İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ayrı-ayrı idman sahələrində qələbə qazanmış yüzlərlə idmançı və beynəlxalq elmi olimpiadaların medalçıları ilə görüşdə vurğuladı ki, bu qürurverici insanlar inkişafın simvolu və milli gücün təcəllasıdır: “Siz sübut etdiniz ki, əziz İranın ümidverici gəncləri xalqın simvolu olaraq zirvələri fəth etmək, dünya ictimaiyyətinin düşüncə və baxışlarını İranın işıqlı mühitinə yönəltmək iqtidarındadırlar”.
İnqilabın Ali Rəhbər habelə ABŞ prezidentinin son günlərdəki quldur davranışlarına və boşboğazlılqlarına işarə edərək dedi: “Bu adam axmaq davranışları, region, İran və İran xalqı haqqında dediyi çoxlu yalanlarla sionistlərə ruh verməyə və özünü güclü göstərməyə çalışdı. Amma gücü çatırsa, getsin ABŞ-nin bütün ştatlarında ona qarşı şüar verən milyonlarla insanı sakitləşdirsin”.
Ayətullah Xamenei idman və elmi sahələrdə göstərdikləri səyləri və əzmkarlıqları, qazandıqları medalları ilə xalqı sevindirən, gənclərə stimul verən qüdrətli gənclərlə bir yerdə olmaqdan məmnunluğunu ifadə edərək dedi: “Sizin qazandığınız medallar əvvəlki dövrlərdəki medallarla müqayisədə ikiqat üstünlüyə malikdir. Çünki siz bu uğurları elə bir şəraitdə əldə etmisiniz ki, düşmən yumşaq müharibə şəraitində xalqı ruhdan salmağa, onu öz bacarıqlarından xəbərsiz və ümidsiz etməyə çalışır. Amma siz xalqın gücünü və bacarığını üzə çıxararaq əməl meydanında düşmənə ən möhkəm cavabı vermisiniz”.
İnqilabın Rəhbəri ölkənin gənclərinin ümidsizliyi ilə bağlı vəsvəsələrin araşdırılmamış sözlər olduğunu qeyd edərək vurğuladı: “Əziz İranımız və onun gəncləri “ümid simvolu”durlar. Bu mühüm həqiqət başa düşülməlidir: Siz dünyanın elmi və idman zirvələrini fəth etdiyiniz kimi, İran gənci də – əgər səy və qətiyyət göstərərsə – zirvələri fəth etmək gücünə və bacarığına malikdir”.
Həzrət Ayətullah Xamenei İnqilabdan sonra bəzi sahələrdə müşahidə olunan sıçrayışlı inkişaflara işarə edərək əlavə etdi: “Bu inkişafların bir nümunəsi elə bu il sizin əldə etdiyiniz uğurlardır ki, bəlkə də ölkənin idman tarixində misli görünməmiş hadisədir”.
O, vətənin böyük istedadlı yeniyetmələrinin dünyanın elmi zirvələrinə yüksəlişini yüksək qiymətləndirərək dedi: “Sizin bu nailiyyətləriniz İran xalqının adına yazılır və dünyanın diqqətini İrana yönəldir.
İnqilabın Rəhbəri “qalib idmançıların bayrağa hörməti, səcdə və dualarını” İran xalqının simvolu adlandıraraq əlavə etdi: “Olimpiada iştirakçısı olmuş əziz gənclər də indi parlaq ulduzdurlar. Əgər səylərini davam etdirsələr, on ildən sonra parlaq bir günəşə çevriləcəklər. Bu məsələdə məsul şəxslərin rolu və vəzifəsi çox önəmlidir”.
Ayətullah Xamenei gənclərin İnqilabdan sonrakı yaradıcı rolu və fəaliyyətinin davamlı bir cərəyan olduğunu dedi: “Səkkiz illik məcburi müharibədə məhz gənc nəsil əliyalın və çoxsaylı çətinliklərin olmasına baxmayaraq, elə hərbi təşəbbüslər göstərdi ki, İran hər tərəfdən dəstək alan, himayə olunan, yüksək səviyyədə təchiz olunmuş düşmənə qalib gəldi”.
O qeyd etdi ki, elmi mübarizə meydanı ölkənin gənclərinin qürurverici uğurlara imza ata biləcəkləri aşkar arenalardan biridir.
