Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri minlərlə "İqtidar şəhid”inin ailəsi ilə görüşdə:

Düşmənin yumşaq müharibəsinə qarşı laqeyd qalmayaq

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müvəhhidlərin öndəri Həzrət Əli bin Əbu Talibin (ə) mübarək mövludu və Sərdar Süleymaninin şəhadətinin altıncı ildönümü münasibətilə 12 günlük müharibə şəhidlərinin (İqtidar şəhidləri) möhtərəm ailələri ilə görüşdü. O qeyd etdi ki, Əmirəl-möminininin (ə) ədaləti və təqvası ölkə üçün lazım olan iki zirvə və cəmiyyəti idarə etmək üçün ən vacib xüsusiyyətlərdir.

O, düşmənlərin "yumşaq müharibə"si qarşısında sayıqlığın və milli birliyin gücləndirilməsinin zəruriliyini vurğulayaraq dedi: "Aldatma, yalan, böhtan və şayiələrə əsaslanan bu müharibə məhz Ələvi hökumətinin düşmənlərinin o həzrət qarşısındakı hərbi məğlubiyyətlərindən sonra onun hədəflərinin reallaşmasına mane olmaq üçün başlatdıqları müharibənin eynisidir".

Həzrət Ayətullah Xamenei bildirdi ki, Əmirəl-mömininin (ə) mövlud ildönümü həm o həzrətin özü, həm də doğulduğu yer - Allahın evi - baxımından tarixin müstəsna günüdür: “Onun bənzərsiz xüsusiyyətləri arasında bu gün bizim iki xüsusiyyətə - ədalət və təqvaya daha ciddi ehtiyacımız var. Biz təqvalıların mövlasını nümunə götürərək Həzrət Əmirin (ə) ən yüksək nöqtəsində dayandığı bu iki zirvəyə doğru hərəkət etməliyik. Əlbəttə, bu yolda irəliləyişlərimiz olub, lakin çatmalı olduğumuz nöqtə ilə hələ aramızda məsafə var”.

İnqilabın Rəhbəri Həzrət Əli bin Əbu Talibin (ə) ədaləti bərqərar etmək üçün istifadə etdiyi müxtəlif üsullara aydınlıq gətirərək əlavə etdi: “O həzrət ədaləti bəzən mehribanlıq, zəiflərə və kimsəsiz ailələrə xidmət, bəzən Zülfüqar və ilahi sərtlik, bəzən isə təsirli nitq, hikmət və izahetmə yolu ilə həyata keçirirdi".

O, Əmirəl-möminini (ə) "təbyin cihadı"nın (həqiqətlərin bəyan edilməsi cihadı) mənbəyi adlandıraraq əlavə etdi: “Onun Malik Əştərə verdiyi hökumət fərmanı ədaləti reallaşdıran məzmunlarla doludur.

Həzrət Ayətullah Xamenei İmam Əlinin (ə) təqva mövzusundakı üsullarına aydınlıq gətirərək əlavə etdi: “Əmirəl-möminin (ə) təqvanı bəzən ibadət mehrabında, namazda və Rəbbinə yalvarışda təzahür etdirərək Ərşin mələklərini heyrət və riqqətə gətirir, bəzən müsəlmanların birliyini qorumaq və ixtilafın qarşısını almaq üçün səbir, sükut və öz haqqından keçməklə əməli şəkildə nümayiş etdirir, bəzən də "Leylətul-məbit" və Peyğəmbərin (s) qəzvələri (döyüşləri) kimi çətin səhnələrdə sinəsini sipər edərək göstərirdi”.

O, xalqın hər bir fərdinin, xüsusilə də məsul şəxslərin Həzrət Əmirin (ə) təqvaya əsaslanan metodlarına tabe olmasının zəruriliyinə işarə edərək dedi: “Ələvi ədaləti ölkənin ən vacib və ən ciddi ehtiyacıdır. Bu gün bizim tarix boyu yaşamış şiələrdən fərqli olaraq ədalətin icra olunmaması və ədalət yolunun izlənməməsi üçün heç bir bəhanəmiz yoxdur; çünki dövlət İslam Respublikası və Ələvi quruluşlu dövlətdir”.

