İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak nəşi təxminən 70 illik intizar və ayrılıqdan sonra İraqın milyonlarla əzadar sakini və din alimlərinin müşayiəti ilə, nəhayət, İmam Hüseyn (ə), Həzrət Əbülfəzl-Abbas (ə) və Kərbəla şəhidlərinə qovuşdu.
Mücahid Şəhid İmamın Kərbəla şəhərində, İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl-Abbasın (ə) müqəddəs hərəmləri istiqamətində keçirilməsi nəzərdə tutulan vida mərasiminin 17 tir, çərşənbə günü saat 16:00-da başlanması nəzərdə tutulmuşdu. Lakin milyonlarla zəvvar və aşiqin böyük izdihamı səbəbindən mərasim dörd saatdan çox gecikmə ilə başladı. Şəhid İmamın pak nəşi təxminən 12 saat davam edən vida yürüşündən sonra, nəhayət, cümə axşamı Tehran vaxtı ilə gecə saat 03:00 radələrində İmam Hüseynin (ə) müqəddəs hərəminə daxil oldu.
İranın Seyyidüşşühədasının pak nəşi Həzrət Əba Əbdillahın (ə) hərəmində ziyarət edildikdən sonra Höccətül-İslam vəl-müslimin Şeyx Əbdülmehdi Kərbəlayi mücahid Şəhid İmama cənazə namazı qıldı. Ardınca isə mərasim iştirakçıları müqəddəs nəşi İmam Hüseynin (ə) altıgüşəli zərihi ətrafında təvaf etdirdilər.
İslam İnqilabının Şəhid Rəhbərinin pak nəşi İmam Hüseynin (ə) hərəmində təşkil olunan vida mərasimi və cənazə namazından sonra Beynül-Hərəmeyndə toplaşan əzadarların əlləri üzərində Həzrət Əbülfəzl-Abbasın (ə) hərəminə aparıldı. Həzrət Əbülfəzlin (ə) hərəmində də pak nəş böyük zəvvar izdihamı tərəfindən ziyarət edildikdən sonra Höccətül-İslam Seyid Əhməd əs-Safi ona cənazə namazı qıldı.
İraqdakı mərasimin son hissəsində Həzrət Əbülfəzl-Abbas (ə) hərəminin xidmətçiləri Şəhid Həzrət Ayətullah-üzma Xameneinin cənazəsini Qəməri-Bəni-Haşimin (ə) məqbərəsinin qarşısına gətirdilər. Burada ziyarətnamə oxundu və növbəti namaz qılındıqdan sonra rövzə məclisi təşkil olundu. Mərasim iştirakçıları şiə dünyasının böyük təqlid mərcəyinin şəhadəti münasibətilə Həzrət Sahib əz-Zamana (ə.f) başsağlığı verdilər.
Kərbəladakı vida mərasimi başlamazdan əvvəl, Nəcəfdən Kərbəlaya doğru uzanan “Ərbəin piyada yürüşü” yolunda hərəkət edən insanlar İslam İnqilabının Şəhid Rəhbərinin müqəddəs nəşini daşıyan avtomobili şəhərin girişinə qədər müşayiət etdilər. Kərbəladakı müqəddəs hərəmlərə gedən bütün yollar da mərasimin başlanmasından saatlar öncə vida yürüşünə qatılan insanlarla dolmuşdu.
/... Fotolar yenilənir ... /
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