İnqilabın Rəhbəri bildirdi ki, İran müxtəlif sahələrdə, o cümlədən nanotexnologiya, lazer, nüvə, müxtəlif hərbi sənaye sahələri və tibbi nailiyyətlər sahəsində dünyanın ən yaxşı on elmi və tədqiqat ölkəsi sırasında yer alır: “Bir neçə gün əvvəl ölkəmizin tədqiqat mərkəzlərindən birinin əlacı olmayan bir xəstəliyin müalicə yolunu tapması ilə bağlı çox mühüm bir xəbər eşitdim”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmən İranın müxtəlif elmi nailiyyətlərinin qarşısını almaq üçün səy göstərir: “İran xalqının bədxah düşmənləri bəzi uğurları inkar etmək və ya üzə çıxarmamaq, doğru ilə yalanı bir-birinə qatmaq, bəzi çatışmazlıqları şişirtmək, yönləndirici təbliğatlarla İran mühitinin qaranlıq və tutqun olduğunu göstərməyə çalışırlar. Amma siz idman və elm sahəsindəki zirvələrə yüksəlməklə ölkənin parlaq və ümidverici mənzərəsini bütün dünyaya göstərdiniz”.
O vurğuladı ki, imkan və bacarıqlara olan inamın itirilməsi düşmənin xalqı və gənc nəsli ümidsizliyə məhkum etmək üçün həyata keçirdikləri metodlardan biridir: “Bu fəaliyyətlər qarşısında gənclər tükənməz gənclik enerjisinə əsaslanaraq xalqın uğuru, ümidi və iqtidarı üçün öz səy və fəaliyyətlərini artırmalıdırlar”.
İnqilabın Rəhbəri gənclərin istedadları İran xalqına sərf edilmək üçün qətiyyət göstərməsinin mühüm məsələ olduğunu dedi: “Bəzi adamlar başqa bir ölkədə yaşamaq istəyə bilərlər, amma onlar bilməlidirlər ki, başqa ölkələrdə nə qədər uğur qazansalar da, yenə də yaddırlar; halbuki İran sizin və sizin nəslinizindır; torpağınız və evinizdir.
İnqilabın Rəhbər çıxışının başqa bir hissəsində ABŞ prezidentinin son günlər bölgə və əziz İran barədə səsləndirdiyi sərsəm sözlərə işarə edərək bildirdi: ABŞ prezidenti işğal altında olan Fələstinə səfəri zamanı səviyyəsiz məzmunlarla müşayiət olunan mənasız fikirlər səsləndirməklə ümidsiz vəziyyətdə olan sionistləri ruhlandırmağa və onlara ümid verməyə çalışdı.
O, İran İslam Respublikasının 12 günlük müharibədə sionist rejiminə vurduğu inanılmaz sillənin onların ümidsizliyinə səbəb olduğunu bildirərək əlavə etdi: “Sionistlər İran raketinin öz alovlu şölələri ilə onların həssas və mühüm mərkəzlərinin dərinliklərinə nüfuz edib bu mərkəzləri məhv edərək külə çevirə biləcəyinə inanmırdılar”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, İran bu raketləri heç yerdən almayıb və ya icarəyə götürməyib. Bunlar iranlı gəncin pasportu və onun öz əlləri ilə düzəltdiyidir. O dedi: “İranlı gənc meydana daxil olub öz səy və fəaliyyətləri sayəsində elmi infrastrukturları yaradanda belə böyük işlər görmək gücündədir”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu raketləri bizim silahlı qüvvələrimiz və hərbi sənayemiz hazırlayıb və istifadə edib. Onlardan yenə də varlarıdır, əgər lazım olsa, başqa vaxt istifadə edəcəklər”.
O, Trampın sionistlərə ruh vermək üçün sərgilədiyi bayağı davranışların və söylədiyi ucuz sözlərin səbəbini ümumiləşdirərək onun bəzi iddiaları ilə bağlı bir neçə nüansa aydınlıq gətirdi: “Qəzzə müharibəsində ABŞ sionist rejimin cinayətlərinin birmənalı olaraq əsas ortağıdır. ABŞ prezidenti özü də - Biz bu rejimlə Qəzzədə birgə işləyirdik, - deyə etiraf etdi. Əslində, bunu deməsəydi də, hər şey aydın idi, çünki bu müharibə zamanı müdafiəsiz Qəzzə xalqının başına yağan silah və texnika Amerikaya məxsus idi”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Trampın "ABŞ terrorizmlə müharibə aparır" iddiası onun növbəti yalanlarından biridir: “Qəzzə müharibəsində 20 mindən çox uşaq və körpə şəhid oldu. Onlar terrorçu idilərmi? Əsl terrorçu bölgədə İŞİD-i yaradan, onu bölgənin başına bəla edən və bu gün də onun bəzi üzvlərini müəyyən ərazilərdə öz nəzarətində saxlayaraq gələcəkdə istifadə etmək üçün qoruyub saxlayan ABŞ-dir”.
