. Ancaq uzun illər ərzində anladığımız və müşahidə etdiyimiz həqiqəti hörmətli xalqa çatdırır, məsul şəxslərdən və siyasi fəallardan bu mövzuda düşünmələrini, dərindən təhlil aparmalarını və ayıq şəkildə qərar vermələrini istəyirəm”.
Həzrət Ayətullah Xamenei dedi: “Ola bilər ki, gələcəkdə - məsələn, 20-30 ildən sonra - vəziyyət dəyişsin, amma hazırkı şəraitdə Amerika ilə danışıqlar faydasızdır, milli maraqlara heç bir köməyi yoxdur və ölkəni heç bir zərərdən qorumur, əksinə, ciddi və bəzən geri dönüşü olmayan zərərlər doğurur”.
O, ABŞ ilə danışıqların faydasızlığını izah edərkən bildirdi: “Amerika tərəfi öz aləmində nəticələri əvvəlcədən müəyyənləşdirib və elan edib ki, “İranda nüvə fəaliyyətləri və zənginləşdirmənin dayandırılması” ilə nəticələnən bir danışıqlar istəyir”.
İnqilabın Rəhbəri bildirdi ki, belə danışıqlar masası arxasında əyləşmək qarşı tərəfin diktəsi, təzyiqi və zorakılığını qəbul etmək deməkdir: “İndi o, zənginləşdirmənin dayandırılmasını tələb edir, halbuki müavini bir neçə gün bundan əvvəl bildirib ki, İran hətta orta və qısa mənzilli raketlərə də sahib olmamalıdır. Yəni İranın əl-ayağı elə bağlanmalı və boşaldılmalıdır ki, hücuma məruz qalarsa, Amerikanın İraq və ya başqa yerdəki bazasına hətta cavab da verə bilməsin”.
O, ABŞ rəsmilərinin belə gözləntiləri və açıqlamalarının İran xalqını və İslam Respublikasını tanımamaları, İran İslam Respublikasının fəlsəfəsi, əsası və xarakteri barədə məlumatsız olmalarından qaynaqlandığını dedi: “Biz məşhədlilərin təbirincə desək, belə danışıqlar danışanın ağzından böyük və əhəmiyyətsizdir”.
Həzrət Ayətullah Xamenei ABŞ ilə danışıqların faydasızlığını izah etdikdən sonra onun ciddi zərərlərinin olduğunu vurğuladı: “Qarşı tərəf hədə gəlib ki, danışıqlar aparmasanız, belə-belə olacaq. Buna görə belə bir müzakirənin qəbul edilməsi xalqın və ölkənin təhdidə boyun əydiyini, hədələr qarşısında qorxduğunu, titrədiyini və təslim olduğunu göstərir”.
O, ABŞ-nin təzyiqləri qarşısında təslim olmağın onun zorakı tələblərinin davam etməsinə, bitib-tükənməməsinə səbəb olacağını dedi: “Bu gün deyirlər ki, zənginləşdirməyə sahib olsanız, belə-belə edəcəyik. Sabah isə raketə sahib olmaq, yaxud filan ölkə ilə əlaqənin olması və ya olmamasını təhdid və geri oturmaq üçün bəhanə edəcəklər”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Heç bir şərəfli xalq hədələrlə müşayiət olunan danışıqları qəbul etməz və heç bir ağıllı siyasətçi də bunu təsdiq etməz”.
İnqilabın Rəhbəri qarşı tərəfin tələb və istəklərinin qəbul ediləcəyi təqdirdə imtiyazlar verəcəyi vədinin yalan olduğunu vurğulayaraq BHTFP təcrübəsinə işarə etdi: “On il əvvəl amerikalılarla bir müqavilə bağladıq. Həmin müqaviləyə əsasən, nüvə istehsalı mərkəzlərindən biri bağlanacaqdı, zənginləşdirilmiş maddələr ölkədən çıxarılacaqdı və ya azaldılacaqdı, bunun müqabilində sanksiyalar qaldırılacaqdı və İranın nüvə fəaliyyəti Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) normallaşacaqdı”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən həmin vaxt məsul şəxslərə dedim ki, on il çox uzun müddətdir, demək olar ki, bir ömürdür; niyə bunu qəbul edirsiniz? Söz verildi ki, qəbul edilməyəcək, amma qəbul etdilər. Lakin bu gün həmin on il tamamlanandan sonra nəinki nüvə məsələmiz normallaşmadı, bəlkə onun BMT Təhlükəsizlik Şurası və BAEA-dakı problemləri daha da artdı”.
O, ABŞ-nin sanksiyaları qaldırmaq vədinə əməl etməməsi, BHFP-dan çıxması, necə deyərlər, İranın öhdəliklərə əməl etməsinə baxmayaraq, ABŞ-nin BHTP-ını cırıb tullaması məsələsinə işarə edərək dedi: “Qarşı tərəf belədir. Onunla danışıqlar aparıb istək və tələblərini qəbul etsəniz, bu, ölkənin təslim olması, zəifləməsi və xalqın şərəfinin məhv olması ilə nəticələnəcək. Əgər qəbul etməsəniz, yenə də indiki kimi mübahisələr və hədələr davam edəcək”.
İnqilabın Rəhbəri ölkənin keçmiş təcrübələrini, o cümlədən son on ilin təcrübəsini unutmamağın vacib olduğunu bildirdi: “Hazırda Avropa ilə bağlı bir məsələ qaldırmaq fikrim yoxdur, amma qarşı tərəf, yəni Amerika hər şeydə vədini pozur, yalan danışır, zaman-zaman hərbi təhdidlər edir, fürsət tapanda əziz sərdarımız Sərdar Süleymani kimi şəxsiyyətlərimizə qaşrı sui-qəsdlər edir və ya mərkəzlərimizi bombalayır. Belə bir tərəf müqabili ilə arxayınlıqla və inamla danışıqlar aparmaq və razılığa gəlmək olarmı?”
Həzrət Ayətullah Xamenei vurğuladı: “Nüvə məsələsində və bəlkə də digər məsələlərdə də Amerika ilə danışıqlar konkret bir yerə varılmayacaq həddədir”.
O bildirdi ki, Amerika ilə danışıqlar onun indiki prezidenti üçün faydalıdır və bu danışıqlar onun hədələrinin İranı danışıqlar masasına oturtmaqda təsirli olduğunu göstərmək və təlqin etmək məqsədi daşıyır: “Bu danışıqlar bizim üçün konkret zərərlidir və heç bir faydası yoxdur”.
İnqilabın Rəhbəri çıxışının sonunda bildirdi ki, ölkənin yeganə əlacı və inkişafı hərbi, elmi, dövlətçilik, struktur və təşkilati sahələrdə güclənməkdir: “Ağıllı və düşüncəli şəxslər, vətənpərvər mütəxəssislər ölkəni gücləndirməyin yollarını tapmalı və bu istiqamətdə çalışmalıdırlar, çünki güclənəndə qarşı tərəf hətta təhdidə də cəhd etmir”.
Həzrət Ayətullah Xamenei Allahın yardımını cəlb etmək üçün Allaha təvəkkül və Əhli-beytə (ə) təvəssül etməyin zəruri olduğunu dedi: “Milli qətiyyəti ortaya qoymaqla işləri irəli aparmaq lazımdır. Allahın köməkliyi ilə bu da olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir