İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında Təbriz və Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə coşğulu görüşdə bu ilin hadisələrlə dolu qəribə bir il olduğunu dedi. O qeyd etdi ki, millətin 12 günlük müharibədəki qələbəsi, dey ayındakı mühüm və ağır fitnənin yatırılması, xalqın 22 Dey və 22 Bəhmən yürüşlərindəki möhtəşəm iştirakı əziz İran xalqının iqtidarı və diri olmasının əlamətidir. Ali Rəhbər milli birlik, hazırlıq və sayıqlığın qorunub gücləndirilməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “Düşmənlərə bağlı olan dəstə başçıları və fəsad törədən ünsürlər istisna olmaqla iğtişaşlar vaxtı canlarını tapşırmış bütün şəhidləri və qurbanları - təhlükəsizlik qüvvələri, yoldan ötən günahsızları, hətta qəzəb və sadəlövhlüyü səbəbindən fitnəyə qoşulmuş aldanmışları - öz övladlarımız hesab edirik və hamısının yasını tuturuq”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, dövlət rəsmiləri problemlərin həlli, inflyasiyanın qarşısının alınması və milli valyutanın dəyərinin qorunması istiqamətindəki fəaliyyətlərini ikiqat artırmalı olduqlarını vurğuladı.
Çıxışının digər hissəsində ABŞ rəsmilərinin və mediasının İrana hücumla bağlı yersiz müdaxilələrinə və hədsiz təhdidlərinə işarə edərək dedi: “Özləri də bilirlər ki, belə söz və hərəkətlərin arxasında dura bilməzlər. Özünü dünyanın ən güclü ordusu hesab edən bir ordu elə ağır bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz. Yeri gəlmişkən, təhdidlərlə mübarizə aparan aidiyyəti qurumlar lazımi hazırlığa malikdirlər. Millət tam rahat və əminliklə öz həyatına davam edib işi ilə məşğul olmalıdır”.
O, Təbriz əhalisinin 29 bəhmən 1356-cı il (18 fevral 1978) tarixli həlledici qiyamının ildönümü ərəfəsində baş tutan bu görüşdə bildirdi ki, vaxtı düzgün qiymətləndirmə, zamanında addım atmaq və fədakarlıq həmin qiyama xas olan xüsusiyyətlərdəndir.
Azərbaycanın gənc nəslinin müxtəlif meydanlardakı müjdəverici iştirakını yüksək qiymətləndirən İnqilabın Rəhbəri bildirdi: “Təbriz əhalisinin 22 Bəhmən yürüşündəki iki dəfə artıq iştirakı göstərdi ki, təbrizlilər bütün İran xalqı kimi diri və yüksək əhval ruhiyyəlidir. Belə bir xalq siyasi oyunlara və düşmən hiylələrinə heç vaxt aldanmaz”.
İnqilabın Rəhbəri bu ili İran xalqının əzəməti, iradəsi, qətiyyəti və digər qabiliyyətlərinin dəfələrlə nümayiş etdirildiyi bir il olduğunu vurğulayaraq əlavə etdi: “Xalq özünün gücü və qətiyyətini təkrar-təkrar nümayiş etdirməklə İranı uca və izzətli etdi. Bu günlərdə xarici səfərlərə gedən rəsmilər həmin ölkələrin rəhbərləri ilə görüşlərdə xalqa xas olan bu üstünlüyü yaxşıca hiss edirlər”.
O, fikir və analiz sahibləri tərəfindən dey ayı fitnəsinin mahiyyəti və yönlərinin izah edilməsinin zəruriliyini bildirərək dedi: “Baş verənlər sadəcə bir qrup qəzəbli gənc və qeyri-gəncin hərəkəti və iğtişaşı deyildi. Bu, İran xalqının ayaqları altında əzilən “planlaşdırılmış bir çevriliş” idi”.
Həzrət Ayətullah Xamenei bu reallığı şərh edərək əlavə etdi: “ABŞ və sionist rejimin kəşfiyyat və casusluq orqanları digər ölkələrin kəşfiyyat xidmətlərinin köməyi ilə bir müddət əvvəl bir qrup qulduru və ya quldurluğa meyilli şəxsləri cəlb edərək xaricdə onlara təlimlər keçib, pul və silah verib, lazımi məqamda meydana daxil olmaq, təxribat törətmək, hərbi və dövlət mərkəzlərinə hücum etmək üçün ölkə daxilinə göndəriblər. Bu fürsət yanvarın ortalarında onların əlinə düşdü”.
