Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor doktor Mohsen Rezai İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüb.
Bu görüşdə Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Ali Milli Təhlükəsizlik Şurası və onun katibliyinin dövlətin idarə edilməsində qərarların qəbul edildiyi kəsişmə nöqtəsi olduğunu deyib. O, mədəniyyət, siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrinin qarşılıqlı təsirini, habelə hər sahədə qərarların qəbul edilməsi zamanı müvafiq əlavələrin zəruriliyini vurğulayıb.
İslam İnqilabının Ali Rəhbəri hər hansı addımın başlanğıc nöqtəsindən son nöqtəsinə qədər olan tam perspektivə əsaslanan yol xəritəsindən faydalanmağın möhkəm və qəti qərarların qəbul edilməsi üçün vacib şərt olduğunu bildirib.
Milli birlik və həmrəyliyin, habelə xalqla məmurlar arasında qarşılıqlı etimadın gücləndirilməsi, ölkənin problemlərinin həllini asanlaşdırmaq və sürətləndirmək məqsədilə Prezidentə və icra strukturlarına kömək etmək üçün Konstitusiyanın imkanlarından, xüsusilə 176-cı maddəsindən istifadə olunması, Hörmüz boğazının idarə edilməsini tam təmin etməklə milli və regional təhlükəsizliyin qorunması, eləcə də qonşu dövlətlərlə ikitərəfli münasibətlərin davamlı və qarşılıqlı maraqlar əsasında möhkəmləndirilməsi bu görüşdə müzakirə olunan digər əsas məqamlardan olub.
İslam İnqilabının Ali Rəhbəri düşmənin çıxılmaz vəziyyətə düşməsinin milli müqavimətin səmərələrindən olduğunu deyib. O, xalqın ölkə və dövlətin müdafiəsində fəal iştirakını davam etdirməsi üçün operativ və vaxtında məlumatlandırmanın vacibliyini vurğulayıb. Ali Rəhbər habelə müharibəyə və “nə müharibə, nə sülh” şəraitinə son qoymaq məqsədilə məsul şəxslər tərəfindən irəli sürülən şərtlərin reallaşdırılması, bununla da İran xalqının və müqavimət cəbhəsinin hüquq və mənafelərinin təmin olunmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə Ali Milli Təhlükəsizlik Şurasının katibi ölkənin müxtəlif sahələrdəki vəziyyəti və görülən işlər barədə məruzə edib. Doktor Mohsen Rezai təqdim etdiyi hesabatda İran İslam Respublikasının regionun daxili imkanlarına əsaslanan nizam və təhlükəsizlik sisteminin formalaşdırılması istiqamətindəki strateji siyasətinin izlənməsinin Ali Milli Təhlükəsizlik Şurası katibliyinin həyata keçirdiyi tədbirlərdən biri olduğunu deyib.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
