İslam İnqilabının Ali Rəhbərinin Əlborz vilayətinin 5580 şəhidinin anım qurultayının təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu axşam Kərəcdə tədbirin təşkil edildiyi məkanda yayımlandı.
Həzrət Ayətullah Xamenei bu görüşdə bildirdi ki, mövcud şəraitdə görülməli ən vacib işlərdən biri Müqəddəs Müdafiə dövrünün motivasiya və dəyərlərinin gənc nəslə ötürülməsidir: “Bugünkü gənclərimiz yaxşı gənclərdir. Müxtəlif məzmun və anlayışları gənclərə aşılayan qabaqcıl imkanların mövcudluğuna baxmayaraq, onlar öz dini kimliklərini qoruya biliblər. Dəyərlərin gənclərə bədii şəkildə aşılanması və düzgün formada izah edilib çatdırılmasında bu zəmindən istifadə etmək lazımdır”.
Müqəddəs Müdafiə dövrünün döyüşçüləri arasında Allaha qovuşmaq eşqi və dini vəzifə hissinin olmasının həmin dövrün onlarla dəyər və motivasiyalarından olduğunu deyən İnqilabın Rəhbəri vurğuladı ki, bu motivasiyaların zəifləməsinə yol vermək olmaz. Sonra o əlavə etdi: “Bəzi mədəni qurumlar və bəzi məsul strukturlarda müşahidə edilən davranışlar Müqəddəs Müdafiə dəyərlərinin ötürülməsi istiqamətində lazımi qətiyyət və səylərin olmadığını göstərir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Müqəddəs Müdafiə dövrünün dəyər və motivasiyalarının yeni nəslə ötürülməsi istiqamətində bədii və fasiləsiz fəaliyyətlərə ehtiyac var: “Bütün çətinliklərə, yoxsulluqlara və problemlərə baxmayaraq, ölkədə İslam və İnqilab yolunda hərəkət etmək üçün çoxsaylı müsbət cəhətlər və geniş hazırlıqlar mövcuddur. Bunlar gücləndirilməlidir”.
İnqilabın Rəhbəri Əlborz vilayətinin əhalisi, xüsusilə bu vilayətin şəhid ailələrinə minnətdarlığını bildirərək Əlborz vilayətinin şəhidlərinin anım qurultayının təşkilatçılarına təşəkkür etdi. O, habelə İranın müxtəlif bölgələrindən olan insanların Kərəcə gəlişinin bir üstünlük olduğunu dedi: “Şəhidlərin anılması, mesaj və dəyərlərinin ötürülməsi layiqincə həyata keçirilərsə, bu üstünlük sayəsində həmin mesajlar ölkənin digər bölgələrinə də ötürülə bilər”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
