İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər Qum əhalisinin 19 Dey 1356-cı ildə (09.01.1978) qələbə ilə başa çatmış tarixi qiyamının ildönümündə bu şəhərin minlərlə mömin sakini ilə görüşü zamanı qeyd etdi ki, çürük Pəhləvi rejimi və onun əsas havadarı, yəni ABŞ-ın yanlış hesablamaları onların İran xalqı qarşısında uğursuzluğu üçün əsas zəmindir.
O, vurğuladı: “Bu gün də İslam Respublikasının bərəkəti sayəsində həm mənəvi-psixoloji, həm də maddi-texniki baxımdan o günkündən daha güclü olan İran xalqı təkəbbürlü, imperialist və yanlış hesablamalara qapılmış ABŞ-ı məğlub edəcək və bir neçə min şəhidin qızıl qanı sayəsində hakimiyyətə gəlmiş qüdrətli İslam hakimiyyəti təxribata əl atmış düşüncəsiz iğtişaşçılar qarşısında bir addım belə geri çəkilməyəcək”.
Ali Məqamlı Rəhbər ölkədə baş verən bəzi təxribat hallarına toxunaraq dedi: “Bəzi insanlar var ki, işləri-gücləri təxribat törətməkdir, necə ki, dünən gecə Tehran və bəzi digər yerlərdə bir ovuc təxribatçı ABŞ prezidentinə xoş gəlmək üçün öz ölkələrinə məxsus bir neçə inzibati binanı dağıtdılar”.
Ayətullah Xamenei əlavə etdi: “Baş verən bu hadisələrdən ABŞ prezidenti məmnundur, amma əgər bacarırsa, qoy gedib müxtəlif problemlərin çəngində çapalayan öz ölkəsini idarə etsin. 12 günlük müharibə zamanı onun əli minlərlə iranlının qanına bulandı və özü də etiraf etdi ki, hücum əmrini o vermiş və hərbi əməliyyatlara o başçılıq etmişdir. Bütün bunlardan sonra o şəxs deyir ki, mən İran xalqının tərəfindəyəm və bəsirətsiz insanlar da ona inanır və onun istəyinə uyğun olaraq bu hadisələri törədir və ölkədə qarışıqlıq yaratmağa cəhd göstərirlər”.
İslam Respublikasının yüz minlərlə şərəfli insanının qanı bahasına hakimiyyətə gəldiyini vurğulayan Ali Məqamlı Rəhbər təxribatçılar qarşısında geri çəkilməyəcəyini bildirərək dedi: “İslam Respublikası yadellilərə muzdurluq etməyə dözməyəcək və İran xalqı kim olursa olsun, yadlara muzdurluq etməyi qəti şəkildə rədd edir”.
Ali Məqamlı Rəhbər ABŞ prezidenti ilə bağlı aşağıdakıları da dedi: “Bütün dünya haqqında kin və təkəbbürlə danışıb mühakimə yürüdən o insan bilsin ki, adətən, Nəmrud, Firon, Rza Xan və Məhəmmədrza Pəhləvi kimi istibdadçılar qürurun zirvəsində olduqları bir vaxtda devriliblər, o da devriləcək”.
Ayətullah Xamenei çıxışının əvvəlində Qum əhalisinin 19 Dey qiyamının İranın şanlı tarix salnaməsinin ayrılmaz səhifəsi olduğunu qeyd edərək dedi: “O mühüm və həlledici hadisə İslam hərəkatının əvvəlindən, yəni 15 xordad 1342-ci ildən (05.06.1963) etibarən müdrik İmam Xomeyninin (r.ə) çıxışlarının və digər mütəfəkkirlərin səylərinin bərəkəti sayəsində xalqımızın düşüncə və ruhunda toplanmış dini bilikləri ictimai bir hərəkata çevirdi. Qəfil çaxan bir şimşək kimi, xalqın ABŞ-ın oyuncağı olan diktator Pəhləvi rejiminə qarşı nifrət və qəzəbini alovlandırdı və ardıcıl qiyamlara başlanğıc verərək çürük şah rejimini süquta uğradaraq məhv etdi”.