İnqilabın Rəhbəri qeyd etdi ki, fitnənin əmr verənləri və icraçılarının digər addımı bir qrup təcrübəsiz və sadəlövh insanı təsir altına salmaq və qəzəbləndirməkdən ibarət olmuşdur: “Təlim keçmiş ünsürlər bu cür şəxsləri önə verdilər, özləri isə müxtəlif silahlarla sərt və amansız hərəkət siyasəti ilə meydana daxil oldular; eynilə İŞİD kimi qəribə bir qəddarlıqla yanğın, qətl və dağıntılar törətdilər”.
O bu hərəkətlərin əsas məqsədinin dövlətin sütunlarını sarsıtmaq olduğunu bildirdi: “Əlbəttə, hüquq-mühafizə orqanları, Bəsic, Sepah və çox sayda insan iğtişaşçıların qarşısında dayandı. Çevriliş bütün hazırlıqlara və böyük xərclərə baxmayaraq, açıq-aşkar məğlub oldu və xalq meydanın qalibi oldu”.
Həzrət Ayətullah Xamenei 22 dey və 22 bəhməndəki qeyri-adi yürüşlərin İlahi əlamətlər olduğunu vurğuladı: “Düşmənin bədxah fəaliyyətlərinə və məkrli planlarına bu şəkildə qalib gələ bilən əziz xalq hazırlıq, ayıq-sayıqlıq və milli birlik vasitəsilə bu aşkar İlahi uğuru qorumalıdır”.
O, iğtişaşlarda tökülən qanlar məsələsinə toxunaraq əlavə etdi: “Fitnənin başında duran və çevriliş cəhdində iştirak edən bir qrup şəxs cəhənnəmə vasil oldu. Onların işi Allahladır. Lakin digər üç qrupdan olan bütün qurbanları öz övladlarımız hesab edirik və hamısının yasını tuturuq”.
İnqilabın Rəhbəri hadisə qurbanlarının birinci qrupunun, yəni hüquq-mühafizə orqanları, Bəsic, Sepah qüvvələri və onlarla birlikdə olan insanların xalqın və dövlətin təhlükəsizliyi, asayişi və sağlamlığının ən uca şəhidləri olduğunu vurğulayaraq əlavə etdi: “Qurbanların ikinci qrupu yoldan keçən günahsız insanlardır. Onlar da şəhiddirlər. Çünki düşmənin başlatdığı fitnədə güllə yarası alaraq canlarını itiriblər”.
İnqilabın Rəhbəri əlavə etdi: “Həlak olanların üçüncü qrupu sadəlövhlük edərək fitnəkarlara qoşulan aldanmış şəxslərdir. Onlar da bizdəndir, bizim övladlarımızdır və biz onların da dərdini çəkirik. Bütün qurbanlara Allahdan rəhmət və məğfirət diləyirik”.
O, həmçinin qeyd etdi: “Həbs olunmayan həmin aldanmış şəxslərdən bəziləri mənə məktub yazaraq peşman olduqlarını bildirib və halallıq istəyiblər”.
Həzrət Ayətullah Xamenei amerikalıların İŞİD-i yaratdıqlarına dair etiraflarına toxunaraq dedi: “O İŞİD az-çox aradan qaldırılıb, lakin bunlar yeni İŞİD-çilərdir. Bu sahədə bütün rəsmilər və xalq diqqətli olmalıdır; xüsusilə gənclər ehtiyatlı və ayıq olmalıdırlar ki, kim onlara nə deyir və nə təklif edir”.
İnqilabın Rəhbəri vurğuladı: “Xalq iğtişaşçı fəsad törədənlərin əsas qrupunun təqib olunmasını və cəzalandırılmasını tələb edir. Məhkəmə və təhlükəsizlik orqanları onları mühakimə edib cəzalandırmağa borcludur. Sözü, təhlili və ya əməli ilə düşmənlə həmrəylik edənlərə qarşı isə ədalətli hüquqi tədbirlər görülməlidir”.
O əlavə etdi: “Böyük ehtimalla ABŞ-nin İslam Respublikası ilə bağlı növbəti planı məhz bu üslubda və bu qəbildən olan işlərdən ibarət olacaq. Təbii ki, heç şübhəsiz, İlahi lütf, xalqın hazırlığı və diriliyi sayəsində bu qəbildən olan istənilən hərəkət xalqın sərt müqaviməti ilə məhv ediləcəkdir”.
