Ali Məqamlı Rəhbərin informasiya bloku

“Fəcr Ongünlüyü”nün birinci günü minlərlə insanın iştirak etdiyi görüşdə:

ABŞ-yə açıq xəbərdarlıq: Müharibəyə başlasanız, bu, regional bir müharibə olacaq

Mübarək “Fəcr Ongünlüyü”nün birinci günü İslam İnqilabının Ali Rəhbəri əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə 12 bəhmənin (1 fevral) müstəsna və tarixi bir gün olduğunu buyurdu. O, Pəhləvi rejiminin avtoritar, diktator, anti-dini və asılı hakimiyyətinin ipmerialistlərin zorakılıqlarına qarşı müqavimət göstərən, dinə əsaslanan bir xalq hakimiyyətinə çevrilməsinə işarə edərək dedi: “Xalq son Amerika-Sionist fitnəsinin alovunu əvvəlki bütün məkrli planlarda olduğu kimi, külə çevirdi. Gələcəkdə də millət Rəbbin hidayəti ilə hər hansı bir hadisə qarşısında işi sona çatdıracaqdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Amerikanın İranı “udmaq” cəhdi və yetkin millətin bu tamahkarlığa qarşı müqaviməti İran və ABŞ arasındakı 47 illik qarşıdurmanın əsas səbəbidir. O, amerikalıların son günlər verdikləri bəyanatlara işarə edərək dedi: “Onlar əvvəllər də İran xalqını qorxutmaq üçün “bütün variantlar masanın üzərindədir” deyirdilər. Ancaq bilsinlər ki, əgər bu dəfə müharibəyə başlasalar, regional bir müharibə olacaq”.

O, çıxışının əvvəlində xalqın 1 fevral 1979-cu il tarixində İmam Xomeynini (r.ə) bir nəfər kimi bənzərsiz bir coşğu ilə qarşılamasına işarə edərək dedi: “İmam bütün təhdidlərə baxmayaraq, cəsarət və qüdrətlə Tehrana daxil olaraq xalqın bu əzəmətli və heyrətamiz qarşılamasını yeni bir dövlətin qurulması amilinə çevirdi; məhz elə gəldiyi gün monarxiya rejiminin devrildiyini elan etdi”.

İnqilabın Rəhbəri avtoritar və diktator hakimiyyətin mənbəyi yalnız xalq olan bir hökumətə çevrilməsini və Pəhləvi rejiminin nəzər nöqtəsində olan anti-dini prosesin islami bir proseslə əvəzlənməsini İmamın və xalqın fədakarcasına fəaliyyətlərindən doğan bir dövlətin iki əsas xüsusiyyəti olduğunu bildirdi: “Əgər bütün məsul şəxslər öz vəzifələrini yerinə yetirsəydilər, hökumət tam mənası ilə dini olardı. Amma hər bir halda ümumilikdə dini və islami prosesdə irəliləyiş əldə etmişik”.

Həzrət Ayətullah Xamenei ölkəni öz sahiblərinə, yəni xalqa qaytarılmasını, Amerikanın əlinin İrandan kəsilməsini və onun İrandakı nüfuzuna son qoyulmasını İslam Respublikasının digər mühüm xüsusiyyəti kimi xarakterizə edərək bildirdi: “Bu xüsusiyyət Amerikanı narahat etdi, təlaşlandırdı və elə həmin gündən etibarən xalqa və dövlətə qarşı düşmənçiliyə sürüklədi”.

O, dövlətin xalq əsaslı yönlərinə aydınlıq gətirərkən xalqda özünəinam ruhunun yaradılması məsələsinə də toxundu: “Müdrik İmam xalqa öz böyük bacarıqlarını və dəyərlərini xatırlatdı, “bacarmarıq” ruhiyyəsini çox mühüm olan “biz bacararıq” inancına çevirdi”.

İnqilabın Rəhbəri qeyd etdi ki, Qacar və Pəhləvi sülaləsi dövründə yürüdülən siyasətlər, özünüitirmə və asılılıq nəticəsində parlaq mədəni və tarixi keçmişi olan böyük bir xalq təhqir olunmuş, geridə qalmış bir xalqa çevrilmişdi: “Həmin dövrdə elm, texnologiya, siyasət, həyat tərzi, beynəlxalq nüfuz, regional tənzimləmələr və bütün digər sahələrdə geridə qalmışdıq. Lakin İmam Xomeyni xalqa özünəinam ruhunu üfürərək yolu 180 dərəcə dəyişdi”.

Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif sahələrdəki nailiyyətləri ilə bağlı xatırlatma edərək dedi: “Kim inanardı, İran xalqı bir gün elə bir yerə gələcək ki, amerikalılar onun istehsal etdiyi silahların replikasiyasını edəcək? Bunların hamısı İmam Xomeyninin xalqda yaratdığı ümid və özünəinamın təzahürü olan özünəinam, ümid və yüksək ideyaların nəticəsi idi ki, xalqı səy göstərməyə və hərəkətə gətirdi”.

O, həqiqətən, xəbis olan daxili və xarici şeytanların “iranlı gəncin ümidi və gələcəyi yoxdur” məzmunlu vəsvəsələrinə işarə edərək vurğuladı: “İranlı gəncin həm ümidi, həm də əzmi var, düşmənin acığına gələcəyi də quracaq”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İnqilabın qələbəsinin ildönümü olan 22 Bəhmən (11 fevral), xalqın səsverməsi ilə İslam Respublikasının bərqərar olduğu 12 Fərvərdin (1 aprel) və ölkənin bütün nailiyyətləri mübarək 12 Bəhmən 1357-ci il (1 fevral 1979) tarixinin nəticələridir: “Rəbbimizin lütfü ilə bu əzəmətli günün bərəkətləri davam edəcək”.

O, çıxışının başqa bir yeinrdə 18 və 19 dey fitnəsinin (8-9 yanvar hadisələri) amerikan və sionist mahiyyətinə toxunaraq iğtişaşçıların dəstə başçıları və piyadalardan ibarət olduğunu dedi: “Çoxu həbs edilmiş başçılar, özləri etiraf etdikləri kimi, fəaliyyətləri müqabilində pul almış, mərkəzlərə necə hücum etmək, gəncləri bir yerə toplamaq və hərəkətə gətirmək istiqamətlərində təlim keçiblər. Amma iğtişaşçıların digər bir qismi hisslərə qapılan gənclər olub. Onlarla bağlı ciddi bir problemimiz yoxdur”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ Prezidentinin sözləri son fitnənin amerikan və sionist layihəsi olduğunu açıq şəkildə göstərdi: “O, “İran xalqı” deyə xitab etdiyi iğtişaşçılara açıq şəkildə “Siz irəli gedin, mən də gəlirəm!” deyirdi. Təbii ki, onların nəzərində bu bir neçə min nəfərlik iğtişaşçı İran xalqı sayılır, amma 22 dey (11 yanvar) tarixində bütün ölkə boyu toplaşmış milyonlarla insan İran xalqı sayılmır”.

Həzrət Ayətullah Xamenei İslam Respublikasının yeni təfəkkür və yolunun dünyanın quldurlarının mənafeləri ilə toqquşmasının onların düşmənçiliyinin davam etməsinə səbəb olduğunu bildirdi: “Məhz bu səbəbdən son fitnə Tehranda baş vermiş ilk fitnə olmadığı kimi, sonuncusu da olmayacaq və gələcəkdə də bu cür hadisələrin təkrar olunması mümkündür”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İran xalqı sarsılmazlıq və dözümlülük nümayiş etdirib işlərə nəzarəti tam şəkildə ələ almaqla düşməni ümidsizliyə düçar edənə qədər bu ədavətlər, davam edəcək. Biz bu nöqtəyə də çatacağıq”.

O, Tehranda baş vermiş son fitnəyə bənzər hadisə və cinayətlərə, o cümlədən münafiqlərin xalça bıçaqları ilə bəsicilərə hücum etdikləri 30 Xordad 1360-cı il (20 iyun 1981) hadisələrinə işarə edərək dedi: “Bütün bu hadisələrdə xarici güclərin, xüsusilə də Amerika və sionist rejimin əli aydın şəkildə görünməkdədir”.