Zalım Pəhləvi rejimini müasir dövrün ən pis hökuməti adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “O zəif və çürük hökumət məhv olduğu zaman, İmam Xomeyninin (r.ə) də vəd verdiyi kimi, xalqa dayanıqlı bir hökumət iş başına keçdi və Amerika, sionizm və siyasət aləminin digər rəzil fiqurlarından asılı olan rejim əvəzinə əziz İranımızda müstəqil bir hökumət bərqərar oldu”.
Ali Məqamlı Rəhbər Pəhləvi rejiminin və ABŞ-ın siyasət və yanlış hesablamalarının Qum qiyamının qətiyyətli prossesinin əsas səbəbi olduğunu bildirərək əlavə etdi: “Şərəfli və inqilabçı Qum əhalisinin qiyamından 10 gün əvvəl ABŞ prezidenti Tehranda Pəhləvi dövrünün İranını “sabitliyin hökm sürdüyü ada” adlandırmış, özündən asılı olan rejimə təriflər yağdırmışdır və bununla da İran xalqını tanımadığını nümayiş etdirmişdi”.
Ali Məqamlı Rəhbər tarixi həqiqətləri şərh edən ABŞ-ın İran xalqı və İslam Respublikasına qarşı hesablamalarında uzun müddət ərzində ardıcıl olaraq dərin səhvlərə yol verdiyinə işarə edərək vurğuladı: “Məhz həmin o səhvlər, yanlış hesablamalar o zaman da Amerikanı məğlubiyyətə uğratdı və bu gün də onun nəsibi yalnız məğlubiyyət olacaq”.
Ali Məqamlı Rəhbər Pəhləvi rejimini devirən İran xalqının və Qum qiyamının qələbəsinin səbəbləri və bu qələbədən çıxarılmalı olan dərslərdən danışarkən qeyd etdi: “O zaman İran xalqının top-tüfəngi yox idi, amma bütün meydanlarda həlledici olan mənəvi-psixoloji silahla silahlanmışdı”.
Ali Məqamlı Rəhbər xarici qüvvələrin marioneti olan Pəhləvi rejiminə qarşı mübarizədə İran xalqına dayaq olmuş mənəvi-psixoloji amillər sırasında İslama iman, imandan doğan qeyrət, məsuliyyət hissi, vəzifəsini vaxtında müəyyənləşdirmək və İrana sevgi kimi amilləri qeyd edərək vurğuladı: “Xalq görürdü ki, ABŞ, onların muzdurları, sionizmdən asılı qüvvələr onun ölkəsində at oynadır və bu reallıq onu əsəbləşdirir, incidir və hiddətləndirirdi”.
Ali Məqamlı Rəhbər İran xalqının ABŞ-ın hegemonluğu qarşısında müqavimətinin nəticələrini açıqlayaraq dedi: “Bu gün başıuca İran xalqı koqnitiv, psixoloji hazırlıq baxımından o günkündən qat-qat güclü və hazırlıqlıdır, bir yumruqda birləşib, həmçinin maddi-texniki baxımdan da vəziyyəti o günkü ilə müqayisə oluna bilməz”.
Ali Məqamlı Rəhbər İran xalqının ABŞ ilə qarşıdurması fikrindən narahatlıq keçirənləri “bəsirətsiz” və “dardüşüncəli” adlandıraraq əlavə etdi: “Onlar bir şeyi başa düşmürlər ki, xalqımızla mübarizəni başlayan və davam etdirən məhz Amerika və onun əlaltılarıdır. Səbəbi isə budur ki, İslam Respublikası xalqa arxalanaraq İranın tükənməz resurslarını onların əlindən almışdır. Məhz buna görə Amerika İran xalqından bu cür narahatdır”.
Ali Məqamlı Rəhbər həmçinin Latın Amerikasında baş verən prossesləri ABŞ-nın digər xalqların sərvətlərinə necə göz dikdiyinin nümunəsi kimi göstərərək vurğuladı: “Onlar bir ölkəni blokadaya salıblar və utanmadan da etiraf edirlər ki, bunu neft üçün etmişik, necə ki, İnqilabdan əvvəl də İranın nefti, resursları da tamamilə imperialistlərin, sionistlərin və onların əlaltılarının əlində idi”.