İnqilabın Rəhbəri çıxışının digər hissəsində qeyd etdi ki, ABŞ-nin çoxsaylı iqtisadi, siyasi və sosial problemləri Amerika imperiyasının tənəzzülü və süqutu prosesinin əlamətləridir: “ABŞ-nin bizimlə problemi onun İranı udmaq istəməsidir. Lakin İran xalqı və İslam Respublikası onların məqsədinin reallaşmasına mane olur”.
O dedi ki, ABŞ prezidentinin təhdid dolu sözləri onların İran xalqı üzərində hökmranlıq etmək arzusunda olduğundan xəbər verir: “İran xalqı öz İslami və şiə dərslərinə yaxşı bələddir; nəyi nə vaxt etməli olduğunu yaxşı bilir”.
Həzrət Ayətullah Xamenei İmam Hüseynin (ə) “Mənim kimi birisi Yezid kimi birisinə beyət etməz” tarixi cümləsinə işarə edərək dedi: “İran xalqı da deyir ki, belə mədəniyyətə, tarixə və ali maarifə malik olan bizim kimi bir xalq Amerikaya hakim olan pozğun şəxslər kimilərinə beyət etməyəcək”.
"O, “Bədnam ada” hadisəsindəki heyrətamiz fəsadların üzə çıxmasını Qərb sivilizasiyasının və liberal demokratiyasının reallığı kimi qiymətləndirərək əlavə etdi: “Qərb rəhbərlərinin fəsadları haqqında indiyədək eşitdiklərimiz bir tərəfə, bu ada məsələsi digər tərəfə. Əlbəttə, bu, onların saysız-hesabsız fəsadlarından yalnız bir nümunədir. Belə ki, bu məsələ gizli idi, ancaq aşkara çıxdı. Hələ gələcəkdə üzə çıxacaq çoxlu sayda belə hallar mövcuddur”.
İnqilabın Rəhbəri ABŞ dövlət rəsmilərinin bəyanatlarında və Amerikada fəaliyyət göstərən sionist medialarının təbliğatlarında ölkəmizə qarşı hökm sürən təhdid dolu atmosferə işarə edərək dedi: “Siz Təbriz əhalisi və İran xalqı 22 bəhməndə onların təhdidlərinə, boş və mənasız sözlərinə cavab verərək sübut etdiniz ki, təhdid nəinki təsir etmir, əksinə, millətin motivasiyasının güclənməsinə səbəb olur”.
O vurğuladı ki, amerikalılar müharibə təhdidlərinə baxmayaraq, öz siyasi, iqtisadi problemləri və beynəlxalq nüfuzları səbəbindən bu sözlərin arxasında dura bilməyəcəklərini bilirlər: “Əgər bir səhvə yol versələr, onları hansı gələcəyin gözlədiyini bilirlər”.
Həzrət Ayətullah Xamenei quldur və zalım Amerika imperiyasının süqutunun digər əlamətlərindən birinin də onların məntiqsizliyi olduğunu qeyd edərək dedi: “Onların məntiqsizliyinin bariz nümunəsi İranın daxili məsələlərinə, o cümlədən mühüm məsələlərimizdən biri olan silahlanma məsələsinə müdaxilə etmələridir”.
O, xalqın çəkindirici silahlara sahib olmasının zəruri və vacib olduğunu vurğulayaraq əlavə etdi: “Çəkindirici silahları olmayan hər bir ölkə düşmənlərin ayaqları altında əzilir. Amma amerikalılar silahlanma məsələsinə müdaxilə edərək deyirlər ki, siz filan növ və ya filan mənzilli raketə sahib olmamalısınız. Halbuki bu, İran xalqına aid bir məsələdir və onlara heç bir dəxli yoxdur”.
İnqilabın Rəhbəri ABŞ-nin İranın ölkəni idarə etmək, müalicə, kənd təsərrüfatı və enerji sahələrində istifadə üçün nəzərdə tutulan sülhməramlı nüvə sənayesinə sahib olmaq haqqına müdaxiləsini onların növbəti məntiqsizliyi hesab edərək amerikalılara səsləndi: “Bu məsələ İran xalqına aiddir. Sizə nə dəxlisi var?”
O, xalqın “Nüvə enerjisi bizim tam haqqımızdır” şüarına toxunaraq dedi: “Nüvə təsisatlarına və uranın zənginləşdirilməsi hüququna sahib olmaq Beynəlxalq Atom Enerjisi Agentliyinin müqavilələrində və nizamnamələrində bütün ölkələr üçün rəsmən tanınıb. Amerikalıların milli hüquqlara müdaxiləsi onların həm bugünkü, həm də keçmiş rəsmilərinin qeyri-stabil düşüncəsinin göstəricisidir”.