İnqilabın Rəhbəri həm son fitnədə, həm də ötən illərin hadisələrində hüquq-mühafizə orqanlarının, Bəsic, SEPAH və digər qurumların öz məsuliyyətlərini tam yerinə yetirdiklərini vurğulayaraq əlavə etdi: “1388-ci il (2009) hadisələrində olduğu kimi, fitnənin atəşini söndürən və alovları külə çevirən amil xalqın meydana daxil olması idi. Bundan sonra da ölkədə hər hansı hadisə baş verərsə, Uca Allah bu xalqı onunla mübarizə aparmaq üçün hərəkətə gətirəcək və xalq məsələyə son qoyacaq”.

Həzrət Ayətullah Xamenei son amerikan fitnəsinin xüsusiyyətlərini şərh edərkən bildirdi ki, onun birinci xüsusiyyəti iğtişaşçıların ticarətçilər tərəfindən başladılan etirazların arxasında gizlənməsidir: “Fitnəkarlar şəhərlərə hücum zamanı qadın və uşaqları özlərinə sipər edən cinayətkarlar kimi, tanınmamaq üçün küçələrə çıxan, məntiqli və haqlı tələbi olan tacirlərin arxasında gizləndilər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Təbii ki, bəsirətli tacirlər iğtişaşçıların küçələrdəki dinc yürüş əvəzinə polis məntəqələrinə hücumları kimi hərəkətlərini gördükdə dərhal onlardan ayrıldılar və fitnəkarları tək qoydular”.

O qeyd etdi ki, son fitnənin ikinci xüsusiyyəti onun çevrilişəbənzər xarakterli olması idi: “Bu fitnə beynəlxalq aləmdə bəzilərinin də qeyd etdiyi kimi, dövlət çevrilişinə bənzəyirdi. Hərçənd ki, qarşısı alındı, lakin polisə, SEPAH mərkəzlərinə, bəzi dövlət müəssisələrinə və banklara təşkil edilən hücumlar vasitəsilə ölkənin idarə olunmasında həssas və təsirli rol oynayan mərkəzlərin dağıdılması, eləcə də məscidlər və Quran kimi mənəvi dəyərlərə hücum edilməsi bu həqiqəti göstərməkdədir”.

Həzrət Ayətullah Xamenei fitnənin ölkə xaricində layihələndirilməsi və daxildəki başçıların peyk məlumatları kimi müxtəlif imkanlardan istifadə edilərək yönləndirilməsinin dey ayı (yanvar) iğtişaşlarının digər bir xüsusiyyəti olduğunu bildirdi: “Əldə olan məlumatlara görə, hakimiyyət dairələrində nüfuzu olan bir amerikan rəsmisi öz iranlı tərəf-müqabilinə bildirib ki, MKİ (CİA) və Mossad kəşfiyyat idarələri bu məsələdə bütün imkanlarını səfərbər ediblər”.

O bildirdi ki, təlim görmüş başçıların süni qətl və tələfat ajiotajı yaratmaq tapşırığı alması iğtişaşların digər bir xüsusiyyəti idi: “Bu fəaliyyət planına (instruktaja) əsasən, məmurların əks-reaksiyası nəticəsində bir qrup insanın qətlə yetirilməsinə nail olmaq üçün hərbi və hüquq-mühafizə mərkəzlərinə müasir fərdi silahlarla hücum etdilər. Hətta qurbanların sayını daha da artırmaq üçün təbliğat yolu ilə meydanlara çəkib gətirdikləri öz piyadalarına belə rəhm etməyib, onları da hədəfə aldılar”.

İnqilabın Rəhbəri iğtişaşların aparıcı başçılarının həlak olanların sayını artırmaqda müvəffəq olmalarından təəssüf hissi keçirdiyini bildirərək dedi: “Adamın ürəyi bu qafil və diqqətsiz gənclərə yanır”.

Həzrət Ayətullah Xamenei düşmənin ölənlərin sayını olduğundan on qat daha çox göstərmək cəhdlərinə işarə edərək bildirdi: “Onlar ölənlərin sayının bundan da çox olmasını istəyirdilər; təbii ki, mövcud itkilərin bu miqdarı belə çox təəssüf doğurur”.