İnqilabın Rəhbəri ədalət və təqvanın reallaşması yolundakı maneələrdən danışarkən dedi: “Bəzən qorxu, bəzən tərəddüd, bəzən dostluq münasibətləri və ya düşmənin mövqeyinin nəzərə alınması iş və fəaliyyətin qarşısını alır. Buna görə də ədalət və təqvanın inkişafı istiqamətində əsassız mülahizələr olmadan hərəkət etmək lazımdır”.

O, xalqın və məsul şəxslərin diqqətini Əmirəl-mömininin (ə) həyatındakı mühüm bir nöqtəyə cəlb edərək dedi: “Unutmaq olmaz ki, təqvalıların mövlası həm Peyğəmbər (s) dövründəki, həm də öz hakimiyyət illərindəki bütün hərbi münaqişələrdə qalib və fateh olmuşdur. Lakin məğlub olmuş düşmənlərin xalqı aldatmaq və zəiflətmək üçün əl atdıqları müxtəlif üsullar bir çox məqamlarda İmam Əlinin (ə) hədəflərinin gerçəkləşməsinə mane oldu”.

İnqilabın Rəhbəri bildirdi ki, şayiələr yaymaq, yalan, fırıldaq, nüfuz etmək və bənzər metodlardan istifadə, müasir terminlə desək, yumşaq müharibə təqvalıların mövlasının düşmənlərinin o dövrün cəmiyyətində həvəssizlik və tərəddüd yaratmaq üçün həyata keçirdikləri siyasət olmuşdur: “Xalq süstləşəndə hədəflərin gerçəkləşməsi qeyri-mümkün olur, çünki ilahi sünnəyə əsasən, iş xalqın əlindədir və onun vasitəsilə həyata keçirilir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşmənin yumşaq müharibədə qarşıya qoyduğu məqsəd xalqı həvəsdən salmaq, ümidsiz etmək və millətdə tərəddüd yaratmaqdır: “Düşmənlər Əmirəl-mömininin (ə) dövründə şayiə və yalan vasitəsilə xalqı bədbinləşdirməyə çalışdıqları kimi, bu gün də həmin hərəkətlər eynilə təkrar olunur. Əlbəttə, İran xalqı çətin sınaq meydanlarında, onun iştirakına və köməyinə ehtiyac duyulan hər yerdə möhkəm dayanıb düşməni məyus etdiyini göstərib”.

O qeyd etdi ki, İran xalqının güclü motivasiyası bədnam qüvvələrin narahatlıq səbəbidir: "Düşmənin, bəzi yaramaz və ya qafil insanların yumşaq müharibə meydanında istifadə etdikləri vasitələrdən biri İran xalqının imkanlarını və bacarıqlarını inkar etməkdir. Belə ki, milli imkanlardan xəbərsiz olmaq alçalmağa və düşmən qarşısında təslim olmağa zəmin yaradır”.

O, bir gündə kosmosa üç peykin göndərilməsi, habelə ölkənin müxtəlif elmi sahələrində, o cümlədən aerokosmik, biotexnologiya, tibb, müalicə, nano, müdafiə və raket sənayesi sahələrindəki heyrətamiz nailiyyətlərin İran xalqının, elit və bacarıqlı gənclərin böyük işlərinin nümunələri olduğunu dedi: “Düşmən və təəssüf ki, daxildəki bəzi şəxslər sanksiya şəraitində əldə edilmiş bu böyük nailiyyətləri gizlədir və xalqın qulağına çatdırmırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənin müharibəni dayandırmaq xahişi etməsinə, ondan sonra "sizinlə müharibə etmək istəmirik" mesajını göndərməsinə səbəb olan amil İran xalqının qüdrəti və bacarığıdır. Əlbəttə ki, biz xəbis, fırıldaqçı və yalançı düşmənin sözünə etibar etmirik”.