O qeyd etdi ki, Qəzzədə təxminən 70 min insanın qətlə yetirilməsi, 12 günlük müharibədə minə yaxın iranlının şəhid edilməsi ABŞ və sionist rejimin terrorçu mahiyyətini açıq şəkildə göstərən faktlardır: “Onlar dinc insanları qətlə yetirməklə yanaşı, Tehrançi və Əbbasi kimi alimlərimizi də terror edib bu cinayətlərlə öyündülər. Ancaq bilməlidirlər ki, elmi terror edə bilməzlər”.
İslam İnqilabının Rəhbəri ABŞ prezidentinin öz çıxışında İranın nüvə sənayesini bombalatdıraraq məhv etdiyini fəxrlə iddai etməsinə toxunaraq dedi: "Eybi yoxdur, elə bu xəyalınızda da qalın. Amma, ümumiyyətlə, siz kimsiniz ki, nüvə sənayesi olan hər hansı ölkə qarşısında nə edib, nə etməməli olması ilə bağlı şərt qoyasınız? İranın nüvə imkanları və sənayesinə malik olub-olmamasının ABŞ-yə nə dəxli var? Bu müdaxilələr dəxlisiz, səhv və zorakılıqdır".
O, ABŞ-nin müxtəlif ştat və şəhərlərində Trampa qarşı 7 milyon insanın iştirak etdiyi genişmiqyaslı nümayişlərə işarə edərək dedi: "Əgər, həqiqətən, gücünüz varsa, yalan yaymaq, digər ölkələrin işlərinə qarışmaq və onlarda hərbi baza yaratmaq yerinə, bu milyonlarla insanı sakitləşdirərək evlərinə qayıtarın".
Həzrət Ayətullah Xamenei vurğuladı ki, terrorçu və terrorizmin əsl simvolu ABŞ-dir və Trampın İran xalqının yanında olduğunu iddia etməsi də yalandır: "ABŞ-nin tətbiq etdiyi dolayı sanksiyalar - çox ölkələr də qorxularından ona qoşulurlar - İran xalqına qarşıdır. Buna görə də siz İran xalqının dostu deyil, düşmənisiniz".
Ayətullah Xamenei Trampın müzakirələrə hazır olması ilə bağlı açıqlamalarına işarə edərək dedi: “Deyir ki, mən müzakirə adamıyam. Halbuki müzakirələr zorakılıqla müşayiət olunursa və nəticəsi əvvəldən bəllidirsə, bu, müzakirə deyil, təzyiq və zorakılıqdır. İran xalqı belə təzyiqə boyun əyməyəcək”.
İnqilabın Rəhbəri Trampın Qərbi Asiyada, onların təbirincə desək, Orta Şərqdə ölüm və müharibənin olması ilə bağlı sözlərinə işarə edərək bildirdi: “Müharibələri siz başladırsınız. ABŞ müharibəçidir, terrorla yanaşı, müharibə odunu alovlandırır. Yoxsa ki, ABŞ-nin regiondakı bu qədər hərbi bazaları nə üçündir? Sizin burada nə işiniz var? Bu regionun sizə nə aidiyyəti var? Bu region onun sakinlərinə məxsusdur. Buradakı ölüm və müharibələr ABŞ-nin mövcudluğundan qaynaqlanır”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda ABŞ prezidentinin mövqelərinin səhv, bir çox hallarda isə yalan və zorakılıqdan xəbər verdiyini vurğulayaraq dedi: “Hərçənd ki, zorakılıq bəzi ölkələrə təsir göstərə bilər, amma Allahın köməkliyi ilə İran xalqına heç vaxt təsir göstərməyəcək”.
Tədbirdə ölkənin qədim idman növü üzrə yeniyetmələrdən ibarət milli komandası bu idman növünə aid hərəkətlər nümayiş etdirdi. Onların nümayiş etdirdiyi hərəkətlər İnqilabın Rəhbəri tərəfindən alqışlandı və yüksək qiymətləndirildi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