Amerikanın ardıcıl olaraq İslam Respublikasına qarşı düşmənçilik etdiyini xatırladan Ayətullah Xamenei dedi: “Allahın yardımı sayəsində İslam Respublikası günü-gündən gücləndi, onların bu hökuməti məhv etmək üçün çəkdikləri məkrli planlar puç oldu və bu gün onların arzuladığının əksinə olaraq İslam Respublikası dünyada başıuca, qüdrətli və nüfuzludur”.
Ali Məqamlı Rəhbər bilavasitə özləri, həmçinin muzdurları tərəfindən hərbi, təhlükəsizlik, iqtisadi və mədəni sferalarda həyata keçirdikləri cürbəcür məkrli planlara və hücumlara baxmayaraq, düşmənin məğlubiyyətini İslam Respublikasının güc və qüdrətinə bağlayaraq dedi: “Əgər İranda ondan-bundan asılı olan liberal demokrat, yaxud monarxiya rejimi hakimiyyətdə olsaydı, bütün bu təzyiqlər qarşısında davam gətirə bilməzdi, amma xalqa söykənən İslam dövləti İranı elm, texnologiya, beynəlxalq, siyasət habelə digər çoxsaylı sferalarda böyük nailiyyətlərə çatdıra bilmişdir”.
Ali Məqamlı Rəhbər İranın dünyadan təcrid olunduğu iddiasının tamamilə əsassız olduğunu qeyd edərək dedi: “Xarici qüvvələrin irəli sürdüyü və daxildə də bəzilərinin dəstəklədikləri bu kimi iddialar əslində özünü aldatmaqdır, çünki bu gün İran dünyada müstəqil, şücaətli və parlaq gələcəyi olan bir ölkə kimi qəbul olunur”.
Ali Məqamlı Rəhbər ölkədə qazanılmış əksər nailiyyətlərin və həyata keçirilən bir çox fəaliyyətlərin gənclərin əməyinin məhsulu olduğunu bildirərək dedi: “Əlbəttə, gənclərimizin və bütövlükdə xalqımızın hamısı eyni səviyyədə deyildir, amma ümumilikdə düşmənin yalanlarına rəğmən ölkəmizin bugünkü gənc nəsli ən mühüm üstünlüyümüzdür”.
Ayətullah Xamenei bildirdi ki, düşmən İran gənclərini yolunu azmış, Qərbə meyilli, dindən üz çevirmiş, etinasız, mənəvi cəhətdən çürük, zəif ruhlu biri kimi təqdim etməyə cəhd edir, çalışır, lakin bu təsvir tamamilə yanlışdır.
İran gəncləri döyüş meydanında sinəsini sipər edərək silaha sarılır, siyasətdə aydın baxışı vardır, ABŞ-nı yaxşı tanıyır, dini məsələlərdə diqqətli və məsuliyyətli, bütün meydanlarda, o cümlədən 22 Bəhmən yürüşlərində, Qüds günü yürüşlərində, etikaf mərasimlərində, dini bayramlarda və əzadarlıq məclislərində, şəhidlərin dəfn və anım mərasimlərində fəal iştirak edirlər”.
O, qeyd etdi ki, kosmosa peyk göndərməkdən tutmuş, nüvə sənayesində, kök hüceyrələrində, nanotexnologiyada, radiodərman vasitələrində, müxtəlif elmi nailiyyətlərdə, elmi araşdırmalarda və qazanılan digər nailiyyətlərdə ölkə gəncləri əsas yer tutur və bu, İran gənclərinin ehtiyac olan istənilən meydanda avanqard və həlledici rol oynamaq üçün hazırlığının digər parlaq nümunəsidir.
Ali Məqamlı Rəhbər gənclərə üz tutaraq dedi: “Əziz gənclər! Dininizi, siyasi düşüncənizi, ölkənin inkişaf etdirilməsində ciddiyyətinizi, hazırlığınızı, fəallığınızı və birliyinizi qoruyun, çünki bir yumruq kimi birləşmiş bir xalq istənilən düşmənə qalib gələcək və inşallah, tezliklə bütün İran xalqının qəlbində qələbə hissi ən yüksək həddə yaşanacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