O, düşmənin əsas məqsədinin ölkənin təhlükəsizliyini pozmaq olduğunu dedi: “Təhlükəsizlik olmayanda heç nə olmur: nə çörək, nə istehsal, nə biznes, nə dərs və elmi müzakirələr, nə də elm və tərəqqi. Buna görə də ölkənin təhlükəsizliyini qoruyan insanların bütün xalq üzərində həyat haqqı vardır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Onlar xalqı dövlətlə qarş-qarşıya qoymaq istəyirdilər, lakin xalq 22 dey (11 yanvar) tarixindəki milyonluq iştirakı ilə bədxahların ağzından vurdu və İran xalqının əsl mahiyyətini nümayiş etdirdi”.

O vurğuladı ki, məsul şəxslər, həqiqətən, bu xalqın qədrini bilməlidirlər: “Təbii ki, bu fitnə istər təsadüfi olsun, istərsə də hesablanmış şəkildə, elə bir vaxtda həyata keçirildi ki, hökumət və məsul şəxslər vəziyyəti daha da yaxşılaşdırmaq üçün ölkənin iqtisadi paketini və planını hazırlamaqla məşğul idilər”.

İnqilabın Rəhbərinin son fitnə ilə bağlı qeyd etdiyi sonuncu xüsusiyyət onun İŞİD-vari zorakılığa malik olması idi.

O, indiki ABŞ Prezidentinin özünün ilk seçki kampaniyası dövründə ABŞ hökumətinin İŞİD-in yaradılmasında əli olduğunu etiraf etməsinə işarə edərək bildirdi: “Son fitnədə də amerikalılar fəaliyyətləri eynilə İŞİD-in fəaliyyətlərinə bənzəyən bir “İŞİD” yaratdılar. İŞİD insanları dinsizlik ittihamı ilə amansızcasına məhv edirdi. Bunlar isə insanları eyni qəddarlıqla, lakin dindar olduqlarına görə məhv edirdilər; ağlasığmaz bir qəddarlıq və rəhmsizliklə insanları diri-diri yandırdılar və başlarını kəsdilər”.

Həzrət Ayətullah Xamenei çıxışının yekun hissəsində ABŞ ilə İran arasındakı qırx ildən çox sürən düşmənçiliyin səbəbi barədə belə dedi: “Məsələni iki kəlmə ilə belə ifadə etmək olar: Amerika İranı udmaq istəyir, lakin İran xalqı və İslam Respublikası buna mane olur. Əslində, İran xalqının günahı Amerikaya “Sən qələt edirsən, mənim ölkəmi udmaq istəyirsən” deməsidir”.

O, İranın neft, qaz, zəngin mədənlər, strateji və coğrafi mövqe kimi çoxsaylı cazibədar amillərinin Amerika kimi təcavüzkar və həris bir gücdə tamah yaratdığını bildirərək qeyd etdi: “Onlar Pəhləvi dövründə olduğu kimi İranı ələ keçirmək, ölkənin resursları, nefti, siyasəti, təhlükəsizliyi və beynəlxalq əlaqələri üzərindəki ağalıqlarını bərpa etmək istəyindədirlər. Onların düşmənçiliyinin əsl səbəbi budur; insan haqları kimi digər iddiaları isə boş-boş sözlərdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İran xalqı ABŞ-nin tamahkarlıqları qarşısında sinəsini sipər edib möhkəm dayanıb, dayanmaqda da davam edərək onları öz xəbislikləri və zərərvericilik cəhdlərində ümidsizliyə uğradacaq”.

O, amerikalıların müharibə və filan təyyarədən istifadə edəcəyi ilə bağlı təhdidlərinə işarə edərək dedi: “Bu sözlər yeni deyil, keçmişdə də dəfələrlə “bütün variantlar masadadır”, – deyə təhdid edirdilər; indi də bu cənab mütəmadi olaraq “biz buraya aviadaşıyıcı gətirmişik” kimi iddialar səsləndirir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqını belə şeylərlə qorxutmaq olmaz; İran xalqı belə sözlərin təsiri altına düşmür. Əlbəttə ki, biz başlayan tərəf deyilik, heç kəsə zülm etmək və hər hansı ölkəyə hücum etmək niyyətimiz də yoxdur. Amma İran xalqı tamahkarlıq edən, hücum etmək və zərər vurmaq istəyən hər kəsə möhkəm bir yumruq vuracaqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əlbəttə, amerikalılar bunu da bilsinlər ki, bu dəfə bir müharibə başlatsalar, bu müharibə regional müharibə olacaqdır”.

 

 

700 /