O, son üç peykin orbitə buraxılmasında iştirak edən alimlərin orta yaş həddinin 26 olmasına işarə edərək bildirdi ki, bu, İran xalqının çox böyük insan resursu sərvətinin bir nümunəsidir: “Sonra da o amerikalı boşboğaz İran xalqı haqqında danışanda gah söyüşlər söyür, gah da yalan danışıb vəd verir. Lakin xoşbəxtlikdən, bu gün İran xalqı, hətta bütün dünya Amerikanı tanıyıb, onun rüsvayçılıq ləyəni artıq dünyada yerə düşmüşdür”.

İnqilabın Rəhbəri düşməni həqiqi mənada tanımağın böyük bir nailiyyət olduğunu dedi: “Xalq 12 günlük müharibədə ABŞ-nin reallığını öz gözləri ilə gördü. Hətta ölkənin problemlərinin həlli yolunu onunla danışıqlarda görənlər belə anladılar ki, ABŞ hökuməti elə danışıqların ortasında müharibə planı hazırlamaqla məşğul olub”.

Yumşaq müharibəyə, düşmənin şübhə və şayiə yaratmasına qarşı diqqətli olmağın zəruriliyini vurğulayan İnqilabın Rəhbəri televiziya kanalları və informasiya mərkəzləri vasitəsilə İran daxilində yalan bəyanatların yayılmasına milyardlarla dollar xərcləndiyinə işarə edərək dedi: “Onların məqsədi ölkəni zəiflətmək və xalqın 12 günlük müharibədəki möcüzəvi birliyini pozmaqdır. Buna görə də ən mühüm məsələ düşmənin düşmənçiliyinə diqqət yetirmək, daxili birlik və həmrəyliyi qorumaq, Quranın təbiri ilə desək: "Kafirlərə qarşı sərt, öz aralarında isə rəhmli" olmaqdır”.

Həzrət Ayətullah Xamenei çıxışının digər hissəsində biznes fəallarının ötən həftəki aksiyalarına işarə edərək dedi: “Bazar və bazar fəalları dövlətə və İslam İnqilabına ən sadiq təbəqələrdəndir; biz onları yaxşı tanıyırıq. Buna görə də bazar və bazar fəalları adı altında İslam Respublikasına qarşı çıxmaq olmaz”.

O, milli valyutanın dəyərdən düşməsi nəticəsində biznes mühitində qeyri-sabitlik yarandığı üçün bazar fəallarının etirazını haqlı sayaraq əlavə etdi: “Tacir düz deyir ki, bu şəraitdə alver edə bilmir. Bu məsələni ölkənin məsul şəxsləri də qəbul edir. Möhtərəm Prezident və digər yüksək rütbəli rəsmilər bu problemin həlli yolunu axtarırlar”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu problemdə də düşmənin əli var. Biznes fəallarının çıxılmaz vəziyyətə düşməsinə səbəb olan xarici valyutanın qiymətinin hesabsız-kitabsız artması və qeyri-sabitliyi təbii deyil. Müxtəlif tədbirlər görülərək bunun qarşısı alınmalıdır. Aidiyyəti qurumlar bu sahədə səy göstərirlər”.

Həzrət Ayətullah Xamenei bazar fəallarının bu problemlə bağlı etdikləri etirazın haqlı olduğunu vurğulayaraq dedi: “Lakin təhrik edilmiş bir qrup insanın və ya düşmən muzdurlarının bazar fəallarının arxasından İslam, İran və İslam Respublikası əleyhinə şüarlar səsləndirməsi qəbuledilməzdir”.