Həzrət Ayətullah Xamenei amerikalıların daha qəribə məntiqsizliyinin onların danışıqlara dəvət üslubu olduğunu dedi: “Onlar deyirlər ki, gəlin nüvə enerjisi barədə danışıqlar aparaq, amma danışıqların nəticəsi bu olmalıdır ki, sizin nüvə enerjiniz olmasın!”
O, əgər hər hansı danışıq baş tutacaqsa, onun nəticəsini öncədən müəyyən etməyin yanlış və axmaqca bir iş olduğunu vurğulayaraq əlavə etdi: “Bu axmaqca işi ABŞ hökuməti, prezidenti və bəzi senatorları edir və bu yolun onlar üçün bir dalan olduğunu düşünmürlər".
İnqilabın Rəhbəri ABŞ prezidentinin dünyanın ən güclü ordusuna sahib olmaları barədə təkrar-təkrar səsləndirdiyi təhdidlərə toxunaraq vurğuladı: “Dünyanın ən güclü ordusu da bəzən elə bir şillə yeyə bilər ki, bir daha yerindən qalxa bilməz”.
O, amerikalıların digər bir təhdidi və addımı, yəni İrana doğru hərbi gəmi göndərilməsi məsələsinə toxunaraq dedi: “Gəmi, əlbəttə ki, təhlükəli bir qurğudur, lakin ondan daha təhlükəlisi həmin gəmini dənizin dibinə göndərə biləcək silahdır”.
Həzrət Ayətullah Xamenei ABŞ prezidentinin İnqilabdan 47 il keçməsinə baxmayaraq, İslam Respublikasını məhv edə bilməmələri barədəki etirafına işarə edərək vurğuladı: “Bu, yaxşı etirafdır. Amma mən deyirəm ki, sən bundan sonra da bunu bacarmayacaqsan. Çünki İslam Respublikası xalqdan ayrı bir hökumət deyil, 47 il ərzində öz inkişafı üçün çalışan, səy göstərən və zəhmət çəkən canlı, mətin və möhkəm bir millətə söykənir”.
O, inqilabın ilk günlərində düşmənin İslam Respublikasının o zamankı zəif fidanını yerindən qopara bilməməsinə toxunaraq əlavə etdi: “Bu gün, Allaha şükürlər olsun ki, İslam Respublikası mübarək, uca və bəhrəli bir ağac, geniş imkanlara malik olan bir ölkədir. Əziz və hörmətli hökumət rəsmiləri bu imkanlardan istifadə edərək öz işlərini və səylərini ikiqat artırmalıdırlar ki, hazırkı inflyasiya və milli valyutanın dəyərdən düşməsi məsələsi - hansı ki, hər ikisi məntiqsizdir – öz həllini tapsın. Allahın izni ilə bu problemlər həll ediləcəkdir”.
İnqilabın Rəhbəri başlanılmış işlərin bütün tərəflərinin nəzərə alınaraq ciddi, dəqiq və diqqətli şəkildə davam etdirilməsinin, problemlərin aradan qaldırılmasının və biznes mühitinin sakitləşdirilməsinin məsul şəxslərin vəzifəsi olduğunu dedi: “Əgər bir təhdid mövcuddursa, həmin təhdidi zərərsizləşdirən qurumlar da mövcuddur. Buna görə də xalq heç bir narahatlıq keçirmədən öz işi, həyatı, təhsili, peşəsi və ticarəti ilə məşğul olsun”.
O, ölkədə sakitliyin və özünəinamın hakim olmasını zəruri hesab edərək Allahın hər kəsə qəlb rahatlığı və əminlik nazil edəcəyinə, məsul şəxslərə isə öz vəzifələrini yerinə yetirmək uğuru bəxş edəcəyinə ümidvar olduğunu dedi.
İnqilabın Rəhbərindən əvvəl çıxış edən Vəliyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin imam-cüməsi Höccətül-İslam vəl-müslimin Mütəhhəriəsl bu əyalətin hərbi qüvvələrinin və əhalisinin sionist rejimin törətdiyi müharibə qarşısındakı aktiv müqavimətini, həmçinin əyalətin və Təbriz əhalisinin 22 dey və 22 bəhmən tarixlərindəki möhtəşəm yürüşlərdə kütləvi iştirakını qeyd edərək dedi: “Azərbaycan əhalisi bütün İslami, inqilabi və milli vəzifələrini yerinə yetirmək üçün hər zaman meydandadır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