O vurğuladı ki, etiraz yerindədir, lakin etiraz iğtişaşdan fərqlidir: “Məsul şəxslər etirazçı ilə danışıqlar aparmalıdırlar, lakin iğtişaşçı ilə danışmağın heç bir faydası yoxdur, onu öz yerinə oturtmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bir qrupun müxtəlif adlar altında ölkəni dağıtmaq və qeyri-sabitlik yaratmaq məqsədilə mömin, dürüst və inqilabçı bazar fəallarının arxasında gizlənməsi və etirazlarından sui-istifadə edərək iğtişaş törətməsi qətiyyən qəbulolunmazdır”.

Düşmənin həmişəki peşəşinin fürsətçillik olduğunu qeyd edən İnqilabın Rəhbəri məsul şəxslərin meydanda olmasına işarə edərək dedi: “Əsas məsələ xalqın hazırlığı və Süleymanini Süleymani edən iman, ixlas və əməl kimi amillərin gücləndirilməsidir. Mühüm olan məsələ düşmənin yumşaq müharibəsi və şayiələri qarşısında laqeyd qalmamaq, onun məsul şəxslərə, dövlətə və millətə qarşı iddialı təzyiqlərinə qarşı tam qüdrətlə sinə gərib dayanmaqdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Biz düşmən qarşısında geri çəkilməyəcəyik, Rəbbimizə arxalanaraq, xalqın dəstəyinə inanaraq düşməni diz çökdürəcəyik”.

Həzrət Ayətullah Xamenei çıxışının digər hissəsində uca şəhid Hacı Qasim Süleymaninin şəhadət ildönümünün 13 Rəcəb tarixinə təsadüf etməsinə işarə edərək dedi: "İman, ixlas və əməl – bunlar dövrümüzün kamil və hərtərəfli insanı sayılan o əziz şəhidin əsas xüsusiyyətləri idi”.

O qeyd etdi ki, Rəbbə, ilahi dəstəklərə və məqsədə olan dərin iman ürəklərin sərkərdəsinin bariz xüsusiyyətləri idi: “Hacı Qasim ilahi ixlası olan bir adam idi; o, ad-san qazanmaq və ya başqalarının tərifləməsi üçün heç bir iş görməzdi”.

İnqilabın Rəhbəri Sərdar Süleymaninin bütün zəruri sahələrdəki iştirakını yüksək qiymətləndirərək dedi: “O, məsələləri yaxşı başa düşüb yaxşı danışan, lakin heç bir tədbir görməyən bəzi şəxslərdən fərqli olaraq, ehtiyac duyulan bütün səhnələrdə - inqilab hərəkatının qorunub yönləndirilməsi, Kirmandakı cinayətkar ünsürlərlə mübarizə, Qüds qüvvələri, hərəmin müdafiəsi, İŞİD-lə mübarizə və digər sahələrdə yer aldı”.

Həzrət Ayətullah Xamenei sərdarın regionun ən həssas və mühüm siyasi məsələlərindəki aşkar, bəzən isə bənzərsiz təsirinə işarə edərək dedi: “Hacı Qasim döyüş yoldaşlarının və tabeliyində olan qüvvələrin təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi. Məhz bu xüsusiyyətlərinə görədir ki, onun məzarı hər il daha da müqəddəsləşir, hörməti artır və uzaq yollardan, hətta digər ölkələrdən böyük insan kütlələri onun məzarını ziyarət etməyə gəlirlər”.

İnqilabın Rəhbəri habelə 12 günlük müharibənin əziz şəhidlərinin görüşdə iştirak edən ailələrinə işarə edərək dedi: “Bu görüş 12 günlük müqəddəs müdafiənin bütün şəhidlərini – həm cihad və şəhadət aşiqi olan generalları, həm qüdrətli alimləri, həm də digər şəhidləri - və onların ailələrini əziz tutmaq, onlara ehtiram göstərmək və təzim etmək məqsədilə təşkil olunub”.

O vurğuladı: “Bütün bu şəhidlərin adı tarixdə əbədi qalacaq. Biz bu mübarək adların bərəkətlərindən istifadə etməliyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /